“Human Rights Watch” təşkilatının 1993-cü ildən 2022-ci illərə qədər rəhbəri olmuş, hazırda “Princeton SPIA”-nın dəvətli professoru Kenneth Roth növbəti dəfə COP29-la bağlı tvit atıb. Tvitdə yazılır: “Xoşagəlməz bir başlanğıc oldu. COP29 iqlim sammitinə ev sahibliyi etmək üçün seçilmiş Azərbaycan sammitin prezidenti olaraq dövlət neft şirkətində 26 il işləyən Muxtar Babayevi seçdi. Daha sonra isə təşkilat komitəsinin tərkibinə təkcə kişilərdən ibarət 28 nəfəri təyin etdi”.

Faktyoxla Lab. bu iddialara aydınlıq gətirməyə çalışıb

Əvvəla, COP29 iqlim sammitinə ev sahibliyi etmək üçün seçilmiş Azərbaycan sammitin prezidenti Muxtar Babayev uzun illər iqtisadiyyatla bağlı sahələrdə, o cümlədən Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib və bu sahədə təcrübə toplayıb. SOCAR-da isə xarici iqtisadi əlaqələr sahəsində çalışıb, ekologiya üzrə vitse-prezident vəzifəsində birbaşa ətraf mühitlə bağlı layihələrə rəhbərlik edib. Cənab Roth bu məqama xüsusi diqqət yetirməlidir: SOCAR-da ekologiya üzrə vitse-prezident vəzifəsində çalışıb və 5 ildən artıqdır ki, ekologiya və təbii sərvətlər naziridir. Uzun illərdir ki, regional və beynəlxalq ekoloji proqramların icrasında Azərbaycanı təmsil edir, beynəlxalq ekoloji komanda ilə sıx təmasları mövcuddur. mənbə
Yəni, onun tam ekoloji sahəyə bağlı kadr olması COP-un ümumi prinsiplərinə uyğundur.

İkincisi, təşkilat komitəsinin tərkibinin təkcə kişilərdən ibarət olması barədə iddiaya gəlincə, burada da yanlışlıq var.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəfləri Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəfləri Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb

Həmin sərəncama görə, “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəfləri Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəfləri Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin tərkibində aşağıda adı qeyd olunan şəxslər də var:

Səbinə Əliyeva - Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman)

Fərəh Əliyeva - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri,

İlhamə Qədimova - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Umayra Tağıyeva - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Mariana Vasileva - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Səadət Yusifova - Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Nigar Arpadarai - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Sevinc Fətəliyeva - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Bahar Muradova - Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Aygün Əliyeva - Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru

Firuzə Sultanzadə - “EkoSfera” Sosial Ekoloji Mərkəzi İdarə Heyətinin sədri

Zəkiyyə Mustafayeva – Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini

Nəticə:

- Kenneth Roth COP29-a qarşı başladılmış kampaniyanın təlimatları ilə yeni tanış olur və ilkin mərhələdə yayılan tezislərdən istifadə edir. Belə olmasaydı, 19 yanvar 2024-cü ildə imzalanmış sərəncamdan xəbər tutar, qərəzli və haqsız qaralama kampaniyanın köhnəlmiş tezisini 7 gün sonra (26 yanvar 2024-cü il) təkrarlamazdı.

- Görünür, “Human Rights Watch” təşkilatının son 20 ildə Azərbaycana qarşı sərgilədiyi qərəzli və haqsız mövqeyinin formalaşmasında da Cənab Kenneth Rothun köhnə və saxta məlumatları yeni və həqiqət kimi təqdim edən qərəzli və ədalətsiz mövqeyi xüsusi rol oynayıb.