Erməni mediası Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin üzərində "Azərbaycanın nüvə silahı olacaq" “şüarı” yazılmış təbliğat plakatını paylaşıblar. 

R.Nurullayev bu məsələ ilə bağlı açıqlama verərək "Bizim adımızdan dünən saxta bir X səhifəsi açıblar və orada belə şeylər paylaşıblar. Yəqin ki, Teleqramın erməni seqmentindəki səhifələr də bundan istifadə edib dezinformasiya ilə məşğul olurlar”-deyib.

08 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti birgə açıqlama yayıblar. Bildirilir ki, “Bir sıra sosial şəbəkə seqmentlərində Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədlikləri qeydə alınmış şəxslərlə bağlı saxta hesablar yaradılır və onların adından həqiqətə uyğun olmayan məlumatlar yayılır”.  Açıqlamada qeyd olunub ki, “Seçkilər ərəfəsində bu tipli fəaliyyət məqsədyönlü şəkildə ictimai rəyi çaşdırmağa, namizədlərin reputasiyasını ləkələməyə yönəlmiş addımdır”. Birgə açıqlama verən hər iki qurum ictimaiyyəti belə yalan və təxribat xarakterli paylaşımlara inanmamağa, yalnız prezidentliyə namizədliyi qeydə alınmış şəxslərin rəsmi açıqlamalarını və onların sosial media hesablarında yerləşdirilmiş məlumatları əsas götürməyə çağırıb.

Faktyoxla Lab. bu və digər faktlarla bağlı araşdırma aparıb.

Araşdırma zamanı bəlli oldu ki, R.Nurullayevin adına açılmış saxta hesabda digər saxta məlumatlar da yayılıb.

Milli Cəbhə Partiyasının rəsmi hesabında R.Nurullayevin adına açılan saxta hesablar barəsində məlumat verilib və izləyicilər bu məsələdə diqqətli olmağa çağırılıb.

Bizə yazın: 

Facebookda 

Teleqramda 

Tvitterdə 

 

Araşdırma nəticəsində bəlli oldu ki, R.Nurullayevlə bağlı qeyd edilən saxta xəbəri ilk paylaşanlardan biri “Ramiz” adlı istifadəçi olub. O, bu saxta məlumatı 7 yanvar 2024-cü il gecə saat 01:19-da paylaşıb.

Həmin hesabdakı paylaşımda müzakirələr artıqdan sonra profil sahibi özü “Gənclər, bu bir trollinqdir” deyə izahat verib.

“İnfoteka” adlı erməni telegram kanalı isə həmin məlumatı 8 yanvar 2024-cü il saat 11-25-də paylaşıb və ehtimal edilir ki, konkent məhz "Ramiz" adlı hesabdan götürülüb

 

Görünüdüyü kimi, R.Nurullayevin adından paylaşılan plakat saxtadır.

1. Azərbaycanda 7 fevral 2024-cü ildə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkisinin "təbliğat-təşviqat kampaniyası" mərhələsi hələ başlamayıb. Qanunlar vaxtından əvvəl başlanılan seçki təbliğatını qadağan edir.

2. Plakatda yazılmış şüarda texniki xəta var. Adətən seçki plakatlarında şüardan sonra nöqtə qoyulmur. 

Araşdırma zamanı digər təşkilat və tanınmış şəxslərin də adından saxta səhifələr yaradılması faktlarına rast gəldik.

Bunlardan biri, BMT-nin Azərbaycan nümayəndəliyinin səhifəsidir ki, Nümayəndəlik bu barədə izləyiciləri 28 dekabr 2023-cü ildə xəbərdar edib.

Digər saxta səhifə tanınmış meyxanaçı Pərviz Bülbülənin adına açılıb. 19 dekabr 2023-cü ildə lent.az saytının facebook səhifəsində bu barədə məlumat yayılıb. Meyxanaçı bildirib ki, onun adına facebook platformasında saxta səhifə açılıb. Onun isə bu səhifədən xəbəri yoxdur, “mən siyasi mövzulara qarışmıram, ümumiyyətlə facebook istifadəçisi deyiləm”-deyə Pərviz Bülbülə bildirib.