Axtarış

Select theme:

İran-Ermənistan münasibətləri erməni araşdırmaçının gözü ilə

“Mərkəzi Asiya-Qafqaz İnstitutu”nun saytında Mədəniyyət və Sivilizasiya Araşdırmaları Mərkəzinin elmi işçisi və Yerevan Dövlət Universitetinin müəllimi Anna Gevorkyanın “Qeyri-müəyyənliyin kəsişməsi: İranın regional zəiflikləri və Ermənistanın təhlükəsizlik çağırışları” adlı məqaləsi dərc olunub.

Həmin məqalədən Azərbaycan oxucusu, ictimaiyyəti üçün vacib olan məqamları təqdim edirik. 

Müəllif yazır ki, Ermənistanın xarici siyasəti və müdafiə arxitekturası əsasən 2020-ci ildə “ikinci Qarabağ müharibəsi”ndən (dırnaq bizimdir-red.) sonra regional oyunçuların rollarının və potensialının transformasiyası ilə formalaşıb. Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar tətbiq edilən sanksiyalar səbəbindən zəifləməsi, Türkiyənin regionda artan rolu, İranın təhlükəsizlik və iqtisadi böhran səbəbindən artan narahatlıqları regionda hadisələrin inkişafının müəyyən edən əsas amilə çevrilib. Qlobal müstəvidə ABŞ-nin regiona marağının artması Ermənistanın gələcəyinin mühüm xüsusiyyətinə çevrilib.

 A.Gevorkyan Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) son illərdə keçirdiyi sorğulara istinad edərək yazır ki, ermənilər qonşu İranı Fransa, ABŞ və Hindistanla birlikdə ölkələrinin əsas müttəfiqi hesab edirlər: 53% İranı Ermənistanın əsas siyasi tərəfdaşı, 49% isə 2025-ci ildə əsas təhlükəsizlik tərəfdaşı adlandırır. “Bu isə 2020-ci il Qarabağ müharibəsindən sonra Rusiya-Ermənistan təhlükəsizlik əlaqələrinin zəifləməsi fonunda İranın əhəmiyyətinin kəskin artmasını əks etdirir. Ermənistanda çoxları Aİ və ABŞ ilə birlikdə İranı 2020-ci il Qarabağ müharibəsindən sonra “Zəngəzur dəhlizi” (müəllif “Sünik” adlandırır-red.) ilə bağlı Azərbaycanın təhdidlərinə qarşı əsas çəkindirici vasitə kimi görürdülər. Bu mövqe Tehranın xəbərdarlıqları və 2025-ci ilin aprelində ilk dəfə keçirilən birgə Ermənistan-İran hərbi təlimləri ilə gücləndirilmişdir”-deyə yazan müəllif maraqlı sualla oxucularına müraciət edir: “2025-ci ilin yanvarında Ermənistan və ABŞ strateji tərəfdaşlıq razılaşmasını və ABŞ prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda Ermənistanla Azərbaycan arasında Sülh Bəyannaməsinin paraflandığını nəzərə alsaq, bu hadisələr Ermənistanın qondarma “Qərbə meyl” ilə necə uzlaşa bilər?”

A.Gevrokyan yazır ki, 2020-ci ildə Qarabağ müharibəsindən sonra və xüsusən də 2022-ci ilin sentyabrında sərhəddə baş verən hadisələrdən (müəllif “Ermənistan ərazisinə hücum” kimi qələmə verib-red.) sonra bir çox analitiklər İranın regional siyasətini və onun Ermənistan üçün təsirlərini müzakirə etməyə başladılar. “İran ümumilikdə Cənubi Qafqazda balansı siyasətini davam etdirsə də, Ermənistanla tez-tez qarşılıqlı səfərlər həyata keçirsə də, vaxtaşırı Ermənistanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayan bəyanatlar versə də, İranla Azərbaycan arasında “informasiya müharibəsi” aparsa da, İran Ermənistanla münasibətlərinin möhkəmlənməsində maraqlıdır”.

Erməni müəllif hesab edir ki, müharibə Ermənistan və Rusiya [Narek Sukiasyan, “Armenia’s Pivot Away from Russia: Strategic Ambitions Versus Practical Constraints.” Russian Analytical Digest 322 (2024): 10-15.], həmçinin rəsmi üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yarım-hərbi təşkilatlarla mürəkkəb münasibətlərə görə Ermənistanda əhəmiyyətli təhlükəsizlik boşluğu yaradıb. Bu boşluq, digər ölkələrin alternativ təhlükəsizlik təminatlarının olmaması səbəbilə Ermənistanı qeyri-müəyyən vəziyyətə saldı. Aİ bu boşluğu aradan qaldırmaq üçün bir neçə addım atsa da (Ermənistan sərhədlərinə Aİ mülki missiyasının yerləşdirilməsi, missiyanın mandatının uzadılması qərarı və Aİ üzvü olmayan Kanadanın missiyaya daxil edilməsi) yekunda vəziyyət dəyişməz, yəni qeyri-kafi olaraq qaldı. İran və Fransa Ermənistanın Sünik bölgəsində müvafiq olaraq QafanGorus şəhərlərində konsulluq açaraq Ermənistana dəstək səylərini davam etdirdilər. Lakin Qərbin bu cəhdləri səmərəsiz oldu və ermənilər Qarabağı tərk etdilər.

“Ermənistanın nöqteyi-nəzərindən bu tədbirlərin Azərbaycan üçün təsirsiz ötüşməsi bu ölkədə Qərbə inamı sarsıtdı. Bu vəziyyət Ermənistanın strateji tərəfdaşlıq əlaqələrinin yenidən qiymətləndirilməsini və regionda sabitliyin bir daha pozulmaması daha etibarlı təhlükəsizlik mexanizmlərinin təcili axtarışını zəruri etdi” -deyə, erməni müəllif qeyd edir.

“İranın regionda maraqları” yarımbaşlığı ilə təqdim olunan hissədə müəllif Sovet İttifaqı dağılandan sonra İranın Cənubi Qafqaz siyasətinə toxunur və qeyd edir ki, bu siyasət Rusiya və Türkiyə ilə münasibətlərdən asılı olub. İqtisadi əməkdaşlıq və rəqabət, eləcə də enerji məsələləri son on ildə hər üç ölkə arasında münasibətlərin əsas hərəkətverici qüvvəsi olub. Bu regional rəqiblər davamlı qarşılıqlı inamsızlığı qoruyub saxlamaqla, rəqabət aparan maraqları idarə etmək üçün ikitərəfli dialoqdan, iqtisadi əməkdaşlıqdan və enerji əlaqələrindən istifadə ediblər. [Stephen J. Flanagan, “The Turkey–Russia–Iran Nexus: Eurasian Power Dynamics,” The Washington Quarterly 36, no 1 (2013): 163-178]

Beləliklə, İran və Ermənistan, eləcə də İran və Azərbaycan arasındakı münasibətləri bu üç regional güc arasındakı münasibətdən ayırmaq və bir-birindən təcrid olunmuş şəkildə nəzərdən keçirmək olmaz [Abdollah Baei Lashaki, Masoumeh Rad Goudarzi, and Davood Amraei, “The Roots of Tension in South Caucasus: The Case of Iran-Azerbaijan Relationship”, Journal of Politics and Law 6, no. 4 (2013) 141].

İranın Cənubi Qafqaz regionunda milli təhlükəsizlik maraqlarına həmişə öz ərazi bütövlüyünü qorumaq, eləcə də ümumilikdə “ərazi bütövlüyü prinsipi”ni gözləmək [Mahmood Sariolghalam, Iran in Search of Itself, Current History 107, no. 713 (2008): 425-431.], regionda sərhədlərin dəyişməzliyini təmin etmək və İran daxilində hər hansı separatçı hərəkatların inkişafının qarşısını almaq kimi mühüm məqsədlər daxil olub.

“Ərazi bütövlüyü prinsipi”nə toxunan müəllif dərhal İranın Qarabağ məsələsi ilə bağlı rəsmi mövqeyinə də toxunur və İran üçün ərazi bütövlüyünün qorunub saxlanılmasının vacibliyini və münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayır. O, əlavə edir ki, İran özünün regional maraqlarını təmin etmək üçün Qərb və Türkiyənin təsirinə qarşı balanslaşdırıcı amil kimi Rusiyanın rolunu tanıyaraq ekstraterritorial güclərin (ABŞ, İsrail və NATO kimi) mövcudluğunu məhdudlaşdırmağa çalışıb. Müəllif belə düşünür ki, bu baxımdan Azərbaycanın İsraillə, eləcə də Türkiyə ilə münasibətlərinin dərinləşməsi və Türkiyənin hərbi-siyasi məqsədlərinə çatmaq üçün regional münaqişələrdə proksi-qüvvələrdən istifadə etməsi (hansı proksi-qüvvələrdən söhbət getdiyini müəllif qeyd etmir-red.) İran üçün təhlükəsizlik problemi yaradıb.[ Kira Rauschenbakh, “The Nagorno-Karabakh Conflict Challenges Iran.”, Critical Threats, October 7,]

Məqalədə deyilir: “İkinci Qarabağ müharibəsindən sonra İranın Cənubi Qafqaza yanaşması onun əsas milli təhlükəsizlik prioritetlərini əks etdirir: ərazi bütövlüyünü qorumaq, sərhəd dəyişikliklərinin qarşısını almaq, regiondankənar müdaxiləni məhdudlaşdırmaq və Türkiyənin rolunu balanslaşdırmaq. [Hamidreza Azizi, and Daria Isachenko. Turkey-Iran rivalry in the changing geopolitics of the South Caucasus. No. 49/2023. SWP Comment, 2023.] Bundan əlavə, xristian Ermənistanla yüksək münasibətlər [Julien Zarifian, “Christian Armenia, Islamic Iran: Two (Not so) Strange Companions Geopolitical Stakes and Significance of a Special Relationship.” A 12, no. 1 (2008): 123–51. jstor.org] İran üçün beynəlxalq miqyasda ölkə haqqında mənfi təsəvvürlərin azalmasında mühüm amilə çevrilib”.

A.Gevorkyan bu hissəni belə izah edib. Onun qənaətinə görə, Tehran, “3+3” çərçivəsi kimi çoxtərəfli formatlara qoşularaq, Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət sazişi imzalayaraq, özünün tarixi təsirini vurğulayan güclü mədəni və dini əlaqələri qoruyub saxlamaqla regional güc rolunu artırmağa çalışır. “Bu üst-üstə düşən maraqlar o deməkdir ki, İranın Zəngəzur dəhlizindən imtina etməsi və Türkiyə ekspansionizminə, o cümlədən Suriya və Azərbaycandakı fəaliyyətinə qarşı çıxması birbaşa Ermənistanın təhlükəsizlik ehtiyacları ilə üst-üstə düşür”.

Bu baxımdan İranın sərhəd dəyişikliyinə qarşı bəyanatları Ermənistan nöqteyi-nəzərdən sabitlik və təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir və bu fakt hələki dəyişməz olaraq qalır.

A.Gevorkyan məqalənin bu hissəsində çox maraqlı məqamlara toxunur. Həmin hissəni olduğu kimi təqdim edirik: “Bu son impuls (İranın sərhəd dəyişikliyinə qarşı bəyanatları-red.) Ermənistan-İran əməkdaşlığının daha uzun tarixinə əsaslanır və burada strateji infrastruktur layihələri böhran dövründə dəfələrlə Ermənistan üçün əhəmiyyətli rol oynamışdır. Ermənistan-İran iqtisadi əlaqələrinin formalaşmasında mühüm məqamlardan biri Birinci Qarabağ müharibəsi zamanı “Mehri körpüsü”nün tikintisi olmuşdur. 1996-cı ildə tamamlanan bu layihə, Türkiyə və Azərbaycan tərəfindən Ermənistana tətbiq edilən embarqonun (?-red.) nəticələrinin öhdəsindən gəlməyə kömək etmək üçün nəzərdə tutulmuş ilk böyük birgə layihə idi. Həmin dövrün digər təşəbbüsü 1988-ci ildə baş vermiş zəlzələdən sonra Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının ikinci blokunun fəaliyyətini dayandırması ilə bağlı xüsusi əhəmiyyət kəsb edən ilk İran-Ermənistan elektrik ötürücü xəttinin yaradılması idi. O zaman Azərbaycanla münaqişə və Türkiyə sərhədinin bağlanması səbəbindən Ermənistan blokada vəziyyətində idi. Vəziyyət Gürcüstanda qeyri-sabitlik - vətəndaş müharibəsi və Abxaziya və Cənubi Osetiyadakı toqquşmalar, Ermənistanı Rusiya ilə birləşdirən Transqafqaz dəmir yolunu bağlanmışdı. Bundan əlavə, Gürcüstandakı etnik azərbaycanlı qruplar Sovetlər dövründə Ermənistanı Rusiya yanacağı ilə təmin edən kəməri sıradan çıxarmışdılar. Bu kontekstdə Ermənistanın İranla sərhədi onun dünyaya yeganə etibarlı çıxış nöqtəsi kimi ortaya çıxdı və cənubdakı yolu həyati əhəmiyyətli “həyat yoluna” çevirdi.

Ermənistan və İran arasında iqtisadi əməkdaşlıq 1992-ci ildə birgə investisiya və biznes əlaqələrini inkişaf etdirmək üçün 18 dəfə toplaşan Hökumətlərarası Komissiyanın yaradılmasından sonra fasiləsiz genişlənib. Araz çayı körpüsü, elektrik ötürücü xətləri, külək elektrik stansiyaları və “Elektrik enerjisi üçün qaz” barter sazişi kimi əsas layihələr ikitərəfli tərəfdaşlıq üçün real zəmin yaratmışdır. İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri zamanı Şimal-Cənub və Fars körfəzi-Qara dəniz tranzit dəhlizlərinin əhəmiyyəti vurğulanıb və ölkələr Mehri-Nordüz sərhəd-keçid məntəqəsində ikinci körpünün tikintisi, mövcud körpünün təkmilləşdirilməsi, terminalların tənzimlənməsi və yük maşınlarının tariflərinin tənzimlənməsi barədə razılığa gəliblər. Ticarət həcmi əhəmiyyətli artım nümayiş etdirir və 2020-ci ildəki 401 milyon dollar, 2022-ci ildə 710 milyon dollar, nəhayət  2025-ci ildə 1,0 milyard dollar həddinə yaxınlaşıb. Bundan əlavə, Yerevanda keçirilən Biznes Forum zamanı İran prezidenti Pezeşkian bəyan edib ki, “ikitərəfli ticarət dövriyyəsinin həcmini 3 milyard dollara çatdırmaq tamamilə mümkündür”.

Müəllif bildirir ki, İran və Avrasiya İqtisadi Birliyi arasında 2023-cü ildə ticarət edilən malların 87%-nə rüsumları ləğv edən azad ticarət sazişinin imzalanmasının bu mübadilələrə daha da təkan verəcəyi gözlənilir.

Enerji və infrastruktur sektorları əməkdaşlığın əsas istiqamətləri olaraq qalır. Enerji baxımından Rusiyadan çox asılı olan Ermənistan üçün İran yeganə real alternativdir. 2009-cu ildən Ermənistan elektrik enerjisi ixracı müqabilində İrandan təbii qaz idxal edir. Bu müqavilə bir müddət əvvəl 2030-cu ilə qədər uzadılıb, baxmayaraq ki, Rusiyanın tranzit boru kəmərinə nəzarəti ilə bağlı qeyri-müəyyənlik qalır.

Lakin müəllif onu da xatırladır ki, İrana qarşı sanksiyalar faktiki olaraq bütün birgə layihələri təhlükə altına qoyub.

“Bu arada, Ermənistanın “Sülh kəsişməsi” təşəbbüsü və Fars körfəzi-Qara dəniz dəhlizi kimi nəqliyyat və infrastruktur layihələrinin əlçatanlığı təhlükəsizlik baxımından nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. İran bu cür təşəbbüsləri alqışlayır və onları Hindistanı Avropa ilə birləşdirən Şimal-Cənub dəhlizinə dair öz vizyonu ilə əlaqələndirir. Sünikdəki əsas Mehri magistralının təkmilləşdirilməsi üçün İran şirkətlərinə 215 milyon dollarlıq müqavilənin verilməsi kimi konkret addımlar bu ambisiyaların praktiki ölçüsünü vurğulayır.

“Birlikdə götürdükdə, bu hadisələr göstərir ki, Ermənistan və İran arasında iqtisadi əlaqələr təkcə kommersiya deyil, həm də regional tarazlıq və dayanıqlıq üçün strateji əhəmiyyətlidir”-, deyə qeyd edən müəllif əlavə edir ki, 2022-ci ilin sentyabrında sərhəddə baş verən hadisələr zamanı İranın mövqeyi Ermənistan və İranın təhlükəsizlik maraqlarının üst-üstə düşdüyü və mövqelərinin Qərb dövlətlərinin mövqeləri ilə uzlaşdığı daha bir mühüm məqam oldu.

Məqalədə 10 noyabr üçtərəfli saziş və Zəngəzur koridoru məsələsinə toxunan A.Gevorkyan çəkinmədən bildirir ki, Zəngəzur dəhlizi məsələsində İranın mövqeyi Ermənistanın mövqeyi ilə üst-üstə düşür: 

“Tehran dəfələrlə Ermənistanla birbaşa sərhədini kəsəcək istənilən plana qarşı çıxıb və ekstraterritorial dəhliz ideyasını özünün “qırmızı xətt”i adlandırıb. Qərbin suverenliyə önəm verməsi ilə İranın Ermənistan-İran sərhədini qoruması arasındakı bu yaxınlaşma İrəvanı nisbətən əlverişli mövqeyə çıxardır. Bu o demək idi ki, iki çox fərqli aktor qrupu - Qərb hökumətləri və İran - Bakı və Ankaranın irəli sürdüyü dəhliz ssenarisinin qarşısını almaqda əsas marağı bölüşürlər”. 

Məüllif yazır ki, bu razılaşmalar Ermənistana diplomatik gediş etmək üçün unikal müstəvi verib. O, həm Qərbin, həm də İranın mövqelərindən istifadə edərək öz suverenliyini qorumaq, daha da gərginləşməsinin qarşısını almaq və Ermənistandan yan keçmək əvəzinə onu inteqrasiya edən regional nəqliyyat əlçatanlığı layihələrini həyata keçirə bilər. Məhz bu kontekstdə 2025-ci ilin yanvarında Ermənistan ABŞ ilə strateji tərəfdaşlıq xartiyası imzaladı, əlaqələrin gücləndirdi və ABŞ ilə potensial əməkdaşlıq sahələrini genişləndirdi. Eyni zamanda, İran, ABŞ və Ermənistan arasında hər hansı əməkdaşlığın onun təhlükəsizliyinə və maraqlarına təhlükə yaratmayacağına dair təminat aldı.

Bu iki ölkə arasında qarşılıqlı etimad olmasaydı, sonrakı aylarda keçirilən birgə hərbi təlimlər də mümkün olmazdı. Bu etimad “12 günlük müharibə” zamanı da sınaqdan keçirilib: Ermənistan İsrailin İranın nüvə obyektlərinə zərbələrini pisləyib və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Məhz bu kontekstdə İranın regionda baş verən hər hansı inkişafa reaksiyası Ermənistan üçün həm iqtisadi, həm siyasi, həm də ortaq sərhədlə bağlı strateji təhlükəsizlik məsələlərində tərəfdaşlıq kontekstində vacibdir.

Müəllif məqalədə “12 günlük müharibə”yə və 8 avqust Vaşinqton görüşünə, o cümlədən “Tramp yolu”na toxunub.

O, bildirir ki, 8 avqust razılaşmasına qədər ABŞ-nin Ermənistan ərazisindən keçən tranzit marşrut barədə təklifləri haqda müəyyən diskusiyalar olmuşdur. Amma Karnegi Fondunun eksperti Olesya Vardanyan Ermənistanla ABŞ arasında tranzit dəhlizinə dair sazişlə bağlı danışıqların təfərrüatlarını əks etdirən məqalə dərc etdikdən sonra ABŞ-nin Türkiyədəki səfiri razılaşma haqda bəzi detalları açıqlamış, Ermənistan və beynəlxalq mətbuat bu ehtimalı müzakirə etməyə başlamışlar. 

Erməni müəllif açıq yazır ki, İranın Ağ Evdəki hadisəyə reaksiyası ikiüzlü olub. Bir tərəfdən, bəyannamənin imzalanmasına az qalmış Əli Əkbər Vilayətinin regionda bu “üçüncü şəxslərin iştirakı” ilə bağlı sərt tənqidi yazısı dərc edilib.

O, İranın “Zəngəzur dəhlizi”nə və Ermənistanla İran arasında sərhəddə hər hansı dəyişikliyə qarşı olduğunu bir daha bəyan edib və üçüncü tərəfin təhlükəsizlik qüvvələrinin mövcudluğundan narahatlığını bildirib. Halbuki, marşrutla bağlı bəyannamənin bəndində bütün kommunikasiyaların “dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmətə əsaslanacağı” açıq şəkildə göstərilir.

A.Gevorkyan Bəyannamənin dərcindən sonra Tehranın rəsmi cavabı ilk olaraq Xarici İşlər Nazirliyinin press-relizində səsləndirilməsini qeyd edir və bildirir ki, İran Ermənistan və Azərbaycan arasında sülhün bərqərar edilməsi səylərini alqışlayıb, amma ABŞ-nin regionda mümkün mövcudluğundan narahatlığını ifadə edib. Bu arada, bəyannamənin imzalanmasından sonrakı günlərdə baş nazir Paşinyan və prezident Pezeşkian, eləcə də xarici işlər nazirləri Ararat Mirzoyan və Abbas Araqçi arasında telefon danışığı olub. Bu söhbətlərdən sonra, xüsusən də Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın Tehrana səfərindən sonra İran prezidenti Pezeşkian və xarici işlər naziri Əraqçi bir sıra bəyanatlar verərək bildiriblər ki, bəyannamədə İran “qırmızı xətləri”nə toxunulmayıb, üçüncü tərəfin (xüsusən də silahlı tərəf) mövcudluğu yoxdur. Erməni tərəfi isə İranı arxayın edib ki, imzalanan bəyannamədə İran və Ermənistan arasındakı ortaq sərhədə zərər verə biləcək hər hansı müddəa yoxdur.

Müəllif İran prezidentinin 18-19 avqust 2025-ci ildə İrəvana səfəri haqda fikirlərini yazıb. Yazıda qeyd olunur ki, prezident Pezeşkianın Ermənistana səfəri zamanı “iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istəyi” haqqında 10 anlaşma memorandumu və birgə bəyannamə imzalanıb. Birgə mətbuat konfransı zamanı liderlər beynəlxalq sərhədlərin qorunub saxlanılmasının xüsusi əhəmiyyətini və kommunikasiya üçün yeni imkanlarını qeyd ediblər. “Bu səfər İranın Sünik tranzit marşrutu və ABŞ-nin iştirakı ilə bağlı qalan hər hansı narahatlığını aradan qaldırmaq, həmçinin yeni şərtlər fonunda yaranan əməkdaşlıq imkanlarının təfərrüatlarını müzakirə etmək üçün mühüm fürsət oldu”.

Ermənistan və İran liderləri beynəlxalq sərhədlərinin toxunulmazlığı və nəqliyyat kommunikasiyaları sahəsində yeni imkanların qorunmasının vacibliyini vurğulayıblar.

Məqalənin yekun hissəsində müəllif qeyd edir ki, Ermənistan İrana təhlükəsizlik qarantı kimi baxa bilməz, lakin o, Qərb tərəfdaşları ilə qarşılıqlı əməkdaşlığı davam etdirərək, Azərbaycan və Türkiyə münasibətlərini tarazlaşdırmaq İran maraqlarından strateji istifadə edə bilər. Uzunmüddətli perspektivdə Ermənistanın dayanıqlılığı təkcə onun öhdəliklərindən asılı olmayacaq.

“Ermənistanın uzunmüddətli sabitliyi təkcə Qərbin öhdəliklərindən deyil, həm də İranın qarşıdurma və əməkdaşlıq, qətiyyət və praqmatizm arasında hansı yolu seçməsindən asılı olacaq. Güclər arasında tarazlıq siyasətini mənimsəyən İrəvan üçün İran nə qarant, nə müşahidəçi olacaq, Cənubi Qafqazda dəyişən qüvvələr balansını dəyişən həlledici rolu oynayacaq.

İranın regional müttəfiqliyini itirməsi, ABŞ ilə münasibətlərini dəyişməyin mümkünlüyü və daxildə yenidənqurma ehtimalı ilə xarakterizə olunan strateji qeyri-müəyyənliyi Ermənistanın təhlükəsizlik məsələləri ilə sıx bağlı olaraq qalır.

Tehranın “TRIPP”-ə balanslı reaksiyası göstərir ki, onun Cənubi Qafqazdakı siyasəti ideologiyadan daha çox ehtiyatlılıq və praqmatizm üzərində qurulur. Yerevan üçün bu o deməkdir ki, İran “TRIPP” ilə yanaşı Şimal-Cənub Tərəfdaşlığı kimi layihələri dəstəkləyə bilər və Ermənistanın əsl “sülh kəsişməsi”nin mərkəzi olmaq istəklərini gücləndirə bilər.

Əksinə, İsrail və İran arasında, xüsusən də ABŞ-nin iştirakı ilə yenidən qarşıdurma bu riskləri daha da gücləndirə və münaqişənin uzanacağı təqdirdə İran daxilində separatçı əhval-ruhiyyəni gücləndirə, potensial olaraq Azərbaycanın geosiyasi rolunu artıra və İrəvan üçün əlavə təhlükələr yarada bilər. Belə qeyri-sabitlik Bakının Zəngəzurdan (Sünikdən) keçən tranzit dəhlizinə dair tələblərini hələ “TRIPP” tamamlanmamışdan daha da gücləndirəcək”.

Oxşar məqalələr: