Rusiya və Ukrayna arasında yaşanan müharibə hər iki ölkə ilə iqtisadi-ticari münasibətləri olan digər dövlətlərin iqtisadiyyatına hansı təsirlərinin olacağına dair suallar yaradıb. Bundan başqa, Qərbin Rusiyaya qarşı sanksiyalarının fonunda RF ilə iqtisadi tərəfdaşlıq edən ölkələrin iqtisadiyyatı hansı çətinliklərlə üzləşə bilər, rus rublunun kəskin ucuzlaşması ticarət partnyorlarının gəlirlərinə necə təsir edəcək və digər bu tipli suallar günümüzün aktual məsələləridir.

Faktyoxla Lab. Müharibə və sanksiyaların həm Rusiya, həm də Ukraynanın tərəfdaşlarından olan Azərbaycan iqtisadiyyatına hansı təsirinin olacağını araşdırıb.

İlk olaraq qeyd edək ki, Rusiya Federasiyası Azərbaycanın ticarət dövriyyəsində 3-cü yerdə dayanır. Rusiya Azərbaycanın əsas idxal tərəfdaşıdır və qeyri-neft məhsullarının ixracında birinci yerdədir. Rusiyanın Cənubi Qafqaz regionundakı ticarətinin 45%-i Azərbaycanın payına düşür. İki ölkə arasında 2021-ci ilə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 3 milyard dollar təşkil edib. Azərbaycan Rusiyaya 920 milyon dollar dəyərinə mal ixrac edib. Həmin məhsulun təxminən 850 milyon dolları qeyri-neft ixracıdır və şimal qonşumuz ötən il qeyri-neft ixracımızda birinci yeri tutub. Xüsusilə də kənd təsərrüfatı məhsullarının ixracı bazarında bu ölkə lider mövqeyə malikdir. Eyni zamanda, Azərbaycandan Rusiyaya sənaye məhsulları göndərilir, qeyri-neft ixracatında 15% payı olan plastmas və kauçuk məhsullarının da 50%-i Rusiya bazarına gedir. (Mənbə)

 

Rusiyadan Azərbaycana idxal olunan məhsulların həcmi isə 2021-ci ildə 2 milyard dollar təşkil edib. Həmin məhsulların böyük bir qismi ərzaq mallarıdır. Qida mallarının tərkibində əsas xüsusi yer taxıl və buğdadır, illik həcmi təxminən 295 milyon dollara bərabərdir. Bundan başqa, Rusiyadan ölkəmizə meşə və taxta materialları, mineral gübrələr, polad prokat və digər sənaye materialları,  şokolad və şokolad məhsulları, kərə və bitki yağları, dərman və tibbi vasitələr, spirtli içkilər, mineral və qazlı sular, kağız və karton məmulatları, sanitar-gigiyenik vaitələr, digər məhsullar idxal olunur. (Mənbə)

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın Rusiyadan idxal etdiyi ərzaq mallarının və sənaye, digər məhsulların dünya bazar qiymətləri başqa ölkələrin təklif etdiyi analoji məhsullarla nisbətdə daha ucuzdur.
İqtisadi sahədə əlaqələrin qarşılıqlı sərmayə qoyuluşlarında və birgə biznes fəallığının artmasında da özünü göstərir. Azərbaycanda Rusiya kapitalı olan 950 şirkət fəaliyyət göstərir ki, bu da ölkəmizdə xarici kapitalı olan bütün şirkətlərin 10%-ni təşkil edir.

Rusiya indiyədək ölkəmizin iqtisadiyyatına 6,3 milyard dollar, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya qoyub.  Rusiyanın ölkəmizə investisiya qoyuluşunun 5 milyard dolları neft, 1,3 milyard dolları isə qeyri-neft sektoruna yönəldilib. Azərbaycanın qonşu ölkəyə investisiya qoyuluşu isə demək olar ki, tamamilə qeyri-neft sektorunun payına düşüb. (Mənbə)

Ukrayna Azərbaycanla ticari əlaqələrinə görə keçmiş ittifaq ölkələri arasında Rusiyadan sonra 2-ci yerdə qərarlaşır. Hətta 2010-cu ildə ixrac səviyyəsinə görə Rusiyanı da geridə qoymuşdu. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 920 milyon dollar təşkil edib. Azərbaycan Ukraynaya 452 milyion dollar mal ixrac edib, 470 milyon dollar isə idxal edib. (Mənbə)
Ukraynadan idxal etdiyimiz mallar tütün məmulatları, iribuynuzlu heyvan əti, siqaret, quş əti və onun əlavə məhsulları, kərə yağı, digər süd yağları və pastaları dərman vasitələri, diri iribuynuzlu heyvanlar, şokolad və şokolad məhsulları, şəkərdən hazırlanan qənnadı məmulatları, marqarin, qida üçün yararlı digər qarışıqlar və s. əsas yer tutur.
Azərbaycan Ukraynaya isə təzə meyvə və tərəvəz, reaktiv mühərriklər üçün neft və neft məhsulları, kerosin yanacağı, sürtkü yağları, məhsulları ixrac edilir. (Mənbə)

SOCAR Ukraynada geniş enerji-yanacaq şəbəkəsinə malikdir.  Bu ölkədə yanacaq məhsulları satışı kompleksi, yanacaq doldurma məntəqələri var. Azərbaycanın tikinti şirkətləri Kiyev və digər şəhərlərdə inşaat layihələri həyata keçirir, bundan başqa neft və neft-kimya müəssisələri, beləliklə hər iki ölkədə 100-ə yaxın şirkət qarşılıqlı fəaliyyət göstərir.

Bu faktlardan bəlli olur ki, həm Rusiya, həm də Ukrayna regionda Azərbaycanın yaxın ticarət partnyorlarıdır və təbii ki, iki ölkə arasında yaranmış bu arzuolunmaz hadisələr ölkəmizi də narahat edir. Ən azından müharibə sözsüz ki, hər iki ölkənin iqtisadi-ticari münasibətlərindəki əvvəlki ahəngdarlığa da təsir edir, nəqliyyat-logistika, mal və xidmətlərin çatdırılması və s. məsələlərin təminatında çətinliklər meydana çıxardır. Xüsisilə də, Ukraynadan təkcə Azərbaycana deyil, bütün ticarət partyorlarına göndərdiyi malların ixracında dayanmaların baş verməsi gözləniləndir. Bu, istənilən halda Ukrayna ilə ölkəmizin xarci ticarət dövriyyəsində azalmaya səbəb olacaq. Nəqliyyat əlaqələrinin məhdudlaşdırılması da ticari əməkdaşlığa təsirsiz ötüşməyəcək. Təbii ki, bu təsirlərin miqyası savaşın müddətindən birbaşa asılı olacaq. Bu baxımdan bir müddət Azərbaycandan Ukraynaya ixrac edilən, Ukraynadan Azərbaycana gətirilən malların digər ölkələrlə əvəzləşdirilməsi hesabına bu ticari kəsiri kompensasiya etmək olar.

Ancaq, ümumilikdə ticarətdə yaranacaq məhdudiyyətlər Azərbaycanın ümumi idxal-ixracında problem yaratmayacaq, xüsusən də ixracdan əldə edilən gəlirlərin həcminə ciddi təsir edəcək səviyyədə deyil.  Çünki Azərbaycanın 34 milyard dollarlıq ticarət dövriyyəsində Ukraynanın payı cəmi 2,2 faizə bərabərdir. (Mənbə)

Rusiyaya gəlincə, burada vəziyyət fərqlidir. Rusiya Azərbaycanın ümumi ticarət dövriyyəsində payı 9 faizdən çoxdur və bu rəqəm az deyil. Ən əsası isə Azərbaycanın il ərzində xarici ölkələrdən idxal etdiyi ərzaq məhsullarının 45 faizi Rusiyanın payına düşür. Azərbaycaın il ərzində idxal etdiyi 1,4 milyon ton taxılın 1,1 milyon tonu Rusiyaya məxsusdur. Ona görə də, bu ölkə ilə iqtisadi əlaqələrin normal ahəngdə qalması daha məqəsəduyğundur. 
Ancaq bir məqamı xüsusi diqqət yetirmək lazımdır. Azərbaycan Rusiyadan xarici ticarətdə 100 dollar qazanırsa, əvəzində 300 dollar verir. 200 dollar  Rusiya qazanır. Yəni, 3 milyard dollarlıq ticarətdə bir 1 milyard dollarlıq mal satırıq, 2 milyard dolar həcmində mal alırıq. Bu baxımdan rublun ucuzlaşması Azərbaycanın idxalçıları üçün bir növ sərfəlidir. Çünki onlar Rusiyadan gətirdikləri malları ucuz rublla aldığından aradakı gəlirləri arta bilər.
Onu etiraf etmək lazımdır ki, ucuz rubl Azərbaycanın ixracatçılarına sərf etməyəcək, çünki il ərzində 900 milyon dollar yaxın kənd təsərrüfatı məhsulları Rusiya bazarlarına ixrac edilir və yerli sahibkarlarımızın əsas gəlirləri bu ölkənin bazarlarıdır. Hazırda beynəlxalq sanksiyalar səbəbindən kəskin şəkildə öz dəyərini itirən rus rublu ilə satış onların əvvəlki gəlir əldə etməsinə mane olur. Doğrudur, Azərbaycana daxil olan xarici valyutada Rusiyanın  payı o qədər də yüksək deyil, cəmi 4 faizdir. Yəni Rusiyaya tətbiq edilən sanksiyalar Azərbaycana daxil olan valyutanın həcminə ciddi təsir göstərməyəcək, amma qeyri-neft sektoru üzrə daxilolmaları azalda bilər.
Bununla yanaşı, Rusiyada işləyən 2 milyon soydaşımızın qazandığı və Azərbaycan göndərdiyi pul baratlarının həcmi azala bilər. Onların həm gəlirlərinin azalması, həm də rublun dəyər itirməsi pul köçürmələrinin məbləğini daraldacaq. Rusiyadan Azərbaycan pul transfertlərinə gəlincə, yaxın vaxtlarda qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadə ilə yanaşı, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğunun təmin edilməsi ilə köçürmələrin SWIFT olmadan da həyata keçirilməsini təzimləyə bilər. Eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradılması da banklarla öz aralarında şəxsi maliyyə kommunikasiyasını təmin edə bilər. Yəni, Rusiyanın çoxmilyonluq ödəniş sistemi olan “Mir” milli ödəniş sistemi vasitəsilə pul mübadiləsini aparmaq mümkündür.  (Mənbə)

Bu xüsusda bir məqamı da unutmaq olmaz, bəzi iqtisadçılar Dövlət Neft Fondunun aktivlərində çox az paya malik olan rus rublunun saxlanmasını az qala faciə kimi qələmə verməyə çalışır, sanki rublun mövcud vəziyyətinin DNF-nin investisiya portfelinin tam dəyərsizləşməsinə gətirib çıxaracağına dair fikir bildirirlər. Xüsusilə də, ADR hərəkatını rəhbəri Qubad İbadoğlu iddia edir ki, Neft Fondunun rublda saxlanan aktivləri Azərbaycanın ciddi itkilərinə səbəb olacaq.


Əvvəla bilmək lazımdır ki, Dövlət Neft Fondunun investisiya portfelini kifayət qədər çevik və çoxvalyutalıdır, 45,5 milyard dollar həcmində olan investisiya portfelində rublun çəkisi cəmi 0,5% təşkil edir. 2021-ci ildə DNF-nin investisiya portfelində əsas valyuta növləri olan dollar, avro və funt-sterlinqdir və onların da hansı etibarlı və əhəmiyyətli valyuta olması məlumdur. 2021-ci ildə valyutaların idarə olunmasından Fondun gəlirliliyi təxminən 3,2% təşkil edib ki, ümumi gəlirlilikdə əsas pay dollar və avro olub. Yəni, rus rublunun ümumilikdə valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqdə payı hədsiz dərəcədə çox zəifdir. Fondun investisiya porfleində səhmlər, qızıl və daşınmaz əmlak investisiyaları 3 faizdir və yenə də Moskvadakı əmlakın portfel gəlirliyində çəkisi hədsiz aşağıdır.

Onu da nəzərə almaq lazımdır ki, Neft Fondu son 2 ildə investisiya siyasətini qlobal bazarın vəziyyətinə uyğun dəyişir və risk faktorlarını nəzərə alaraq daha aşağı risk və aşağı qiymət dəyişkənliyi şəraitində vəsaitlərin idarə edilməsinə üstünlük verir. Bu baxımdan, DNF-nin B planı da heç vaxt yaddan çıxmır və rublda saxlanılan həmin vəsaitlərin itkilər yaradacağını hər halda Fondda yaxşı anlayırlar və hər rübdə çevik investisiya siyasətinə uyğun korrektələr aparılır. DNF-nin Rusiyanın “VTB Bankın”dakı səhmlərinə gəlincə, Fond bu bankda 2,9%-lik səhm payına malikdir və səhm paketi indi deyil, bir neçə il əvvəl, dünyanın ən nəhəng maliyyə qurumları  “VTB  Bankın”da səhmdar olarkən əldə edilib. Çünki, həmin dövrdə “Bank VTB” Avropanın ən nəhəng maliyyə qurumu idi və iri səhmdarlar və maliyyə konqlomeratları Bankın satışa çıxarılmış 39%-lik səhmlərini almaq uğrunda rəqabətə girmişdilər. Nizamnamə kapitalına görə isə Rusiyanın birinci bankı olan “VTB”-də Qazaxıstan, Almaniya, İtaliya, Böyük Britaniya, Kipr səhmdarları pay əldə etmişdilər. (Mənbə) Azərbaycan Dövlət Neft Fondu hazırda “VTB Bank”dakı səhmlərini satmaq səlahiyyətlərini tam özündə saxlayır.

Bəzi “mütəxəssislər” Rusiya və Ukraynanın regionda buğda təminatında xüsusi payını nəzərə alaraq iddia edirlər ki, mövcud münaqişə taxılın da bahalaşmasına səbəb olacaq. Rusiya bir çox ölkələrə, o cümlədən də Azərbaycana satdığı buğdanın qiymətini artıracaq. Azərbaycan il ərzində təkcə Rusiyadan 1,2 milyon ton buğda idxal edir, yəni idxalın 80-55 faizini. Hazırda ən ucuz qiymət də Azərbaycan üçün Rusiya buğdasıdır.  (Mənbə)


İki ölkə arasında iqtisadi əməkdaşlıq üçün imkanlar böyükdür və buğda idxalı üçün problem görünmür. Çünki iqtisadi məzmunlu sənədlərdə qarşılıqlı ticarətdə güzəştlərin və azad ticarətin təmin edilməsi nəzərdə tutulub.
Onu da nəzərə almaq lazımdır ki, əvvəla, müharibə Rusiya ərazisində getmədiyindən taxıl əkini üçün bu ölkənin problemləri olmayacaq və cari mövsümdə buğda istehsalında azalma gözlənilmir. Bunun nəticəsində Azərbaycan əvvəlki qaydada Rusiyadan eyni kvota üzrə buğda ala biləcək. İkincisi, qarşılıqlı anlaşma sənədləri sayəsində Azərbaycana idxal ediləcək buğdanın qiymət artımı gözlənilən deyil.

Onu da yadan çıxarmaq lazım deyil ki, Azərbaycanın hər zaman qlobal proseslərdən doğan müxtəlif ssenarilərə qarşı özünün “B planı” üzrə zərərləri neytrallaşdırmağı bacarıb. Azərbaycanın fors-major hallara və beynəlxalq müstəvidə baş verən proseslərə qarşı uzun illərdir ki, təmkinli, alternativ və adekvat cavab tədbirləri hazırlamaqla özünün dayanıqlı inkişaf yolunu davam etdirib. Eyni zamanda, regionda və dünyada yaranan müxtəlif xoşagəlməz hallarla bağlı özünün qətiyyətli, balanslaşdırılmış və heç bir ölkənin milli maraqlarına ziyan verəcək hallardan uzaq olmaqla, ümumdövlət maraqlarını ifadə edən strateji konsepsiyaya malikdir. Bunun ötən illərdə bütün qlobal iqtisadi böhranlar və siyasi konfliktlər zamanı şahidi olmuşuq. Ölkəmizin ticarət dövriyyəsində ilk beşlikdə yer alan İrana qarşı sanksiyalar zamanı iqtisadi əlaqələrin dinamikasındakı dayanıqlıq saxlandı və İranla idxal-ixrac və digər iqtisadi proseslər Azərbaycana ciddi sirayət etmədi.

Beləliklə, Rusiya və Ukrayna arasında baş verən müharibə region ölkələrinə, o cümlədən Azərbaycan müəyyən təsirlər göstərsə də, beynəlxalq sanksiyaların Azərbaycan iqtisadiyyatına təsirləri çox aşağı səviyyədə ola bilər.