Bir neçə gündür ki, dünyanın əksər media orqanlarında Albaniyanın süni intellekt nazirinin korrupsiya əməllərinə görə həbs olunması ilə bağlı xəbərlər yayılır.



Faktyoxla bu mövzuda araşdırma aparıb.
Araşdırma zamanı məlum olub ki, Xorvatiyadan idarə olunan bir saytın Şərqi Avropadakı korrupsiya problemini lağa qoymaq üçün təqdim etdiyi iddianı əksər dünya, xüsusən də Azərbaycan və Türkiyə mediaları həqiqət kimi təqdim ediblər.

Bəlli olub ki, bəzi KİV-lərin həqiqətən olubmuş kimi təqdim etdiyi "dünyanın ilk süni intellekt naziri Diellanın rüşvət alması və buna görə də offlayn rejimə keçirilməsi" ilə bağlı xəbər Xorvatiyanın satira və parodiya saytı olan "newsbar.hr" adlı portalın uydurmasıdır.

Bu hadisə ilə bağlı “Criptopolitan” nəşri də məqalə dərc edib və bildirib ki, əslində Albaniyanın süni intellekt nazirinin bitkoin rüşvətinə görə həbsi ilə bağlı saxta xəbər yayan parodiya nəşri bu ölkənin süni intellekt vasitəsi ilə korrupsiyaya qarşı mübarizə cəhdlərini lağa qoyub.

Xəbərin ironiya məqsədi ilə hazırlanması məqalənin sonuncu cümləsindən də anlaşılır: "Diellanın əməlləri ilə bağlı araşdırmalar davam edir və onun vəzifələri "texnoloji cəhətdən aşağı, lakin mənəvi cəhətdən daha sabit" köhnə "Casio" markalı kalkulyator tərəfindən yerinə yetiriləcək".
Bundan başqa, Xorvatiya nəşri Albaniya rəqəmsallaşdırma nazirliyinin “Baş etika mühəndisi” kimi təqdim olunan Lulzim Başanın dilindən iddia edib ki, o, (yəni, Diella-red.) bu kripto-valyutaları ƏDV ödəmək üçün istifadə edəcəkmiş.
Halbuki, Lulzim Başa Albaniya Demokrat Partiyasının sədridir, əvvəllər ölkənin İctimai fəaliyyət və telekommunikasiya, xarici və daxili işlər naziri, həmçinin Tirana şəhərinin meri olub.

Nəticə:
-Dünyanın ilk süni intellekt nazirinin kripto-valyuta ilə rüşvət alması ilə bağlı xəbərlər saxtadır;
-Bu xəbər vasitəsilə Xorvatiyanın satira və parodiya saytı olan newsbar.hr Albaniyanın süni intellekt vasitəsi ilə korrupsiyaya qarşı mübarizə cəhdlərini lağa qoyub;
-Materialda istifadə edilən bütün adlar və rəqəmlər tamamilə uydurma və ironiyadan ibarətdir.