“ReAl” Partiyasının funksionerlərindən biri kimi özünü təqdim edən Zöhrab İsmayıl feysbuk hesabında velosiped yolu üzərində dayanmış bir avtomobilin fotosunu “Azərbaycan prospektində günün günorta çağı, özü də görün hansı quruma məxsus maşın velosiped zolağında və piyada keçidinin üstündə park edib” məzmunlu şərhlə paylaşmışdır.
Faktyoxla Lab. Z.İsmayılın paylaşdığı fotodakı avtomobilin "hansı quruma" məxsusluğunu araşdırmağa çalışıb.
Nömrə nişanlarında “D” və “UN” hərfləri olan şablonları axtarışa verdikdə bu cür nömrə nişanlarının Avropa İttifaqına məxsusluğunu aşkarladıq.
Həmin məlumata görə, avtomobilin nömrə nişanında tək hərf Avropa İtiifaqına üzv dövlətin adını (indiki halda “D”- Deutschland), ilk iki və ya üçhərfli işarə qeydiyyatdan keçdiyi şəhər və ya regionun adını, (UN- Unna, Şimali Reyn-Vestfaliya), ortadakı gerb məxsus olduğu regionun simvolu və digər dairəvi simvol isə təhülkəsizlik kodunu (fotoda tam görünmür deyə standart formanı təqdim edirik) və sonrakı ikihərfli sözlər və rəqəm isə təsadüfi seçmə ilə düzəldilən nömrəni göstərir.
Belə güman edirik ki, "Real"çı siyasətçi avtomobilin Birləşmiş Millətlər Təşkilatına (ingiliscə UN) məxsus diplomatik (D) nömrəli maşın olduğu qənaətinə gələrək, dərhal tənqidçi “facebook” statusu yazıb.
Z.İsmayıl ən azından bilməli idi ki, diplomatik korpusa məxsus maşınların nömrə nişanları qırmızı rəngdə olur. Əlbəttə ki, nəyisə bilməmək ayıb sayılmır. Lakin bilmədiyi mövzular barədə ictimai şəxslər belə statuslar yazarkən diqqətli olmalıdırlar.
Xatırladaq ki, Z.İsmayıl Miçiqan Dövlət Universitetində “İqtisadi İnkişaf”, “Simon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetində PhD təhsili alıb, Kanzas Universitetində akademik ingilis dili öyrənib və “The Hubert H Humphrey Fellowship Program”da iştirak edib.
Təəssüf ki, uzun müddət xaricdə yaşayan, bu qədər diplomun sahibi olan Z.İsmayıl mənsub olduğu düşərgənin demək olar ki, əksər təmsilçləri kimi hər gördüyündə neqativ axtarmaq, dərhal tənqid etməyə çalışmaq və yekunda özünü belə biabır etmək modundan çıxa bilmir. Gördüyündən dərhal nəticə çıxarmaq, qərar vermək ciddi siyasətçiyə xas xüsusiyyət deyil.
Z. İsmayıl həmin fotonu ictimailəşdirməkdənsə, fotonu aidiyyəti quruma yönləndirib qanuni tədbirin görülməsində iştirak edə, fayda verə bilərdi. Lakin o, başqa yola (populizm yoluna) üz tutaraq özünü biabır etməyə üstünlük verdi.