Son günlər Bakı-Şamaxı avtomagistralının yaxınlığında aşkarlanan sirli həndəsi fiqurun görüntüləri müzakirə mövzusudur. Sosial mediada yayılan görüntülərdə Bakı-Şamaxı avtomagistralının yaxınlığında altıgüşəli fiqura bənzər bir ərazi əks olunub. Ərazidə qeydə alınan bu fiqura “David ulduzu” deyənlər də tapılıb, “mason işarəsi” adı qoyanlar da. Vaxtilə “Gizli Azərbaycan” verilişinin aparıcısı olmuş yazıçı-publisist Həmid Herisçi bu görüntülərlə bağlı öz fikirlərini mediaya ilə bölüşüb.
Faktyoxla Lab. qeyd edilən sirli ərazi ilə bağlı araşdırma aparıb.
Bildirək ki, bu fiqura Azərbaycanda tək Qobustan rayonu ərazisində deyil, müxtəlif bölgələrdə də rast gəlinir. Həmin altıguşəli ulduza bənzər ərazidən Bakının Çilov adasında,
Şəkinin Kiçik Dəhnə kəndi yaxınlığında da var.
Maraqlıdır ki, oxşar fiqura Qazaxıstanda, Perunun Naska səhrasında, Rusiyada və digər bir çox yerlərdə də rast gəlinib.
Mövzu ilə bağlı axtarış verdikdə bəlli oldu ki, qeyd edilən sirli fiqurun nə “David ulduzu”, nə də masonlarla heç bir əlaqəsi yoxdur. Altıguşəli ulduzu xatırladan bu ərazilər ötən əsrin 50-ci illərində salınmış hava hücumundan müdafiə bölmələrinin mövqe artefaktıdır.
Mənbələrdə bildirilir ki, ötən əsrin 50-ci illərinin sonlarında SSRİ-də hava hücumundan müdafiə məqsədilə ilk Zenit-Raket Kompleksləri (ZRK) istifadəyə verilib. Bu ZRK-lar SSRİ ərazisində yüksək hündürlükdən kəşfiyyat aparan ABŞ-nin U-2 kəşfiyyat təyyarələrini məhv etmək üçün formalaşdırılıb. Amma “S-75” adlı ZRK-lar yetərli qədər uzaq məsafələri nəzarətdə saxlamaq gücündə olmayıb. Bu baxımdan müdafiə olunan obyektlərin hava hücumundan tam qorumaq üçün əhəmiyyətli sayda hava hücumundan müdafiə divizionlarının(ZRDN) formalaşdırlmasına ehtiyac yaranıb.
Yeni yaradılan ZRDN-lərin (S-75 kompleksləri ilə silahlanmış) tipik müdafiə mövqeyi belə görünürdü.
ZRDn-lərdə atəş qurğuları (6 raketdən ibarət idi) bir-birilə əlaqəsi olan dairələrdə yerləşdirilirdi. Hər atəş məntəqəsi arasında məsafə saxlanması isə atəş zamanı yaxınlıqdakı digər qurğulara zərər vurmamaq üçün düşünülüb. Bu səbəbdən atəş məntəqələri əlavə olaraq torpaq kütləsi ilə əhatələnirdi.
Bütün bunlara baxmayaraq ZRK-ların atəş mövqeləri amerikalıların “KeyHole” casus-peykləri tərəfindən rahatlıqla aşkar edilir və fotosu çəkilirdi.
Təqdim etdiyimiz bu foto Amerika casus-peyklərinin Rusiyanın Samara vilayətinin Jiquli dağı yaxınlığında salınmış ZRDn-nin atəş mövqeyinin 12.08.1968-ci ildə çəkilmiş fotosudur.
ABŞ MKİ-nin analitiklərinin 06.12.59-cu ildə hazırladığı CIA-RDP78T05439A000100290058-0 saylı sənədə əlavə olunmuş fotoda 1959-cu ildə ZRDn-in yeni inşa olunduğu qeyd edilir. Foto U-2 kəşfiyyat təyyarəsi tərəfindən 21 km hündürlükdən çəkilib.
Bununla da ABŞ hava kəşfiyyatçıları həmin ərazilərin “David ulduzu”, mason işarəsi deyil, məhz hava hücumundan müdafiə qüvvələrinə məxsus atəş mövqeyi olduğu təsdiqlənir.
SSRİ-də HHM-lər üçün silahlar, ZRK-lar yeni modifikasiyaya keçdiyindən, qurğular müasirləşdiyindən həmin atəş mövqelərinə ehtiyac qalmayıb. Bakı-Şamaxı yolunun yaxınlığında, Çilov adasında, Qobustanda, Sumqayıt şəhir yaxınlığında salınan bu ZRK-ların atəş mövqeyi həm də onu deməyə əsas verir ki, bu mövqelər Bakını hava hücumundan qorumaq üçün salınıb və Bakı SSRİ üçün strateji baxımdan çox əhəmiyyətli şəhər olub.
Nəticə:
- Bakı-Şamaxı yolunun yaxınlığında aşkar edilən altıguşəli ulduzu xatırladan ərazinin “David ulduzu”na, mason işarəsinə heç bir aidiyyatı yoxdur;
- Bu ötən əsrin 50-ci illərində SSRİ ərazisində salınmış hava hücumundan müdafiə qüvvələrinin atəş mövqeyidir.