“Amerikanın səsi” "23 saylı seçki dairəsinin 2 saylı məntəqəsində müşahidəçilərə təzyiq edilir" başlıqlı məlumat paylaşıb.
Təqdim edilən kadrlar bir xanım müşahidəçinin şikayətləri, ona təzyiqlər edilməsi barədədir.
Faktyoxla Lab. təqdim edilən videonu araşdırıb.
Birincisi, xanım sanki seçki məntəqəsindəki normal atmosferi korlamaq, qəsdən uca səslə kənardakıların diqqətini cəlb etmək üçün danışır. O, hətta seçki məntəqəsinin üzvlərinin onun üzərinə yeridiyini, təzyiq altında olduğunu iddia edir. Ancaq öz yaydığı videodan da aydın görünür ki, ona heç bir təzyiq yoxdur, məntəqə üzvlərindən heç kim onun müşahidə aparmasına mane olmur. Əslində həmin şəxslər (daha çox qadın müşahidəçilər) onları videoya çəkməməyi tələb edirlər. Videonun sonunda xanım müşahidəçilərdən birinin “xahiş edirəm, məni o kadrlardan çıxardın” dediyi eşidilir.
İkincisi, həmin məntəqədə digər müşahidəçilərin sakit tərzdə öz normal fəaliyyətlərini davam etdirməsi və heç birinin narazılığını ifadə edəcək davranışın olmaması həmin xanım müşahidəçinin təxribat üçün öyrədildiyinə, “Amerikanın səsi” və digər xarici media üçün məqsədli şəkildə “xammal” olduğuna şübhə yaratmır.
Beləliklə, “Amerikanın səsi” radiosunun 3 saylı seçki dairəsinin 2 saylı seçki məntəqəsində xanım müşahidəçiyə qarşı təzyiqlər edilməsi barədə süjeti informasiya manipulyasiyasıdır. Bu, bir daha seçki prosesinin şəffaflığına kölgə salmaq üçün tərtib edilmiş təxribat hesab edilə bilər.
Belə bir videonun “Amerikanın səsi” radiosu kimi nüfuzlu media qurum tərəfindən yayılması bir tərəfdən qeyri-ciddi, “sarı media” stili kimi görünsə də, digər tərəfdən seçki prosesi haqda yanlış təsəvvür yaratmaq məqsədilə hazırlanan təxribat videosu kimi qiymətləndirilə bilər.