Bu video əvvəl tik-tokda, sonra İnstagram-da, daha sonra isə facebook-da sürətlə yayılıb. Nüfuzlu talib liderlərinin, "Taliban" rəsmilərinin əks olunduğu videoda Taliban rəsmisi Azərbaycanı "dəstəkləyir", İran və erməniləri hədələyir.

Sosial şəbəkələrdə sürətlə yayılan videoda çıxış edənin sözləri belə tərcümə olunur: "Sizə 72 saat vaxt veririk. Qarabağa gedən yük maşınlarını dayandırmasanız, İranı yerlə yeksan edəcəyik. İran, başda cənubi azərbaycanlılar olmaqla oradakı xalqların öz müqəddəratlarını təyin etmələrinə imkan ver!"

Qısa fasilədən sonra emosiyanal səslə bu fikirlər çatdırılır: "Biz Xankəndindən erməniləri qovub çıxara bilərik. Niyə axı biz müsəlman sünni qardaşlarımızdan kömək istəmədiniz? Yenə deyirəm, bizim sözlərə heç bir şəkkiniz olmasın. Məgər biz deyildik Birinci Qarabağ Müharibəsində siz Azərbaycana döyüşçü mücahidlərimizi göndərən?!"

Faktyoxla Lab. videonun həqiqiliyini araşdırıb.

Videoda görüntülərdə əks olunan şəxs "Taliban" liderlərindən biri, Dohadakı Siyasi Ofisinin rəhbəri Sher Mohammad Abbas Stanikzaidir.

Kadrlar isə 2019-cu ilin fevralın 5-6-da Rusiyanın paytaxtı Moskvada keçirilmiş "Əfqanıstan danışıqları" adlı konfransda çəkilib. Yəni, bu hadisə İranın Qarabağa silah daşıması, II Qarabağ müharibəsindən ilyarım öncə baş verib.  

Assoşeyted Press-in həmin görüş haqda yaydığı məlumatda deyilirdi ki, 6 Fevral 2019-cu il tarixli Moskva görüşündə rəsmi Kabilin nümayəndələri istisna olmaqla, Taliban rəsmiləri, keçmiş prezident Həmid Kərzai, müxalifət liderləri və qəbilə ağsaqqalları iştirak edib.

Orijinal videoda təqdim olunan çıxışda isə Məhəmməd Abbas Stanikzai Ramazan ayı ilə bağlı tərəflər arasında gəlinən razılaşmanın, atəşkəsə riayət olunmasının məhz prezident Əşrəf Qəninin tapşırığı ilə hökumət qüvvələri tərəfindən pozulduğunu deyir və rəsmi Kabili tənqid edir.

Yalnış tərcümə olunan, montaj edilən saxta videoda səslənən fikirlərə xüsusi diqqət etmək lazım gəlir.

“Qarabağa gedən yük maşınlarını dayandırmasanız, İranı yerlə yeksan edəcəyik”, “İran, başda cənubi azərbaycanlılar olmaqla oradakı xalqların öz müqəddəratlarını təyin etmələrinə imkan ver”, "Biz Xankəndindən erməniləri qovub çıxara bilərik” və “Məgər biz deyildik Birinci Qarabağ Müharibəsində siz Azərbaycana döyüşçü mücahidlərimizi göndərən?!"

Bu mətn, təsadüfən paylaşılan, yalnız "like" toplanması üçün hazırlanan adi Tik-tok, İnstagram paylaşımı deyil. Mətndə İranla münasibətləri gərginləşdirə biləcək məsələ xüsusi qabardılır və ən vacibi, indiyə qədər ermənilərin fasiləsiz iddia etdikləri “Əfqan mücahidlər Qarabağda döyüşüblər” fikrini təsdiqləyən fakt kimi təqdimatı xüsusi sezilir. 

Maraqlıdır ki, həmin video, ilk hazırlanıb və paylaşıldığı "ahu2.707" tik-tok profilindən silinib.  

Nəticə. Sosial şəbəkələrdə Taliban rəsmisinin İran və erməniləri hədələməsi ilə bağlı yayılan video saxtadır.