Sosial mediada Azərbaycanda uzunsaçlı körpənin doğulması ilə bağlı videolar yayılıb. Video qısa müddətdə müxtəlif ölkələrdə viral olub və sosial mediada müzakirə obyektinə çevrilib.
Faktyoxla bu videonun həqiqi olub-olmadığını araşdırıb.
Maraqlıdır ki, xəbər eyni vaxtda bir neçə ölkədə yayılıb, yəni körpənin artıq qazax, braziliyalı və Azərbaycanlı olduğu iddia edilib.


Bu əfsanə konkret bir ölkə ilə əlaqəli olmasa da, internetin ingilis, ərəb, türk və slovak seqmentlərində də yayılıb. Ümumilikdə “Rapunzel körpəsi” xəbərinə yüz milyonlarla insan baxıb. İzləyicilər o qədər inandırılıb ki, əksəriyyəti bunu "Tanrının möcüzəsi" adlandırıb, “valeh olduqlarını” deyiblər.
Viral olan bu videonun Süni İntellektlə hazırlandığı ehtimal edilir.
Qazax faktyoxlayıcıları Qazaxıstan seqmentində yayılan bu videonun ilkin versiyasını tapıblar. Onların qənaətinə görə, “KTK” telekanalının reportajı kimi təqdim olunan videoya orijinal mənbədə təxminən 8,8 milyon baxış olub.
Qazax həmkarlar qeyd edirlər ki, həmin əfsanənin Qazaxıstan versiyasında həqiqilik illüziyası yaratmaq məqəsilə mövzu ilə əlaqəsi olmayan fotoşəkillər daxil edilib. Bundan əlavə “KTK”-nın reportajında aparıcının səsləndirdiyi mətn ilə dodaq hərəkətlərinin üst-üstə düşmədiyini də görmək mümkündür. Yəni adi “audio deepfake”. Videonun orijinalı isə kanalın 10 dekabr 2025-ci il tarixli yayımından götürülüb. Kadrlarda xəbər aparıcısı Svetlana Bulatova polisin Türküstan vilayətində zibil qutusunda ölü tapılan yeni doğulmuş körpənin anasını axtardığı haqda məlumat verir.
Saxta videonun ilk mənbəyinin Braziliyanın "ousincero" “Instagram” hesabı olduğu ehtimal edilir. Qeyri-adi uzunsaçlı uşaq haqqında ilk paylaşım bu kanalda 2 dekabr 2025-ci ildə yayılıb və 1 həftə ərzində 17 milyon baxış toplayıb.

Bir müddət sonra bu məlumat “Lupa” və “Boatos” agentliklərinin braziliyalı faktyoxlayıcıları tərəfindən təkzib edilib. “Lupa”nın əməkdaşlarının sözlərinə görə, yeni doğulan körpə ilə bağlı xəbərlər “WhatsApp”-da geniş yayılıb (ehtimal edilir ki, ilkin dəfə burada yayılıb). Videonu yoxlamaq üçün “Lupa” faktyoxlayıcıları Süni İntellekt tərəfindən yaradılan məzmunu (AI or Not, Hive, Sight Engine) aşkar edən bir neçə alətdən istifadə ediblər və onların hamısı əminliklə videonun saxta olduğunu bildiriblər.

Azərbaycanla əlaqələndirilən görüntülərə gəlincə, video üzərinə əlavə edilmiş səs yazısının ərəb dilində olduğu aydın eşidilir.
Bundan başqa, dekabr ayı ərzində Azərbaycan mediasında "uzunsaçlı körpənin doğulması" ilə bağlı hər hansı bir xəbərə rast gəlinmir.
Tərəfimizdən "thehive.ai", "AI or not", "sight engine" Süni İntellekt müəyyənləşdirmə alətləri ilə aparılan analizdə braziliyalı və qazax faktyoxlayıcıların haqlı olduğu təsdiqləndi: video Süni İntellektlə hazırlanıb. Belə ki, "The Hive AI" bu videonun 99%, "Sight engine" saytı 84% süni intellektlə hazırlandığını doğrulayıb.

Bundan əlavə qeyd edək ki, uzunsaçlı körpənin doğulması ilə bağlı məlumatlar ənənəvi və tanınmış mediada deyil, əsasən ani mesaj tətbiqləri və sosial media vasitəsi ilə yayılır. Süni İntellek məhsullarını ayırd etməyin yollarından biri də budur.
Əlavə edək ki, faktyoxlayıcılar mövzu ilə bağlı iki pediatrla məsləhətləşiblər və onlar bildiriblər ki, yeni doğulan körpələrin bu qədər uzun saçlara sahib olması bioloji cəhətdən qeyri-mümkündür. Yeni doğulan körpənin saçının uzunluğu maksimum 5 sm-ə çata bilər, bundan artıq olması mümkün deyil.
Yekunda bildirək ki, “uzunsaçlı yeni doğulmuş körpə” trendə çevriləndən sonra bu cür körpələri əks etdirən çoxlu sayda digər videolar yayılmaqdadır.

Məsələn, ingilisdilli “TikTok” seqmentində yayılan eyni məzmunlu iki video birlikdə təxminən 75 milyon baxış toplayıb.


Nəticə:
- Azərbaycanda doğulduğu iddia edilən uzunsaçlı körpənin videoları saxtadır;
- Faktyoxla missiyaları bu videonun Süni İntellekt vasitəsi ilə hazırlandığını bildiriblər;
- Oxşar videolar daha əvvəl sosial mediada Braziliya və Qazaxıstanda baş veribmiş kimi təqdim edilib.