Ermənistan Baş Naziri Nikol Paşinyan “Euronews” telekanalına müsahibə verib.

Faktyoxla Lab. həmin müsahibədə səslənən iddialara aydınlıq gətirib.  

İddia 1. Paşinyan növbəti dəfə Azərbaycanı 10 noyabr üçtərəfli bəyanatın bəndlərinin şərtlərinə riayət etməməkdə günahlandırıb. N.Paşinyanın sözlərinə görə, Azərbaycan:

-Bəyanatın 7-ci maddəsi ilə nəzərdə tutulmuş daxili köçkünlərin yaşayış yerlərinə qayıtmasına əngəl yaradır;

-8-ci maddəyə əsasən hərbi əsirləri geri qaytarmır, üstəlik, daha iki nəfəri “oğurlayıb”;

-Ermənistanla Qarabağ ermənilərini əlaqələndirməli olan “Laçın dəhlizi”ni “qanunsuz” olaraq bağlayıb.

Bizim şərh: 

-Əgər söhbət daxili köçkünlərin evlərinə qaytarılmasından gedirsə, niyə bu narrativ yalnız yaşayış yerlərini tərk etmiş ermənilərə münasibətdə tətbiq edilir? Bəs yüzminlərlə evsiz-eşiksiz qalmış azərbaycanlıların 30 illik mənəvi iztirabları, maddi itkiləri? Evlərini onlara kim qaytarmalı, dəyən zərəri kim kompensasiya etməlidir? Şuşanın, Ağdərənin və Xankəndinin sırf azərbaycanlılar yaşamış kəndləri var ki, oraların əhalisi hələ də doğma yurdlarına qovuşmağın həsrəti ilə yaşayırlar. Paşinyan 7-ci maddə barədə danışarkən, bunu niyə nəzərə almır?

-Ermənistanın baş naziri 2 ildən çoxdur ki, Azərbaycanda 33 nəfər hərbi əsirin olduğunu təkrarlayır. Əgər o hesab edirsə ki, dünya tərəfindən ciddi və arqumentli qəbul edilməyən bu iddianı təkrarlamaqla nəyəsə nail olacaq, təbii ki, bu iki ildə bunun əbəs olduğunu dərk etməli idi. Rəsmi Bakı həm ikitərəfli dialoq zamanı, həm də beynəlxalq müstəvilərdə bəyan edib və bu mövqeyini qəbul etdirməyə nail olub ki, sözügedən 33 nəfər bilavasitə hərbi əməliyyatların gedişində deyil, aktiv hərbi fazadan xeyli müddət sonra Azərbaycan ərazisinə təxribat və terror törətmək üçün keçib həbs edilmiş şəxslərdir. Yaxud, Azərbaycanın azıb Ermənistan tərəfə keçən iki hərbçisinin tutulub saxta dəlillərlə mühakimə edilməsi həmin maddənin tələbləri ilə şərh edilə bilməz?

-Ermənistan liderinin Azərbaycanın “Laçın dəhlizini qanunsuz qapatması”na dair iddiaları yalan olmaqla yanaşı, həm də bir istehza mənbəyidir. Məsələn, “Euronews”un jurnalisti ondan soruşa bilərdi: söhbət hansı qanundan gedir? Əgər bir ölkənin rəhbəri dəfələrlə, həm ABŞ və Avropanın vasitəçiliyi ilə keçirilən danışıqlarda və onların yekununda, həm rəhbərlik etdiyi hökumətin iclaslarında, həm də yerli parlamentdəki çıxışlarında Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edirsə, konkret rəqəm – 86600 kv.km-i dilə gətirirsə, söhbət hansı qanundan və ya “qanunsuzluq”dan gedə bilər? Laçın ərazisindən keçən bu yol məgər 86600 kv.km-a, yəni Paşinyanın tanıdığı əraziyə daxil deyil? Məntiqlə, burada Azərbaycanın deyil, kimin və haranın qanunları işləməlidir? Qarabağda kök salmış hərbi-kriminal xuntanın özü qanundan kənar olduğu halda onun mövcudluğunu rahatlaşdırmalı olacaq hansı qanundan danışmaq olar? Yeri gəlmişkən, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, ancaq həmin ərazidə baş verənlərə müdaxilə etmək cəhdi növbəti qeyri-ciddilik və qeyri-səmimilikdir.

Paşinyanın sadaladığı öhdəliklərdən çıxış etsək, Azərbaycan tərəfinin iradları daha ağır və tutarlıdır. Ermənistan bəyanatın şərtlərinə uyğun olaraq özünün silahlı birləşmələrini və hərbi texnikasını Qarabağdan hələ də çıxarmayıb. “Dəhliz”dən danışılırsa, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməli olan dəhliz fəaliyyətə başlamayıb. Ümumiyyətlə, bu istiqamətdə ən primitiv infrastruktur işləri görülməyib. Azərbaycan erməni milliyyətindən olan şəxslərin istifadəsi üçün yüksək keyfiyyətli yeni yol tikib və istismara verib. Bu yolun Ermənistan ərazisindəki davamı olan kiçik bir hissənin inşasını 2,5 ilə bitirə bilməyən bir dövlətin başçısının Azərbaycanın ünvanına “dəhliz” ittihamı ilə çıxış etməsi absurddur. Bundan başqa konkret sual: Ermənistan başqa dövlətin ərazisinin müxtəlif səpkili xərclərini hansı səbəbə özünün dövlət büdcəsində əks etdirir?

İrəvandakılar unutmamalıdırlar ki, Laçın yolunda fəaliyyətə başlamış sərhəd-keçid məntəqəsi ermənilərin özlərinin vədlərindən qaçmaları və sülh prosesini süni şəkildə ləngitmələrinin nəticəsidir. Ola bilsin ki, Ermənistan paytaxtında bunu xatırlamırlar, ancaq Azərbaycan Prezidenti İlham Əliyev rəsmi İrəvanı Brüsseldə keçirilən ilk görüşlərdən birində xəbərdar etmişdi: Zəngəzur dəhlizində hansı rejim tədbiq olunacaqsa, Laçında da eynisi işə salınacaq. Hazırki reallıq ya Ermənistanın növbəti səhvlərinin nəticəsidir, ya da Azərbaycan liderinin xəbərdarlıqlarına rəğmən özlərinin istədikləri reallıqdır.

İddia 2. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, Azərbaycan bunu Ermənistana münasibətdə etmir.

Bizim şərh: Ermənistan 30 il müddətində beynəlxalq hüquqa zidd, tarixi inkar və reallığı rədd edən inadkarlıqla işğal etdiyi ərazilərdən çıxmaqdan boyun qaçırıb. Ermənistana rəhbərlik edən Qarabağ separatçıları zamanın gedişatını və dəyişmək xüsusiyyətini nəzərə almayan, daha doğrusu, almaq istəməyən sovet rəhbərləritək mövcud vəziyyətin daima aktual olacağını güman edirdilər. 44 günlük müharibə bu arxayınçılığa nəinki son qoydu, həm də iftira və saxtakarlıq üzərində bərqərar olmuş erməni xülyasını süquta uğratdı. Rusiya sülhməramlılarının çətiri altında və qalxanı arxasında daldalanıb mövcud durumun daimiliyinə inanmaq Ermənistanın hazırki siyasi dalanda ilişib qalmasının əsas səbəbidir. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa və bunu Bakıdan da gözləyirsə, onda:

-Nə səbəbdən bu ölkənin baş naziri və digər səlahiyyət sahiblər Qarabağda baş verən proseslərə müdaxilə edir və təxribatçı bəyanatlarla çıxış edirlər?

-Ərazi bütövlyünü tanıyırlarsa, niyə bizimlə razılaşdırmadan ərazimizin bir hissəsində yaşayan əhaliyə “humanitar yardım” göndərirlər?

-Hansı əsasla Azərbaycanın Qarabağ iqtisadi rayonunu “Artsax”, ən yaxşı halda isə “Dağlıq Qarabağ” adlandırırlar?

İddia 3. Paşinyan dövlətinin danışıqlarda “ardıcıl” olduğunu iddia edir, Azərbaycanı isə mövqe dəyişikliyində suçlayır.

Bizim şərh: Praqadakı danışıqlarda Azərbaycanın ərazi bütövlüyünü tanıyan, sonra isə Rusiya prezidenti tərəfindən faktiki olaraq gedişatın fərqli istiqamətə sürüklənməsi üçün şirnikləndirilib yekun nizamlanmanı geri salan İrəvandır. Ayların intensiv təmaslarının məhsulu olan Qərbin nizamlama planına razılıq verib, sonra Rusinın bir işarəsinə bənd olan Paşinyan deyil? Müsahibənin əvvəlində diqqəti cəlb etməyə bilər, ancaq Paşinyan 10 deyil, “9 noyabr bəyanatı”ndan danışır. Məlumdur ki, Rusiya ilə Cənub Qafqaz bölgəsinin 1 saatlıq zaman fərqi var. Bu səbəbdən Moskvada bəyanata münasibətdə 9, bizdə və Ermənistanda “10 noyabr anlaşması” deyilir. Başqa sözlə, Paşinyan adi müsahibə verərkən belə gözü və qulağı Moskvadadır. Kremlin yanaşması isə bəllidir: sülh prosesi dondurulsun və gələcək nəsillərə qalsın. Danışıqlarda kimdir ardıcıl?

İddia 4. Azərbaycan BMT-nin Beynəlxalq məhkəməsinin “Laçın dəhlizi” ilə bağlı qərarına icra etmir.

Bizim şərh: 

-Ermənistan lideri sözügedən instansiyanın 22 fevral və 6 iyul qərarlarını qeyd edir, ancaq bu qərarlardan rəsmi Bakının razı qaldığının üzərinə gəlmir. Çünki hər iki halda Laçındakı sərhəd-keçid məntəqəsinin fəaliyyəti Azərbaycanın suveren hüququ kimi özünün təsdiqini tapıb. Buradan yüklərin və insanların sərbəst və maneəsiz hərəkəti ilə bağlı səslənən iradların heç bir əsasının olmadığını isə məntəqədən hər gün onlarla şəxsin hər iki istiqamətə hərəkəti sübut edir;

-Paşinyan Qarabağdakı dərin humanitar böhrandan, aclıqdan və ərzaq çatışmazlığından şikayət edir. Ancaq eyni zamanda, soydaşları Azərbaycanın problemi çözmək üçün göstərdiyi cəhdləri rədd edir. Yaxud yerli ermənilər Əsgəranla Ağdam arasındakı yola beton maneələr düzüb, (hətta həmin yolun ermənilər tərəfindən minalanması haqda məlumat da yayıldı-red.) Azərbaycandan gələ biləcək humanitar yükləri görmək istəmədiklərini bildirirlər.

-Jurnalistin Ermənistan liderinə verdiyi Ağdam yolu barədə sual onu çaş-baş salır. Cavabında Paşinyan bildirir ki, belə bir yol barədə məlumatı yoxdur. Sitat: “Bu nə yoldur? Aydandır, ya Marsdan?”. Bu qədər qeyri-ciddilik olmaz!

-Erməni lider Qarabağdakıların çörək qıtlığından əziyyət çəkdiklərini deyir, ancaq ertəsi günü separatçılar, əlavə çörəkbişirmə müəssisələrini işə salıb problemin aradan qaldırılmasına nail olacaqlarını bəyan edirlər. Yaxud, erməni teleqram kanalları hər gün “çörək alıb evə gələn erməni uşağın” başına hansısa macəraların gəldyinə dair xəbərlər yayımlayırlar. Çörək yoxdursa, haradan alınır, yaxud Xankəndi restoranlarının reklam etdiyi məhsullar hansı undan hazırlanır?

N.Paşinyan “Euronews”a çeşidli yalanlar söyləyə bilər. Ancaq nəticə etibarilə kanalın tamaşaçılarını deyil, öz xalqını aldatmış olur. Necə ki, ondan əvvəlkilər aldadıblar. Fərq ondadır ki:

-Qabaqlar erməni xalqı aldadıldığını bilmirdi, indi isə anlamağa başlayıb;

-30 il bu yalanlar vəziyyətin dondurulmasına və Azərbaycan torpaqlarının işğalda qalmasına xidmət edib, indi isə əksinə - Ermənistanın bir dövlət olaraq mövcudluğunu kölgə altına salır;

-Bu illər ərzində Ermənistan yalanlara görə cəzasız qalırdısa, indi Azərbaycan tərəfindən növbəti dəfə sərt tənbeh edilə bilər. Prezident İlham Əliyevin dediyi kimi, Dəmir yumruq yerindədir!