Bir çox onlayn media və sosial media istifadəçiləri İran prezidenti və digər rəsmilərin həlak olduğu helikoper qəzası haqda "hadisə anını" əks etdirən videolar paylaşırlar.

Faktyoxla Lab. bu videoların bəzilərini araşdırıb.

“Moize” telegram kanalı bu videonu yayaraq ehtimal edir ki, İran prezidenti Rəisini aparan helikopterin qəzaya uğradığı anın görüntüləridir. 

Videonun son qəza hadisəsinə aid olmadığını sübut edən bir neçə dəlil var.

Onlardan birincisi təqdim olunan videoda görüntülərin aydın hava şəraitində çəkilməsi faktıdır.  

İkincisi, İran rəsmilərinin istifadə etdiyi helikopter “Bell 212”, görüntülər təqdim olunan helikopter isə “Mİ-8” helikopteridir.

Nəhayət, üçüncü arqument: sosial media istifadəçilərinin də paylaşdığı bu videonu “tərsinə foto axtarış” metodu ilə axtarışa verdikdə bəlli olur ki, bu görüntülər 29 iyul 2022-ci ildə Gürcüstanın Qudauri şəhərində sərhəd polisinin xilasedici helikopterinin qəzaya uğradığı anlara aiddir.

Məlumat yanlışdır, İran prezidenti Rəisi və digər dövlət rəsmilərinin helikopter qəzasına aiddiyyatı yoxdur.

Sosial mediada yayılan digər videoda isə helikopterin idarəetmə kabinəsindən çəkilən və dumanlı havada meşə massivində ağaclara çırpılan kadrlar görüntülənir.

“Tərsinə foto axtarış” metodu ilə videonu axtarışa verdikdə, bəlli olur ki, bu video da köhnədir və İranda baş verən qəzaya aidiyyatı yoxdur.  

Həmin video Panama cəngəllikləri üzərindən uçan bir helikopterdən çəkilib. Video Panamada keçirilən 2024-cü il seçkilərində prezidentliyə namizəd, hüquqşünas Dmitri Flores tərəfindən paylaşılıb. Onunla birlikdə helikopterdə olan digər 5 nəfər qəzadan sonra sağ qaldıqları bildirilir. Hadisə 17 avqust 2022-ci ildə Çanqinolı şəhərindən David şəhərinə səfər zamanı baş verib. mənbə

Son hadisələrlə bağlı daha bir yanlış məlumat hadisə yerindən paylaşılan fotolarla bağlıdır. Öncədən qeyd edək ki, hadisə yerindən çəkilən fotolardakı ətraf ərazilərin görüntüsü, duman şəraiti son hadisədəki qəza şəraitinə və əraziyə oxşadığından oxucularda çaşqınlıq yaranıb.  

Amma bu fotoları “tərsinə foto axtarış” metodu ilə axtarışa verdikdə bəlli olur ki, fotolar yeni deyil, 2020-ci ilə aiddir. Yayılan fotolar İranın Mazandaran əyalətindəki Şalmanşəhr yaxınlığında qəzaya uğramış polis helikopterinin qalıqları və xilasedicilərin işi zamanı çəkilib. İran Qızıl Aypara Cəmiyyətinin  22 aprel 2020-ci ildə yaydığı fotolarda bunu görmək mümkündür.   

Nəticə:

- “Moize” telegram kanalının yaydığı videonun sonuncu qəza ilə heç bir əlaqəsi yoxdur. Həmin video 29 iyul 2022-ci ildə Gürcüstanın Qudauri şəhərində sərhəd polisinin xilasedici helikopterinin qəzaya uğradığı anda çəkilib. 

- "Son görüntülər, Qəza anı" başlığı ilə paylaşılan video da yeni deyil və 2022-ci ildə Panamada qeydə alınıb. 

- Hadisə yerində xilasedicilərin işlədiyini əks etdirən görüntülərin də son hadisəyə aidiyyatı yoxdur. Bu görüntülər 2020-ci ildə İranın Mazandaran əyalətindəki Şalmanşəhr yaxınlığında qəzaya uğramış polis helikopterinin qalıqları və xilasedicilərin işi zamanı çəkilib.