Axtarış

Select theme:

ABŞ təyyarələrinin Azərbaycana istiqamətlənməsi haqda növbəti saxta məlumat

Alptekin Dursunoğlu adlı “X” istifadəçisi “ali.ABk(@bk_hanasa)” adlı istifadəçinin yaydığı "ABŞ xüsusi təyinatlı qüvvələrinə məxsus təyyarə İran sərhədi yaxınlığındakı Azərbaycan bölgəsinə doğru hərəkət edir" məzmunlu “tvit”i təkrar paylaşıb.

Faktyoxla bu məlumatı araşdırıb.

Əvvəlcə onu bildirək ki, orijinal tvitdə təyyarənin son təyinat yeri ilə bağlı məlumat qeyri-dəqiqdir. Bəllidir ki, xüsusi təyinatlı qüvvələrin əməliyyatları üçün xarakterik olan rəsmi missiyaların mənşə məlumatları adətən açıqlanmır. Bu, sosial mediada yayılan məlumatların, hətta real uçuş izləmə məlumatlarına əsaslansa belə, necə qeyri-dəqiq ola biləcəyinə dair yaxşı bir nümunədir.

Paylaşımda Türkiyə, Gürcüstan, Azərbaycan, İran və digər qonşu ərazilər daxil olmaqla bir bölgə üzərində birdən çox təyyarənin (mavi və sarı nişanlarla işarələnmiş) əks olunmuş xəritə göstərilir. Sol yuxarı küncdə hərbi təyyarənin detalları qeyd edilib.

Həmin detallara diqqət edək:

Çağırış işarəsi: GSLJ (hərbçilər tərəfindən şəxsiyyəti müəyyən etmək üçün istifadə olunur)

Operator: ABŞ Hərbi Hava Qüvvələri

Məlumat mənbəyi: “flightradar24”

Reysin təfərrüatları:

  • Mənbə (OTP): Buxarest (Buxarest, Rumıniya)
  • Hara: N/A. Təyinat yeri naməlumdur (N/A) - hərbi uçuşlar, xüsusən də xüsusi əməliyyatlar üçün tipikdir. Bir daha təkrar edirik ki, bu saytda təyinat yeri çox vaxt təhlükəsizlik səbəbləri ilə bağlı gizli saxlanılır.
  • Təyyarə növü: Fotoşəkildə dörd mühərrikli turbovintli xüsusi əməliyyat təyyarəsi olan MC-130J göstərilir. “Lockheed Martin MC-130J C...” (tam görünmür, amma “MC-130J Combat Shadow II” olduğunu bilirik). “MC-130J Combat Shadow II” (qeydiyyat nömrəsi 16-5839) gizli missiyalar, havada yanacaq doldurma və xüsusi təyinatlı qüvvələrin daşınması üçün istifadə edilən ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) xüsusi əməliyyat təyyarəsidir.
  • Qeydiyyat nömrəsi: 16-5839
  • Təzyiq hündürlüyü: 19.000 fut (təxminən 5800 metr)

Bu təyyarənin növü, sürət və hündürlük məlum olduğu üçün təyyarənin enə biləcəyi məkanı müəyyən etməyə çalışaq.

“MC-130J”-nin aerodinamik xüsusiyyətləri:

Təyyarənin Sürəti: ~350 mil/saat (560 km/saat)

Maksimum uçuş məsafəsi: ~2700-3300 mil (4700-5300 km) (yanacaq doldurmadan)

19000 fut yüksəklikdə yanacaq sərfiyyatı: Bu tip təyyarələr üçün optimaldır.

Yanacaqla tam dolu çənlə uçuş müddəti: 6-8 Saat

Mümkün təyinat yerinin hesablanması:

19.000 fut yüksəklikdə təyyarə “kruiz” rejimindədir (bu, orta mənzilli turbovintli təyyarələr üçün yanacaq qənaəti üçün optimal hündürlükdür).

Buxarestdən şərqə maksimal məsafənin qəthi (qismən yanacaq doldurma və ya ehtiyat yanacaq nəzərə alınmaqla) təxminən 3000-4000 km ola bilər

Enə biləcəyi mümkün hava limanları:

  1. Tbilisi, Gürcüstan (~1700 km), uçuş müddəti: ~3 saat
  2. Bakı, Azərbaycan (~1900 km), uçuş müddəti: ~3.75 saat
  3. İrəvan, Ermənistan (~1600 km) uçuş müddəti: ~2.5-3 saat
  4. Ankara/İncirlik, Türkiyə (~1200 km) (Çox yaxındır, ehtimalı azdır)

Ehtimal olunan eniş nöqtəsi: Tbilisi

  • Buxarest-Tbilisi uçuş məsafəsi: ~1700 km
  • 19000 fut yüksəklikdə bu tip təyyarə üçün 2.5-3 saatlıq uçuş müddəti hesablanır.
  • Bu, “MC-130J”-nin maksimum uçuş məsafəsinin təxminən 1/3 hissəsidir ki, bu da 5800 metr hündürlükdə uçan təyyarənin enməsi üçün ən optimal məsafədir.

Qeyd edək ki, “ali.ABk(@bk_hanasa)” paylaşımında “Grok”-un faktyoxlaması da eyni cavabı verib:

İndi bu paylaşımı, təxribatçı-dezinformasiya ilə təkrar yayan Alptekin Dursunoğlu haqda qısa məlumat verək.

“YDH” (“Yakın doğu haber”) xəbər portalının baş redaktoru olan Alptekin Dursunoğlu Türkiyədə İrana yaxınlığı tanınan jurnalistlərdəndir. Onun baş redaktoru olduğu portal İrana yaxınlığı ilə bilinən və ictimai-siyasi nəşrlər edən "Ön söz yayımcılık" adlı nəşriyyatın rəsmi saytıdır. A.Dursunoğlu İrana yaxınlığına görə seçilən digər mətbu orqan olan "Salam" qəzetində də jurnalist kimi fəaliyyət göstərib. Həmin qəzetdə onunla bərabər Nurettin Şirin, Receb Karagöz, Mehmet Göktaş kimi şəxslər çalışıblar. Nurettin Şirin və Receb Karagözün adı oxucularımıza Azərbaycan əleyhinə yazdıqları yazılardan yaxşı tanışdır.  

O, “X” hesabında vaxtaşırı Azərbaycan haqqında qərəzli informasiyalar paylaşır, “Yakın Doğu Haber” portalında dezinformasiyalar yayır. Məsələn, biz onu Türkiyədə bir ara olduqca aktual olan İsraildə təhlükəsizlik mütəxəssisi olan Uzi Aradla saxta müsahibəsinin (belə bir müsahibə götürülməyib-red.) yayılmasını xatırlayırıq.

İranyönümlü saytlar isə mövcud olmayan, uydurma müsahibəni Alptekin Dursunoğlunun saytından götürüb paylaşmışdılar.

Bu şəxs, 2023-cü ildə iddia edirdi ki, guya Gəncə şəhərində Fələstinə dəstək olmaq məqsədilə aksiya keçirilib və aksiyada 74 nəfər həbs edilib.  Gəncədə belə bir aksiya və bu sayda şəxsin həbsi faktı təbii ki, saxtadır

Alptekin Dursunoğlu 44 günlük Vətən müharibəsi dövründə erməni təbliğat maşının paylaşdığı dezinformasiya tipli məlumatların mütəmadi yayılması ilə də xatırlanır. Məsələn, o, 1 noyabr 2020-ci il tarixində “X” hesabında “Ermənistan Müdafiə Nazirliyi: bu gün səhər Qarabağ müharibəsində yeni bir Suriyalı terrorist həbs olunub" məzmunlu tvit paylaşıb. 2020-ci ilin oktyabrında o, “Suriya İnsan Hüquqları Müşahidə Mərkəzi”nin yazdığı dezinformasiyanı da yayan şəxsdir. Bundan başqa Həmin günlərdə Ermənistan Baş nazirinin səsləndirdiyi “Türkiyənin Qarabağ üçün göndərdiyi terrorçuların cəsədləri və çəkdikləri videolar əlimizdədir", sayaq açıqlamanı sosial mediada tirajlayanlardan biri də Alptekin Dursunoğlu olub.  

Bölgədə baş verən bütün hərəkətləri, tədbirləri İrana təhdid kimi qəbul edən bu şəxsin fəaliyyəti əslində Türkiyə ictimaiyyətini də bezdirib. Dursunoğlu davamlı paylaşdığı Bəşər Əsədin və İranın fəaliyyətini dəstəkləyən tvitləri əsas alınaraq 2020-ci ilin mart ayında saxlanılıb.

Sonda bir məqamı da qeyd edək ki, Alptekin Dursunoğlunun qızı İkbal Zeynep Dursunoğlu İrana yaxınlığı ilə bilinən, Azərbaycana qarşı keçirilən aksiyalarda aktiv iştirak edən “Direniş Çadırı”nın əsas leytmotivi sayılan “Özgür Yazarlar Birliyi”nin üzvüdür və Boğaziçi Universitetinin məzunudur. İndi isə ABŞ-nin Boston Universitetində “Səfəvi və Moğal arxitekturası” ilə bağlı elmi iş üzərində çalışır.

Nəticə:

- İranın teleqram kanallarından gündəlik informasiyalar paylaşan, İrandakı erməni kilsəsi haqqında xüsusi şövqlə danışan  Dursunoğlu üçün ABŞ hərbi təyyarələrinin Azərbaycana istiqamətlənməsi haqda yayılan yalanı təkrar paylaşması adi haldır;

- A.Dursunoğlunun yaydığı “ABŞ xüsusi təyinatlı qüvvələrinə məxsus təyyarə İran sərhədi yaxınlığındakı Azərbaycan bölgəsinə doğru hərəkət edir” məzmunlu paylaşımı tamamilə saxtadır, dezinformasiya xarakterlidir;

 

Oxşar məqalələr: