Xəbər verildiyi kimi, bu gün səhər saatlarında Azərbaycan Hava Yollarının (AZAL) J2 8243 Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.


Dəhşətli faciənin baş verdiyi, xalqın hüzn içində olduğu bir vaxtda özünü müxalif təqdim edən kəsim fürsətçiliyindən qalmır, qəzanın səbəblərini dəxli olmayan mövzuya - quru sərhədlərinin bağlı qalması ilə əlaqələndirib, bununla da hadisədən siyasi maraqları üçün istifadə etməyə çalışırlar. Təyyarə qəzasını dar siyasi maraqları naminə şouya çevirənlər sırasında AXCP sədri Əli Kərimli və onun ruporu “Azadlıq” qəzeti, Gültəkin Hacıbəyli, REAL sədri Natiq Cəfərli, Mehman Hüseynov, Tural Sadıqlı və onun “Azad söz” kanalı , ABŞ-yə məxsus “Azadlıq radiosu”, “Hamam Times” və digərləri olublar:

Faktyoxla Lab. qeyd edilən mövzu ilə bağlı bəzi məlumatları araşdırıb.

1) Dünyada yalnız 2024-cü il ərzində baş verən təyyarə qəzalarının statistikasını təqdim edirik:
2 yanvar 2024.  “Airbus A350” təyyarəsi Tokio hava limanına eniş edərkən Yaponiya sahil mühafizə xidmətinin “DHC-8-315 Dash” təyyarəsi ilə toqquşub. Qəza nəticəsində 8 nəfər həlak olub.

10 mart 2024. “LATAM” aviaşirkətinə məxsus “Boeing 787” təyyarəsinin sürətli enməsi nəticəsində 50 nəfər xəsarət alıb.

12 mart 2024. Rusiyanın İvonovo şəhəri yaxınlığında İl-76 təyyarəsi qəzaya uğramış və 15 nəfər həlak olmuşdur. 

21 mart 2024. “Singapore Airlines” avia-şirkətinə məxsus “Boeing 777-321ER” təyyarəsi güclü hava axını (turbulentlik) nəticəsində qəzaya uğramış, bir nəfər həlak olmuş, 104 nəfər yaralanmışdır.

10 iyun 2024. Malavi SQ-nin “Dornier 228” təyyarəsi Çikanqava yaxınlığında qəzaya uğramış və göyərtədə olan bu ölkənin vitse-prezidenti Saulos Çilima və digər 9 sərnişin həlak olmuşlar.

24 iyul 2024. Nepalın “Saurya Airlines” aviaşirkətinə məxsus "Bombardier CRJ-200” təyyarəsinin Katmandu yaxınlığında qəzaya uğraması nəticəsində 19 nəfər sərnişindən 18-i həlak olmuşdur.

9 avqust 2024. Braziliyanın "Voepass Linhas Aéreas” aviaşirkətinə məxsus “ATR 72-212A” təyyarəsi Kaskavel-San-Paulu reysi ilə uçuş həyata keçirərkən qəzaya uğramış və göyərtəsində olan 62 sərnişinin hamısı həlak olmuşdur.

22 dekabr 2024. “Piper PA-42” şəxsi təyyarə Braziliyanın Qramadu turistik şəhəri üzərində qəzaya uğramış, hadisə nəticəsində 10 sərnişin həlak olmuş, 17 şəhər sakini yaralanmışdır.

Göründüyü kimi, təkcə 2024-cü ildə quru sərhədlərinin açıq və ya bağlı olması ilə əlaqəsi olmayan aviaqəzalar baş verib. Təəssüflər olsun ki, dünyanın hər yerində belə qəzalar baş verir, insanlar həlak olurlar.
Bir məqama da diqqət edək. Müxalif kəsimin məntiqindən belə çıxır ki, quru sərhədləri açıq olsaydı qəza baş verməyəcəkdi və yaxud quru sərhədləri bağlı olduğu üçün gündə onlarla belə hadisə baş verməlidir. Halbuki son 4 ildə heç bir qəza baş vermədən 20 minə yaxın uçuş olub.

2. Baş verən son hadisə ilə bağlı bir detala diqqət yetirmək istərdik. Verilən məlumatalara görə, qəzaya uğrayan təyyarənin göyərtəsindəki 62 sərnişindən 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan və 3-ü Qırğızıstan vətəndaşları olublar. Azərbaycan və Rusiya vətəndaşları ilə məsələ bəllidir. Maraqlıdır Qırğızıstan və Qazaxıstan vətəndaşlarına öz vətənlərinə getmək üçün hava yolundan başqa hansı münasib nəqliyyat növü təklif edilə bilər, bu ölkələrin vətəndaşları üçün də quru yollarla səfər etmək?!

3. Məlumdur ki, il ərzində tək təyyarə qəzaları deyil, eyni zamanda, avtobus və minik avtomobilləri ilə də çoxsaylı qəzalar baş verir. Azərbaycanda təkcə 2024-cü ilin yanvar-sentyabr aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında statistikaya nəzər salaq. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr aylarında 1031 yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində 520 nəfər həlak olub, 914-ü yaralanıb. Hadisələrin 41 faizi gündüz, 40,6 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş vermiş, 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir. Yol-nəqliyyat hadisələrinin 86,5 faizi yaşayış məntəqələrində baş vermişdir.

Bu fakt da söylənilən iddiaların əsassızlığını bir daha sübut edir.

Yekunda bir daha belə məqamda insanların emossional hissləri ilə oynayanlarla bağlı təkrar fikir bildirməyi özümüzə borc bilirik. Onlar belə faciəvi bir gündə əsl simalarını göstərir və merkantil siyasi maraqlarını bir daha nümayiş etdirirlər. Əslində bu mövzudan spekulyasiya vasitəsi kimi istifadə edənlər quru sərhədlər açıq olanda da təyyarə reyslərinin həyata keçirildiyini və belə qəzaların baş verdiyini bilirlər. Sadəcə şəxsi və siyasi maraqları üçün faciədən spekulyativ formada, sui-istifadə edirlər. Bu isə ali insani hislərin itirilməsi və mənəviyyat böhranının yaşandığının göstəricisidir.

 

Mövzuya əlavə: Qəza ilə bağlı dövlət başçısının tapşırığı ilə Dövlət Komissiyası yaradıldı, ölkə ərazisində matəm elan olundu. 

Bu gün Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə qərar qəbul edib. Ölkəyə dönən kimi, elə hava limanında dövlət başçısının sədrliyi ilə müşavirə keçirilib, baş vermiş faciə ilə bağlı görüləcək işlərə dair lazımı tapşırıqlar verilib. 

Prezident İlham Əliyev qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün dövlət komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Komissiyası eyni zamanda qəza nəticəsində həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə müvafiq yardım göstərilməsi təmin etməli, qəza nəticəsində həlak olmuş və xəsarət almış xarici ölkə vətəndaşları ilə bağlı məsələləri həll etməlidir. Dövlət Komissiyasına Aktauda baş vermiş qəzanın səbəblərini qısa müddətdə araşdırıb Azərbaycan Prezidentinə məlumat vermələri tapşırılıb.

Prezident İlham Əliyev digər sərəncamı ilə qəza nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Hadisə ilə əlaqədar Qazaxıstana gedən Azərbaycan rəsmiləri hadisə baş verən ərazidə olub və yaralılarınm müalicə aldığı xəstəxanaya baş çəkiblər.