Sosial mediada "Söndürməyə çalışdığınız alov sizi yandırsın, xain azərilər" cümləsi ilə bir video paylaşılıb.
Üzərində “Azərbaycan yanğınsöndürənləri İsrailin yanğınına müdaxilə edirlər” sözləri yazılmış videoda ərəb spikerin səsi ilə reportaj verilir və görüntülərdə isə azərbaycanlı yanğınsöndürənlərin yanğınla mübarizə apardıqları əks olunub. Yanğınsöndürənlər FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının üst geyimində olduqları və arxalıqdakı məlumat lövhəsində “Azərbaycan FHN” yazıldığı görüntülərdə əks olunub.
Faktyoxla Lab. bu iddianın doğru olub olmadığını araşdırdıq.
Videonun mənbəyini aşkar etmək üçün “Geriyə axtarış” metodundan yararlanırıq. Müəyyən etdik ki, görüntülər Bakının Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən “Tayqa” marketində baş verən yanğın zamanı çəkilib.
Həmin görüntüləri bu videodan da izləmək mümkündür. (video)
Bundan başqa, ərəblərin məşhur fakt-yoxla saytı “Misbar” da videonun Husi qruplaşmasının hədəfinə çevrildikdən sonra Təl-Əvivdə baş verən yanğınla heç bir əlaqəsinin olmadığını, videonun Azərbaycanda çəkildiyini bildirib.
Araşdırmalarımız zamanı müəyyənləşdirdik ki, həmin videonu ilk dəfə “Cihan Ademoğlu” adlı istifadəçi öz səhifəsində paylaşıb. (Çetin Korkmaz isə ondan təkrar paylaşıb)
Sözügedən videonu paylaşan hər iki şəxs də Türkiyənin Bingöl rayonunda yaşayırlar və hər ikisi də həmin şəhərdə fəaliyyət göstərən radikal dini qruplaşmalara yaxınlıqları ilə bilinirlər.
Cihan Ademoğlu (əsl adı Cihan Üzer) ilahiyyatçıdır və Türkiyənin cənubi-şərqində müəyyən elektoratı olan, İrana yaxınlığı ilə bilinən “İlke” xəbər agentliyi (ilkha), “Haksöz haber” kimi media qurumlarında tez-tez ilahiyyatçı-yazar olaraq, həmçinin, “Peyğəmbər sevdalıları” dərnəyinin təşkil etdiyi toplantılarda aparıcı kimi çıxışlar edir.
Çetin Korkmaz həm də İrana yaxınlığı ilə bilinən “Umut Karvanı” xeyriyyə fonduna bağlı olan “Elmalı” xeyriyyə hərəkatının rəhbəridir.
Bu şəxsin rəhbərlik etdiyi qurum Azərbaycana qarşı aqressiv mövqeyi ilə seçilən Bülent Yıldırımın idarə heyətinin sədri olduğu “İHH” (İnsan Haqq və Hürriyyətlər) Fondu ilə də sıx əməkdaşılıq edir və 2021-ci ildə Suriyanın İdlib şəhərinə göndərilən yardımlar məhz bu təşkilat tərəfindən paylanıb.
Sonda qeyd edək ki, Cihan Ademoğlu videonu götürdüyü tiktok səhifəsi ilə bağlı da saxtakarlığa yol verib. “Otomobil2025” adlı tiktok səhifəsinə baxış keçirsək də, həmin video sözügedən səhifədə tapılmadı. Demək Cihan Ademoğlu sosial mediada yayılan videonun üzərinə Azərbaycan əleyhinə yazılar yazmaqla paylaşaraq saxtakarlığa yol verib.
Göründüyü kimi:
- Azərbaycan yanğın söndürənlərinin İsraildə baş verən yanğınların söndürülməsi prosesində iştirak etməsi ilə bağlı yayılan görüntülər həqiqəti əks etdirmir;
- Sözügedən kadrlar Bakı şəhərində yerləşən “Tayqa market”dəki yanğın zamanı çəkilib və nə İsrailə, nə də başqa ölkəyə heç bir aidiyyatı yoxdur;
- Bu görüntüləri İsraildə çəkilibmiş kimi təqdim etmək Azərbaycanı Türkiyə və digər müsəlman ölkələrində gözdən salmağa çalışan və Azərbaycan əleyhinə davamlı fəaliyyət göstərən qüvvələrin növbəti təxribat cəhdidir.