Almaniyada yeni hökumətin Ərzaq və kənd təsərrüfatı naziri türkiyə əsilli Cem Özdemir seçilib. O, Türkiyə əsilli ilk nazirdir. Vəzifəyə başlamasının ilk günündə mərasimə velosipedlə gələn Cem Özdemirin görüntüləri maraqla qarşılanıb. Almaniyanın 16 ildən sonra yeni kansleri seçilən Sosial Demokratlardan Olaf Şoltsun hökumətində Cem Özdemirdən başqa daha bir neçə türkiyə əsilli siyasətçi də vəzifə alıb.

Bu məlumatlar "Meydan TV" – nin youtube kanalında yayınlanan video-reportajında səsləndirilib. Həmin reportajda "Meydan TV" növbəti dəfə Azərbaycan ictimaiyyətinə yalnız adi məlumatı çatdırıb və əsas məqamı gizlədib. İnternet kanalın, özünü hər zaman “Türk” kimi yox,  "türkiyəli" kimi təqdim edən Cem Özdemiri  belə təmtəraqla təqdim etməsi diqqətimizi cəlb etdi.

Faktyoxla Lab. olaraq Almaniyanın yeni ərzaq və kənd təsərrüfatı naziri Cem Özdemirin indiyə qədər Türkiyəyə və ümumən türk millətinə olan münasibətini araşdırdıq.

Əvvəlcə, ondan başlayaq ki, Cem Özdemir Avropada, xüsusən də Almaniyada son dövrlərdə geniş vüsət alan Türkofobiyanın və İslamafobiyanın əsas simalarından biri kimi tanınır və o, qardaş ölkə mediasında “Türk düşməni” adı ilə məşhurlaşıb. 

Ermənistana səfər edib qondarma erməni soyqırımı abidəsinə əklil qoyan, Türkiyədə insan hüquqlarının kobud şəkildə pozulduğunu iddia edən Cem Özdemirin ümumi bir dərdi var: Türkiyəni hər addımda aşağılayıb Avropada geniş vüsət alan İslamafobiya axınına qoşularaq İslama qarşı aqressivləşən qaragüruhla axına düşərək Türkiyəni və Türkiyə prezidenti Erdoğanı günahlandırmaq. Elə ona görə də Almaniyada qurulan yeni hökumətdə Türkiyəyə və prezident Rəcəb Tayyib Ərdoğana qarşı hər zaman kin bəsləyən Cem Özdemirin ərzaq və kənd təsərrüfatı naziri olacağı ilə bağlı açıqlama verilərkən bu ölkədə yaşayan türklər şiddətlə buna qarşı çıxmışdılar. “Deutsche Velle”nin türkcə versiyasında dərc olunan xəbərin altından yazılan şərhlər belə türklərin onu necə “sevdiyinin” bariz göstəricisidir.

Həmin cavablardan bəzilərini təqdim edirik:

¥ “Fransızları fransalı adlandırırsınız? Yoxsa almanlara almaniyalı deyirsiniz? Bu adam özünə türkiyəli deyirsə, deməli xaindir”

¥ “Biz onu türk olaraq qəbul etmirik. Alın sizin olsun"

¥ “Türk düşməni desəniz daha yaxşı olar”.

¥ “Tənlik belədir: müsbət xəbərdirsə türkiyəli, mənfi xəbərdirsə türk”

¥ "Eyvanda narkotik yetişdirəndən bəri kənd təsərrüfatı naziri olub"

¥ "Türkiyə düşmənçiliyi yenə qazanc gətirdi. Almanlar boş yerə bəsləmirlər ki".( Mənbə)

Düşünün ki, Cem Özdemirin Türk və Türkiyə düşmənliyi hətta o həddə çatıb ki, alman siyasətçilər belə onun qərəzli yanaşmasına öz etirazlarını bildiriblər. Belə ki, Almaniyanın ARD kanalına verdiyi açıqlamada müsəlmanlar və mühacirlər arasında antisemitizm meyllərinə diqqət yetirilməli olduğunu müdafiə edərək, "Din İşləri Türk-İslam Birliyi (DİTİB) kimi dərnəklər Ankaradan təlimat alır. Türkiyə dövlət televiziyası burada nifrət toxumu əkirlər. Bunu qəbul edə bilmərik" – demişdi. ( Mənbə)

C.Özdemirin bu açıqlamasına etiraz edən Team Todenhofer Partiyasının sədri Jürgen Todenhöfer Almaniyanın Yaşıllar Partiyasının millət vəkili Cem Özdemiri cəmiyyətdə təxribat törətməkdə günahlandıraraq sosial media hesabından verdiyi açıqlamada, “İndi Cem Özdemir kimi bəzi alman siyasətçiləri antisemitizmin müsəlmanların uydurması kimi bir təsəvvür yaradırlar, lakin Holokostda milyonlarla yəhudini vəhşicəsinə qətlə yetirənlər məhz onlardır. Onlar müsəlman deyildilər. Bu cinayəti başqalarının üzərinə atmaq xalqı təxribata çəkmək deməkdir". – deyə etiraz etmişdi( Mənbə)

Almaniyada Türkiyə düşmənçiliyi ilə tanınan terror təşkilatı PKK- ya da hər zaman dəstək verən Cem Özdemir hətta bir neçə il əvvəl “Velt” nəşrinə verdiyi müsahibədə Almaniya hökümətinin Türkiyəyə qarşı olan siyasətini də sərt tənqid edib. Belə ki, O, Merkeli “Türkiyənin daxili işlərinə qarışmamaqda” ittiham edərək hətta tənqid etməkdən belə çəkinməyib. O, nəşrə müsahibəsində iddia edib ki, Türkiyənin müdafiə naziri Almaniyaya rəğbətini artırmaq üçün Almaniyaya gəlib, bunun nəticəsində də guya Türkiyədə Ərdoğan müxalifətə təzyiqləri daha da artırıb və dinc nümayiş keçirən etirazçılar həbs olunublar.

Özdemir davamında deyib: “Almaniya hökuməti sakitləşdirmə siyasətinə son qoymalı və Ərdoğana açıq və birmənalı şəkildə “Əgər real yaxınlaşma istəyirsənsə, bizim tərəfdaşlarımızla belə davrana bilməzsən” deməlidir.” (Mənbə)

2019 – cu ildə qondarma erməni soyqırımının il dönümündə sosial media hesabından ermənilərə dərin hüznlə baş sağlığı verən Almaniya Yaşıllar Partiyasının həmsədri Cem Özdemir hətta Almaniyanı da Osmanlıya dəstək verməkdə günahlandırıb. Bu haqda özünün facebook səhifəsində yazan Özdemir daha da irəli gedərək bildirib ki, bu kimi məlumatlar artıq tarix dərsliklərinə salınıb orta məktəblərdə tədris olunmalıdır. ( Mənbə)

Bundan başqa, Cem Özdemir 2015 – ci ildə qondarma erməni soyqırımının 100 – cü il dönümündə Ermənistanın paytaxtı İrəvana səfəri zamanı soyqırım abidəsinə çələng qoyduqdan sonra “Ermenihaber.am”-ə verdiyi müsahibədə sərhədlərin açılması perspektivlərindən danışıb:

Protokolların ratifikasiya edilməməsini əldən verilmiş fürsət kimi görən Özdemir:

“Sərhədin açılması ilə bağlı dəfələrlə danışıqlar aparılıb. Hətta protokollar da imzalanıb. Təəssüf ki, Türkiyə Azərbaycanın təzyiqi ilə imza atmağı dayandıra bilmədi. Qaçırılmış fürsət. Sərhəd açılsaydı, iki xalq bir araya gəlib bir-birini daha yaxından tanıya bilərdi. Ticarət edə bilərdi. Tələbələr arasında mübadilə proqramları həyata keçirilə bilər. Bu da Ermənistanla Azərbaycan arasında münaqişəyə müsbət töhfə verərdi. Azərbaycan bundan zərərli olmayacaq, əksinə faydalı olacaq”. –deyib.

Sərhədin açılmasının qayğısına qalan Özdemir, “İnşallah bir gün bu sərhəd açılacaq və açılanda sərhəd keçid məntəqəsi Hrant Dinkin adını daşıyacaq. Çünki Hrant bağlı sərhədin dağıdılması üçün mübarizə aparırdı”. – deyə sözlərini davam etdirmişdi.( Mənbə)

Onun Ermənistanın “Şərəf ordeni” ilə təltif edilməsi və bu təltifin təqdimetməsi həmin ölkənin Almaniyadakı səfirliyinin rəsmi tvitter səhifəsindən elan olunub.

Əslində təltifin yeganə səbəbinin də erməni soyqırımı ilə bağlı Almaniya parlamentində keçirilən müzakirələrdə yaxasına erməni “soyqırım nişanı” taxaraq kürsüyə çıxması və ermənilərdən üzr istəməsinin olduğu mediada xüsusi qeyd olunub. ( Mənbə).

Özdemir personasının Azərbaycan siyasi mühiti ilə də əlaqəsi olub. Hərçənd indi Müsavat Partiyasının başqanı Arif Hacılı “biz onunla görüşəndə onun ermənilərlə bağlı fikirləri tamam başqa idi”deyir, amma fakt faktlığında qalır və Özdemirin Türkiyə və Azərbaycana münasibəti dəyişməz olaraq qalıb. Və maraqlıdır ki, indi özünü müdafiə etməyə çalışan Arif Hacılı və İsa Qəmbərin Cem Özdemirlə görüşünü də elə Meydan TV paylaşmışdı. (Mənbə)  

Həmin açıqlamadan anlaşılır ki, Arif Hacılı Meydan TV-nin naqolay sualı qarşısında aciz qalıb. Elədirsə, Meydan TV Özdemirin bu qədər “türk” olmasını bilirdisə və buna görə Arif Hacılıdan türk düşməni ilə görüşməsinə görə açıqlama alırdısa, belə təmtəraqlı təqdimatına nə gərək var idi? Əgər müstəqil media olduqlarını arqument gətirərlərsə, onda niyə həmin reportajda Özdemirin keçmişi, qondarma erməni soyqırımını tanıyan “türkiyəli” olması haqda bir kəlmə də məlumat verilmirdi? Axı bu jurnalistikanın təməl prinsipidir. Başqa hansı səbəb ola bilər ki, Ermənistanda qondarma "Soyqırım abidəsini" ziyarət edən birini Türk kimi fəxrlə təqdim edəsən?!