Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində xaricdə dini təhsil almış Azərbaycan Respublikası vətəndaşlarının özünü "Süleyman camaatının Bakı məntəqəsi üzrə rəhbəri" kimi qələmə verən Səid Mikayılovun və bir sıra şəxslərin qanunsuz fəaliyyətlərə görə müvafiq olaraq cinayət və inzibati məsuliyyətə cəlb olunduğu barədə məlumat verilib.
Bəs “Süleyman camaatı” və ya “süleymançılar adı ilə tanınan bu təriqət nədir, necə yaranıb, rəhbərləri kimdir və fəaliyyəti nəyə görə qeyri-qanunidir?
Faktyoxla bu suallara cavab tapmağa çalışıb.
Türkiyə Respublikası Ankara şəhər prokurorluğunun 17 rayon və şəhər ərazisində keçirilən əməliyyat nəticəsində Türkiyənin ən gizli təşkilatlarından olan “süleymançıları” yenidən diqqət mərkəzinə gətirib. Ötən əsrin 40-cı illərində yaranan, uşaqlara Quran təlimi keçən kurslardan geniş yataqxana şəbəkələrinə, eyni zamanda, çoxşaxəli biznes strukturuna, Avropadakı mərkəzlərdən siyasi partiyalarla sıx əlaqələrə kimi uzanan bu icmaya hazırda memar və iş adamı Alihan Kuriş rəhbərlik edir.
Keçirilən əməliyyatlardan sonra açıqlama verən rəsmilər davam edən istintaq prosesinin heç bir dini inanc və ya ibadət fəaliyyətini hədəf almadığını, istintaqın tamamilə mənfəət məqsədli mütəşəkkil cinayətkarlığın, maliyyə cinayətlərinin və beynəlxalq qanunsuz şəbəkələrin müəyyən edilməsinə yönəldiyini vurğulayırlar.
Bildirilir ki, şübhəlilər arasında olan bəzi şəxslərə maliyyə əməliyyatlarının, şirkət sənədlərinin və genişlənən iş faylındakı rəqəmsal materialların araşdırılmasından sonra yeni həbslər, müsadirələr və qoruyucu tədbirlər tətbiq edilə bilər. sde.org.tr

Əslində Türkiyə ictimaiyyətinin böyük qismi “süleymançılar” adlanan qruplaşmanın varlığından xəbərdardır, amma onlar haqqında çox az məlumata sahibdir. Bunun da səbəbi icmanın “qapalı qurum” rejimində çalışması ilə bağlıdır.
“Süleymançılar” öz adlarını 1888-ci ildə indiki Bolqarıstanda yerləşən Silistra şəhərində anadan olan Süleyman Hilmi Tunahandan götürüblər. Dini icmanın üzvləri onlara qoyulan "Süleymançı" adından narahat olurlar və bu adı özləri üçün təhqir hesab edirlər. Onlar özlərini daha çox ya "süleymanlılar", ya da "Süleyman əfəndinin tələbələri" adlandırırlar. bbc /turkce

Süleyman Hilmi Tunahan Nəqşibəndi təriqətinin Muceddidiyə qoluna bağlı din alimi və şeyx idi. 1922-ci ildə ilahiyyat üzrə professor olan S.H.Tunahan Cümhuriyyətin ilk dövrlərində qəbul olunan qanunlardan sonra professorluqdan imtina edib və 1938-ci ilə kimi İstanbulda müxtəlif məscidlərdə din xadimi kimi çalışıb. Bu dövrdə o, dini tədris edən qeyri-qanuni kurslar yaradıb, məhz bu qeyri-qanuni kurslara görə də dəfələrlə həbs olunub. 1950-ci illərdə Adnan Menderes hakimiyyətə gələndən sonra Tunahan öz dini tədris fəaliyyətini gücləndirib. Belə ki, 50-ci illərdə o, özünün icmasına aid “Qurani-Kərim” tədris edən kurslar açmağa başlayıb ki, ilk kurs İstanbulun Çamlıca rayonunda fəaliyyət göstərib.
Süleyman Hilmi Tunahan 1959-cu ildə vəfat etdiyi zaman onun açdığı “Quran kursları” adlanan tədris müəssisələrinin sayı 1000-i keçməkdəydi.
Onun vəfatından sonra yaranan struktur klassik sufi təriqəti kimi fəaliyyət göstərmədi. Tunahanın özündən sonra gələcək mənəvi varisi təyin etməməsinin özü belə olduqca qəribə hal idi. Çünki adətən sufi təriqətinin lideri özündən sonra mənəvi varis seçir ki, bu ənənə bu gün də davam etməkdədir. Məhz buna görə də “süleymançılar” sufi kökləri olan icma kimi qəbul edilsələr də, əsas güclərini liderlərindən yox, dini təhsildən, tələbə yataqxanalarından və ixtisaslaşmış icma şəbəkələrindən alırlar.
Ona görə də əksər qaynaqlarda bu qurumun özünü təriqət kimi yox, məhz icma kimi qəbul etdiyi qeyd olunur.
“Süleymançılar”ın lideri vəfat etdikdən sonra onun yerinə yaradılan Məşvərət Şurası daxilində ciddi gücə malik kürəkəni Kamal Kaçar keçir və bu gün mərkəzləşdirilmiş təşkilati struktur, icmanın fəaliyyət istiqamətlərini müəyyənləşdirən birliklər və siyasətlə isti əlaqə məhz onun dövründə formalaşıb.

Əslində icmanın bu qədər böyüməsinə səbəb olan məqamlardan biri də 1965-ci ildə qəbul edilmiş və dini kurs bitirən şəxslərin imtahan verərək dini məmur olmasının qarşısını kəsən “Dini məmurluq” haqqında Qanun oldu.
Belə ki, sözügedən qanun qəbul edildikdən sonra dövlət tərəfindən yaradılan dini məktəb məzunları (imam xətib, İslam İnstitutu və “İlahiyyat fakültəsi”nin məzunları) ilə bu icmanın kadrları arasında gərginlik yarandı. Hətta iddia edilir ki, ilk dəfə “süleymançı” adı da onlara qarşı ölkənin Dini İşlər İdarəsində hakimiyyət uğrunda gedən mübarizə zamanı rəqibləri tərəfindən istifadə olunub. Bu mübarizə sırasında icma 1966-cı ildə "Quran məktəblərinin qurulması, qorunması və yaşadılması dərnəklərinin Federasiyası" adlı qurumu təsis edib. 1971-ci ildə “Quran kursları”nın binalarından istifadə hüququnun Dini İşlər İdarəsinə verilməsindən sonra Federasiyanın da fəaliyyət istiqamətlərində ciddi dəyişikliklər yaşanıb. Belə ki, Federasiyaya daxil olan dərnəklər “Quran kursları” inşa edən qurumlardan orta və ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün yaşayış yeri təmin edən dərnəklərə çevrilib.
Beləliklə, yataqxanalar və pansionatlar həm dini təhsil, həm də gənclərlə əlaqə qurmaq üçün icmanın əsas təşkilati qərargahı halına gəlib. 1980-ci ildə federasiyanın adı da dəyişdirilib.

Maraqlıdır ki, 1980-ci il sentyabrın 12-də baş verən dövlət çevrilişindən sonra icmanın yataqxanaları ilə bağlı müsadirə qərarı çıxarılıb, amma bu qərar daha sonra naməlum səbəblərdən ləğv edilib. Əksər ekspertlər hesab edirlər ki, hərbi xunta icmanın fəaliyyətində heç bir qanunsuzluq aşkar etməyib, beləcə qərar ləğv edilib. Bunu Çukurova Universitetinin ilahiyyat fakültəsinin müəllimi prof.dr.Mehmet Əli Kirman icma üzvlərinin dediklərinə əsaslanaraq bildirir. Digər tərəfdən jurnalist Nazlı Ilıcak iddia edir ki, qərar 1982-ci ildə icmanın Konstitusiya referendumunda "bəli" səsi verməsindən sonra ləğv edilib.

Qəribədir ki, mətbuatla münasibətləri demək olar ki, sıfır həddində olan icma rəhbərləri yenə 1989-cu ildə "Tərcüman" qəzetinə, konkret olaraq “FETO”-çu olduğuna görə uzun illər azadlıqdan məhrum edilən Nazlı Ilıcağa müsahibə veriblər. O zaman icmanın lideri sayılan Kamal Kaçar müsahibə zamanı dini işlər üzrə idarə ilə bağlı bəzi iddialar səsləndirib və mətbuatda altı ay boyunca icma ilə İdarə arasında qarşılıqlı ittiham davası başlayıb.

Qeyd edək ki, Kemal Kaçarın məhz Nazlı Ilıcağa müsahibə verməsi o zaman olduqca normal görünə bilərdi, amma indi qarşılıqlı əlaqələr açıqlananda bunun heç də təsadüf olmadığı ortaya çıxır.

İcmanın rəhbəri Kamal Kaçar 2000-ci ildə vəfat edib və ondan sonra “süleymançılar”ın başına Tunahanın nəvəsi Arif Əhməd Denizolgun keçib.

Arif Əhməd Denizolgun 2016-cı ildə vəfat edəndən sonra Süleyman Hilmi Tunahanın digər nəvəsi əsl adı Ali Ərhan Kuriş olan, Alihan Kuriş kimi tanınan şəxs icmanın lideri olub.

Bu yerdə çox önəmli bir məqamı da qeyd edək ki, “süleymançılar” Türkiyədən işçilərin Avropaya axınının ilk fərqinə varan dini qurumlardan biri olub. Belə ki, hələ 1973-cü ildə icma Kölndə İslam Mədəniyyəti Mərkəzini təsis edib, daha sonra Almaniyada yaşayan müsəlmanların İslam Mədəniyyət Mərkəzləri Birliyi (VİKZ) yaradılıb. Bu gün VİKZ özünü müstəqil və bitərəf dini icma kimi təqdim edir, Almaniyanın bələdiyyə, əyalət və federal səviyyələrdəki qurumlarla işlədiyini bildirir. Hətta Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin 2023-cü ildə Mərkəzin yaranmasının 50-ci ildönümü ilə bağlı keçirilən tədbirdə şəxsən iştirak edərək geniş nitqlə çıxış etdiyi məlumdur. dw.com

Tədqiqatlar göstərir ki, “süleymançılar” 1990-cı illərdən etibarən Mərkəzi Asiyada, Rusiya və Afrikada da öz şəbəkələrini yaradaraq həm miqrantlarla əlaqələri gücləndirib, həm də xeyriyyə, nəşriyyat və təhsil fəaliyyətləri baxımından Türkiyədən kənara çıxmağı bacarıblar. Əlbəttə, bu beynəlxalq münasibətlərin qurulması ölkədə siyasi elita ilə qurulan münasibətlərlə sıx surətdə əlaqəlidir.

Qeyd edək ki, icmanın o zamankı rəhbəri Kamal Kaçar uzun müddət mərkəz sağ partiyalardan millət vəkili seçilib. Bəzən “Ədalət”, “Xalq” partiyalarından, bəzən isə “Milliyyətçi Demokratiya”, “Ana Vətən” və “Doğru yol” partiyaları ilə qurulan əlaqələrin əsas məqsədi hökumətlə dini təhsil və yataqxana fəaliyyətləri üçün yaradılacaq şərait üçün praqmatik münasibət qurmaq olub.

1995-ci ildə Kamal Kaçarın qardaşı oğlu Arif Əhməd Denizolgun “Rifah” partiyasından millət vəkili seçilib. “28 fevral hadisələri”ndən sonra isə Mesud Yılmazın yaratdığı Kabinetdə nəqliyyat naziri vəzifəsində çalışıb. Kamal Kaçarın 2000-ci ildə vəfat etməsindən sonra icmanın rəhbərliyini öz üzərinə götürən Arif Əhməd Denizolgunun qardaşı Mehmet Beyazit Denizolgun isə 22 və 23-cü çağırış, onun oğlu Fatih Süleyman Denizolgun isə 27-ci çağırış İstanbul millət vəkili seçilmişdi.

Media yazır ki, icma 2007-ci ildə Demokrat Partiyasını, 2018-ci ildə "İYİ" partiyanı, 2009 və 2014-cü illərdə Antalyada və 2019-cu ildə iri şəhərlərdə hakim partiyaya qarşı olan bütün güclü namizədləri dəstəkləyib. İstanbul Böyükşəhər Bələdiyyəsinin hazırda həbsdə olan sədri Ekrem İmamoğlu ilə icmanın ciddi əməkdaşlıq etdiyinə dair iddialar var.

Maraqlıdır ki, “süleymançılar”ın lideri Alihan Kurişin ixtisasca memar, memarlıq şirkəti olan iş adamıdır. Daha çox icmanın kursları və məktəb binaları üçün layihələr üzərində işləyib, biznes fəaliyyəti ilə məşğul olub. Yəni, o, Türkiyə siyasi-ictimai fikrində və mənəvi mühitində çox da aktiv olan bir fiqur deyil. Alihan Kurişin anası Gülderen Kuriş Süleyman Hilmi Tunahanın qızı Feriha Ferhan Denizolgunun övladıdır, yəni bəzi media qurumlarının iddia etdiyi kimi o, S.Hilmi Tunahanın nəvəsi yox, nəticəsidir.

Bu günlərdə 2000–2014-cü illər arasında icmada lider vəzifəsində çalışan Erdal Arıkan prokurorluğa 50 səhifəlik sənəd təqdim edib. Həmin sənəddə icmanın aparıcı din alimlərinin 2016-cı ildə təmizləndiyini iddia edən Arıkan, həmçinin polis qüvvələrindən bir çox polis məmurunun ölkə daxilində icmanın yataqxanalarında keçirilən "dini toplantılarda" və "dualarda" iştirak etdiyini qeyd edib. O, icma ilə əlaqəli şirkətləri və birlikləri sadalayıb. Prokurorluğa təqdim edilən ərizədə Arıkan bildirib ki, Kurişlə əlaqəli komissiyalarda çalışanların adları icmanın qeydiyyata alınmamış gəlirlərini gizli “mavi kitablar”da qeyd edib. Daha sonra o, icma ilə əlaqəli birlikləri və şirkətləri sadalayıb:
Hisar Xəstəxanaları, Arden Marketləri, Arden Kafe və Restoranları, Arden FK, Akdeniz Toros Ət və Quşçuluq, Fazilet Nəşriyyatı, İsabet Məktəbləri, Gülderen və Kardelen Uşaq Bağçaları, Çamlıca Çap və Nəşriyyatı, İsabet Nəşriyyatı, Çamlıca Kitab Mağazası, Hisar Turizmi, Antalya Soyuq Saxlama (ANSO), Müxtəliflik və Hedef Dərnəyi. (haber.sol.org.tr/)

Qeyd edək ki, "Alihan Kuriş mütəşəkkil cinayətkar qrupu"nun lideri kimi həbs olunan bu şəxsin istintaqı davam etdiyi bir vaxtda ortaya olduqca maraqlı faktlar çıxıb. Belə ki, bir neçə gün öncə istintaq çərçivəsində "şahid" qismində ifadə verən R.Ş adlı şəxs "Alihan Kurişin FETÖ tərəfindən idarə olunduğunu" iddia edib. R.Ş həmçinin ifadəsində bildirb ki, ölümündən əvvəl Arif Əhməd Denizolgun olduğu yerlərdə Alihanın və Ayişə Gülderenin onu öldürəcəyini deyirdi. Hətta "məni zəhərləyə bilərlər" də demişdi. O, hətta Alihan Kurişin bu işdə kimin əlinin olduğunu bildiyini də deyib.

İfadə verənlərdən icmanın üzvü olan Y.K. isə Bakırköy rayon prokurorluğuna verdiyi ifadəsində bildirib ki, Alihan Kuriş elə uşaqlıqdan pul hərisi kimi tanınıb və onun icmanın rəhbərliyini ələ keçirmək istəyi hər zaman mövcud olub: "Alihan Kuriş son dövrlərdə maliyyə ambisiyaları səbəbindən icmanın rəhbərliyini ələ keçirmək istəyirdi. Həm o, həm də anası Ayişə Gülderen bu barədə açıqlamalar veriblər. Alihan Kurişin icmanın rəhbərliyini ələ keçirməsinin yeganə yolu Arif Əhməd Denizolgunun ölümü idi. Ona görə də Arif Əhməd Denizolgunun ölümü şübhəlidir". (aa.com.tr)

Xatırladaq ki, ölkənin Baş prokurorluğu da bu ilin yanvarında 2016-cı ildə vəfat edən sabiq nazirin ölüm səbəbinin yenidən araşdırılması ilə bağlı istintaqa başlayıb və hadisə ilə bağlı artıq bir nəfər - Arif Əhməd Denizolgunun həkiminin həbs edildiyi deyilir.
Alihan Kurişin FETÖ ilə əlaqəsi barədə araşdırma aparan zaman maraqlı bir məqama rast gəldik: FETÖ ilə uzun illərdir isti münasibətləri olan Turkiyə Böyük Millət Məclisinin sabiq sədri Bülent Arınç da özünün sosial media hesabında Alihan Kurişi müdafiə edib. Bülent Arınç, eyni zamanda, Türkiyənin məhkəmə sistemini də şübhə altına alıb.

Bu günlərdə xüsusən “FETO”-nun media qurumlarından olan "Tr724" xəbər portalının Alihan Kurişi müdafiə etdiyini nəzərə alsaq, Almaniyada Alihan Kuriş tərəfdarlarının “FETO” lideri öləndən sonra onun ruhuna Quran oxunması ilə bağlı yayılan iddiaların həqiqət olacağına inamımız artır.
Bir neçə il öncə "Aydınlık" qəzetinə açıqlama verən E.A. adlı şəxs Almaniyadakı icma mənsublarının xristian demokrat partiyasına üzv olduqlarını və alman rəsmilərlə əlaqələrin yüksək səviyyədə olduğunu da deyirdi.
İstintaqı aparan rəsmilər də qeyd edirlər ki, hadisənin Türkiyənin sərhədlərindən kənarda olduğunu sübuta yetirən bəzi məqamlar ortaya çıxıb və hazırda istintaq beynəlxalq səviyyədə aparılır. Məsələn, icmanın rəhbərləri sayılan bəzi şəxslərin Almaniyanın xüsusi xidmət orqanları ilə əlaqə saxladığını göstərən məlumatlar fayla əlavə edilib və bu görüşlərin məzmunu və tarixləri məhkəmə və təhlükəsizlik orqanlarının nəzarəti altındadır.
İstintaqın digər vacib aspekti şübhəlilərin keçmiş münasibətlərini, ünsiyyət qeydlərini və xüsusən də “15 iyul”-dan sonrakı xaricdəki fəaliyyətlərini araşdırmaqla fərdi və ya institusional səviyyədə mümkün “FETO” əlaqəsinin olub-olmadığını müəyyən etməkdir.
“FETO”-nun mediadakı ruporlarından Ekrem Dumanlı, Hamdullah Öztürk, Emre Uslu, Adem Yavuz Arslan, Cevheri Güven, Kemal Gülen, Ahmet Kurucan, Fuat Baran, Bülent Korucu ilə yanaşı "Bold medya" və "Tr724" “YouTube” kanallarında da “Süleymançıları” müdafiə edən yayımların edilməsi əslində bu şübhəni daha da artırmaqdadır. (aydinlik)

Bir neçə gün öncə Alihan Kurişin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qruplaşma ilə bağlı köşə yazısı qələmə alan “Sabah” qəzetinin yazarı Mahmut Övür də Alihan Kuriş – “FETO” əlaqələrinə diqqət çəkib. Alihan Kurişin “FETO”-dan aldığı təlimatlar əsasında icma daxilində hakimiyyətə gəldiyini deyən köşə yazarı hər şeyin 2000-ci illərin əvvəllərində Fətullah Gülənin "Şeyxlərin və dini ordenlərin liderlərinin övladlarını nəzarətə götürün..." təlimatı ilə başladığını bildirib.

Alihan Kurişin illər öncə “FETO” ilə əlaqəsinin olduğunu bilən insanlarla söhbət etdiyini deyən Mahmut Övür yazının sonunda belə bir sual verir: “Alihan Kuriş təşkilatı “FETO”-nun təsiri altında olan müstəqil bir qrupdur, yoxsa iddia edildiyi kimi, illər əvvəl həyata keçirilən daha böyük bir infiltrasiya əməliyyatının nəticəsidir? Əgər sonuncu ehtimal məhkəmə prosesində sübut olunarsa, Türkiyə yalnız bir dini icma ilə bağlı deyil, həm də digər dini icmaları da əhatə edən çox dərin və əhəmiyyətli bir təhlükəsizlik problemi ilə üz – üzə qalacaq”.
2019-cu ildə ictimaiyyətə sızdırılan "Türkiyədə Dini-Sosial Təşkilatlar, Ənənəvi Dini-Mədəni Qurumlar və Yeni Dini Hərəkatlar" adlı 226 səhifəlik sənədin kim tərəfindən hazırlandığı hələ də mübahisə predmeti olsa da “süleymançılar”la bağlı hissəsi olduqca diqqətçəkicidir. Belə ki, sənəddə ən çox müzakirə olunan hissə icmanın xarici kəşfiyyat orqanları ilə əlaqələri ilə bağlı iddiaların ciddiyə alınması və yeni “FETO”-ya bənzər bir quruluşla qarşılaşmamaq üçün araşdırma aparılması ilə əlaqəli hissə idi.
Hesabatda deyilir:
“Süleymançılar”ın Diyanət İşləri İdarəsinin adından istifadə edərək “Quran kursları” üçün ianə topladığı və dəfn mərasimlərində və “iskat” (əzizlərini itirənlər üçün kəffarə) məsələlərində pul müqabilində Quran oxumaqda olduqca fəal olduğu məlumdur. “Süleymançılar”la bağlı onların müəyyən xarici kəşfiyyat təşkilatları ilə əlaqələri ilə bağlı iddialar ciddiyə alınmalı və yeni “FETO” ilə qarşılaşmamaq üçün lazımi araşdırmalar aparılmalıdır. Bu, həll edilməli olan vacib bir məsələdir.
Çünki uzun illər icmanın daxilində “Kozan İmamı” kimi tanınan Mustafa Akyıldız təriqətin din anlayışı və quruluşu ilə bağlı çox ciddi iddialar irəli sürür. Onun sözlərinə görə, təriqət Türkiyə daxilində “korpus komandanlığı” adı altında regional əsasda qurulub. Təriqətlə bağlı irəli sürülən digər bir iddia isə onun 16 ildir müəyyən qüvvələrin (hesabatda “dərin dövlət qüvvələrinin” kimi qeyd olunur. – red.) nəzarəti altında olmasıdır.
İddia olunur ki, onlar “lənət məclisləri” təşkil edirlər (yetmiş min quru lobya oxumaqla). Sirlərini açanlara və ya düşmən hesab etdiklərinə öz mənfəətləri üçün çox asanlıqla yalan danışdıqlarına görə lənət oxuyurlar... Onlar yalan ittihamlar irəli sürməkdə ittiham olunurlar."
Sonda bir məqamı da qeyd edək ki, “Yeni Şafak” qəzetinin jurnalisti İsmail Kılıçarslan da köşə yazısında “Əməliyyat “Süleymançılar” təriqətini hədəf alıb? Süleymançılar yeni “FETO”-dürmü?” –suallarına cavab axtarıb və cavab olaraq “xeyr” deyib.
Daha sonra İsmail Kılıçarslan “Ancaq” – deyərək başqa bir məsələyə diqqət çəkib: “Amma... bu "lakin" vacibdir. Görünür, “FETO” “süleymançı” təriqətinin sahəsini inkişaf etdirməklə məşğuldur. Görünür, “FETO” ilə süleymançı təriqəti arasında əlaqə “15 iyul”-dan sonra qeyri-adi dərəcədə artıb. Və görünür, Əlihan Kuriş Almaniyada mərkəzləşmiş bir oyun planı ilə xaricə getməyə, orada biznesini aparmağa və Almaniya ilə struktur və sıx əlaqələr qurmağa hazırlaşırdı”.
