Son günlər sosial mediada “Təbrizin sehrli nağılları” kitabının müxtəlif peşə sahibləri, prezidentlər, səfirlər, diplomatlar və hətta Roma Papası Fransiskə təqdim olunması haqda fotolar paylaşılır. Bəzi istifadəçilər butrendin İsrail səfirinin paylaşımından sonra başlandığını iddia edir, bəziləri isə fotoların qurama olduğunu, kompyuter texnologiyaları ilə hazırlandığını bildirirlər.  

Faktyoxla Lab. bu fotoların həqiqiliyini araşdırıb.

Araşdırma nəticəsində bəlli oldu ki, Roma Papası Fransiskə kitab təqdim olunmasını əks etdirən foto həqiqidir. Doğrudan da bu təqdimat, beynəlxalq tədbir çərçivəsində Vatikanda Papa Fransisk ilə görüş zamanı baş tutub. Lakin foto yeni deyil, 2019-cu ildə çəkilib. Foto “Vatikan media” rəsmi loqosu ilə paylaşıb.

Məlumatda deyilir: "Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 2019-cu il noyabrın 27-də Romada təşkil etdiyi “Zorakılıqdan azad: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində sülh, təhlükəsizlik və münaqişələrin qarşısının alınması” beynəlxalq tədbiri çərçivəsində Vatikanda Papa Fransisk ilə görüş zamanı Roma Papası bu Mərkəzin XII əsrin böyük şairinin adını daşımasından ilhamlanaraq “dialoq və qarşılıqlı ehtiram yolu ilə sülhü təşviq etmək məqsədilə günümüzün əsas problemlərini həll etmək əzminə” görə Nizami Gəncəvi Mərkəzinə təşəkkürünü bildirib. Bu görüş münasibətilə Nizami Gəncəvi Mərkəzi Roma Papası Fransiskə “Təbrizin sehrli nağılları” kitabını hədiyyə edib. Kitabdakı hekayələr funksional və inklüziv cəmiyyətlərin qurulmasına gözəl nümunədir". 

2019-cu il 29 noyabrda Romada, İtaliya Senatında daha bir yüksək səviyyəli görüş keçirilib. Həmin görüşdə İtaliya Prezidenti Sercio Mattarella bu beynəlxalq tədbirin iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib. Görüş əsnasında “Təbrizin sehrli nağılları” kitabı Prezident Serco Mattarellaya qiymətli hədiyyə olaraq təqdim edilib.

Bundan başqa kitab Andorra Prezidentinə, bp şirkətinin icraçı direktoruna, Nobel mükafatı laureatı Kailaş Satyarthiyə də qiymətli hədiyyə olaraq verilib.  

Qeyd edək ki, bu layihə “BP Azərbaycan”ın,  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin, “IRS Publishing House” nəşriyyatı ilə tərəfdaşlığı nəticəsində həyata keçirilib. Kitabın müəllifi, professor Cəmilə Həsənzadədir.

Nəticə: “Təbrizin sehrli nağılları” kitabı Roma Papası, İtaliya Prezidenti Sercio Mattarella, Andorra prezidentinə, Nobel mükafatı laureatına doğrudan da təqdim olunub, lakin məlumat yeni deyil. Kitabın təqdimatı 2019-cu il noyabr ayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 2019-cu il noyabrın 27-də Romada təşkil etdiyi tədbirdə baş tutub.