Axtarış

Select theme:

Süni intellekt çirkliliyi- “AI slop” nədir?

ABŞ-nin tanınmış lüğət nəşriyyatı olan “Merriam-Webster” 2025-ci üçün “ilin sözü” olaraq "slop"u seçdi. Hərfi tərcümədə "mayenin iyrənc səsi" mənasını verən "slop" sözü son zamanlarda "Süni İntellekt vasitəsilə çox sayda yaradılan aşağı keyfiyyətli rəqəmsal məzmun" mənasını da verir.  

Ümumiyyətlə, illər, on illər, yüz illər keçdikcə “slop” qədər mənasını dəyişən ikinci bir söz tapmaq çətindir. Belə ki, "slop" sözü ilk dəfə 1700-cü illərdə "yumşaq palçıq", 1800-cü illərdə "qida qırıntıları", daha sonra "tullantı" və "çox aşağı dəyərli” (və ya dəyərsiz) mənasını verən sözləri əvəzləyib. 2025-ci ildən isə rəqəmsal platformalarda rast gəlinən absurd videolar, uyğunsuz reklam vizualları, ucuz təbliğat materialları və ya saxta xəbərləri ehtiva edən məzmunu təsvir etmək üçün istifadə olunmağa başlanıldı.

Süni İntellekt tərəfindən yaradılan və sosial mediada yayılan “danışan pişik” videosu sayaq məzmun bu rəqəmsal çirklənmənin bir hissəsinə çevrildi.

Bu tip məzmunun yayılması "AI slop" adlı yeni bir rəqəmsal terminin ortaya çıxmasına yol açdı. Konsepsiyanın ilk istifadə tarixi 2022-ci ilə təsadüf etsə də, termin 2024-cü ildə ABŞ-də yerləşən “X” sosial media platformasında "@deepfates" adlı bir istifadəçinin paylaşımı ilə daha geniş auditoriyaya yayıldı. Bu dəfə "AI slop" "istənilməyən, AI tərəfindən yaradılan məzmun" kimi müəyyən edildi.

"YouTube”-un tövsiyə etdiyi videoların əhəmiyyətli bir hissəsi “AI slop”dur

“The Guardian”-ın məlumatına görə, ABŞ-də yerləşən video-montaj şirkəti “Kapwing” “YouTube”-da ən populyar kanalları araşdırıb. Tədqiqatda dünyanın hər bir ölkəsindən ən çox izlənilən 100 kanal da daxil olmaqla, ümumilikdə 15.000 kanal təhlil edilib. Təhlil nəticəsində 278 kanalın tamamilə "Süni İntellekt" tərəfindən yaradılan aşağı keyfiyyətli məzmundan ibarət olduğu və "Süni İntellekt" kimi müəyyən edildiyi aşkar edilib.

Tədqiqat həmçinin “YouTube” alqoritminin bu məzmuna üstünlük verdiyini göstərib. Müvafiq olaraq, yeni istifadəçilərə tövsiyə edilən videoların 20%-dən çoxu "Süni İntellekt" məzmunundan ibarətdir. Bu kanalların 63 milyarddan çox baxış sayı, 221 milyon abunəçi topladığı və illik təxminən 117 milyon dollar gəlir əldə etdiyi təxmin edilir.

Tədqiqat həmçinin yeni yaradılan “YouTube” hesablarına tövsiyə edilən ilk 500 videodan 104-nün "Süni İntellekt" olduğunu aşkar edib. Təklif olunan videoların təxminən üçdə birinin "beyni çürüdən" aşağı keyfiyyətli, o cümlədən Süni İntellekt tərəfindən yaradılan məzmundan ibarət olduğu vurğulanıb.

Mənbə: AA Teyit Hattı

Oxşar məqalələr: