Azərbaycan mediasında keçmiş SSRİ-yə daxil olan 3 ölkə - Azərbaycan, Özbəkistan və Ukrayna ittifaqın xarici borcunun birgə ödənilməsinə dair Anlaşma Memorandumunu imzalamaqdan imtina etdiyi barədə məlumat yayılıb.

Məlumatda deyilir:  FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu noyabrın 16-da, Rusiyanın paytaxtı Moskvada keçirilmiş MDB hökumət başçılarının Böyük 7-lik ölkələrinin (G7) nümayəndələri ilə görüşü çərçivəsində Belarusun baş naziri Vyaçeslav Kebiç bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ukrayna sözügedən sənədə SSRİ-nin aktivlərində və borcunda hər bir ölkənin payı müəyyən edildikdən sonra qoşulacaqlarını bildirib, Özbəkistan isə borcunu ayrıca ödəyəcəyini bəyan edib. Bundan sonra G7 nümayəndələri Özbəkistanın şərtlərini qəbul etməyəcəklərini deyib və 3 ölkənin nümayəndələri iclas zalını tərk ediblər.

Bu arada adını açıqlamayan yüksək səviyyəli Qərb nümayəndəsi bildirib ki, memorandumu imzalamayan ölkələr G7 ölkələrindən “bir sent də kredit ala bilməyəcək", digər ölkələrin isə böyük məbləğdə kreditinə ümid bağlamasın.

Faktyoxla Lab. məlumatın dəqiqliyini yoxlayıb.

Əvvəla, Rusiyanın paytaxtı Moskvada keçirilmiş MDB hökumət başçılarının Böyük 7-lik ölkələrinin (G7) nümayəndələri ilə görüşü çərçivəsində belə bir müzakirə olmayıb.

Bu məlumat Rusiyanın İnterfax Agentliyinin “30 il öncə bu gün” layihəsi çərçivəsində hazırlanıb və 19 noyabr 1991-ci ildə SSRİ-dən ayrılmış 7 müstəqil dövlətin rəhbərlərinin görüşündə baş verən hadisəni əks etdirir. 

Qeyd edək ki, məlumatı ilk yayan report.az sonradan yanlış etdiyini anlayaraq xəbəri səhifəsindən silsə də, həmin sayta istinad edən fed.az yanlış məlumatı yaymaqda israrlıdır.

Yeri gəlmişkən, məlumatda qeyd edilən Belarusun baş naziri Vyaçeslav Kebiç 2020-ci ildə koronavirusdan 85 yaşında vəfat edib.

Nəticə: Məlumat yanlışdır, 1991-ci ildə baş verən hadisə yeni xəbər kimi təqdim olunub.