Axtarış

Select theme:

“Həssas təbliğat” nədir?

Təbliğat- tarix boyu güclü bir inandırma vasitəsi olub və hələ də aktuallığını saxlayır. Əvvəllər iqtidarlar ictimaiyyətə tək bir mesajla müraciət edir, küçələrə plakatlar asılır və radiolar eyni ritorikanı təkrarlayırdı. Lakin bu gün təbliğat çox fərqli bir formada davam etdirilir, indi artıq hər kəs müraciətləri fərqli bir mesaj kimi qəbul edir.

Bu yeni konsepsiya "həssas təbliğat" adlanır və Süni İntellekt texnologiyaları sayəsində hər bir fərd üçün xüsusi olaraq hazırlanıb.

Yəni həssas təbliğat, süni intellekt vasitələrindən istifadə edərək müəyyən qruplar və ya fərdlər üçün xüsusi olaraq hazırlanmış manipulyativ mesajların hazırlanması və yayılması təcrübəsi kimi qeyd edilir.

Ənənəvi təbliğatdan həssas təbliğata

XX əsrin təbliğat kampaniyaları əsasən geniş auditoriyaya vahid mesajlar göndərməyə əsaslanırdı. Radio yayımı eyni vaxtda milyonlarla insana çatdırılacaq, bir afişa eyni görüntünü hər kəsə təqdim edəcəkdi. Hitlerin mikrofonlar qarşısındakı dəliliyi, Stalinin qırmızı rəngli afişalardakı əzəmətli bığları hər kəsə tanış idi.

Lakin rəqəmsal dövr, bu reallığı, tərsinə çevirdi.

Sosial media platformaları və Böyük Verilənlər Analitikası siyasi aktorlara hər bir fərdin “rəqəmsal iz”ini izləmək imkanı verib.  İnsanların hansı məzmunu bəyəndikləri, hansı vaxtlarda onlayn olduqları və hansı mövzulara həssas olduqları artıq ölçülə bilən məlumatlardır. Süni intellekt bu məlumatları hər bir şəxs üçün fərdiləşdirilmiş mesajlar yaratmaq üçün yenidən dizayn edir. Nəticə? Yan-yana oturan iki seçici eyni namizədi dəstəkləmək üçün tamamilə fərqli səbəblər eşidə bilər. Biri miqrantlar əleyhinə mesaj ala bilər, digəri isə ətraf mühit siyasətindən dolayı səs verməyə razı salınar.

Real dünyadan nümunələr:

2024-cü ildə Hindistan seçkilərində siyasi liderlərin əslində heç vaxt danışmadıqları dillərdə danışmaları üçün “deepfake” dediyimiz saxta videolardan istifadə edilib. Fərdiləşdirilmiş mesajları müxtəlif etnik qruplara öz ana dillərində çatdırmaq üçün Süni İntellekt texnologiyaları tətbiq olunub. Təxminən 5800 WhatsApp qrupunda 15 milyondan çox insan bu manipulyativ məzmuna baxıb.

2024-cü il prezident seçkilərindən əvvəl ABŞ-də aparılan bir təcrübə Süni İntellektin seçici davranışını dəyişdirmək gücünü konkret şəkildə nümayiş etdirib. Belə ki, 2000-dən çox seçici Donald Tramp və ya Kamala Harrisin lehinə proqramlaşdırılmış çatbotlarla bir neçə dəqiqə boyunca danışıb. Nəticələr təəccüblü olub: Trampı dəstəkləyən botla danışan hər 35 nəfərdən biri, Harris tərəfdarı botla danışan hər 21 nəfərdən biri öz fikrini dəyişib. Bir ay sonra aparılan təkrar eksperimentlər göstərib ki, bu təsirin böyük hissəsi daimi idi.

“Həssas təbliğat” niyə təhlükəlidir?

“Həssas təbliğat” ənənəvi təbliğatdan daha təhlükəlidir, çünki görünməzdir. Hər kəs fərqli mesajı gördüyünə görə ictimai müzakirələr parçalanır. İnsanlara "eyni hadisəni" yox, onun müxtəlif versiyalarını alqoritmik şəkildə təqdim edirlər.

Bu məqam həm də “reallığı ortaq qavramaq” anlayışı məhv etməklə sosial qütbləşməni daha da dərinləşdirir.

Tədqiqatlar həmçinin göstərir ki, fərdiləşdirilmiş dezinformasiya ümumi təbliğat mesajlarından daha təsirlidir. Hədəfli kampaniyalar istifadəçilərin 34%-nə təsir göstərə bilir ki, bu da ənənəvi reklam metodları ilə müqayisədə 10 dəfə daha çoxdur.

Özümüzü necə qoruya bilərik?

“Həssas təbliğat”a qarşı fərdi və ictimai səviyyələrdə görülə bilən tədbirlər var.

İlk addım maarifləndirmədir: Qarşılaşdığımız hər hansı bir siyasi məzmunun niyə bu şəkildə hazırlandığını soruşmaq lazımdır. "Bu mesaj niyə məhz mənə yönəlib?" sualı manipulyasiyanı tanımaqda ilk addım ola bilər.

Mütəxəssislər "sıfır etibar" yanaşmasını tövsiyə edirlər. Bu, onlayn məzmunun birbaşa doğru olduğunu düşünməmək və daim təsdiqlənmiş məlumatlar axtarmaq deməkdir. Xüsusilə seçki dövrlərində viral məzmunu paylaşmazdan əvvəl birdən çox etibarlı mənbədən dəqiqliyi yoxlamaq olduqca vacibdir.

Tənzimləyici orqanlar və texnologiya şirkətləri də bu prosesdə məsuliyyətli olmalıdırlar. Avropa Birliyinin "Süni İntellekt Qanunu" mikrohədəfləmə və manipulyativ texnologiyaları məhdudlaşdırmağı hədəfləyir. "Ümumi Məlumatların Mühafizəsi Qaydası" (GDPR) kimi qaydalar şəxsi məlumatların siyasi məqsədlər üçün istifadəsini məhdudlaşdırmağa çalışır. Lakin bu qanunların tətbiqi və icrası hələ də kifayət deyil.

Media savadlılığı təhsili “həssas təbliğat”a qarşı ən fundamental müdafiə mexanizmlərindən biridir. Xüsusilə gənclərə alqoritmik məzmun tövsiyələrinin necə işlədiyi, şəxsi məlumatların necə toplandığı və siyasi manipulyasiya üçün necə istifadə edilə biləcəyi öyrədilməlidir.

Ali Osman Arabacı, teyit.org 

Oxşar məqalələr: