AĞ Partiya sədri Tural Abbaslı “Müsavat TV”də çıxışı zamanı hökumətin ünvanına bir sıra ittihamlarla çıxış edib. Abbaslı qeyd edir ki, Amerikada 999 dollara olan telefonun Bakıda satış qiymətinin 2000 dollara gəlib çıxmasının səbəbi hökumətin 36 faiz gömrük vergisi və 150 manat rabitə qeydiyyatı rüsumu tətbiq etməsidir.

Faktyoxla Lab. T.Abbaslının həmin verilişdə səsləndirdiyi digər fikirlərə də aydınlıq gətirib.

Öncə deməliyik ki, partiya sədrinin bu çıxışı onun qanunlardan və iqtisadi proqramlardan xəbərsiz olmasını nümayiş etdirdi.

Birincisi, ABŞ-da 999 dollar olan telefonun Bakıda 2000 dollara başa gəlməsində gömrük vergisi və rabitə rüsumunun payı 10 faizdən də aşağıdır. Belə ki, Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinə əsasən, dəyəri 800 dollardan yuxarı olan mobil cihazlara 36 faizlik gömrük vergisi hesablanır. (“Fiziki şəxslər tərəfindən gömrük sərhədindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar keçirilərkən, gömrük ödənişlərinin alınmasının sadələşdirilmiş qaydası”. Maddə 2.1.1 və 2.1.2) mənbə

Beləliklə 999 dollar dəyərinə malik mobil cihazın cəmi 199 dollarından (999-800 =199) vergi tutulur ki, bu da (199*36:100 = 71,6) 71,6 dollar və ya 121 manat edir. Rabitə üzrə qeydiyyat rüsumunun məbləği isə (1001 dollar və daha çox aralığında olduqda 150 manat rüsum hesablanır) 150 manat təşkil edir.  (Mənbə: “Dövlət rüsumu haqqında” Qanun)

Yəni, 2000 dollara (3400 manat) satılan mobil telefonun qiymətində gömrük vergisi 121, dövlət rüsumu isə 150 manat olmaqla birlikdə 271 manat təşkil edir. Bu, 3400 manat dəyərində cihazın cəmi 7,5 faizi deməkdir. Bu, simvolik bir rəqəmdir.

İkincisi, hökumət 800 dollardan ucuz, yəni 799 dollar dəyərində olan telefonlardan ümumiyyətlə vergi tutmur. Bu, o deməkdir ki, vətəndaş ayda bir dəfə 1350 manat dəyərində telefonu ölkəyə pulsuz gətirə bilir. Onun cəmi 100 manata yaxın rabitə rüsumuna xərci çıxır. Ölkəyə 800 dollardam aşağı qiymətə telefon gətirən vətəndaşların sayı isə yüz minlərlədir. Yəni, dövlət sosial baxımdan imkanı aşağı olan vətəndaşlara vergi-gömrük rüsumu olmadan hər ay 1350 manat dəyərində telefon gətirməsini qadağan etmir. 1350 AZN kifayət qədər böyük məbləğdir və orta dolanışığa malik ailənin istəsə belə hər ay bu qiymətə mobil telefon gətirməsi inandırıcı deyil. Bu gündəlik təlabat malı deyil, ərzaq məhsulu deyil ki, hər gün alınması zəruri olsun. Bu nöqteyi-nəzərdən yanaşdıqda, bahalı qiymətə mobil telefonlar gətirənlər əsasən satış və ticarət məqsədi ilə məşğul olan şəxlərdir ki, gömrük rüsumu da əsas etibarilə onlardan tutulur. Yox, əgər T.Abbaslı xaricdən bahalı mobil telefon gətirən iş adamlarının lobbiçiliyini edirsə, bu başqa mövzudur.

Üçüncüsü, T.Abbaslının telefon satışı ilə məşğul olan mağazalarında telefonların rabitə qeydiyyatı üzrə rüsumun 1 manat olması barədə fikri də tamamilə səhvdir. Partiya sədri nəyisə qarışdırıb. 

“Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarına əsasən, Azərbaycan ərazisinə satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil cihazları idxal edən bütün hüquqi və fiziki şəxslər mobil telefonları qeydiyyatdan keçirməlidir. Bu o deməkdir ki, iri mağazalarda və telefon dükanlarında satılan bütün növ mobil cihazlar da Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) qeydiyyata alınır və onların da rüsumları  “Dövlət rüsumu haqqında” Qanunda müəyyən edilmiş tariflər əsasında hesablanır. Həmin rüsumların məbləği isə 1 manat deyil, cihazın marka və qiymətindən asılı olaraq  30-50 manat arası dəyişir.  mənbə 


Telefonların Rabitə və Yüksək Texnologiyalar Nazirliyində qeydiyyata alınmasını başlıca məqsədi isə ondan ibarətdir ki, oğurluq hallarının, qeyri-qanuni idxalın və qaçaqmalçılığın, IMEI kodların saxtalaşdırılması və ya klonlaşdırılmasının qarşısı alınır. Əgər bu sistem olmasa onda 2000 dollar dəyərində mobil telefonunu itirmiş vətəndaşın cihazını tapmaq da mümkün olmazdı. Qeydiyyata alınma və buna görə rüsum ödənməsinin əhəmiyyəti, bax budur.

Tural Abbaslı dövlətin vətəndaşların mənafeyinə xidmət edən ən uğurlu layihələrindən biri olan “ƏDV geri al” kampaniyasına qarşı fikirləri isə təəccüblüdür. Partiya sədrinin düşüncəsinə görə, “ƏDV geri al” kampaniyası çərçivəsində vətəndaşa ancaq kartof, soğanın bir-iki qəpiyini geri qaytarırlar.

Birincisi, “ƏDV geri al” kampaniyası çərçivəsində yalnız kənd təsərrüfatı məhsullarının (kartof, soğan) deyil, bütün növ ərzaq və qeyri-ərzaq məhsulların ƏDV məbləğinin bir hissəsi geri qaytarılır. Bütün ticarət və xidmət, iaşə və s. məntəqələrdə, ümumilikdə kassa aparatının tətbiq edildiyi və vətəndaşlara kassa çekinin verildiyi obyektlərdə məhsulun adı və çeşidindən asılı olmayaraq ƏDV-nin bir hissəsi geri qaytarılır. Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 2022-ci il oktyabrın 1-dən yalnız alkoqollu içkilərə və tütün məmulatlarına münasibətdə ƏDV geri qaytarılmır. Qalan bütün malların alınması zamanı ƏDV-nin geri qaytarılması qüvvədədir. Hətta pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti ilə yanaşı, 2022-ci il 1 yanvar tarixindən etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər də ƏDV qaytarılan siyahıya aid edilib. Yəni, məhsul çeşidi yüzlərlədir. mənbə
Bu layihəyə vətəndaşların marağının artmasının nəticəsidir ki, hər il insanların kartla alış-verişi artır və geri qaytarılan ƏDV məbləği də çoxalır. Bu layihənin tətbiq edildiyi vaxtdan (2020-ci ildən) 2022-ci ilin sonunadək istehlakçılara ümumilikdə 361,5 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Təkcə, 2022-ci ildə bu rəqəm 190 milyon manat təşkil edib. mənbə

 T.Abbaslı deyir ki, karta pul daxil etmədiyimiz halda ƏDV geri qaytarılmır və vətəndaşları öz pullarını karta qoymağa məcbur edirlər. Partiya sədrinin bu prossesdən xəbərsiz olması bəllidir, amma məlumatsız olduğu mövzu haqqında bu qədər iddialı çıxış etməsi ən azından populizmdir. T.Abbaslı üçün məlumat verək ki, hökumət heç kimi öz pulunu karta qoymağa məcbur etmir və belə bir qanun, təlimat və yaxud inzibati tədbir yoxdur. Hər kəs istədiyi vasitə ilə, o cümlədən nağd qaydada da alış-veriş edə bilər və nağd əməliyyatlar zamanı da ƏDV geri qaytarılır. Belə ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, 2023-cü ilin 1 yanvar tarixindən istehlakçılara geri qaytarılan ƏDV-nin məbləği nağdsız əməliyyatlar üzrə 15 faizdən 17,5 faizə qaldırılıb, nağd əməliyyatlara görə isə 10 faizdən 5 faizə endirilib. mənbə

Göründüyü kimi karta pul qoymadan da ƏDV geri qaytarılır. Nəzərə alaq ki, hazırda dövlət təşkilatlarında çalışan 2 milyon nəfərin, 2 milyona yaxın pensiya və təqaüd, müavinət alanların, özəl sektorda işləyən 1,5 milyon nəfərə yaxın insanın, yüz minlərlə hərbi qulluqçu və hüquq-mühafizə orqanı əməkdaşlarının, digər sosial kateqoriyaya aid şəxslərin maaş və təqaüdləri kartlarına yüklənir. Bunun nəticəsidir ki, ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı 13,5 milyon ədədə çatıb, təkcə 2023-cü ilin yanvar ayında verilən kartların sayı 231 min ədəd təşkil edib. mənbə

Hökumətin nağdsız ödənişlərə xüsusi diqqət ayırmasına və kart ödənişləri ilə aparılan əməliyyatlara görə, daha çox ƏDV geri qaytarmasına gəlincə, burada başlıca məqsəd “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, dövriyyələrin şəffaflaşdırılması və büdcəyə daha çox vəsaitin köçürülməsini təmin etməkdir. Çünki nağd pulla aparılan əməliyyatlar vergidən yayınma hallarına səbəb olur, qeyri-leqal məşğulluğa gətirib çıxarır. Məhz “ƏDV geri al” proqramının işə salınması sayəsində ticarət, ictimai-iaşə, xidmətlər kimi sektorlarda “kölgə iqtisadiyyatı”nın həcmi azaldılıb, onların dövriyyələri şəffaflaşdırılıb, muzdlu işçilərin real əməkhaqqları “ağarıb”, büdcəyə qeyri-neft sektorundan vergi daxilomalarının həcmi artıb. Həmin gəlirlər isə vətəndaşların əməkhaqqı və pensiyaların artmasına yönəldilib. istinad

T.Abbaslının keçmiş millət vəkili Gülər Əhmədovanın banka qoyduğu dollar depozitləri üzrə pulunu geri ala bilməməsi barədə iddiası da həqiqətəuyğun deyil. “Bank Standard” 2016-cı ildə bağlanılıb və həmin dövrdə bankın bütün qorunan əmanətlərini dövlət, yəni Əmanətlərin Sığortalanması Fondu (ADIF) geri qaytarıb. “Əmanətlərin sığortalanması haqqında” qanunun 27-ci maddəsinə əsasən, əmanətlər sığorta hadisəsi baş verdiyi günə Mərkəzi Bankı (AMB) müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Həmin dövrdə ( 2016-cı ilin oktyabr ayı) manatın dollara qarşı məzənnəsi 1,6138 olub və həmin məzənnə ilə minlərlə əmanətçinin dollar depoziti tam və faizlər hesablanmaqla geri qaytarılıb. Eləcə də G.Əhmədovanın depoziti həmin düstur və qayda əsasında hesablanıb geri qaytarılıb. Bununla bağlı Fondun rəhbərliyinin də rəsmi cavabı vardır.

Beləliklə,

  • Tural Abbaslının “Müsavat TV”də çıxışı zamanı səsləndirdiyi iddiaların əksəriyyəti tamamilə əsassız, arqumentsizdir
  • T.Abbaslının telefon satışı ilə məşğul olan mağazalarda telefonların rabitə qeydiyyatı üzrə rüsumun 1 manat olması barədə fikri tamamilə səhvdir
  • Abbaslının karta pul daxil etmədiyimiz halda ƏDV geri qaytarılmır və vətəndaşları öz pullarını karta qoymağa məcbur edilirlər” fikri tamamilə yanlışdır. Hökumət heç kimi öz pulunu karta qoymağa məcbur etmir və belə bir qanun, təlimat və yaxud inzibati tədbir yoxdur
  • Partiya sədrinin “ƏDV geri al” kampaniyası çərçivəsində vətəndaşa ancaq kartof, soğanın bir-iki qəpiyini geri qaytarırlar” fikrini isə şərh etməyə ehtiyac qalmır.