Erməni KİV-ləri sərhəddə dünən baş verən toqquşmada Azərbaycan əsgərinin əsir götürüldüyünü iddia ediblər.

Ermənistan mediası və telegram kanalları hətta əsir götürülmüş əsgərimizin fotosunu da yayıblar.

Faktyoxla Lab. bu məlumatın həqiqiliyini yoxlayıb.

Qısa araşdırmadan sonra isə bəlli olub ki, foto yeni deyil və 44 günlük müharibə zamanı çəkilib. Yaralı əsgər isə Anar Hidayət oğlu Əliyevdir.  O, könüllü olaraq döyüşlərdə iştirak edib, 10 noyabrda əsir götürülüb, 34 gün əsirlikdə qalıb.

Noyabrın 7-də Xocavənd yaxınlığında yüksəkliyi götürmək əmri alan A. Əliyevin də tərkibində olduğu qrup hərəkətə keçib, qızğın döyüşlərdən sonra noyabrın 8-nə keçən gecə həmin yüksəkliyi götürüblər. Növbəti əmr Xocavənd rayon mərkəzinə yaxın yüksəkliyi ələ keçirmək olub. Həmin gün axşam saat 11 radələrində xocavəndin bir neçə kilometrliyində olan strateji yüksəkliyi ələ keçiriblər. Lakin 9 noyabrda düşmən əks hücuma keçib və qrup mühasirəyə düşüb. Düşmənin davamlı hücumlarını dəf edən əsgərlərimiz son ana qədər döyüşüblər. Azərbaycan əsgərinin müdafiəsini canlı qüvvə ilə yara bilməyəcəyini görən düşmən ağır texnika və artilleriyanı işə salıb. Tank mərmisinin zərbəsindən sonra yerə yıxılan A. Əliyev ayağa qalxdıqda sol tərəfindən güllə yarası alıb və huşunu itirib.

Anar Əliyevlə müsahibəyə bu linkdə baxa bilərsiniz. 

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində erməni əsirliyindən və girovluğundan azad olunaraq 14 dekabr 2020-ci il tarixdə Bakıya gətirilib.

05 yanvr 2021-ci ildə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Əliyev Anar mediaya açıqlama verərək, əsirlikdə gördüyü dəhşətli işgəncələrdən danışıb.

“Bizə işgəncə verirdilər. Amma ən dəhşətlisi həkimlərin bizə verdiyi işgəncələr idi. Bizə mənəvi işgəncələr də verirdilər. Bu, bizi ruhdan salmırdı. 12 gün İrəvanda həbsxanada saxlanıldım. Yatanda da bizi vururdular. Gün ərzində cəmi 1 saat ayaqüstə yata bilirdik”-deyə A. Əliyev əsirlikdə yaşadıqlarını media nümayəndələrinə açıqlayıb.

Əsir götürülərkən çəkilən kadrlar: 

Nəticə: Dünən sərhəddə baş verən toqquşmada Azərbaycan əsgərinin əsir götürüldüyü haqda erməni KİV-nin iddiası yalandır, paylaşılan foto isə 44 günlük müharibə zamanı qeydə alınıb.