ABŞ-ın Maliyyə Nazirliyi Rusiya Federasiyasına qarşı 2022-ci ildə tətbiq etdiyi sanksiyaların tələblərini pozan yeni qurumların və hüquqi şəxslərin siyahısını açıqlayıb. Nazirliyin məlumatında deyilir ki, Rusiyaya qarşı ixraca nəzarət tədbirlərini pozduqlarına görə Çin, Belarus və Ermənistana məxsus şirkətlər sanksiya paketinə daxil edilib. Ümumilikdə, həmin ölkələrə aid 57 hüquqi şəxs əlavə olaraq Amerikanın Maliyyə administrasiyasının sanksiya siyahısında yer alıbdır. (mənbə)
ABŞ-ın Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən aparılan araşdırmaların nəticələrinə görə, Ermənistanda fəaliyyət göstərən 5 hüquqi şəxs, yəni kommersiya şirkəti sanksiyaya məruz qalıb.

Bu siyahıya

“Taco” MMC,

“Areximbank-Qazprobank” Qrupu,

“VTB Bank Ermənistan”,

“Mellat Bank”

“Flight Travel MMC”

daxildir. (mənbə)

Ermənistana məxsus şirkətlərin sırasında “Taco” MMC-nin Ukrayna müharibəsində Rusiyaya yardım etməsi xüsusi diqqət çəkir. Çinin “Sinno Electronics. Co” şirkətinin İrəvandakı təchizatçısı kimi fəaliyyət göstərən “Taco” MMC Rusiyanın Ukrayna ərazilərinə hücumundan əvvəl və sonra radio-avtomatika avadanlıqlarının təminatını həyata keçirib. İyun ayında “Sinno”nun ABŞ-ın sanksiyalar siyahısına daxil edilməsinə baxmayaraq, erməni şirkəti təchizat müqaviləsini davam etdirərək rus hərbi sənayesinə xidmətlərini davam etdirib. (mənbə)
“Taco” MMC, həmçinin Rusiyanın “Radiavtomatika” MMC-nin elektron komponentlər bazasının (ECB) təchizatçısı kimi fəaliyyət göstərir. Rusiya ECB  sertifikatlaşdırma sınaqları üçün sınaq laboratoriyasını İrəvanda bu MMC-nin  üzərində quraraq planlarını həyata keçirib.

Rusiyanın qondarma Donetsk və Luqansk respublikalarında, Zaporojye və Xerson vilayətlərində keçirdiyi referendumlar zamanı da həmin laboratoriyanın texnoloji xidmətlərindən istifadə etməsi istisna olunmur. Göründüyü kimi “Taco” MMC faktiki olaraq Rusiyanın casus proqramlarının tərkib hissəsinə çevrilməklə yanaşı, separatçı fəaliyyətdə də ön sırada yer alıb.

Sanksiyalar siyahısında yer alan digər erməni şirkəti “Areximbank-Qazprombank” Qrupunun nizamnamə kapitalının 100 faizi Rusiyanın “Qazprombank”ına məxsusdur. Yeddisi paytaxtda, doqquzu regionlarda olmaqla 16 filialdan ibarət “Areximbank-Qazprobank” iri korporativ müştərilərin layihələrini maliyyələşdirmək, kiçik və orta biznesə kreditlər verməklə məşğul olsa da, Bankın kapitalı birbaşa Ermənistanın Rusiyadan idxal etdiyi benzin, dizel, qaz, digər nef və yanacaq məhsullarının, eləcə də bir sıra sənaye mallarının hesablaşmalarından formalaşır.  

ABŞ-ın Xarici Aktivlərə Nəzarət İdarəsi 2014 və 2016-cı illərdə “QazpromBank”a bir neçə dəfə sanksiya tətbiq etsə də, nədənsə Ermənistandakı törəmə bank bu cəzalardan kənarda qalıb

Halbuki həmin vaxt iqtisadçı Aşot Yeqiazaryan bildirmişdir ki, 2016-cı il sanksiyalarının Rusiya kapitallı iki erməni bankını da əhatə edəcək. Sözsüz ki, həmin banklardan birincisi “Areximbank-Qazprombank” idi. Ancaq buna baxmayaraq, həmin bank gizli yollarla sanksiyalardan yayınmağı bacarıb. Ancaq “Areximbank-Qazprombank”ın son aylardakı açıq “üsyankarlığı” onun OFAC-ın sərt cəzası ilə üzləşməsi ilə nəticələndi. Belə ki, ABŞ cari ilin mart ayında Rusiya qazını rublla almaqdan imtinaya çağıraraq buna əməl etməyən ölkələrə qarşı sərt addımların atılacağını xəbərdar etmişdi. Rusiya hökuməti bu qərarın əvəzində aprelin 1-dən etibarən “Qazprom”la əməkdaşlıq edən ölkələrə qazın pulunun rublla ödənişinə və vəsaitləri “QazpromBank”dakı hesaba köçürməyə çağırdı. Rusiya hökumətinin yeni tələblərindən sonra qazın dəyərini rublla ödəyən ilk ölkə də məhz Ermənistan oldu və sözsüz ki, hesablaşmaları “Qazprom”un bu ölkədəki maliyyə törəməsi olan “Areximbank-Qazprombank” həyata keçirir. Bunu iqtisadiyyat naziri Vaan Kerobyan da təsdqiləyərək bildirib ki, bütün ödənişlər Rusiya valyutası ilə həyata keçirilir və sövdələşmələr bundan sonra eyni prinsip üzrə aparılacaqdır. (mənbə)
Beləliklə, yanacaq və neft məhsullarına görə, hesablaşmalarda maliyyə tənzimləyicisi olan “Areximbank-Qazprombank” faktiki olaraq sanksiya paketinin tələblərini pozduğuna görə, Amerika tərəfindən cəzalandırılması gözlənilən idi.

Sanksiya cəzası alan digər bir bankın - “VTB Bank Ermənistan”ın adı da bank icmasına kifayət qədər tanışdır. Rusiyanın maliyyə institutlarından tam asılı olan, nizamnamə kapitalı ruslara məxsus “VTB Bank Armenıa”nın ölkənin bank bazarında payı az deyil, ölkə üzrə bank porfelinin təxminən 25 faizinə sahibdir. Məsələ ondadır ki, ABŞ və Avropa Birliyi mart ayında Rusiya “VTB Bank”ı ilə işləyən törəmə müəssisələrə xəbərdarlıq edəndən bir müddət sonra Ermənistan Mərkəzi Bankı rəsmi şəkildə “VTB Bank Ermənistan”ın əvvəlki qaydada bütün növ xidmətləri və pul transfertlərini və digər beynəlxalq əməliyyatları fasiləsiz davam etdirdiyini açıqladı
Beynəlxalq pul köçürmə sistemlərinin Rusiya banklarının üzünə qapadıldığı vaxtlarda Ermənistan bankları, o cümlədən “VTB Bank Ermənistan” “Zolotoya Korona”, “Contakt”, “Unistream”,“QIWI” və digər ödəniş sistemləri ilə aktiv pul köçürmə əməliyyatları aparırdı. Bunu pul əməliyyatlarının dinamikası da təsdiqləyir. Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan etiraf edib ki, 2022-ci ilin birinci yarısında Ermənistanın Rusiyadan aldığı pul köçürmələrinin həcmi 2,5 dəfə və ya 155,7% artıb. Xüsusilə də iyun ayında Rusiya Federasiyasından 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 5 dəfə çox pul köçürməsi olub. (mənbə)
Bundan başqa, 2 nəhəng beynəlxalq ödəniş sistemi – “Visa” və “MasterCard” mart ayında Rusiyanı tərk etdikdən sonra Rusiya Mərkəzi Bankının hazırladığı Milli Ödəniş Kartı Sistemi olan “Mir”ə qoşulan ölkələr tədricən bu sistemdən də imtina etməyə başladı. Özbəkistan, Vyetnam, Qazaxıstan və Türkiyə bankları sentyabrın sonlarında “Mir” kartlarının xidmətini dayandırdı. Həmin günlərdə Paşinyan hökuməti hiyləgərlik edərək ABŞ-a xoş gəlmək üçün Rusiyanın “Mir” ödəniş sisteminin kartlarına xidmətin dayandırıldığını elan etsə də, ölkənin Mərkəzi Bankı ziddiyətli bəyanat verdi.
Ermənistan Mərkəzi Bankı sözsüz ki, Rusiyanın “Areximbank-Qazprobank” və “VTB Bank Ermənistan”larından qorxduğundan bu məsələdə kommersiya banklarının sərbəst və müstəqil qərar vermək səlahiyyətlərinin olduğunu bəyan etməklə məsuliyyəti öz üzərindən atdı. Halbuki bütün ölkələrdə Mərkəzi bankların qərarları bütün kommersiya qurumlarına aid olmaqla onlar tərəfindən qeyd-şərtsiz   icra edilir. Ancaq Ermənistan bu məsələdə də riyakarlıq və “çoxbilmiş” etmək istədi, “VTB Ermənistan” və “Akba Bank” “Mir” kartlarına xidməti davam etdirməklə Mərkəzi Bankın siyasətini ifşa etdi.
Ermənistan banklarının beynəlxalq bank sanksiyalarına məhəl qoymaması, bank sektorundakı anarxiya və üstəlik Mərkəzi Bankın ikiüzlü siyasəti Avropa Birliyi və ABŞ tərəfindən laqeyd qarşılana bilməzdi və “VTB Ermənistan”a qarşı sanksiyalar bunu təsdiqlədi.

 
ABŞ-ın sanksiya paketinə qarşı ən öndə dayanan qurumlardan biri İran İslam Respublikasının arxasında dayandığı “Bank Mellat”dır. Beynəlxalq sanksiyaların qaydalarını kobudcasına pozan, müxtəlif trans-milli çirkli pul köçürmələrində aktiv iştirak edən və maliyyə fırıldaqlarında hallandırılan “Bank Mellat”ın adı da maliyyə-bank icmasına yaxşı “tanışdır”. Birbaşa İran kapitalı əsasında Ermənistanda fəaliyyət göstərən, nizamnamə kapitalı İranın hakim dini-biznes şəbəkəsinə (1995-ci ildən Ermənistanda fəaliyyətə başlayan Bank Seyid Musəvi Xomeyninin maliyyə qrupuna aiddir) bağlı olan “Mellat Bank” 27 ildir ki, İrəvanın bank bazarında hegemon maliyyə strukturudur.

Adıçəkilən bank ABŞ və Avropa Birliyinin hələ 2015-ci və 2019-cu illərdə İrana qarşı sanksiyalar rejimi dövründə qeyri-leqal pul vəsaitlərinin dövriyyəsində aktiv iştirakı ilə rezonans doğurub. “Bank Mellat” icraçı direktoru Seyid Qulamirzə Musəvi həmin dövrdə (2016-cı il) Ermənistanın “Jamanak” qəzetinə müsahibəsində bildirirdi ki, biz nəinki fəaliyyətimizi məhdudlaşdırmaq, əksinə nəqliyyat, turizm və restoran və digər biznes sahələrinə daha çox sərmayə qoymaq niyyətindəyik.
Yəni, İran ağır sanksiyalar şəraitində Ermənistandakı maliyyə-bank filialları vasitəsilə regional səviyyədə geniş əməliyyatlarını aparırıdı. Ən dəhşətlisi odur ki, “Mellat Bank”ın Ermənistan və Suriyadakı nümayəndəlikləri qanunsuz silah ticarəti və terrorizmin maliyyələşdirilməsi, çirkli pulların yuyulmasında şəbəkə biznesinin flaqmanı olub. Bu məsələ ciddi beynəlxalq rezonans doğurub və BMT Təhlükəsizlik Şurasının bir neçə il əvvəl təqdim etdiyi təkzibolunmaz dəlillər əsasında “Bank Mellat”-ın terrorizmə və çirkli pulların dövriyyəsinə dəstək verməsi barədə məlumatlar BMT-nin qətnaməsinə daxil edilib. (mənbə)

İşğal altında olan torpaqlardakı zəngin təbii resursların, o cümlədən qızıl, civə, obsidian, molibden, mərmər, qranit, sink, mis,və digər sərvətlərin, eləcə də mebel sənayesi üçün tələb olunan xammalın İran üzərindən satılması və bunun qarşılığında Xankəndindəki qondarma rejimin maliyyələşdirilməsində “Mellat Bank”ın “əvəzsiz xidmətləri” vardır. Ermənistanın yüksək vəzifəli dövlət məmurlarının davamlı olaraq Qarabağda cinayətkar şəbəkə ilə “çirkli pulların yuyulması” və terrorun maliyyələşdirilməsində bu bankın xidmətlərindən yararlanması da istisna deyil. Keçmiş korrupsiner və cinayətkar rəhbərlik “Mellat İran”ın maliyyəsi ilə vaxtilə Azərbaycanın ərazilərində müxtəlif infrastrukturlar qurub, Qarabağda bir sıra layihələrə “maliyyə yardımları” edib, İran şirkətlərini bu bölgəyə gətirərək Azərbaycanın sərvətlərini birgə istismar ediblər. Xankəndindəki terrorçu rejimə pul yardımlarının da böyük bir qismi məhz İran Bankının İrəvan nümayəndəliyi tərəfindən həyata keçirilib. (mənbə)

Təəssüf ki, bu, faktlar və acı tarixi gerçəkliklər Azərbaycanın yaxın bildiyi, din qardaşı hesab etdiyi İslam dövlətinin maliyyə piramidalarından biri olan “Mellat Bank”ın Qarabağdakı terrorizmə arxa-dayaq olmasına dəlalət edir və həmin bank vəsaitləri ilə qanunsuz silah əldə edən erməni terrorçuları neçə-neçə azərbaycanlını qətlə yetirib. Bu gerçəklik həm də onu deməyə əsas verir ki, Azərbaycan öz ərazilərini işğaldan azad etməsə idi, İran və Ermənistanın bank şəbəkəsi beynəlxalq cinayətkarlığı daha da genişləndirəcəkdi.

İrana məxsus ərzaq və məişət mallarının adının və etiketinin dəyişdirilərək Ermənistanın sənaye məhsulu adı altında Rusiya və Avropa bazarlarına ixracında təchizatçılıq edən “Markel” QSC-nin də əsas partnyoru “Mellat Bank” olub. (mənbə)


Ermənistanın sanksiyaya məruz qalmış hava nəqliyyatı və turizm üzrə ixtisaslaşmış “Flight Travel MMC” şirkəti də İranın maliyyə oyunlarının və xidmətlərinin qurbanı olub. 2018-ci ildə yaradılmış şirkət İranın “Mahan Air” özəl turizm və aviakompaniyasının törəməsi kimi xidmət göstərməkdədir. (mənbə)
İran ən strateji sahələrdən biri olan Ermənistanın hava nəqliyyatında da öz nəzarət və təsir imkanlarını təmin etmək üçün məhz “Mahan Air” özəl daşıyıcısının İrəvanda filialını yaratmağa nail olub. Tehran şəhərində yerləşən bu şirkət Uzaq və Yaxın Şərq, Mərkəzi Asiya və Avropaya beynəlxalq uçuşlar həyata keçirir və həmin bölgənin turistlərini Ermənistana cəlb etməklə regionda öz nüfuzunu artırmağa çalışır.
Məsələ ondadır ki, “Mahan Air”in fəaliyyətində İran İnqilab Keşikçilərinin izi və terrorçuların sıx yerləşdiyi bölgələrə daşımalar həyata keçirməsinə dair çoxsaylı şübhələr meydana çıxıb. ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsi 2019-cu il yanvarın 24-də dərc etdiyi bəyanatda bildirib ki, İran tərəfindən dəstəklənən əcnəbi vətəndaşlardan ibarət silahlı şəxslərin “Mahan Air” ilə Suriyaya daşınması hallarına rast gəlinib. Həmçinin, bölgədəki erməni və digər qrupların maliyyə dəstəyi ilə “Mahan Air” müxtəlif təlim keçmiş heyətlərin, yeniyetmə və 14 yaşlı uşaqların düşərgəyə daşınmasında, silahların bölgəyə çatdırılmasında fəal rol oynayıb. Aviakompaniya həmçinin,  Suriyada döyüşdə öldürülən “Fatemiyyun” və “Zeynəbiyyun” diviziyasının döyüşçülərinin cəsədlərini İranın bir neçə hava limanına daşıyıb. ABŞ sözügedən mülki aviadaşıyıcının digər hərbi təyinatlı malların və hərbçilərin daşınmasında iştirakı, bu SEPAH generalı Qasım Süleymaninin aktiv faəliyyəti və s. hallar barədə məlumatları da açıqlayıb. Bütün bu proseslərdə isə İrəvanda yerləşən “Flight Travel” MMC “Mahan Air” lə sıx işbirliyində olub. (mənbə)


ABŞ hökuməti “Mahan Air”in yaxın parnyoru olan “Flight Travel MMC” yə yuxarıda qeyd etdiyimiz cinayətkar daşınmalara dəstəkdən imtina etməsi barədə xəbərdarlıq edib, hətta sanksiyalara məruz qalma riski ilə üzləşdiyini bildirib. Lakin erməni şirkəti bu xəbərdarlıqlara məhəl qoymayıb. Nəticəsi isə sentyabrın 30-da Birləşmiş Ştatların sanksiya siyahısına düşməklə bitdi. 

Beləliklə, İranın aviakompaniyasının yedəyindən asılı qalan “Flight Travel” Birləşmiş Ştatların mövcud sanksiyaları şirkətin bütün əmlakının və xidmət infrastrukturlarının bloklanmasına səbəb olacaq.

Bir müddət əvvəl isə Aleksandr Sarkısyanın rəhbəri olduğu “NTC REB” ASC sanksiyaların əsrt üzünə tuş gəlib. Müdafiə sənayesi üçün elektron cihazların istehsalı ilə məşğul olan bu şirkət Rusiya ordusunda pilotsuz uçuş aparatlarının istifadəsi üçün radioelektron sisteminin hazırlanmasında iştirak edib

Ermənistana məxsus şirkət və hüquqi şəxslərin ABŞ-ın sanksiya siyahısına daxil edilməsi bir daha təsdiqləyir ki, Ermənistan İran və Rusiyaya məxsus bank-maliyyə qrupları ilə birlikdə çirkli pulların yuyulması, separatizm və terrorizmin maliyyələşdirilməsi, kibercinayətlərin törədilməsi, qlobal transmilli cinayətkarlığın vüsət almasında fəal iştirak etməkdədir. Sanksiyaya məruz qalan şirkətlər sadəcə iqtisadi-maliyyə cinayətlərinin görünən tərəfidir, araşdırdıqda erməni cinayətkar şəbəkəsinin kontinental səviyyədə daha dərin qatlara gedib çıxmasını üzə çıxarmaq heç də çətin deyil.