Son iki gündə Tehranla bağlı teleqram kanallar talış əsilli Azərbaycan əsgərinin səngərdən çəkilmiş videosunu paylaşırlar. Yayılan videoda əsgər deyir: «İranla müharibə bizim müharibə deyil. İran bizim vətənimizdir. Əgər Ordu bizə irana qarşı müharibəyə başlamaq əmri verərsə, biz silahımızı Prezident Sarayına qarşı çevirəcəyik”

Videoda əsgərin dediyi sözlər “səs redaktoru” proqramı ilə dəyişdirilib, səngərdə olan şəxslərin simaları isə gizlədilib. Bu məlumatı bütün erməni və erməniyönlü Rusiya sosial media kanalları yayıblar.

Faktyoxla Lab. Azərbaycan mənbələrinə istinadla axtarış apararaq videonun orijinalını araşdırıb.

Həmin videoda doğrudan da Azərbaycan əsgərinin çıxış etdiyini görüntülənir. Amma əsgər başqa sözlər deyir. Ağdaşın Ləki kəndindən olan əsgər erməni səngərində olduqlarını bildirir: “Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin dediyi kimi hər bir erməni səngərində Azərbaycan bayrağı dalğalanacaq”-deyir. Daha sonra o yaxınlarına salam göndərir, digər əsgər yoldaşlarını da operatordan çəkməyi xahiş edir.

Videonun analizindən görünür ki, videoda danışıqlar orijinaldır, hər hansı redaktə və  səs effekti əlavə olunmayıb. Digər əsgərlərin danışığı, onların əl sallaması sinxrondur və heç bir redaktə proqramından keçməyib.

Yekun olaraq bir məqamı xatırlatmağı özümüzə borc bilirik. Ordu rəhbərliyi cəbhə bölgəsindən hər hansı video, foto çəkilişin aparılmasını qadağan edib. Əslində əsgərlərin erməni səngərindən belə video paylaşmasında qəbahətli heç nə yoxdur. Amma düşmən tərəf bizim üçün xoş olan videonu belə saxtalaşdırıb, dezinformasiya yaya, əlehimizə istifadə edə bilərlər. Düşmənə belə fürsətləri vermək olmaz.   

Nəticə:

♦ Talış əsilli Azərbaycan əsgərləri ilə bağlı Tehrandan idarə olunan kanalların yaydığı video tam saxtadır.

♦ Videoda əsgər İranla bağlı ümumiyyətlə heç nə danışmır