Rusiyanın Ukraynaya hücumunun miqyasının genişlənməsinə baxmayaraq, Ukrayna da əks-həmlə və uğurlu müdafiə taktikası ilə müdafiə olunmaqdadır. Rusiya ordusunun demək olar ki, hamısını Ukraynaya göndərsə də bölgədə ciddi nəticə əldə edə bilməyib. Dünyanın ən güclü ordularından biri kimi təqdim olunan Rusiya Silahlı Qüvvələri özündən qat – qat zəif olan Ukrayna ordusu üzərində blits-kriqlə qalib gələ bilmədi və gün sayı artdıqca uğursuzluqla bağlı məlumatlar gəlməkdədir.
Ukrayna mediasının məlumatlarına görə, Rusiyanın müharibə başlayandan bəri əsgəri itki sayı 10 mini keçib. Beləliklə, olduqca çətin vəziyyətə düşən Rusiya çarəni muzdlu döyüşçülərdə axtardığı iddiaları var.
Belə bir iddianı Türkiyənin Haber Global kanalı yayıb. Kanalın etibarlı mənbələrindən əldə etdiyi məlumata görə, Rusiya Ukraynada döyüşmək məqsədi ilə Suriyadan muzdlu döyüşçülər gətirib.
Məlumatda bildirilir ki, Bəşər Əsəd tərəfindən Rusiyaya göndərilən muzdlu döyüşçülərin Ukraynaya necə getdikləri də müəyyən olunub.
Suriyadan yola çıxan muzdlu döyüşçülər Ermənistana aparılır. Ermənistandaki Erebuni Hərbi aerodromunda cəmləşən bu döyüşçülər Rusiyaya bağlı Şimali Osetiya Respublikasındakı Mozdok şəhərinə aparılandan sonra rus əsgərləri ilə bir yerdə Ukraynaya yola salınır.
Rusiyanın Bəşər Əsədin Ermənistan yolu ilə göndərdiyi bu muzdlu döyüşçülər vasitəsi ilə Ukraynada eyni ilə Suriyadakı kimi sabitliyi pozmağı hədəflədiyi bildirilir.