Prezidentin müvafiq sərəncamı ilə müəllimlərin maaşı 20 faiz artıb. Sərəncamdan dərhal sonra müvafiq peşə sahibləri maaşlarına əlavə ediləcək artımı hesablamağa başlayıb. Ə.Əliyev adına Astara rayon Qapıçıməhəllə kənd ümumi orta məktəbin müəllimi, təhsil ictimaiyyətinə replə tarix keçən müəllim kimi tanış olan Həbib Əlizadə köhnə maaşı ilə artımdan sonra alacağı maaşı feysbuk hesabından da paylaşıb.

Gənc müəllimin maaşının azlığı sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Faktyoxla Lab. pedaqoji heyətin zəhmətinin qarşılığının necə hesablandığını araşdırıb. Öyrənməyə çalışdıq ki, görək gəlirini-çıxarını vurub-çıxandan sonra müəllimin əlinə gələn “təmiz pul” nə qədərdir? 

Cəlilabad rayon Fərzili kənd ümumi orta məktəbin direktoru Fuad Bəhramov bu hesablamanı aparmağımıza kömək edib.

Beləliklə, günümüzdə məktəblərimizdə həm ali, həm də orta təhsilli kadrlar çalışır. Pedaqoji heyətin əmək haqqı hesablanarkən 3 əsas amil nəzərə alınır: müəllimin təhsili, dərs yükü və  pedaqoji təcrübəsi

Orta pedaqoji təhsilli müəllim işə başladığı ilk 3 ildə 504 manat alır. 504 manatı 18 saata bölüb hazırki dərs saatına, tutaq ki, 14 saat dərsi varsa, 14-ə vururuq. Alınan rəqəmin üzərinə əlavə vəzifəsi varsa (sinif rəhbərliyi) ona görə də 40 manat gəlir. Yəni, 14 saat dərs yükü olan ali təhsilli müəllim 392 manat almalıdır.

Bundan sonra 392 manatdan tutulmalar hesablanır. 2 faiz üzvlük haqqı olaraq həmkarlar təşkilatına, 2 faiz icbari tibbi sığorta, 3 faiz Dövlət Sosial Müdafiə Fondunun hesabına, 0.5 faiz işsizlərə görə tutulur. 14 faiz isə gəlir vergisidir. Qeyd edək ki, gəlir vergisi ümumi əmək haqqına görə tutulmur. Belə ki,  məsələn müəllim 500 manat alırsa, 300 manatın 14 faizi tutulur. Çünki 200 manat vergidən azaddır. Beləliklə, 500 manat maaş alan müəllim 42 manat gəlir vergisi ödəyir.

Orta təhsilli müəllimin stavkası 8-ci dərəcədən, ali təhsilli müəllimin stavkası 10-cu dərəcədən başlayır. Stavka 3 ildən bir artır. İlk artım əmək fəaliyyətinin üçüncü, ikinci artım səkkizinci, növbəti on üçüncü, dördüncü artım isə on səkkizinci ilindən sonra baş verir. Ali təhsilli müəllim 14-cü dərəcəyə kimi, pedaqoji orta təhsilli müəllim isə 12 -ci dərəcəyədək yüksəlir.

Ali  təhsilli müəllim onuncu dərəcədə 552, on birinci dərəcədə  594,  on ikinci dərəcədə  624, on üçüncü dərəcədə 666 və on dördüncü dərəcə üçün 714 manat əmək haqqı alır.

Orta təhsilli 3 ilə qədər əmək fəaliyyəti olan onuncu dərəcəli müəllim 504 manat, 8 ilə qədər işləmiş on birinci dərəcəli müəllim 534 AZN, 13 il işləmiş on ikinci dərəcəli müəlim 552 AZN, 18 ilə qədər fəaliyyəti olan on üçüncü dərəcəli müəlim 588 AZN, 18 ildən artıq stajı olan ali təhsilli müəllim isə 14-cü dərəcə ilə 612 manat əmək haqqı alır.

Nəticə: Müəllimin maaşı hesablanarkən 3 əsas amil nəzərə alınır. Bundan sonra formalaşan rəqəmdən tutulmalar olur. Odur ki, Həbib Əlizadənin statusunda göstərdiyi maaş onun əlinə aldığı, tutulmalardan sonra formalaşan rəqəmdir. Əslində, onun maaşı çoxdur. Belə bir status paylaşması isə kütlə düşüncəsi ilə manipulyasiya cəhdidir. Yəni, görün rep deyərək dərs keçən novator müəllim necə də az maaş alır.