Bu günlərdə iranmeyilli rasthaber.com, welayetnews.com, hurseda.net adlı saytlarda “Mossad”ın keçmiş milli təhlükəsizlik müşaviri Uzi Aradın İsrail mediasına verdiyi müsahibə dərc edilib. 48 illik xidmətində saysız-hesabsız dramatik anlar yaşadığını bildirən Uzi Arad məxfi əməliyyatlar, terror hücumlarının qarşısının alınması, terror hüceyrələrinin üzə çıxarılması, terrorçuların öldürülməsi və düşmən ölkələrlə aparılan danışıqlar haqqında fikir bildirib. Amma maraqlıdır ki, qeyd olunan saytlarda Uzi Aradın müsahibəsinin yalnız Azərbaycanla bağlı olan hissəsi dərc olunub.

Faktyoxla Lab. müsahibəni analiz edib, “Yerusalem Post” qəzetindən Gil Hoffmanın İsraildə milli təhlükəsizlik müşaviri olan yüksək rütbəli “Mossad” rəsmisi Uzi Araddan belə bir müsahibə alıb-almadığını araşdırıb.

Araşdırmalarımız zamanı müəyyən etdik ki, 13 iyun 2022-ci il tarixində İrana yaxınlığı ilə tanınan, Türkiyədən yayımlanan islamianaliz.com saytında Müsəlman Birliyi Hərəkatı adlanan qruplaşmanın rəhbəri Tale Bağırzadə həbsxanada aclıq aksiyasına başlaması ilə bağlı yazı dərc olunub. Bu yazıda Azərbaycanla bağlı saxta ittihamlara, uydurulmuş iddialara yer verilir, Tale Bağırzadə İsrail əleyhdarı və məzlum kimi təqdim olunur. Yazıda həmçinin Azərbaycan polisinin Allahı və İslamın müqəddəs dəyərlərini təhqir etməsi ilə bağlı uydurulan saxta iddia da yer alıb. islamianaliz.com saytındakı həmin məqalədə bu cümlələrdən istifadə edib: “2009-2011-ci illərdə İsrailin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışmış "Mossad"ın yüksək rütbəli rəsmisi Uzi Arad “Yerusəlim Post” qəzetindən Gil Hoffmana müsahibəsində bildirib ki, Azərbaycanın güc strukturlarından birinin bir mərtəbəsi 2008-ci ildən etibarən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqat Bürosunun əməkdaşlarına ayrılıb: “Mossad zabitlərinin MKİ və FTB agentləri ilə birlikdə Azərbaycan Təhlükəsizlik Xidmətinin binasının bir mərtəbəsində yerləşdirilməsi elə bir hadisədir ki, bu, başqa heç bir ölkədə görülməmişdir. Qeyd etməliyəm ki, dediyim hadisələrin heç biri artıq sirr deyil”. 

Bu xəbər yayımlandıqdan təxminən bir il sonra, daha dəqiq, 24 aprel 2023- cü il tarixində welayetnews.com (tarixə diqqət!- red.), hurseda.net kimi İran tərəfdarı saytlar həmin xəbəri təkrar dərc ediblər.

Bundan əlavə, İrana yaxınlığı ilə tanınan azərbaycanlı bloger Rövşən Məmmədli öz tvitində həmin müsahibədən sitat gətirib və bildirib ki, kəşfiyyat eksperti İsrailin Azərbaycanla hərbi kəşfiyyat və təhlükəsizlik sahəsində əlaqələrdən söz açır və hər iki ölkə bu barədə danışıqlar apardığı qeyd olunur. R.Məmmədli Azərbaycanın cənub sərhədlərində və Xəzər dənizi ətrafında birgə əməliyyatlar apardığını iddia edib.

Araşdırmamız zamanı onu da müəyyənləşdirdik ki, belə bir iddia ilk dəfə 2021-ci ilin oktyabrında ortaya atılıb. Müsahibə dərhal erməni və İran saytlarında yayılmağa başlayıb. Lakin nə Gil Hoffmanın tez-tez istifadə etdiyi “X” hesabında, nə də “Yerusalem Post” qəzetinin “X” hesabında belə bir müsahibənin alınması ilə bağlı heç bir məlumata rast gəlinmir. Əksinə, Gil Hoffmanın “Mossad”ın yüksək rütbəli rəsmisi Uzi Aradla belə bir müsahibənin olmaması ilə bağlı yazdığı tviti aşkarladıq.

Həmin tvitin altında ABŞ-da nəşr olunan “California Courier” qəzetinin baş redaktoru Harut Sassounian Gil Hoffmandan belə bir müsahibə verib-vermədiyi barədə sual ünvanlayıb və israilli jurnalistin cavabı “heç vaxt” olub.

Digər tərəfdən, müsahibənin mətbuata çıxmasından bir neçə gün sonra ekspert yayılan məlumatları təkzib edib və haqqin.az saytına verdiyi eksklüziv müsahibədə bunları deyib: “Bu müsahibə tamamilə uydurmadır. Mənim adımdan başqa heç bir həqiqət, fakt yoxdur. Heç bir detal və ya tarix doğru deyil. Başdan sona qədər hər şey yalandır. Bu qədər. Çünki son 20 ildə ölkənizə səfər etməmişəm. Belə olan halda belə bir müsahibə heç vaxt ola bilməz. Gil Hoffman əsl İsrail jurnalistidir. Məndən heç vaxt müsahibə almayıb. Ondan birbaşa soruşa bilərsiniz. O, artıq belə bir müsahibənin dərc olunduğu barədə mənə xəbərdarlıq edib və adının bu xəbərdə hallanmasına görə üzr istəyib”.

Uzi Aradın bu açıqlamasından sonra araşdırmanı başqa rakursdan davam etdirdik. Ekspertlərin fikrincə, müsahibə ilk dəfə gil-hoffman.com adlı portalda 31 oktyabr 2021-ci ildə dərc edilib. Araşdırma nəticəsində dəqiqləşdirdik ki, bu sayt məqalə yayılmamışdan 2 həftə öncə İslandiyada qeydiyyatdan keçib. Gill Hoffmanın geniş fəaliyyətini və işlədiyi qəzetin əhəmiyyətini nəzərə alsaq, belə vacib və sensasiya doğura biləcək müsahibəni iki həftə əvvəl İslandiyada yaradılmış saytda yaymasının məntiqi izahını tapa bilmədik. 

Bu arada bizim.media saytı təxribatın İran dezinformasiya şəbəkəsi ilə bağlantısını aşkar edib. Saytın araşdırmasında bildirilir ki, saxta müsahibə yayımlandıqdan bir neçə saat sonra (1-2 noyabr 2021-ci il tarixlərində) bir sıra kiçik saytlarda ardıcıl şəkildə tirajlanıb. Belə ki, Türkiyədə fəaliyyət göstərən iranyönümlü “Yakın Doğu Haber”, “Medyaturk.info”, “7sabah” kimi informasiya resurslarında həmin saxta sayta- ilk mənbə kimi istinad edilib. 

Adı çəkilən informasiya resurslarından “Yakın Doğu Haber” saytının Türkiyədə İran təbliğatının əsas simalarından biri olan Alptekin Dursunoğlu tərəfindən idarə olunduğu məlumdur. Bu şəxs, Türkiyə ictimaiyyətində əsasən İran meylli xəbərlər paylaşması və Əsəd rejimini dəstəkləyən məqalələri ilə tanınırdı.

Dursunoğlu hətta 2020-ci ilin martında Türkiyə əleyhinə dezinformasiya fəaliyyətləri icra etdiyi üçün qısa müddətli həbs olunub.

“7sabah” saytının adı isə 2018-ci ildə yayımlanan “Global İran Disinformation Operation” adlı hesabatda iranmeylli dezinformasiya kanalı kimi ilk sırada çəkilir. Bu hesabat, İranın beynəxalq ictimaiyyəti yönləndirmək məqsədilə istifadə etdiyi feyk hesablar və internet resursları ilə bağlı məlumatları özündə ehtiva edir.

Saxta müsahibəni yayımlayan Türkiyədə fəaliyyət göstərən iranyönümlü xəbər saytlarının müntəzəm olaraq Ermənistan istiqamətli xəbərlərə yer verməsi də digər maraqlı məqamdır.

2018-cı ildə yayımlanan hesabatda İranın dezinformasiya istiqamətləri arasında fransız dilli xəbər saytlarının yaradılmasına xüsusilə yer verilir. Təsadüfi deyil ki, saxta müsahibə yayımlandıqdan dərhal sonra ikinci və üçüncü səviyyəli fransızdilli informasiya resursları (french.almanar.com.lb, journal.re, lesmoutonsenrages.fr) tərəfindən də kütləvi şəkildə tirajlanıb.

Adı çəkilən saytlardan french.almanar.com.lb-ın əsas xəbər məzmunun İran və terrorçu təşkilat kimi tanınan “Hizbullah”la bağlı olması isə xüsusilə diqqət çəkir. Hətta bu saytda "Hizbullah" və bu təşkilatın fəaliyyətini işıqlandırmaq üçün xüsusi bölmə belə fəaliyyət göstərir. 

Müsahibə adı çəkilən “Əl Manar” televiziyasında da yayımlanıb.

Nəticə:

- Türkiyədə fəaliyyət göstərən iranyönümlü saytlarda dərc olunan müsahibə tamamilə əsassız və saxtadır;

- Saxta müsahibə ilk dəfə 1 noyabr 2021-ci ildə yayılıb, 2022, 2023-cü illərdə təkrar tirajlanıb;  

- Bu saytlar hər dəfə eyni müsahibəni təkrar yayır və bundan Azərbaycana qarşı təzyiq aləti kimi istifadə edirlər;

- Burada məqsəd saxta xəbər yaymaqla Türkiyə və Azərbaycan münasibətlərinə xələl gətirməkdir.