Rusiyanın məşhur cizgi filmi “Maşa və Ayı”nın (35,2 milyon izləyicisi var) «Машины сказки» adlı layihəsinin növbəti mövzusu Azərbaycan nağılı “Cırtdan” haqda olub. 03 sentyabr 2021-ci il tarixində məlum olub ki, həmin bölüm Youtube kanalından silinib.

Avqustun 12-də cizgi filmin yutub kanalında yayımlanmış buraxılışda Azərbaycan haqqında  danışılmış, ölkəmizin xəritəsi, milli mətbəximizin nümunələri, çörəkdən, dolmadan bəhs edilmiş, şəkərbura, paxlava nümayiş olunmuşdu. Bundan başqa, filmdə məşhur "Cücələrim" mahnısı da səsləndirilmiş, Azərbaycanın qədim sənətkarlığı pinəçilik barədə məlumat verilmişdi.

Medianın yazdığına görə, videonun silinməsinə səbəb çoxsaylı erməni şikayətləri olub.

Faktyoxla Lab. məlumatın dəqiqliyini yoxlamaq üçün “Maşa və Ayı” bütün seriallarının yayımlandığı kanalda kiçik araşdırma aparıb və müəyyən edib ki, həqiqətən də 3 həftə öncə yayımlanan “Cırtdan” bölümü silinib.

Faktyoxla Lab. uşaqlar üçün hazırlanmış cizgi filminin Youtube kanalından silinməsinin səbəbini dəqiqləşdirmək üçün kanala,  “Maşa və Ayı” youtube kanalına sorğu ilə müraciət edib. 

Əldə etdiyimiz məlumatı oxucularla bölüşəcəyik.