Axtarış

Select theme:

Rövşən Ağayevin “ölkədə ən azı 3 milyon nəfər vətəndaş dövlətin tibbi sığortasından məhrum olacaq” fikri yalandır

İqtisadçı Rövşən Ağayev iddia edir ki, 2026-cı ildə hökumət icbari tibbi sığorta sistemində yeni qaydalar tətbiq etməklə 4 milyon nəfəri sığorta xidmətlərindən məhrum edəcək. Sitat: Universal tibbi sığorta modelindən imtina ən azı 4 milyon nəfərə yaxın insanı icbari tibbi sığorta mexanizmindən kənarda qoyacaq. Bura əmək müqaviləsi və mülki-hüquqi xarakterli müqavilələrlə işləməyən, sahibkar kimi qeydiyyatda olmayan əmək qabiliyyətli yaşda (15-65 yaş) əhali, başqa yerdə rəsmi ödənişli olmayan, adına pay torpağı olan, lakin bələdiyyələrdə ailə kəndli təsərrüfatı kimi uçota alınmayan əmək qabiliyyətli yaşda əhali daxildir ki, onların sayı 3 milyon nəfərə yaxındır. Ev işlərini yerinə yetirən, ailə üzvlərinə qulluq edən evdar qadınlar, iş tapmağa ümidini itirdiiy üçün rəsmi kanallarla iş axtarmağı dayandıran və işsiz kimi qeydiyyatdan keçməyən insanlar da bura daxildir ki, onların sayı 1 milyon nəfərə yaxındır. Demək, universal tibbi sığorta modelindən imtina az qala ölkə əhalisinin 40 faizini dövlət hesabına tibbi sığorta almaq imkanından məhrum buraxdı”.

R.Ağayev digər paylaşımında isə bu rəqəmin 3 milyon nəfər olacağını qeyd edir. Belə ki, o, maliyyə naziri Sahil Babayevin “Azərbaycanda əhalinin azı 95 faizinin icbari tibbi sığorta ilə tam əhatə olunacaq” fikrinə qarşı çıxaraq nazirin dediklərini yanlış hesab edir, səsləndirilən rəqəmlərin heç biri gerçəkliyi əks etdirmədiyini vurğulayır.

Xatırladaq ki, nazir Sahil Babayev Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı icbari tibbi sığortada son dəyişikliklərlə bağlı məlumat verərkən Azərbaycanda əhalinin azı 95 faizinin tibbi sığorta ilə tam əhatə olunacağını bildirib. Nazir vurğulayıb ki, növbəti ilin büdcəsində bu məqsəd üçün 900 milyon manat vəsait nəzərdə tutulub və həmin maliyyə vəsaiti təqribən 7,3-7,5 milyon insanın sığorta haqqıdır. Əlavə olaraq təqribən 2 milyon insan muzdlu əmək müqaviləsi ilə çalışır ki, onların da sığortasını əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işçi və işəgötürən qarşılayır. Habelə fərdi sahibkarlarıın da sığortasını onlar qarşılayır. Yəni, əhalinin 95 faizi sığorta zərfilə tam şəkildə əhatə olunacaq. apa

R.Ağayev maliyyə nazirini günahlandıraraq səsləndirilən rəqəmlərin yanlış olduğunu isbat etməyə çalışır. Bildirir ki, ölkəmizdə dövlətin pulsuz tibii sığorta ilə təmin etdiyi əhali kateqoriyası üzrə, yəni pensiyaçılar, əlillər, uşaqlar, işsizlər, ünvanlı müavinət alan vətəndaşlar, sahibkarlıq subyektərinin sayı maliyyə nazirinin qeyd etdiyi rəqəmlərdən xeyli azdır. Həmin insanların cəmi sayı 7,3 milyon nəfərdən aşağıdır və arada 3 milyona yaxın fərq var. Bu baxımdan gələn il ən azı 3 milyon nəfər vətəndaş dövlətin tibbi sığortasından məhrum olacaq.

Faktyoxla bu ittihamın nə dərəcədə əsaslı olub-olmamasını araşdırıb.

Bunu dəqiqləşdirmək üçün Azərbaycanda İcbari tibbi sığorta ilə əhatə edilən əhalinin müxtəlif sosial kateqoriyalar üzrə say nisbətini və toplam sayını aydınlaşdırmaq lazım gəlir.
Məlumat üçün xatırladaq ki, dövlət hesabına icbari tibbi sığorta ilə təmin edilən əhali qrupuna aşağıdakı kateqoriyalar daxildir:

  • Pensiyaçılar və təqaüd alanlar;
  • Əlilliyi olan şəxslər, sosial müavinət alanlar;
  • Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
  • İşsiz kimi rəsmi qeydiyatda olan şəxslər;
  • 18 yaşınadək uşaqlar və yeniyetmələr;
  • 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər;
  • Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar;
  • Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar;
  • Əmək müqaviləsi əsasında dövlət və qeyri-dövlət sektorunda çalışan muzdlu işçilər;
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;
  • Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər.


Habelə hərbi xidmət keçən və mükəlləfiyyəti olan hərbi qulluqçular da dövlətin hesabına bütün növ tibbi xidmətlərdən pulsuz faydalanan sosial kateqoriyaya daxildir.
İndi isə həmin qrupların sayını dəqiqləşdirək.
1 iyul 2025-ci il tarixinə olan məlumata görə, Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 103,3 min pensiyaçı qeydiyyatdadır. Bununla yanaşı, müxtəlif  kateqoriyadan olan şəxslər sosial müavinət alır ki, onlardan yaşa görə (qocalıq təqaüdü) müavinət alanların sayı 166,2 min, əlilliyə görə, 221,2 min, ailə başçısını itirməyə görə 52,1 min, digər müavinət növlərini alanların sayı isə 22,9 min nəfər olub. Eyni zamanda, digər sosial xarakterli aylıq müavinət, kompensasiya və s. sosial ödənişlərlə təmin edilən şəxslərin sayı təxminən 25 min nəfərə bərabərdir. Bura müxtəlif kateqoriyadan olan 403 min nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunmuş şəxsləri də əlavə etsək say böyüyür. istinad
Beləliklə, ayrı-ayrı sosial kateqoriyalar üzrə təqaüd və müavinət alanların toplam sayı (166,2+221,2+52,1+22,9 =462,4) 462 min nəfərdir. Əmək pensiyaçıları ilə birlikdə isə digər sosial qrupların cəmi sayı (1,1 milyon+462=25+403 =1,990) 1 milyon 990 min nəfər təşkil edir.
Tibbi sığortadan davamlı şəkildə, yəni daimi və müddətsiz olaraq pulsuz istifadə edən digər sosial qrup aztəminatlı ailələr, yəni ünvanlı sosial yardım alanlardır.
2025-ci il iyulun 1-nə olan məlumata görə, 80,3 min aztəminatlı ailənin 353,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıbdır. stat.gov.az
İcbari tibbi sığorta paketində dövlət təminatı altında olan digər bir qrup isə işsiz kimi qeydə alınmış şəxslərdir. 2025-ci il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 237 min nəfər olub.


Ölkəmizdə 18 yaşınadək uşaqlar və yeniyetmələrin sayı isə təxminən 2,6 milyon nəfərdir.
İcbari tibbi sığortadan pulsuz faydalanan kateqoriyalardan biri də 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslərdir.
2023/2024-cü tədris ilinə əsasən, ölkəmizdə fəaliyyət göstərən 59 orta ixtisas təhsili müəssisəsində 65,6 min tələbə təhsil alır. Bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən dövlət və qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də elmi təşkilatda və tibb müəssisələrində təhsil alanların sayı isə 231,4 min nəfər olub.
Peşə təhsili müəssisələrində oxuyan tələbələrin sayı isə təxminən 25 min nəfərdir.
Beləliklə, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrində əyani təhsil alan tələbələrin cəmi sayı 320 min nəfərdən çoxdur.
Tibbi xidmətdən dövlət təminatı üzrə birbaşa istifadə edən qruplardan biri də hərbi mükəlləfiyyətdə olan hərbi qulluqçulardır. Hazırda Silahlı Qüvvələrdə xidmət edən hərbçilərin sayı təxminən 250 min nəfərdən çoxdur.  

Bundan başqa, ölkəmizdə 10 min nəfər bələdiyyə orqanı əməkdaşı, ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə və doğuşdan sonrakı 42 gün müddətində qadınları da nəzərə alsaq tibbi sığortadan ən azı 50 min nəfər pulsuz faydalanan insan qeydə alınmış olur.

Digər bir kateqoriya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir.

Dövlət Vergi Xidmətinin məlumatına görə, 2025-ci il noyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,8 faiz artaraq 845,4 min, aktiv ƏDV ödəyicilərinin sayı 9,0 faiz artaraq 57,6 min olub. Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 5,7 faiz artıb və 229,8 min təşkil edib. Yəni sahibkarlıq subyektlərinin toplam sayı 1 milyon 132 min nəfərdən çoxdur. taxes.gov.az

Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirənlər, kəndli-ailə təsərrüfatında çalışanların sayı ölkə üzrə təxminən 500 min nəfərə bərabərdir. Vergi orqanında qeydə alınan kənd təsərrüfatı sahəsində çalışan vətəndaşlar vergi hesabatı verdiyi halda onlar məşğulluqdankənar işçi hesab edilmir. Yəni bu qrupun üzvlərinin də icbari tibbi sığortadan yararlanmaq hüquqları vardır. vergiler.az
Beləliklə, maliyyə naziri Sahil Babayevin qeyd etdiyi yuxarıda adları çəkilən kateqoriyalar üzrə dövlət tərəfindən icbari tibbi sığorta ilə təmin olunacaq insanların sayı təqribən 7,5 milyon nəfər edir.
Bura təxminən 2 milyon nəfərə yaxın əmək müqaviləsi əsasında dövlət və qeyri-dövlət sektorunda çalışan muzdlu işçilərin sayını da əlavə etsək rəqəm daha da böyüyür. Belə ki, 2025-ci il noyabrın 1-nə Azərbaycanda əmək müqavilələrinin sayı 1 milyon 884 min 656 olub. report
Göründüyü kimi muzdlu əmək müqaviləsi ilə çalışan, sığortası əmək müqaviləsinin şərtlərinin uyğun olaraq işçi və işəgötürən tərəfindən qarşılanan şəxslərlə birlikdə əhalinin sayı 9 milyon nəfəri ötür və ölkə əhalisinin 90-95 faizi tibbi sığorta ilə tam şəkildə əhatə olunacaq.

Yekun:

-Maliyyə naziri Sahil Babayevin dedikləri doğrudur, ölkədə dövlətin maliyyəsi hesabına icbari tibbi sığorta sistemindən faydalanacaq vətəndaşların sayı 9 milyon nəfərdən çox olacaq;
-Tibbi sığortadan yalnız qeyri-formal əmək bazarının iştirakçıları və “kölgə iqtisadiyyatı”nın təsiri altında olan şəxslər kənarda qalacaq ki, onların da sayı 1 milyon nəfərdən də azdır;
-Rövşən Ağayevin universal tibbi sığorta modelindən ən azı 4 milyon nəfərə yaxın insanın və yaxud ölkə əhalisinin 40 faizinin kənarda qalacağı barədə yanaşması kökündən səhvdir və rəsmi fakt və rəqəmləri danmaqdır;
-Onun “ölkədə ən azı 3 milyon nəfər vətəndaş dövlətin tibbi sığortasından məhrum olacaq” fikri də səhvdir, gerçək rəqəmləri təhrif etmək cəhdidir.  

Oxşar məqalələr: