AXCP üzvü, Nemət Əliyev 2022-ci ilin dövlət büdcəyi layihəsində nəzərdə tutulan sosial xərclərlə bağlı mediada çıxış edib. İqtisadçı bildirib ki, hökumət gələn il sosial müdafiə və sosial təminat xərclərini 108 mln. manat azaltmaqla, ölkədə sosial vəziyyəti ağırlaşdıracaq, yoxsulluq və işsizliyin səviyyəsi artacaq, bahalaşma baş verəcək.

Faktyoxla Lab. müxalif iqtisadçının iddialarını araşdırıb.

Nemət Əliyevin iddia etdiyinin tam əksinə olaraq hökumət hər il büdcədə məhz sosial xərcləri artırır. 2022-ci ildə də məhz belə olacaq.
Məlumdur ki, pensiyaların maliyələşdirilməsi dövlət büdcəsinin sosial təminat xərcləri bölməsindən deyil, birbaşa Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən maliyyələşdirilir. Yəni, pensiya və təqaüdlərin artıb-azalmasının əsas göstəricisini Fodnun xərclər müəyyən edir.

2021-ci ildə Fondun xərcləri hansı həcmdə olub?

 

Göründüyü kimi 2021-ci ildə Dövlət Sosial Müdafiə Fondunun xərcləri 5 milyard 146 milyon manatdır. Həmin xərclər yuxarıda da qeyd etdiyimiz kimi pensiyaların, digər sosial təqaüdlərin maliyyələşdirilməsinə yönəldilir.
İndi isə diqqət edək, 2022-ci ilin Dövlət Sosial Müdafiə Fondunun xərclərinin həcmi nə qədərdir?

Fondun xərcləri 5 milyard 284,2 milyon manatdır. Yəni, 2021-ci ildə həmin xərclər 5 milyard 146 milyon manat idi.  Yəni növbəti ildə pensiyalar üçün Fond daha çox xərcləyəcək, yəni 140 milyon manat daha çox nəzərdə tutulub. Bu isə dəqiq onu təsdiqləyir ki, gələn il bütün pensiya və təqaüdlər artacaq, bunun üçün artımın maliyyə mənbələri də öz əksini tapıbdır.
Və, hər kəs aydın görə bilər ki, qarşıdakı növbəti illərdə də Fondun xərcləri hər il 200-300 milyon manata artmaqla, pensiyaların və müavinətlərin artımını təmin edəcək. 2025-ci ildə Sosial Müdafiə Fondunun xərcləri 2021-ci ilə nəzərən 1 milyard manata yaxın artmış olacaq.

Görünür ki, 2022-ci ildə ümumilikdə bütün sosialyönümlü  xərclər artacaq. Bura əməkhaqlları, minimum əməkhaqqı, müavinətlər və sair digər sosial ödəmələr daxildir. Təkcə 2022-ci ildə isə sosial müavinət və təqaüdlərin maliyyələşdirilməsi üçün büdcədən 1,2 milyard manata yaxın vəsait proqnozlaşdırılıb. 2021-ci ildə bu məqsədlər üçün büdcədən 1 milyard 65,8 milyon manat vəsait nəzərdə tutulub. Bu artımların nəticəsində büdcədə əməyin ödənişi və sosial ödənişlərin məbləği 10,5 faiz çoxalacaq. Yəni, 2022-ci ildə sosial sektora 10 faizdən çox maliyyə yönəldiləcək. Bu isə, ən azı 1,2 milyard manat vəsait deməkdir. 

Gələn il bahalaşmanın olacağı barədə “proqnozlara” aydınlıq gətirək.

Qətiyyən belə bir tendensiya gözlənilmir. Məlumdur ki, Azərbaycan artıq post-pandemiya mərhələsinə keçib, iqtisadi artım böyüyür, ixrac da genişlənir. Bahalaşmanın əsas səbəbi iqtisadi tənəzzül və idxalın yüksəlməsi, tədiyyə balansının pisləşməsidir. Azərbaycanda gələn il bu ssenarilərin heç biri gözlənilmir. Birincisi, gələn il iqtisadi artım cari ilədəkindən yüksək olacaq və yerli istehsal artacaq, ixracın artması ilə şərtlənəcək. İkincisi, neft amilidir. Neftin qiyməti də normaldır, gələn ilin büdcəsində 5 dollar artıq olmaqla 45 dollardan götürülüb. Bu o deməkdir ki, neft ixracındakı sabitlik tədiyyə balansını daha da yaxşılaşdıracaq.

 

Beləliklə, ixracın artması, idxalın azalması və ölkəmizdə əsas istehlak mallarının istehsalının yüksəlməsi daxili bazarda qiymətlərin sabitliyini də möhkəmləndirəcək. Digər tərəfdən, 2022-ci ildə inflyasiya 3,6% proqnozlaşdırılır. 2021-ci ildə bu rəqəm 4,3 % gözlənilir. Belə halda qiymətlərin bahalaşması hansı rəqəmlərə, proqnozlara görə iddia edilir? Yaxud, gələn il makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin  əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsi ABŞ dollarına qarşı 1,7 səviyyəsində olacaq. Tədiyyə balansının artması, neftin orta nikbin qiymət üzrə satışı və s. amillər də göstərir ki, manat möhkəmlənəcək. Manatın möhkəmliyi də idxal edilən malların qiymətinin sabit qalması üçün şərtlərdən biridir.

Nemət Əliyevin daha bir iddiası budur ki, 2022-ci ildə hökumət müdafiə və təhlükəsizlik, digər sosial xərcləri azaldacaq, əvəzində məhkəmə, hüquq-mühafizə xərclərinə üstünlük verəcək. İqtisadçının bu iddiaları haradan götürdüyü anlaşılan deyil. Əksinə, hökumət növbəti ildə və qarşıdakı illərdə prioritet xərc istiqamətləri kimi, müdafiə və təhlükəsizlik, sosial müdafiə və təminat, səhiyyə və təhsil xərclərinin artırılmasını nəzərdə tutur. Belə ki, sosial müdafiə və təminat xərcləri 2,07 faiz-bənd, təhsil xərcləri 1,66 faiz-bənd, müdafiə və təhlükəsizlik xərcləri 1,05 faiz-bənd və səhiyyə xərcləri 0,56 faiz-bənd artırılacaq. (qrafik 21).

Nemət Əliyev iddia edir ki, Gürcüstan və Ermənistanda pensiya təminatı və ümumilikdə, əhalinin pensiya və müavinətlərlə təminolunma səviyyəsi Azərbaycandan yaxşıdır. Bu iddianın da haradan götürüldüyü və nəyə əsasən irəli sürüldüyü anlaşılan deyil.

Belə ki, Gürcüstanda 2021-ci ildə pensiyaların 6 dollar artımından sonra orta pensiya həddi 240-275 lariyə (72-83 dollar) və yaxud 120- 140 AZN təşkil edib. Həmçinin, Gürcüstanda da pensiya yaşı kişilər üçün 65 yaş həddindədir və qadınların pensiya yaşının hazırkı 60 yaşdan mərhələli şəkildə 63-ə çatdırılması nəzərdə tutulur.

Ermənistana gəlincə, Cənubi Qafqazın bu kasıb və yoxsul ölkəsində  orta aylıq pensiya məbləği 90 dollar təşkil edir, yəni 153 manat. Bu ölkədə pensiya yaşı qadınlarda 63, kişilərdə 65 yaş həddindədir.  

Azərbaycanda isə orta pensiya məbləği  233 manat təşkil edir.  

Nəticə: Müxalif iqtisadçının gələn ilin büdcəsi ilə bağlı proqnozlarının heç bir iqtisadi əsası yoxdur, qismən yalnış və faktlarla manipulyasiyadır.