Bu günlərdə Türkiyənin “DEM Partiyası”ndan Kocaeli millət vəkili Ömer Faruk Gergerlioğlu təkrarən Gültəkin Hacıbəyli ilə bağlı çıxış edib. Bu haqda xaricdən idarə olunan “MeydanTV” məlumat yayıb. Məlumatda bildirilir ki, Gültəkin Hacıbəylinin deport edilməməsi üçün çağırış edən Gergerlioğlu “sadəcə rəsmi Bakı istəyir deyə keçmiş millət vəkilini təhvil vermək olmaz” deyib. “Hacıbəyli özü də Türkiyə hakimiyyətinə müraciət edərək, qanunsuz qərar qəbul edilməməsini istəyib”.

Faktyoxla Ömer Faruk Gergerlioğlunun Gültekin Hacıbəylini müdafiə etməsinin səbəbləri ilə bağlı versiyaları nəzərdən keçirib.
Əvvəlcə, onu qeyd edək ki, Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldıqdan sonra onun ən böyük dəstəkçilərindən biri məhz Ömer Faruk Gergerlioğlu olub. Belə ki, artıq Azərbaycanla bağlı mənfi imic yaratmaq məsələsində püxtələşən “DEM Partiyası”ndan millət vəkili Ömer Faruk Gergerlioğlu özünün “X” və “Facebook” səhifələrində G.Hacıbəyli ilə bağlı dəfələrlə statuslar paylaşıb. Onun statuslarının ümumiləşdirsək davamlı olaraq bu tezisi yaydığının şahidi olarıq: “Azərbaycanlı müxalif siyasətçi Gültəkin Hacıbəyli İstanbulda saxlanılıb. 10 il boyunca AŞPA-da Azərbaycanı təmsil edən millət vəkilini müxalif olduğuna görə və qanunazidd şəkildə Türkiyədən deportasiya edə bilməzsiniz!”.
Ömer Faruk Gergerlioğlu həmin statusuna Türkiyə Respublikasının Daxili İşlər Nazirliyini və Miqrasiya Xidmətini “təq” etmiş, həmin statusdan bir gün sonra Gergerlioğlu G.Hacıbəylinin İstanbulda saxlanılıb “G-82” kodu (“Milli təhlükəsizlik baxımından təhlükəli görünən xarici vətəndaşlara giriş yasağı”) ilə deportasiya olunması ilə bağlı məsələni Türkiyə Böyük Millət Məclisində səsləndirib.


Bəs, maraqlıdır, Gültəkin Hacıbəylini müdafiə edən qaragüruhla Ömer Faruk Gergerlioğlunun nə əlaqəsi var?!…
Bəlli olur ki, bu ilin may ayının 10–da “DEM Partiyası”nın sədr müavini və “Xalqlar və İnanclar Komissiyası”nın həmsədri Yüksel Mutlunun, Kocaeli millət vəkili Ömər Faruk Gergerlioğlunun, “Partiya Şurası və Xalqlar və İnanclar Komissiyası”nın üzvləri Zeyno Bayramoğlu və Metin Kılıçın “KAFFED”-i (Qafqaz Xalqları Dərnəkləri Federasiyası) ziyarət edərək federasiyanın rəhbərləri ilə birgə “sülh prosesi” ilə bağlı fikir mübadiləsi aparıblar. Bu barədə “KAFFED”–in sosial media hesabında geniş məlumat və fotolar yer alıb.

Qeyd edək ki, “KAFFED” Türkiyədə seperatçı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması istiqamətində aktiv fəaliyyət göstərir, tanınmamış “Abxaziya Respublikası”nı və “Cənubi Osetiya Respublikası”nın rəhbərliklərini hər il “müstəqillik günü” münasibətilə təbrik edir, təbrik mesajları göndərir.

Müşahidələr göstərir ki, Ömer Faruk Gergerlioğlu da davamlı olaraq bu quruma daxil olan dərnəklərin işində yaxından iştirak edib, tədbirlərində fəallıq göstərir. Belə ki, hələ 2017-ci ildə “çərkəzlərin” (Şimali Qafqaz xalqları- red.) Türkiyəyə köçürülməsinin 153-cü ildönümü ilə bağlı Kelamet Çiğdem Türkün moderatorluğu ilə keçirilən tədbirdə Ömer Faruk Gergerlioğlu da çıxışçılar arasında olub.

Kelamet Çiğdem Türkün kimliyini araşdırdığımız zaman, bu şəxsin də tanınmamış “Abxaziya Respublikası” ilə yaxın əlaqələrinin olduğunu müəyyənləşdirdik. Belə ki, o, hələ 2013-cü ildə “jineps.com” saytı üçün tanınmamış “Abxaziya Respublikası”nın mədəniyyət naziri Badra Qumbadan müsahibə almışdı.

Bu şəxsin Gergerlioğlu ilə olan yaxın əlaqələrinin digər sübutu kimi onun “X” hesabında Gergerlioğluna tez-tez dəstək mesajları verməsini göstərmək olar. Belə ki, o, Gergerlioğlunu "mübariz insan" adlandırır, onun FETÖ- nün mətbu orqanı olan "Zaman" qəzetində yazdığı yazısını xüsusi şövqlə paylaşır.


Araşdırmalarımız zamanı digər maraqlı bir məqama daha rast gəldik. Belə ki, bu ilin may ayında “DEM Partiya”sı İdarə heyətinin “Qafqaz Dərnəkləri Federasiyası”nı ziyarət etməmişdən bir neçə həftə öncə, Federasiyanın sədri Ünal Uluçayın başçılığı ilə xüsusi nümayəndə heyəti Rusiyanın Türkiyədəki səfirliyində səfir Aleksey Erxov ilə görüşüb. Görüşdə "Rossotrudniçestvo" qurumunun Türkiyə nümayəndəliyinin (“Ankara Rus Evi”) rəhbəri Aleksandr Sotniçenko da iştirak edib. Görüş zamanı Türkiyədəki “Çərkəz diasporu” ilə onların tarixi vətəni arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər, o cümlədən “KAFFED” rəhbərliyinin Şimali Qafqaz respublikalarına gözlənilən səfəri müzakirə olunub.

Həmçinin, bu ilin 22 avqust tarixində, “KAFFED” Qafqaz xalqlarının hüquqları ilə bağlı Türkiyə Böyük Millət Məclisinə təkliflər hazırlamamışdan öncə, yenə Ankarada "Rus Evi"nin rəhbəri Aleksandr Sotnıçenko Adıgey Respublikasının Adıgey Xasenin (Çərkəz Parlamenti) sədri Ramazan Tlemeşok ilə görüşüblər. Tərəflər mədəniyyət və təhsil sahələrində əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Görüşdə həmçinin, Türkiyə “Qafqaz Dərnəkləri Federasiyası”nın vitse-prezidenti Şeneser Tokmak və Rusiyanın Türkiyədəki səfirliyinin birinci katibi Evelina Yemuzova da iştirak ediblər.

Həmin təkliflər paketində Şimali Qafqaz respublikaları ilə münasibətlərin gücləndirilməsi, Qafqaz xalqlarının vətənləri (yəni Rusiya ilə) ilə əlaqələrini qanuni şəkildə qurmaq üçün bu ölkə ilə ikili vətəndaşlıq müqaviləsinin imzalanması kimi təkliflər qeyd olunmuşdu. Lakin bundan daha təxribatçı təklif isə separatçı Abxaziya və Cənubi Osetiya “respublikaları”nın suveren dövlətlər kimi tanınması təklifi olub.

Ömer Faruk Gergerlioğlu da mövzunu dəstəklədiyini özünün “X” hesabında xüsusilə vurğulayıb: "Qafqaz xalqlarının tələbləri vacib tələblərdir. Biz bu tələbləri vacib hesab edirik. Biz onları xalqların qardaşlığı üçün çox vacib hesab edirik. “DEM partiyası” və mən “Çərkəz icması” ilə, QHT-lərlə daim əlaqə saxlayırıq və xalqların qardaşlığını təmin etmək üçün çalışırıq. Qoy onların yolları açıq olsun; bu çətin günlərdə onların yanındayıq."
Göründüyü kimi:
- Ömer Faruk Gergerlioğlu Rusiya Federasiyasının "Rossotrudnestvo" adlı qurumu ilə ciddi əməkdaşlıqlar quran “KAFFED”(Qafqaz Xalqları Dərnəkləri Federasiyası) ilə yaxın əlaqələri var;
- Adıçəkilən millət vəkili separatçı Abxaziya və Cənubi Osetiya “respublikaları”nın tanınmasını istəyən Federasiyanın təkliflər paketini Türkiyə Böyük Millət Məclisinə təqdim edir və özü də bu təklifləri dəstəklədiyini deyir;
- Rusiyanın arxasında dayandığı separatçı rejimləri dəstəkləyən Ömer Faruk Gergerlioğlunun, bu ölkə ilə əlaqələri uzun müddətdir müzakirə mövzusu olan "Milli Şura"nın üzvü Gültəkin Hacıbəylini dəstəkləməsi təsadüfi deyil və xüsusi sifarişlə edilib.