Az müddət öncə İranın “Səhər” kanalının “facebook” səhifəsi və “parstoday” saytı, “ABNA24” və “PressTV” TV-kanallarının rəsmi səhifələri Türkiyə Böyük Millət Məclisinin üzvü Ömer Faruk Gergerlioğlu parlamentdəki çıxışını yayıblar.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, DEM Partiyasından Kocaeli millət vəkili Ömer Faruk Gergerlioğlu parlamentdəki çıxışında "Gəmilərimiz lokator cihazlarını söndürür və sanki İtaliyaya getmək istəyirdilər, lakin biz peyk görüntülərini araşdırdıq. Biz müəyyən etdik ki, "Nissos Delos" və "Seavigor" gəmiləri işğal olunmuş ərazilərdəki Hayfa və Aşdod limanlarına, neft daşıyır”-deyib.
“Parstoday” həmçinin Gergerlioğlunun bundan əvvəlki çıxışlarında da Azərbaycan Respublikasının Türkiyə üzərindən İsrailə neft satdığını sübut edən sənədləri göstərdiyini yazıb. “Türkiyənin bu ticarətdən barelindən 1 dollar 27 sent aldığını deyən Gergerlioğlu, AK Partiya hökumətinin ticarətlərini yalanlarla gizlətməyə çalışdığını bildirib".
Faktyoxla Lab. Ömer Faruk Gergerlioğlunun açıqlamaları ilə bağlı araşdırma aparıb.
Əvvəcə onu qeyd edək ki, Ömer Faruk Gergerlioğlu İrana yaxınlığı ilə bilinən, eyni zamanda islamçı kürdlərin yuvası olaraq tanınan “MazlumDER”-in bir müddət sədri vəzifəsində çalışıb, həmin ərəfədə tez- tez İran KİV-lərinə müsahibələr verib, həmçinin İrana etdiyi səfərlə bağlı yazdığı yazıda İranın dini lideri Əli Xamaneydən “rəhbər” deyə bəhs edib ki, bu da həmin şəxsin hal-hazırda kimin dili ilə danışdığını az- çox ortaya qoyur.
Həmçinin, Gergerlioğıu haqqında danışanda bir məqama da diqqət yetirməliyik: Türkiyə ictimaiyyəti hər zaman "Ömer Faruk Gergerlioğlu niyə qanun hökmündə qərarla həkimlikdən uzaqlaşdırılmışdı?! - sualının cavabını axtarıb. Bunun bir cavabı var: əlbəttə ki, PKK-ya dəstək verən paylaşımlarına görə!
Başqa bir detal: Ömer Faruk Gergerlioğlu bütün paylaşımlarında PKK-lı terrorçuların fotoşəkillərindən istifadə edir, lakin heç bir paylaşımında PKK-nı terror təşkilatı adlandırmır. Millət vəkilinin “T24”-də dərc olunan yazısında PKK terrorçularının fotoşəkillərindən də istifadə edib və Türkiyəyə daha çox ölüm hallarının olacağı ilə bağlı hədə-qorxu gəlib.
Gergerlioğlunun erməni sevgisi
Bu şəxsi tez-tez “Hrant Dink Fondu”nun tədbirlərində iştirakçı olub, “Hrant Dink cinayəti”nin açılmasını tələb edənlərdəndir. Hətta bununla bağlı Türkiyənin keçmiş prezidenti Abdullah Gül ilə görüşdüyünə dair mediada məqalər dərc olunub.
Gergerlioğlu 44 günlük Vətən müharibəsi başlayanda, daha dəqiq desək 28 sentyabr 2020-ci il tarixində İstanbulda Azərbaycana dəstək məqsədi ilə keçirilən yürüşə etiraz olaraq belə bir tvit atmışdı: “Erməni vətəndaşlarımızı bu şəkildə narahat etmək Azərbaycanı dəstəkləmək demək deyil. Siz ancaq təhlükəli təxribatlarda oyuncağa çevrilirsiniz. Münaqişə yox, sülh lazımdır. Qeyd edim ki, bura Kumkapı Erməni Patriarxlığının yerləşdiyi küçədir.”
Bundan başqa, o, müharibənin qızğın vaxtında, Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad etdiyi zamanda “X” hesabından belə bir paylaşım etmişdir: "Azərbaycan-Ermənistan müharibəsində həlak olan azərbaycanlı və erməni iki gənc. Biz HDP olaraq TBMM-də fikrimizi bildirdik ki, bu müharibə bir an əvvəl bitsin, sülh bərqərar olsun. Onlarla insan, uşaq, yeniyetmə və körpə ölüb. Kim məsuliyyətə cəlb olunacaq? Buna dəyərdi?"
Halbuki, 30 il ərzində bir dəfə də olsun Gergerlioğlunun ermənilərin işğalçılıq fəaliyyətini pisləyən bir cümləsinə belə rast gəlinməyib.
17 oktyabr 2020-ci ildə yenə “X” hesabında paylaşdığı bir tvitində bu müharibədə dolayısı ilə Azərbaycanın tərəfində olmadığını Gergerllioğlu belə dilə gətirirdi: "Ermənilərin hücumunu eşidəndə Ermənistanı, azərbaycanlıların hücumunu eşidəndə isə Azərbaycanı lənətləyirəm. BƏSDİR, DAYANIN!!! Əsgərlərin, mülki şəxslərin, qadınların, körpələrin ölümünün heç kimə xeyri yoxdur! Mən bu müharibənin tərəfi deyiləm. Tərəfdə olanlar sülh elan edildikdən sonra ilk növbədə öz tərəflərini xəbərdar etsinlər!"
Azərbaycan 44 günlük müharibədə bir dəfə də olsun mülki obyektlərə hücum etmədiyi halda, DEM partiyasının təmsilçisi iddia edirdi ki, Azərbaycan da mülki vətəndaşlara hücum edib və onu lənətləyir.
Çox maraqlıdır ki, Ömer Faruk Gergerlioğlunun Azərbaycan əleyhinə olan açıqlamaları həmin dövrdə Avropadakı, xüsusən fransız dilli mediada geniş əks-səda doğurmuşdu. Belə ki, mərkəzi Avstriyada yerləşən “MENA Araşdırmalar Mərkəzi” fransız dilində hazırladığı "Türkiyə: Azərbaycan-Ermənistan toqquşmalarından sonra anti-erməni əhval-ruhiyyəsi artır" başlıqlı xəbərdə millət vəkilinin ermənipərəst açıqlamalarına istinad edir, onun rəsmi Ankaranın ölkədəki azsayılı xalqlara qarşı yeni soyqırımlar törədiləcəyi ilə bağlı narahatlığına məqalədə yer verirdilər.
Gergerlioğlunun Azərbaycana hücumlarının səbəbi
Bu şəxs son 4 ayda Azərbaycanın Türkiyə vasitəsi İsrailə ilə neft məhsullarının göndərilməsi ilə bağlı TBMM-də 2 dəfə çıxış edib. Bunlardan birincisi, Azərbaycanda keçirilən Beynəlxalq Müdafiə “ADEX” sərgisindən sonra baş tutub.
11 oktyabr 2024-cü il tarixində isə o, TBMM kürsüsündə çıxış edərkən “Bizim sayəmizdə Azərbaycanın nefti dayanmadan İsrailə axır”-deyərək yenə də Türkiyə cəmiyyətində Azərbaycanla bağlı mənfi fikir yaratmağa cəhd göstərib.
Onu da qeyd edək ki, o, 30 sentyabr 2024-cü ildə “X” hesabında bu mövzuya toxunaraq, “ADEX” sərgisindən çəkilən fotonu da əlavə etməklə tvit atıb və “Baykar” şirkətini Azərbaycanla və dolayısı ilə İsraillə əməkdaşlıqda günahlandırıb:
Bununla da sakitləşməyən Gergerlioğlu öz saytında “TÜRKPA üzvü kimi Azərbaycanın SOCAR şirkəti vasitəsilə İsrailə neft axınını pisləyirəm, qəbul etmirəm. Mənim vicdanım bunu qəbul etmir” ifadələrinin yer aldığı məqalə qələmə alıb. “Artigercek.com”-un xəbərinə görə isə Gergerlioğlu Azərbaycan haqqında “iki millət bir dövlət” dediyiniz” deyə bəhs edir: Azərbaycan İsraillə qədəh qaldırır .. Sərginin sponsoru kimdir, Ərdoğanın kürəkəni..."
Başqa bir tvitində isə “Azərbaycan nefti sionizmi qidalandırır”-deyərək aksiyalar keçirən “Fələstin üçün Min Gənc”, “Müqavimət Çadırı” kimi bütün qrupları təbrik edir, uğurlar arzulayıram. Mən deyirəm ki, vicdan başqa şeydir.” – şəklində Azərbaycana qarşı aksiya keçirən qruplaşmalara dəstək verib.
“Baxın, beynəlxalq hüquqla bağlı son vəziyyəti izah etdim. Biz Bakı-Ceyhan Neft Kəməri ilə bağlı təzminat ödəmirik, bu nəqli dayandıra bilərik.” -deyərək Türkiyə ilə Azərbaycan münasibətlərini öz düşüncəsinə görə korlamağa çalışan Gergerlioğlunun Azərbaycanla bağlı növbəti statusları 29 noyabrda İstanbul Konqres Mərkəzində prezident Rəcəb Tayyib Ərdoğanın “TRT World Forum” tədbirində çıxışı zamanı İsraillə Türkiyə arasında ticarətə etiraz edən 9 etirazçının həbs edilməsindən dərhal sonra başlayıb.
Digər bir tvitində isə Azərbaycandan İsrailə göndərilən neftlə bağlı dəqiq və qənaətbəxş məlumat tələb etdiyini yazır.
Gergerliğlunun Azərbaycan-Türkiyə münasibətlərini korlamağa yönəlmiş məqsədli və qərəzli hücumunun ikinci dalğası ötən ilin dekabrında başlayıb. Bunun da özəl səbəbi var. İzah edirik:
13 dekabr 2024-cü ildə sözügedən millət vəkilinin saytında onun TBMM-də çıxışından bəzi fraqmentlər verilib: "İsraillə ticarətə işarə edən Gergerlioğlu, bir çox gəmi ilə ticarətin davam etdiyini söylədi. Gergerlioğlu çıxışı zamanı “Soyqırımı dayandırın” kimi ingilis dilində şüarlardan da istifadə edib. Gergerlioğlu, İsrailə gedən gəmilərə işarə edərək, “Bax, peyk görüntüləri; Mən peyk şəkillərini tapdım edirəm; SEAVIGOUR, NISSOS DELOS gəmilərinə baxın, hörmətli nazir, baxın, baxın, bu gəmi haradadır? Aşdod və Hayfa limanlarını peyk şəkilləri ilə skan etdik; Gəmləri tapdıq. “Yalanlar bitdi, dostlar, yalanlar bitdi” dedi."
Demək, Gergerlioğlu bu çıxışını TBMM-də 13 dekabr 2024-cü ildə edib. Vaxtı qeyd etməyimizin də səbəbi var.
Əvvəlcə, Gergerlioğlunun qərəzli hücumunun ikinci mərhələsinin səbəbinə toxunaq.
Bu şəxsin iddialarının hansı hadisədən sonra daha da alovlandığını araşdırdığımız zaman mediada belə xəbərə rast gəldik. “Bloomberg”-in məlumatına görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sədr müavini Polad Rüstəmov mediaya İğdır-Naxçıvan arasında qaz kəmərinin tikintisinin 2024-cü ilin dekabr ayına kimi başa çatdırılacağını bildirib.
Belə məlum olur ki, həm “TRT world” forumda baş verənlər, həm də “Bloomberg”- də yayımlanan xəbər əslində Gergerlioğlunun regionda kimin geosiyasi maraqlarından çıxış etdiyinin göstəricisidir.
İndi isə TBMM-də çıxışın tarixini xüsusi qeyd etməyimizə toxunaq.
Artıq qeyd etdik Ömer Faruk Gergerlioğlunun SOCAR-la bağlı çıxışı 13 dekabr 2024-cü ildə baş tutub. Onun bu mövzuda “X” platformasında son paylaşımının isə 17 dekabr 2024-cü ildə paylaşıldığını görürük.
İran mediası isə bu mövzu yalnız 20 yanvar 2025-ci tarixində "yadına düşüb".
Yəni İranın Azərbaycana qarşı qərəzlərinin artdığı bir dönəmdə Ömer Faruk Gergerlioğlunun açıqlamasını yeni açıqlama kimi təqdim etməsinin hamıya məlum səbəbləri var.
Nəticə:
- DEM Partiyasından Kocaeli millət vəkili Ömer Faruk Gergerlioğlu PKK və erməni lobbisinin təşviqatını aparan, Türkiyə və Azərbaycan əleyhinə fəaliyyətilə məşğul olan, Qərbin təlimatları ilə təxribatlara yol verən, İrana xüsusi simpatiyası ilə tanınan şəxsdir;
- Gergerlioğlu Azərbaycanın Ermənistan işğalına qarşı apardığı haqq savaşına qarşı çıxıb, Qarabağdaklı separatçı rejimə silah daşınmasının qarşısını almaq üçün 2023-cü ildə Laçın dəhlizində ekoloqların keçirdiyi aksiya zamanı ermənilərlə birgə Azərbaycan əleyhinə kampaniya aparıb, “Qarabağda ermənilərə 8 ay blokada tətbiq edildiyini, bölgənin ağır humanitar böhran ərəfəsində olduğunu” sübut etməyə çalışan bəyanatla BMT-yə Azərbaycandan şikayət edənlərdəndir;
- Gergerlioğlunun Azərbaycanla bağlı açıqlamaları dekabr ayında yayılsa da, İran mediasının bu açıqlamaları yeni xəbər kimi təqdim etməsi manipulyasiyadır.
Növbəti yazımızda Gergerlioğlunun TBMM-də çıxışı zamanı səsləndirdiyi iddiaların faktyoxlamasını təqdim edəcəyik