Uzun müddətdir Azərbaycan mediasında, hətta nüfuzlu media orqanlarında Səddam Hüseynin 14 yaşlı nəvəsinin qəhrəmanlığı, onun 400 xüsusi təyinatlı Amerika əsgərlərinə qarşı 6 saat döyüşməsi və sonda şəhid olması haqda məlumatlar yayılır. Əksər məlumatlar bu fotolarla verilir.
Faktyoxla Lab. Bu məlumatın səhihliyini araşdırıb və maraqlı faktlar ortaya çıxardıb.
Əvvəlcə, həmin məlumatın Azərbaycan mediasında yayılmış versiyasına diqqət edək.
“Səddam Hüseynin nəvəsi dünyanı şoka saldı” .
14 yaşlı Mustafa Səddam Hüseyn 400 amerikalı kommandosa qarşı vuruşub.
ABŞ-ın və dünyanın ən nüfuzlu nəşrlərindən biri olan “The New York Times” qəzeti “XXI əsrin ən cəsur və qorxmaz oğlanı”nı seçib. Həmin oğlan İraqda yaşayan Mustafa Səddam Hüseyndir.
İraqın mərhum prezidenti Səddam Hüseynin 14 yaşlı nəvəsi amerikalı kommandosların Şeyx Nəffaf Zeydanın malikanəsinə hücumu zamanı onlara qarşı vuruşub.
Həmin anda Mustafa Səddam evdə sağ qalmış yeganə şəxs idi. Səddamın yanında atası Kusay, əmisi Uday və onların mühafizəçisi Əbdel Səmədin cəsədləri vardı.
Əməliyyatda iştirak etmiş amerikalı hərbçilərin dediklərinə görə, onlar evə girəndə Mustafa Hüseyn “qonaq”ları atəşlə qarşılayıb.
400 amerikalı kommandos evi mühasirəyə almışdı. Mustafanın atası və əmisi gözünün qarşısında öldürüləndən sonra yeniyetmə 40 dəqiqə atışıb və snayper tüfəngindən 14 amerikalı dəniz piyadasını öldürüb.
Bundan sonra Səddam Hüseynin nəvəsi ilə amerikalı kommandosların döyüşü 6 saat davam edib.
Amerikalılar sonda 14 yaşlı yeniyetməni qətlə yetirəndə saatlar ərzində bir oğlanla atışdıqlarına inana bilməyiblər.
“New York Times”ın reportyoru Robert Eysk yazır: “Əgər bizdə belə bir oğlan olsaydı, ona hər şəhərdə heykəl ucaldardıq. Onun cəsarətindən hər yerdə danışardıq və o, böyüyən nəslə örnək olardı”.
Səddam Hüseynin nəvəsi barədə Avropa və Asiya mediası da çoxsaylı yazılar, şərhlər dərc edib. "AsiaTimes" isə "Səddam Hüseynin nəvəsi dünyanı şoka saldı" yazıb".
Oxşar məlumatı Uday Hüseynin fan- səhifəsi (“Uday Səddam kimidir”) facebookda da 8 mart 2017 -ci il tarixdə paylaşıb.
Paylaşımda deyilir: “#şəhid Səddam Hüseynin nəvəsi Mustafa Qusay Səddam Hüseyn əl-Tikriti, 3 Yanvar 1989-cu ildə anadan olub. O, atası Qusay və əmisi Uday ilə birlikdə döyüşüb. Amerikalıların zireh əlehinə raketlə zərbəsindən sonra uşağın gözü qarşısında atası və əmisi şəhid olublar. Atası və əmisi şəhid olandan bir saatdan artıq müqavimət göstərib və 13 amerikalı əsgəri öldürüb. Uşaq olasan, belə kişi və necə cəsarətli olasan”
Maraqlıdır ki, bu məlumatın məhz bu stildə, bu ritorikada azsaylı ərəb saytları, 1-2 rus mənbələri veriblər. Dünyanın başqa heç bir nüfuzlu media orqanı mövzuya bu cür toxunmayıb. Nyu-York Tayms-a istinad edilsə də, həmin məqalənin nə fotosu, nə scrini, nə də linki təqdim edilməyib. Bizim həmin qəzetin arxiv yazılarında axtarışlarımız da nəticə vermədi.
Əslində nə baş verib və məlumatın belə təqdimatında hansı maraq var?
Bildirək ki, həmin hadisə haqqında ilk məlumat Julian Borger və Conatan Stilin həmmüəllifliyi ilə 24 iyul 2003-cü il tarixdə “The Guardian” qəzetində dərc olunan məqalədə əks olunub. “Səddamın nəvəsinin son anları” başlıqlı yazıda qeyd olunur ki, Səddamın 14 yaşlı nəvəsi Mosul şəhərindəki evlərinə silahlı basqın zamanı atasının və əmisinin həlak olmasından sonra amerikalı hərbçilərə müqavimət göstərib. General- leytenant Rikardo Sançesin açıqlamasına görə 10 ədəd tank əlehinə raket zərbələrindən sonra evdə gizlənən 3 şəxs öldürülüb. Lakin evdə olan bir nəfər müqavimət göstərməkdə davam edib və sonuncu- üçüncü həmlə zamanı o da məhv edilib. Rəsmilərin verdiyi açıqlamaya görə, evin sonuncu müdafiəçisi Səddam Hüseynin nəvəsi, uday Hüseynin oğlu yeniyetmə Mustafa Hüseyn olduğu ehtimal edilir.
Əməliyyatda iştirak edən yüksəkçünli zabitlərin bildirdiyinə görə, səhər saatlarında hərbçilər binaya yaxınlaşarkən atışma başlayıb. Həmin vaxt evdə Mustafa, Kusay, Uday və bir nəfər (böyük ehtimal ki, mühafizəçi) olub. Uday və Kusay evin birinci mərtəbəsində mövqe seçib döyüşüblər. Uşaq isə 2-ci mərtəbədə yataq otağında gizlənib.
General Sançes keçirdiyi brifinqdə bildirib ki, qardaşların gizləndiyi bina qalın divarlarla əhatələnibmiş, pəncərələr isə gülləkeçirməyən materialdan olub. Bu səbəbdən atışma 4 saat davam edib. İlk həmlədə 4 amerikan əsgəri yaralanıb. İkinci həmlədə qumbara, raket və iriçaplı pulemyotlardan istifadə edilib. Heç bir nəticə əldə olunmayanda isə Kiowa helikopterlərinin raket zərbələrinə ehtiyac duyulub.
Həmin hadisə haqqında Türkiyənin “Hüriyyet” qəzeti 23.07.2003 tarixində fərqli ssenari haqda yazırdı: "İki ‘as’ öldürüldü"
Həmin məqalədə qeyd olunur ki, Səddam Hüseynin övladlarının gizləndiyi villaya hücum 6 saat çəkmiş və binada olan 4 nəfər öldürülmüşdür. Atışmadan sonra 2 mərtəbəli bina xarabaxanaya çevrilmiş, yalnız divarlar qalmışdır. Binanı yoxlayan amerika hərbçiləri mediaya elan etmişlər ki, dağıntılar altından 4 nəfərin meyiti aşkar olunub. Onlardan 3-ü yetkin insanlar, biri isə çox böyük ehtimal Udayın oğlu 14 yaşlı Mustafadır
Digər mənbə Iraq nəşri “Al-Awja” isə hadisəni belə təsvir edir:
Qusay Hüseynin oğlu Mustafa Qusay Hüseyn əl-Tikriti Mosulda anadan olub. Anası İraqın yüksək rütbəli hərbçisi, general-leytenant Maher əl-Rəşidin qızı Səhər ər-Rəşid Hüseyndir. 2003 -cü ildə Amerika Ordusu İraqa hücum edərkən, atası Qusay və əmisi Udayla birlikdə bir evdə gizləniblər. İraqın əsas hökumət rəsmilərini tapmaq üçün 15 milyon dollar mükafat vəd olunduğunu CNN kanalı elan etmişdi. 22 İyul 2003 -cü ildə naməlum bir iraqlı iki qardaşın yerini koalisiya qüvvələrinə çatdırıb və həmin şəxslərin tutulması üçün əməliyyat başlayıb. Raket zərbələrindən sonra ABŞ hərbçiləri evə daxil olarkən 14 yaşlı Mustafanın atasının cəsədinin yanında yatağın altında gizləndiyini görürlər. Mustafa Amerika qüvvələri içəri girdikdən sonra onları ingilis dilində söyməyə və tüfənglə atəş açmağa başlayır. Rəsmi məlumata görə, əsgərlər cavab atəşi açaraq onu da öldürürlər.
Diqqət yetirildisə, üç fərqli media fərqli fikirlər səsləndirib. “The Guardian” amerikalı generala istinad edən yazır ki, 14 yaşlı yeniyetmə müqavimət göstərdiyi üçün, “Hürriyyet” qəzeti ümumiyyətlə 14 yaşlı yeniyetmənin bombardımandan sonra qətlə yetirildiyini bildirir. İraq qəzeti “Al-Awja” isə 14 yaşlı yeniyetmənin çarpayının altında gizləndiyini, əsgərlər binaya qalxandan sonra onlara atəş açdığını və yerindəcə qətlə yetirildiyini bildirir.
Bəs, İraq diktatoru Səddam Hüseynin 14 yaşlı nəvəsinin qəhrəman obarızını yaratmaq kimə lazımdır?
Cavab sadədir: 15 milyon dollarlıq mükafatla Səddamın övladlarının yerini öyrənən amerikalı hərbçilər evə həmlə edərkən orada Uday, Kusayla bərabər 14 yaşlı yeniyetmənin olduğunu bilmirdilər. Raket zərbələrindən sonra binada qətlə yetirilənlər arasında yeniyetmənin də olduğunu görən hərbçilər günahlandırlmasın deyə, bu əfsanə uydurula bilər. Ikinci versiyaya görə, yəni əsgərlər binaya daxil olandan sonra çarpayının altında gizlənmiş yeniyetmənin qətlə yetirilməsini əsaslandırmaq üçün onun şiddətli müqavimət göstərməsi əfsanəsi yaradıla bilər.
Sonda isə Mustafa Hüseynin mediada yayılan fotoları ilə bağlı məqama da diqqət yetirək.
Bu fotoda görünən oğlanın Mustafa Uday Hüseynə heç bir aidiyyatı yoxdur. Bu foto, Əfqanıstanın Qəndəhar şəhərində çəkilib və fotonun müəllifi Stiv McCurrydir.
Hərbi geyimdə olan uşaq da Mustafa Kusay Hüseyn deyil. Bu Mustafanın qardaşı, Türkiyədə Hərbi Akademiyada təhsil almış Mesut Kusay Hüseyndir.