Azərbaycan  erməni əsirləri qaytarmaqdan imtina edir, ərazi iddiaları irəli sürərək, Ermənistanın suveren ərazilərini ələ keçirməyə cəhd göstərir. Bu iddia ilə Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Armen Qriqoryan BMT-nin Dayanıqlı İnkişaf üzrə  Yüksək Səviyyəli Siyasi Forumunda çıxış edib.

Ermənistan tərəfinin reaksiyası Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzurla bağlı dəfələrlə təkrarlanan bəyanatından qaynaqlanır.  Xatırladaq ki, bundan əvvəl Azərbaycan prezidenti “bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə” fikrini səsləndirib.    Prezident  həmçinin qeyd edib ki,  bunlar hamısı faktlardır, lakin bizim ərazi iddiasında olmağımız anlamına gəlməməlidir: “Bilmirəm bunu eşitmisiniz, yoxsa yox, mən demişəm ki, biz oraya qayıdacağıq. Ancaq mən demədim ki, biz oraya tank üzərində qayıdacağıq”.

Qeyd edək ki, tarixi faktlar Azərbaycan tərəfinin Zəngəzur və indiki Ermənistanın  digər ərazilərinin tarixi mənsubiyyəti barədə danışmağa əsası  olduğunu göstərir.  Tarixi Zəngəzur mahalı ən qədim dövrlərdən Azərbaycan ərazilərində təşəkkül tapmış dövlətlərin tərkibində olub.  Bu barədə bir çox tarixi tarixi mənbələrdə, o cümlədən erməni, rus, fars mənbələrində  təkzibolunmaz faktlar  mövcuddur.

Zəngəzurdakı toponimik adların mütləq çoxluğu türk mənşəlidir. Tarixçilər bildirirlər ki,  toponimdəki “zəngi” leksik vahidi də türk tayfa adıdır. Türkdilli respublikalarda və Azərbaycanın çoxlu yer adlarında bu oğuz-türk tayfasının izləri yaşayır. Məsələn,  Zəngiçay, Zəngitəpə, Zəngərik, Zəngişamlı, Zəngənə, Zəngilan, Zəngəran, Zəngənə, Zəngişalı, Zəngidərə çayı, Zəngibasar, Zəngilər, Zəncan, Zəngilli, Zəngi çayı və s. Mahmud Kaşğari, Rəşidəddin, Əbdülqazi, A.Bakıxanovun əsərlərində və bir çox digər yazılı mənbələrdə 24 oğuz tayfasından biri olan “zəngi”nin də  adı keçir.

Tədqiqatçıların fikrincə, Zəngəzurdakı ikinci leksem ərəbcə “sur” dağ, daş, divar, qayalıq yer, hasar, qala, bürc deməkdir (dilin ahənginə, asan tələffüzə görə s-z-yə çevrilib). Bu ad ərazinin relyefini düzgün səciyyələndirir-yəni zəngilərin yaşadığı dağlıq yer.

Hazırda ermənilərin Zəngəzura verdikləri “Sünik” toponimi də sak türkdilli tayfa adı ilə əlaqəlidir. Zəngəzurun digər bölgəsi Laçın, Mığrı-Meğri adlarında da türk tayfalarının izi qalıb.  Zəngəzurun ən böyük şəhərləri Qafan-qaf türk etnosunun, Qacaran-qacar tayfalarının yurd yerləri olub.

Türk etnoslarının qədim və erkən orta əsrlərdə Azərbaycan ərazisində Manna və Maday (e.ə.VII-XII əsrlər), Sak çarlığı (e.ə. VII-V əsrlər), Atropatena (e.ə. IV eranın III əsrləri), Albaniya (e.ə. IV eranın VIII əsrləri), Cənub-Şərqi Avropada Skif çarlığı (e.ə.VII-III əsrlər), Sannat çarlığı (e.ə. III – eranın III əsrləri), Avar, Bolqar və Xəzər xaqanlıqları (e.ə. VI-IX əsrlər), Mərkəzi və Orta Asiyada Hun xaqanlığı (e.ə. III-I əsrlər), türk xaqanlıqları (VI-VIII əsrlər) və digər çoxlu türk dövlətləri Sünik-Zəngəzuru da əhatə edib.

Zəngəzur Cavidan, Cavanşir, Babək dövründə xürrəmilər hərəkatının, ərəblərə qarşı savaşların əsas mərkəzi, 30 ildən artıq sürən qanlı döyüşlərin məkanı olub.  Ərəblər məhz Cənubi Azərbaycan - Naxçıvan-Biçənək -Gorus - Laçın-Bərdə istiqaməti ilə hərəkət edərək o vaxt Alban, Arran adlanan Şimali Azərbaycanı zəbt ediblər.

Qafqaz Albaniyasının tərkibində mövcud olmuş Sünik knyazlığı da əsasən Zəngəzurun Qarakilsə (Sisiyan) və Gorus bölgələrini əhatə edib. 1065-ci ildə Səlcuq-türk imperiyasının hökmdarı Alp-Aslan Qafan şəhərini tutaraq Sünik knyazlığının mövcudluğuna son qoyub, 150 il davam edən səlcuqlu hökmranlığı Zəngəzur ərazisində türk-islam nüfuzunu daha da genişləndirib, bu yerlərdə çox sayda türksoylu tayfalar məskunlaşıb.

1236-cı ildə monqol-tatarlar, 1395-ci ildə Əmir Teymur Qarabağ və Zəngəzuru çox böyük itkilər hesabına tutub. Zəngəzur Qaraqoyunlu (1410-68), Ağqoyunluların (1468-1502), 1503-cü ildən isə Səfəvi qızılbaşlarının hakimiyyəti altına düşüb. I Şah Abbasın (1571 -1629) Naxçıvan və Zəngəzur uğrunda apardığı qanlı savaşlar zamanı müsəlman əhalisinə qarşı pis münasibəti nəticəsində onun verdiyi köç fərmanına əsasən hər iki vilayətin əhalisi öz yerlərini tərk ediblər.  Zəngəzur Osmanlı və İran xanədanları arasında bir neçə əsr savaş meydanına çevrilib, bir əsrə yaxın Naxçıvan bəylərbəyliyinə tabe olub.

1748-ci ildə Qarabağ xanlığını yaradıb, ilbəil güclənən Pənahəli xan 1750-ci ildə iti zəkası, hərbi qüvvələrinin üstünlüyü sayəsində Zəngəzur ellərini - Bərgüşad, Tatev, Sisiyan, Qafan, Meğrini öz xanlığına qatıb. Rusiya Azərbaycanı ilhaq edəndən sonra da Zəngəzur Qarabağın tərkibində qalıb.

Beləliklə, həm tarixi-coğrafi və siyasi baxımdan, həm də əhalinin etnik tərkibi baxımından Zəngəzur Qafqaz Albaniyasının, daha sonra Azərbaycanın ilkin hissəsini təşkil edib.

Qeyd edək ki, Zəngəzurla bağlı açıqlamasında qayıdışdan danışan Azərbaycan Prezidenti  indiki Ermənistan ərazisindən  etnik təmizləmə nəticəsində qovulan azərbaycanlı əhalinin geri dönüşünü nəzərdə tutur.

Məsələ burasındadır ki,  Zəngəzurda azərbaycanlılara qarşı etnik təmizləmə  bu ərazi Ermənistan SSR-ə verilməmişdən öncə başlayıb.  Ermənilər tərəfindən həyata keçirilən soyqırım siyasəti erməni müəllif B.A Boryanın araşdırmalarında göstərilən faktlarla təsdiqlənir: “Erməni siyasətçilər dövlət hakimiyyətini ölkəni idarə etmək məqsədi ilə deyil, müsəlman əhalinin məhv edilməsi  və əmlakını ələ keçirmək  üçün qurmuşdular.  Ermənistan hökumətində hətta talançılıq işləri üzrə nazir postu var idi”.

Belə bir nazirliyin mövcudluğunun özü dövlət səviyyəsində müsəlmanların məhvinə hədəflənən proqramın olmasından xəbər verir. Ermənilərin etnik təmizləmə siyasətinin başqa bir təkzibedilməz sübutu 1919-cu ildə Ermənistan əhalisinin siyahıyaalınmasıdır. Məsələ burasındadır ki, 1918-ci ildə başlayan etnik təmizləmə, qırğınlar buradakı azərbaycanl və kürdlər arasında böyük itkilərə səbəb olmuşdu. Həmin siyahlyaalma nəticəsində 1918-ci ildə burada mövcud olan 290 min əhalidən 232 mininin ya qovulduğunu, ya da qətlə yetirildiyini üzə çıxarıb. 

Ermənistnda etnik təmizlənmə 20-ci əsrin sonlarında da davam etdi. 80-ci illərin sonları  90-cı illərin əvvəllərində Ermənistandan ilk azərbaycanlı qaçqınlar məhz Zəngəzurdan gəldi. 1991-ci ilə qədər Zəngəzurda bir nəfər də olsun azərbaycanlı qalmamışdı.

Zəngəzurun Ermənistana verilməsinə gəlincə, qeyd edək ki, 19-cu əsrin əvvəllərində Rusiya İmperatorluğunun Yelizavetpol Quberniyasının bir hissəsi olan Zəngəzur 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Qarabağ general-qubernatorluğunun dörd bölgəsindən biri idi.  Azərbaycan sovetləşəndən sonra yeni hakimiyyət Qarabağ general-qubernatorluğunu ləğv edib, Qarabağ İnqilab Komitəsi yaradılıb.  Lakin Qarabağ İnqilab Komitəsi Zəngəzurun o dövrdə ermənilər tərəfindən işğal olunmuş, Dro (Drastamat Kanayan), daha sonra Njdenin (Qaregin Ter- Arutyunyan) dəstələrinin etnik təmizləmələr apardıqları hissəyə nəzarət etmirdi.  

Ermənistanın Sovetləşməsi ərəfəsində  bolşevik rəhbərlik  İosif Stalinin dili ilə  4 və 9 noyabr 1920-ci ildə  Zəngəzur və Naxçıvanın sonrakı taleyi ilə bağlı bir sıra bəyanatlar verib. Bu bəyanatların  mahiyyəti  həmin əraziləri Sovet Ermənistanına verməkdən ibarət idi. Əsas plan isə  bu yolla Azərbaycanla Türkiyə arasında  erməni buferi yaradaraq bu iki qardaş xalqı  birbaşa sərhədlərdən məhrum etmək olub.  

Bu planın reallaşması isə  1920-ci il noyabr ayının sonunda Ermənistanın Sovetləşməsindən sonra başlandı.  AKP (b) Mərkəzi Komitəsinin Siyasi  və Təşkilat bürolarının 30 noyabr qərarı və Baksovetin  1 dekabr 1920-ci il tarixli bəyantı ilə  Zəngəzur və Naxçıvan Sovet Ermənistanına aid edildi. Bu qərarlar, RSFSR və Ermənistan SSR arasında 2 dekabr 1920-ci il tarixli müqavilənin 3-cü bəndində təsbit edilmişdi, buna görə də  bütün İrəvan vilayəti Naxçıvan da daxil olmaqla,  habelə Zəngəzur qəzası, daha doğrusu, bu qəzanın qərb hissəsi Ermənistanın ərazisi kimi tanınıb. Qafqaz Cəbhəsi qərargahının 16 iyul 1921-ci il tarixli hesabatında Zəngəzurun daşnak qüvvələrindən tamamilə azad edilməsindən bəhs olunur. Beləliklə, qərb və ya yuxarı Zəngəzurun Ermənistana birləşdirilməsi prosesi başa çatır.    Bununla da  Naxçıvan Azərbaycanın qalan hissəsindən təcrid edildi.  Naxçivan isə  Türkiyənin 1921-ci ildə RSFSR və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası arasında bağladığı Moskva və Qars müqavilələri sayəsində  ermənilərin əlinə keçməyib.

Sadalanan tarixi faktlara əsasən bu qənaətə gəlirik ki,  Azərbaycanın Ermənistana ərazi iddiası irəli sürməsinə dair Qriqoryannın açıqlaması real vəziyyəti əks etdirmir.  Azərbaycan Prezidentinin açıqlaması  tarixi həqiqəti, həmçinin  Zəngəzurdan və Ermənistanın digər bölgələrindən didərgin düşmüş azərbaycanlıların   öz torpaqlarına qayıtmaq hüquqlarını əks etdirir.