Sentyabrın 1-dən etibarən hər iki dozada vaksini olmayan müştərilər hotellərə buraxılmayacaq. Bu barədə “Report”a turizm sektorunun nümayəndələri məlumat verib. Bildirilir ki, hotellərə tapşırılıb ki, bununla bağlı tələblərə əməl edilsin. Əgər əvvəldən rezervasiya etmiş müştərilər varsa, onlara sentyabrın 6-dək hotelin xidmətlərindən istifadə etmək üçün vaxt müəyyən edilib. Bu tarixdən sonra isə bütün müştərilər yalnız hər iki doza vaksin vurdurması ilə bağlı müvafiq sənədi təqdim etməlidir.
Faktyoxla Lab. deyilənlərə aydınlıq gətirib.
Baş Nazir Əli Əsədovun 26 iyul 2021-ci il tarixli qərarına əsasən ölkədə ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə getmək istəyən yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19 pasportu tələb olunacaq.
Qərarda bildirilir ki, bu il sentyabrın 1-dən etibarən dövlət orqanlarının əməkdaşlarının, bütün tibb və əczaçılıq müəssisələrinin və bütün elm və təhsil müəssisələrinin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir. Bundan başqa, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19 pasportu tələb olunacaq.
Nazirlər Kabineti yanında Operativ Qərargahın 26 iyul 2021-ci il tarixli brifinqində çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib ki, sentyabrın 1-dən bütün ictimai iaşə obyektlərində, o cümlədən mehmanxanalarda, iri ticarət mərkəzlərində vətəndaşlardan COVİD-19 pasportu tələb olunacaq. Onun sözlərinə görə, pasportu olmayanların ictimai iaşə obyektlərinə, mehmanxanalar girişi məhdudlaşdırılacaq.
Avqustun 30-da isə Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə 250-ə yaxın mehmanxana nümayəndəsi ilə onlayn görüş keçirilib. Görüşdə ölkə ərazisində fəaliyyət göstərən mehmanxanaların xüsusi karantin rejimi dövründə fəaliyyətinə dair tələblər müzakirə olunub. Görüş zamanı Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən olunmuş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları” haqda, eləcə də tətbiq olunan məhdudiyyətlərlə bağlı mehmanxana subyektlərinin nümayəndələrinə ətraflı məlumat verilib. İştirakçılar Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq sentyabrın 1-dən etibarən mehmanxanalarda yaşı 18-dən yuxarı olan şəxslərə göstərilən xidmətlərin yalnız COVID-19 pasportu əsasında həyata keçirilməsi tələbi ilə əlaqədar COVID-19 pasportlarının yoxlanılması üçün hazırlanmış xüsusi mobil tətbiq barəsində məlumatlandırılıb.
Əlavə olaraq mehmanxana nümayəndələrinə 1 sentyabr tarixindən etibarən işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olmasının tələb edildiyi ilə bağlı xatırlatma edilib. Qeyd olunub ki, Nazirlər Kabinetinin 151 saylı qərarına əsasən 1 sentyabr 2021-ci il tarixindən mehmanxanalarda qapalı məkanlarda yalnız 2-ci doza vaksini qəbul etmiş, immunitet arayışı və ya əks göstəriş sertifikatı olan şəxslərə xidmət göstəriləcək.
"Sentyabrın 1-dən etibarən iri ticarət mərkəzlərinə, mehmanxanalara, kafelərə, restoranlara və digər ictimai iaşə obyektlərinə giriş üçün vətəndaşlardan mütləq qaydada COVID-19 pasportu tələb olunur. Oktyabrın 1-dək iki dozadan birini qəbul etmiş şəxslər COVID-19 pasportunu təqdim etməklə ictimai iaşə obyektlərinə daxil ola biləcəklər".
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən etibarən isə yalnız hər iki vaksin dozasını qəbul etmiş şəxslər iri ticarət mərkəzlərinin, mehmanxanaların, kafelərin, restoranların və digər ictimai iaşə obyektlərinin xidmətlərindən yararlana biləcəklər.
Şahmar Mövsümov, həmçinin qeyd edib ki, açıq havada fəaliyyət göstərən restoran və kafelərə giriş üçün vətəndaşlardan COVID pasportu və ya immunitet sertifikatı tələb edilmir. İctimai nəqliyyatda isə COVID-19 pasportu ilə bağlı hansısa məhdudiyyət yoxdur, sərnişinlərdən yalnız tibbi maskadan istifadə etmək tələb olunur.
Nəticə: "Sentyabrın 1-dən etibarən hər iki dozada vaksini olmayan müştərilər hotellərə buraxılmayacaq" məlumatı qismən yalnışdır.