“Zəngəzur dəhlizi” layihəsinin aktuallıq kəsb etdiyi bir vaxtda “Göyçə-Zəngəzur Respublikası”nın yaradılmasının ictimai rəyə daşınması bu layihənin reallaşmasını istəməyən qüvvələrin birmənalı olaraq maraqlarına xidmət edir. Qondarma qurum 2021-ci ilin 10 martında təsis edilsə də, Azərbaycan və Türkiyədə ictimai rəydə qeyri-ciddi addım kimi qarşılansa da, məhz indi “Zəngəzur dəhlizi”nin reallaşmasına bu qədər yaxın olduğumuz dönəmdə gündəmə gətirilməsi, hər iki ölkənin mediasında dövriyyəyə buraxılması şübhə doğurmaya bilməzdi.

Rizvan Talıbov personası haqda çox danışmayacağıq. Bu haqda yerli mətbuatda yetərli qədər informasiya verilib. Zatən haqqında danışıb, vaxt ayıracaq qədər çəkiyə də malik deyil. Məsələ ideyanın zəhərliliyindədir.

Bu layihənin gözlənilmədən “təbliğ edilməsindən” sonra ictimai rəydə bir çox suallar da yaranıb və yerli mediada nisbətən cavab tapmağa çalışılıb. Məsələn, “Rizvan Talıbovun Türkiyənin Batman şəhərinə gedib orada Hizbullaha və PKK-ya bağlı olduğu deyilən şəxslərlə görüşməsi, onlardan özünə dəstək əldə etməsi, özünə məhz o cür şübhəli şəxsləri özünə niyə köməkçi təyin etsin ki? Axı niyə “Göyçə-Zəngəzur dövləti” adı ilə təsis edilən bir quruma bu bölgə ilə əlaqəsi olmayan müəmmalı insanlar “rəhbər” seçilməlidir? Mehmet Ali Arslanın və digərlərinin Zəngəzura və ya Göyçəyə hansı aidiyyəti var? Bundan başqa, Rizvan Talıbov kimdir ki, belə bir iddia ilə çıxış etsin? Hansı haqla  bu qədər ziyalısı, diplomatı, alimi, tarixçisi, jurnalisti, araşdırmaçısı, tarixi, özəlliyi olan bir bölgənin adından heç kimdən icazə almadan qurum yaradır, vəzifələrə insan təyin edir? Ona bu mənfur ideyanı kim verib və arxasında nə dayanır?  

Biz isə bu məsələnin, bəzi məqamları çıxmaq şərtilə, mənbəyinə qədər araşdırmağa cəhd etdik.

Araşdırdıq görək, Türkiyənin Kastamonu şəhərinin İnebolu bölgəsində anadan olmuş “idman müəllimini” hansı əsasla “vitse-prezident” təyin edib? Təbii ki, bütün peşə sahiblərinə hörmət edilməli, insanlara ixtisasına görə fərq qoyulmamalıdır. Sadəcə biz, “idman müəlliminin” hansı bacarıq və istedadına görə belə bir məsul vəzifəyə təyin olunmasının səbəbindən agah olmaqda maraqlıyıq. Və yaxud digər “vitse – prezident” vəzifəsinə təyin olunan Kayseridə yaşayan şəxs  telefon təmiri və proqram təminatı ilə məşğul olur. Olsun, amma niyə Göyçə-Zəngəzur məsələsində meydanda olmalıdır?

Bundan başqa, təhsil şöbəsində məmur işləyən birini qondarma qurumun “təhsil nazirinin müavini” vəzifəsinə təyin olunmasının Türkiyə qanunvericiliyinə zidd olduğunu R. Talıbov bilmir, anladıq, bəs bu şəxslərin özlərinə nə gəlib, onlar niyə Türkiyə dövlətinin qanunlarını belə açıq pozmaqda maraqlıdılar?

Araşdırmalarımız zamanı daha təhlükəli məsələnin üstünə çıxdıq. Qondarma quruma maddi dəstək verənlərdən birinin əsas məqsədi təmsil etdiyi şəxslərlə “silah zavodu”(!) qurmaq olub. Bəli, əndazə bu qədər aşılanda gözə heç nə görünmür. 

Hataydakı erməni kilsəsinin keşişi və Anadolu erməni kilsələrinin nəzarətçisi Avedis Tabaşyanın bacısının bu işdə hansı rolu var? Buna da aydınlıq gətirmişik.

Beləliklə, qondarma qurumun ideya müəlliflərinin, vəzifəyə təyin olunanların kimliyi ilə tanış olaq.

Əvvəlcə, R. Talıbovun Göyçə və Zəngəzura heç bir aidiyyatı olmayan Mehmet Ali Arslana “vəzifə” verməsinin səbəblərini öyrənməyə çalışdıq.

Azərbaycan mediasında Mehmet Ali Arslan “Osmanlı Turan Teşkilatı”nın rəhbəri kimi təqdim olunur. Əslində belə deyil. O, bu ilin yanvar ayında qurulan “Osmanlı Turan Təşkilatının” sədri Şahin Çelikin təşkilati məsələlər üzrə sədr müavini olub və yay aylarında bir qrup tərəfdarı ilə Batmanda “Osmanlı Təşkilatı” adında yeni təşkilat təsis edib. Yəni, tam fərqli QHT-lərdi. “Müttərcim” yayın qrupunun idarə heyətinin sədri olan Mehmet Ali Arslan 1978-ci ildə anadan olub. Əslən Diyarbəkir şəhərinin Bismil rayonundandır. İlk və orta təhsilini Batmanda alıb. Kürd “Hizbullah”ına yaxın olan “Batman Rehber” qəzetinin yazdığına görə həmin bölgədəki “müsəlmanların” hüquqlarını müdafiə etdiyi üçün 13 il müddətinə azadlıqdan (1998 -2011) məhrum edilib. Adının çəkilməsini istəməyən mənbənin bildirdiyinə görə isə əslində “Hizbullah”-a üzv olduğu üçün həbs olunub. Həbsxanada olduğu müddətdə "İlahiyyat fakültəsi"nin məzunu olub, 2011-ci ildə həbsdən azad olunandan sonra Batman Universitetində magistr təhsili alıb. Eyni zamanda Batmanda mədrəsələrdə ərəbcə dərslər keçib, ərəbcə tədris olunan kitabları türk və kürd dillərinə tərcümə edib. 2013-cü ildə bir müddət Artvin şəhərinin Borçka rayonunda yerləşən Efeler kəndində müftü kimi çalışıb. Daha sonra vəzifəsindən istefa verib və 2016-ci ildən etibarən naşir kimi fəaliyyət göstərir. “Müttərcim” yayın qrupunun rəhbəridir. 

İdeoloji baxışına görə radikal islamçıdır, şiə məzhəbinə tapınıb. Türkiyənin Diyarbəkir şəhərinin Qayapinar rayonunda fəaliyyət göstərən “Alimlər və Mədrəsələr Birliyinin” də üzvüdür. Təşkilatın digər adı “İttihadi – Üləma”dır. Təşkilatdakı ləqəbi “molla” Mehmet olan bu şəxs, 2015 - ci ildə “Hizbullah”a yaxınlığı ilə bilinən “İlke Xəbər” agentliyinə (İLKHA) verdiyi müsahibədə “İttihadi – Üləma”nın Bitlis şəhərinin Tatvan rayonunda açdığı mədrəsənin olduqca böyük önəmə sahib olduğunu qeyd edərək bildirmişdi ki, mədrəsə təhsilinin cəmiyyətdə yayğınlaşdırılması olduqca vacibdir.

Mehmet Ali Arslan Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkə və ümumiyyətlə bu dövlətə nifrəti var.

İndi qayıdaq bu günlərə. 8 avqust 2022-ci il tarixində “Osmanlı Təşkilatının” Batman şəhər rəhbərliyinin regiondakı media nümayəndələri ilə keçirdiyi görüşdə “Göyçə-Zəngəzur Türk Respublikasının” Batman şəhərindəki nümayəndələri Faruk Ulakçı və Hüsnü Adıyaman yeni təsis olunan qurum haqqında məlumat veriblər. Həmin tədbirdə Faruk Ulakçı “Osmanlı Təşkilatının” gənc, dinamik təşkilat olmasını, Türkiyə dövləti tərəfindən təqdir edildiyini, hətta Türkiyə prezidenti tərəfindən təşkilatın sədri Mehmet Ali Arslanın Qərbi Azərbaycan Göyçə Zəngəzur Türk Respublikasının vitse-prezidenti təyin olunması haqda saxta məlumat yayıblar.

“Vitse-prezident” təyin olunduqdan sonra Mehmet Ali Arslan Şimali İraqdakı Kürd idarəsində olan ərazilərə səfər edərək orada müxtəlif dini yönümlü şəxslərlə görüşlər keçirib. Mehmet Ali Arslan bu bölgədə sünni-müsəlmanlar çoxluq təşkil etsə də, nədənsə İrana yaxınlığı ilə bilinən Kürdüstan İslami Ədalət Partiyasının sədri Mamusta Ali Bapirlə, Kürdüstan Demokrat Partiyası (KDP) Siyasi bürosunun üzvü, keçmiş xarici işlər naziri, KDP tərəfindən prezidentliyə namizəd kimi adı tez – tez hallanan Hoşyar Zebariylə və onun qardaşları ilə görüşlər keçirib.

Gah Osmanlıdan danışan, gah da “Qərbi Azərbaycan Göyçə Zəngəzur Türk Cümhuriyyəti”nin sözçüsünə çevrilən Molla Mehmet Ali Arslanın YouTube kanalında “Göyçə Zəngəzur Türk Respublikasının” az müddət öncə "himni" yayımlanıb. Himni səsləndirən və sözlərini yazan "sənətçi" isə Özcan Atsatdır.

Özcan Atsat haqqında araşdırma apararkən məlum oldu ki, Özcan Atsat Batmanda yaşayan İran və “Hizbullah”-a simpatiya duyan, həmin ətrafda “Məşədi” ləqəbi ilə tanınan bir "sənətçi"dir.

Sonuncu Ərbəin ziyarətində (Kərbəlada) olarkən olan bu “sənətçi” “Hizbullah”-ı öyən kürdcə və türkcə marşlar və ilahilər bəstələyərək, səsləndirib. İranın “velayetnews” saytının xəbərinə görə, Özcan Atsat bu il 8 avqustda Diyarbəkirdə keçirilən Aşura təziyələrində İrandan gələn mərsiyəxanlarla bir yerdə İmam Hüseyni yad edib.

Onun sosial mediada “Ali Yar” adında ikinci facebook profili də var.

Maraqlı, həm də düşündürücü bir məqam isə ondan ibarətdir ki, Özcan Alsatın İranın bu il bütün dünyaya yaydığı, Qasım Süleymani və digər İran komandirlərinə həsr olunan “Salam Fermandeh” marşını kürdcə səsləndirməsidir. Eyibli bir şey yoxdur. Amma bu adamın Göyçə-Zəngəzura nə aidiyyatı? Niyə məhz bu şəxs “himn” yazmalıdır?

İranla bu qədər sıx surətdə bağlı bir sənətçinin qondarma cümhuriyyətin milli marşının sözlərini yazması və səsləndirməsi əslində Mehmet Ali Arslanın və Qərbi Azərbaycan Göyçə Zəngəzur Türk Cümhuriyyətinin arxasında kimlərin dayandığını bir daha sübut edir.

“Osmanlı Təşkilatı”nın Batman şəhərindəki nümayəndəsi Faruk Ulakçının səhifəsinə baxanda daha bir maraqlı məqama daha rast gəldik. Faruk Ulakçının dostları arasında “Batmanda Matbaa” adlı bir profil diqqətimizi çəkdi.

Adı “Batmanda Matbaa” kimi göstərilsə də, bu profil, kürd xaker qrupu “Canfeda Shoresh” (Canfeda inqilab) tərəfindən idarə olunur. Bu qrupun adı isə 2016 -cı ildə Iğdırda gedən döyüşlərdə həlak olan, Batmanda anadan olmuş Ahmet Tiril adlı terrorçunun kod adından götürülüb. Həmin terrorçunun xatirəsini yaşatmaq üçün yaradılan bu xaker qrupunun idarə etdiyi “səhifənin” idarəçiləri böyük ehtimal ki, 2021 - ci ildə həbs olunan “CMG Team Gold Hackers” qrupunun azadlıqda qalan üzvləridir.

Vəzifəyə təyin olunan digər müəmmalı şəxs- İsmet Kavruk.  Bu hadisələr yeni başlayanda prosesləri izləyənlərdə belə bir fikir formalaşmışdı ki, İsmet Kavruk hesabı Rizvan Talıbovun “vitse-prezidenti” rolunda çıxış edən Mehmet Ali Arslanın saxta profilidir. Lakin araşdırmalarımız nəticəsində məlum oldu ki, Türkiyənin Kastamonu şəhərinin İnebolu bölgəsində anadan olmuş İsmet Kavruk real şəxsdir və orta məktəblərin birində “bədən tərbiyəsi” fənnini tədris edir. Hatay şəhərinin Payas bölgəsində məktəblərin  birində müəllim işləyən Bünyamin Çolağın bu proseslə yazdığı bir şərhi də diqqətinizə çatdırırıq ki, vəziyyətin nə qədər acınacaqlı olduğunun şahidi olasınız. Bünyamin Çolak yazır: “Qürur duydum. Ayrıca vitse – prezident” vəzifəsinə təyin olunan bədən tərbiyəsi müəllimimiz İsmət hocamıza görə də çox sevindim”.

Rizvan Talıbovun “əmri” ilə vitse – prezident vəzifəsinə təyin olunan digər bir şəxs isə Kayseridə yaşayan telefon təmiri və proqram təminatı ilə məşğul olan, eyni zamanda vaxtı ilə Ergenekon məhkəmələri adlanan məhkəmə prosesində adı tez – tez hallanan Fatma Cengizin lahiyə rəhbəri olduğu Turan Birliyi Təşkilatının İç Anadolu koordinatoru kimi fəaliyyət göstərən Sadullah Hasoğludur

Sadullah Hasoğlunun adının tez – tez oxşar məsələlərdə “dələduz” kimi hallanan “Turan Türk Dövlətləri Birliyinin” sədri Murat Çobanoğlu ilə uzun müddət bir yerdə çəkilməsi, birgə fəaliyyət göstərmələrini də qeyd etməliyik. (mənbə). Məlumat üçün bildirək ki, Murat Çobanoğlu barəsində Ankara şəhər İcra hakimiyyəti tərəfindən məhkəməyə rəsmi məktub göndərilib və iş hal – hazırda istintaqdadır.

Araşdırmalarımız zamanı məlum oldu ki, Şırnak şəhəri Beytulşəbab rayon təhsil şöbəsinin müdürü Mehmet Şerif Çelikkaya Rizvan Talıbovun “əmri” ilə “respublikanın” təhsil nazirinin müavini vəzifəsinə təyin olunub. Təyinatla bağlı xəbər “vitse- prezident” Mehmet Ali Arslanın sədri olduğu Osmanlı Təşkilatının rəsmi veb səhifəsində dərc edilib. (mənbə)

Bu mənbədən başqa bu xəbərə heç yerdə rast gəlmədik. Çünki, burada açıq-aşkar qanun pozuntusu var və özünə hörmət edən media bu qanunsuzluğu yaymağa getməz. Belə ki, Türkiyə qanunvericiliyinə görə, rayon təhsil şöbəsinin müdürləri QHT fəaliyyəti ilə rayon təhsil şöbəsinin müdiri vəzifəsindən öz ərizələri ilə işdən çıxandan sonra məşğul ola bilərlər. Onu qeyd etməliyik ki, Mehmet Şerif Çelikkaya Mehmet Ali Arslanın qurduğu “Osmanlı Təşkilatının” Şirnak şəhər təşkilatının sədri Salih Çetinkayanın atasıdır və o, əslən Batman şəhərindəndirlər.

Digər “vitse - prezident” Bülent Özgül Gürcüstanda “Batumi Gürcüstan Türk İş adamları dərnəyi”nin rəhbəri Ayhan Dikmə və təşkilati məsələlərdən məsul ikinci şəxs olan Yavuz Kahraman adlı iş adamı ilə bu ilin aprel ayında ilk qeyri – rəsmi toplantısını keçirib və onlardan “respublikaya” dəstək vermələrini istəyib. Bu barədə Bülent Özgül özünün facebook hesabında yazıb. Əvvəllər qondarma qurumda vəzifə tutan, lakin adının çəkilməsini istəməyən mənbə bildirib ki, Bülent Özgülün həmin şəxslərlə görüşməsinin əsas səbəbi orda həmin şəxslərin qurmaq istədikləri “silah zavodu”nun (!) reallaşması olub. Mənbənin dediyinə görə, Bülent Özgül qondarma respublikaya veriləcək dəstək müqabilində respublika qurulduqdan sonra onlara bu məsələ ilə bağlı lazımi dəstək verəcəyini deyib.

Qondarma qurum ilə bağlı apardığımız araşdırmalarımız zamanı məlum oldu ki, bu qurumun rəhbərinin “əmri” ilə “vitse-prezident” vəzifəsinə seçilən şəxslərdən biri də hazırda təqaüddə olan polkovnik Ragip Taygandır. Sosial mediada yalnız tvitterdə hesabı olan Ragip Taygan əvvəllər Hatayda qarnizon komandiri vəzifəsində çalışıb. (mənbə

Ragip Taygan onunla əlaqə yaradan əməkdaşımıza Hatayda Rizvan Talıbovun ətrafında olan qüvvələrin vasitəçiliyi ilə qarışdığını deyib. Ehtimal ki, bu şəxs Rizvan Talıbovun “vitse- prezidentlərindən” olan Ahmet Erdoğanın vasitəsi ilə reallaşıb. 

Milliyyətçi Hərəkat Partiyasının Hatay şəhər təşkilatında təmsil olunan Ahmet Erdoğan Hatayın İsgəndərun rayonunda 2008 – ci ildən etibarən nəşr olunan, həftəlik “Sancak” qəzetinin baş redaktorudur.  

Bu şəxslə bağlı araşdırmalar apararkən diqqətimizi onun facebook hesabındakı bir profil çəkdi. 

Ani Tabaşyan adlı bu hesabı incələdiyimiz zaman məlum oldu ki, Ani Tabaşyan İstanbulda yaşayır və  Hataydakı erməni kilsəsinin keşişi və Anadolu erməni kilsələrinin nəzarətçisi Avedis Tabaşyanın bacısıdır.

Facebook profilində Ani Tabaşyanın dostluğunda cəmi 5 nəfər var ki, bunlardan biri də məhz Rizvan Talıbovun “vitse - prezidenti” Ahmet Erdoğandır.

Araşdırma apararaq digər insanların kimliyi ilə maraqlananda bunlardan birinin Ankarada yaşayan və Gölbaşı Bələdiyyə idarəsində uzun müddət sədrin köməkçisi işləmiş, indi də həmin bələdiyyə ilə sıx əlaqələri olan Serdar Acar olduğunu gördük.

Qondarma qurumun Ankara şəhərindəki ofisinin açılışında da bayraqların və xəritənin yanında böyük hərflərlə Gölbaşı Bələdiyyəsinin adının yazılması düşünürük ki, heç də təsadüf deyil. Görünür Ahmet Erdoğan Ani Tabaşyanın vasitəsi ilə Serdar Acarı, o da Gölbaşı Bələdiyyəsini razı salıb ki, bu “qurulan Türk dövlətinə” dəstək olmaq lazımdır.

Araşdırmalarımız zamanı Göyçə Zəngəzur Türk Respublikasının Ankara ofisinin yerləşdiyi ünvanda – yəni Beştepe Mah. Mertebe Sok. No:26/6 Yenimahalle/ANKARA "Asc Mekanik Yapı İnşaat A.Ş." şirkətinin yerləşdiyini dəqiqləşdirdik. Bu şirkət, Pet Care (Baytarlıq istisna olmaqla) bütün xidmət sahələrində fəaliyyət göstərir. Asc Mekanik Yapı İnşaat A.S. 17 iyul 2008-ci ildə yaradılıb, 36 (2021) nəfər çalışır. Şirkətin rəsmi veb səhifəsindən öyrəndiyimiz qədəri ilə şirkətin rəhbəri Faruk İtrakdır. Maraqlıdır ki, Rizvan Talıbovun “əmri” ilə 11 sentyabr tarixindən etibarən Faruk İtrak “respublikanın” xarici işlər nazirinin  sözçüsü təyin olunub.( mənbə

Faruk İtrakı araşdırarkən məlum oldu ki, bu şəxs həmçinin Türkiyənin Van şəhərindəndir və maşınqayırma mühəndisidir. Əlazığ Firat Universitetindən məzun olub.( mənbə) Bundan başqa, həmın şəxsin SİMMAK inşaat şirkətində idarə heyətinin üzvü olması araşdırmalarımız zamanı rastımıza çıxdı. SİMMAK inşaatın sahibi isə eyni zamanda CHP Van İpekyolu rayon təşkilatının sədri Hayrullah Irtakdır.

“Şerefiye mahallesi, İrfan Baştuğ sokak No:24 İpekyolu, Van Türkiye” ünvanında yerləşən şirkət haqda qeyd etmək lazımdır ki, Türkiyənin cənubi şərqində olduqca aktiv olan, əsasən Şimali İraqda yaşayan Ertuşi əşirətinin Şərəfhan qoluna bağlıdır. Bir-birilərinə sıx surətdə əlaqə quran bu əşirət, PKK–ya qarşı olsa da, son dövrlərdə Şərəfhan ailəsinin rəisi İskəndər Ertuşun CHP –yə üzv olması ilə birlikdə daha çox sosial demokrat kimliyə sahib olmağa başlayıblar.

“Rudav” Xəbər Agentliyinin CHP lideri Kamal Kılıçdaroğlu ilə İskəndər Ertuşun rəsmini “Kürdistan” başlığı ilə verməsinin özü belə bir çox mətləblərdən xəbər verir.

İskender Ertuşdan öncə SİMMAK inşaatın sahibi Hayrullah Irtak da CHP-dən millət vəkilliyinə namizəd olub (mənbə)

Bundan başqa, Göyçə Zəngəzur Respublikasının Ankarada açılan ofisində yerləşən şirtkətin sahibi Van şəhərində Fatuk Irtak kimi yox, Faruk Şamiloğlu kimi tanınır. Vanın Gürpınar rayonunda Kənd Təsərrüfatı Palatasının sədri olan Faruk İtrak hərdən yadına düşəndə, mötərizə içində öz rəsmi soyadını da qeyd edir.

Hər halda, Faruk Irtakın, həmçinin digər əşirət üzvlərinin “Göyçə-Zəngəzur Respublikası”nı, onun "vitse–prezidenti" Mehmet Ali Arslanı niyə dəstəklədikləri araşdırılarsa, bir çox qaranlıq məqamlar üzə çıxacaq. Həmçinin, Mehmet Ali Arslanın iyul ayında Şimal İraqa etdiyi ziyarətlə “ofis məsələsi” arasındaki əlaqə məammalıdır. 

Göründüyü kimi, bu qondarma qurumun Türkiyə tərəfinin bir hissəsi radikal islamçılardan, İrana simpatiya bəsləyənlərdən, Hizbullahçılardan, PKK-çılardan, ermənilərdən, digər bir hissəsi isə heç bir şeydən xəbəri olmayan, təsadüfi insanlardan ibarətdir.

Biz media olaraq yalnız bura qədər gələ bildik.