Azərbaycan-Türkiyə koalisiyası açıq şəkildə, hərbi potensial baxımından 5-6 dəfə, silahlı qüvvələr üzrə 3-4 dəfə, tank sayı baxımından 2-3 dəfə Ermənistan silahlı qüvvələrini üstələyirdi. Bunu rusiyalı politoloq, hərbi ekspert Konstantin Sivkov “Lazarev Klubu”nun Yerevanda keçirilən iclasında deyib. Onun sözlərinə görə, “Dağlıq Qarabağ Silahlı Qüvvələri” Ermənistanın dəstəyi ilə hərəkət edib, Azərbaycana Silahlı Qüvvələrinə Türkiyə dəstək verib. Sivkov iddia edib ki, Ermənistan 44 günlük müharibədə minimum döyüş heç-heçəsi, hərbi qaydalara görə minimum qələbə əldə edib.
Faktyoxla Lab. Sivkovun bu açıqlamasının əsaslı olub-olmadığını dəqiqləşdirib.
Bu açıqlamanın mahiyyətini dərk etmək üçün, öncə qeyd edək ki, Konstantin Sivkovun təmsil olunduğu “Lazarev Klubu” Azərbaycana qarşı qərəzli mövqe tutan ermənipərəst siyasətçilərin bir araya gəldiyi platformadır. 2018-ci ildə yaradılan və təşkilat komitəsinə Rusiya Dövlət Dumasının qatı ermənipərəst deputatı Konstantin Zatulinin rəhbərlik etdiyi klub bəzi mənbələrin məlumatlarına görə, Rusiyadakı erməni diasporu tərəfindən səxavətlə maliyyələşdirilir. Bunu klub üzvlərinin anti-Azərbaycan xarakterli müntəzəm çıxışları dolayısı ilə təsdiqləyir.
Sivkovun bəyanatına gəlincə, qeyd edək ki, Türkiyə hərbçilərinin İkinci Qarabağ müharibəsində birbaşa iştirakı heç bir mənbə tərəfindən sübut olunmayıb. İkinci Qarabağ müahribəsi zamanı həm Ermənistanaın rəsmi qurumları, həm ermənipərəst mənbələr dəfələrlə informasiya məkanına bu cür məlumatlar ötürüblər, ancaq öz iddialarını sübut etmək üçün heç bir inandırıcı fakt təqdim edə bilməyiblər.
Digər tərəfdən Paşinyan Qarabağda bağlı üçtərəfli bəyanatı imzalamaqla rəsmi olaraq Qarabağdakı erməni silahlı qüvvələrinin İrəvanın nəzarəti altında olduğunu etiraf etmiş olub.
Eyni zamanda müharibənin gedişində medianın Qarabağda öldürülən ermənilərlə bağlı verdiyi siyahılar, eləcə də əsir götürülmüş erməni əsgərləri barədə məlumatlar Ermənistan vətəndaşlarının, müddətli həqiqi hərbi xidmətdə olan zabitlərin, çağırışçıların kütləvi şəkildə işğal altındakı Azərbaycan bölgələrinə göndərildiyi və burada döyüşlərdə iştirakına şübhə yeri qoymur. Bu cür siyahılar Ermənistan Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq yenilənir. Yeri gəlmişkən, Ermənistan məhkəmə-tibbi ekepertizasının yanvarın 21-nə olan məlumata görə, İkinci Qarabağ Müharibəsində həlak olan 3450 hərbi qulluqçunun qalıqları araşdırılıb. Bununla yanaşı müharibədə ölən erməni hərbçilərinin sayı ilə bağlı dəqiq məlumat verilmir.
Ermənistanda hərbi xidmətə çağırılanların Azərbaycanın işğal olunmuş ərazilərində xidmət etmək üçün göndərildiyini təsdiqləyən faktlar çoxdur. Bunu erməni valideynlərin öz övladlarının Qarabağa göndərilməsinə etiraz olaraq keçirdikləri aksiyalar da təsdiqləyir.
Bu mənada, Ermənistanın Şirak bölgəsindən bir qrup “könüllü”un Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycanın Xocavənd rayonunun ərazisinə göndərilməsini də xatırlatmaq yerinə düşər.
Larisa Alaverdyan: Əsir düşənlər “Artsax”ın nəzarətində olan ərazilərə göndərilib
Azərbaycan tərəfinin verdiyi məlumata görə, Xocavənddə erməni təxribat qrupu tərəfindən törədilən bir sıra terror aktları nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin beş hərbçisi və Azərbaycan telekommunikasiya şirkətinin bir əməkdaşı həlak olub, daha iki əsgər yaralanıb. Azərbaycan Müdafiə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə əməliyyatı nəticəsində tutulan 62 nəfərlik qrup təxribat törətməkdə ittiham olunur. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin baş katibi Antonio Quterreşə göndərdiyi məktubda da məlumat verilib.
Bu arada, Ermənistan hakimiyyəti və insan haqları fəalları mütəmadi olaraq “erməni əsirləri”nin qaytarılması məsələsini gündəmə gətirərək dolayısı ilə hərbçilərinin Azərbaycanın işğal olunmuş ərazilərində gedən döyüşlərdə birbaşa iştirakını təsdiqləyirlər. Bu, həmçinin Konstantin Sivkovun Ermənistanın “Dağlıq Qarabağı” dəstəklədiyinə dair bəyanatına da aiddir.
Bununla yanaşı, Azərbaycanın hərbi qüdrət baxımından Ermənistandan üstünlüyü, İkinci Qarabağ müharibəsində parlaq qələbəsi nüfuzlu beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən qəbul olunur. Üstəlik, Ermənistanın həm siyasi dairələrində, həm də ictimaiyyətdə Qarabağ müharibəsinin nəticələri birmənalı olaraq Ermənistanın məğlubiyyəti kimi qiymətləndirilir.
Global Firepower: Azərbaycan ordusu Cənubi Qafqazda birinci yerdədir
Qeyd edək ki, ekspetlər 44 günlük hərbi əməliyyatlar zamanı Ermənistan ordusunun silah-sursatının və hərbi texnikasının 30-80 faiz arasında məhv edildiyini bildirirlər. Bu da ordunun tamamilə slırdan çıxması deməkdir. Yeri gəlmişkən, Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilən və qənimət götürülən silah-sursatın siyahısı Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində təqdim edilib.
Reallıq budur ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan yalnız Ermənistanın Birinci Qarabağ müharibəsi zamanı işğal etdiyi ətraf rayonları deyil, Dağlıq Qarabağ Muxtariyyətinə daxil olan ərazilərin də əhəmiyyətli hissəsini öz nəzarətinə qaytarıb. Üstəlik, Qarabağın “incisi” olan Şuşa üzərində nəzarəti ələ alaraq keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndi şəhərinə birbaşa çıxış əldə edib. Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi isə İrəvanın nəzarətində deyil, Rusiya sülhməramlıları tərəfindən qorunur.
Əslində, Rusiyanın iki dəhliz üzərində (Qarabağdan Ermənistana və Naxçıvandan Azərbaycanın qərb bölgələrinə) və Ermənistanın iki sərhədinə nəzarət etdiyini nəzərə aldıqda Rusiyanın bütövlükdə bu ölkə üzərində nəzarətə malik olduğunu deyə bilərik. Bəziləri onsuz da bu fikirdədirlər ki, 10 noyabr 2020-ci ildən etibarən Ermənistanı Qafqazda "Rusiya protektoratı" adlandırmaq olar.
Ölkənin siyasi səhnəsində də müharibənin nəticələri Ermənistan üçün kapitulyasiya aktı kimi qiymətləndirilir.
Faktyoxla Lab. bu qənaətə gəlib ki, İkinci Qarabağ müharibəsinin yekununda Ermənistanın minimim heç-heçə və minimum qələbə əldə etməsi ilə bağlı Konstantin Sivkovun açıqlaması uydurmadır və heç bir əsası yoxdur.