Axtarış

Select theme:

İran İslam Respublikasının “Əl-Mustafa” Beynəlxalq Universiteti adlı mərkəzi barədə araşdırma -1-ci yazı

Gürcüstan mediasında və digər xarici media orqanlarında son illər orada yaşayan azərbaycanlıların məskunlaşdıqları bölgələrdə İranı İslam Respublikasının dini və ideoloji təsir imkanlarının artmasına diqqət çəkilir. Azərbaycanda fəaliyyət göstərən rusdilli “Haqqin.az” saytı da bu mövzuya toxunaraq bildirir ki, İranın “Əl-Mustafa” Beynəlxalq Universitetinin Gürcüstandakı filialı Qardabani və tarixi Borçalı bölgəsinin yaşayış məntəqələrində yerli əhali arasında şiə-dini təlimini böyük miqyasda yaymaqda qərarlıdır.

İranın dövlət  büdcəsindən əhəmiyyətli dərəcədə maliyyə alan və böyük bir transmilli təhsil müəssisəsi sayılan həmin Universitetin Gürcüstan filialı azərbaycanlı əhaliyə dini təhsil verir, fars dili və Quran tədqiqatları üzrə ixtisaslarda kadr hazırlayır. Məsələ bundadır ki, bu, adıçəkilən Universitetin fəaliyyətinin görünən tərəfi, yəni media və təqdimatlarda qələmə verilən imicidir. Bu Universitetlə bağlı dərin təhqiqat aparan zaman məlum olur ki, “Əl-Mustafa” təhsil ocağından çox, ideoloji mərkəz, proksi qüvvələr üçün kadr bazası, “Xomeyni inqilabı”nın təbliğatı, İran klerikal siyasətinin “təmiz İslam” adı ilə tanınıdılması üçün ciddi cəhdlə çalışan böyük “hövzə” (sözün hər iki mənasında) ‒ beyin mərkəzidir. Ən təəccüblüsü isə budur ki, bütün bu hadisələr Gürcüstanın dövlət qurumlarının, xüsusi xidmət və hüquq-mühafizə orqanlarının gözü qarşısında baş verir.     

Bu səbəbdən Faktyoxla, İranın Gürcüstanda yaşayan soydaşlarımıza yönəlik fəaliyyətində böyük rol oynayan “Əl-Mustafa” Universiteti və digər təsir metodologiyaları, orada təhsil alan şəxslərin kimliyi, bu prosesdə iştirakları və ən nəhayət, Gürcüstan xüsusi xidmət orqanlarının rolu haqda geniş araşdırma aparıb.

Araşdırmanı təqdim etmədən öncə, iki detalı qeyd etməyi vacib hesab edirik.

1. Araşdırmada təqdim edilən faktlar sırf açıq mənbələrin tədqiqı metodu əsasında aparılıb.

2. Bəzi faktlar açıqlanarkən mənbələri məqsədli şəkildə göstərməmişik. Bu addım sırf təqdim etdiyimiz linklərə daxil olmaq istəyən oxucuları “fişing” adlı kibertəhlükəsizlik tələlərindən qorumaq üçün atılıb. Belə ki, bu universitetlə əlaqəli “qurum”ların oxucuların, izləyicilərin və maraqlananların fərdi informasiyalarını oğurlamaq, kibertəhdidlərə məruz qoymaq və gələcəkdə bu və ya digər formada bundan yararlanması kimi təcrübələri var. O səbəbdən, bəzi yerlərdə “mənbə” sözünü yazsaq da, ora keçidi verməmişik.

İranda “Əl-Mustafa” Ordeninin təsisi

Yaxın tarixdən bəllidir ki, İranın Qum və Məşhəd şəhərlərindəki iki şiə seminariyası uzun illər ərzində dünyanın müxtəlif bölgələrində yaşayan və şiə icmalarını təmsil edən din xadimlərini cəlb edib. 1979-cu il “İslam inqilabı”nın qələbəsindən sonra İran seminariyalarına xarici din xadimlərinin axınının xeyli artdığı faktı müşahidə olunmağa başladı. 1980-ci illərdə Qumdakı “Höccətiyyə məktəbi” əcnəbi din xadimləri üçün əsas təhsil müəssisəsi kimi fəaliyyətə start verdi. Artıq 1986-cı ildə “Höccətiyyə”nin xarici din xadimləri üçün ayrılmış bölməsi “Dünya İslam Elmləri Mərkəzi” adlandırılırdı.

Mehdi Xəlaci

“Vaşinqton İnstitutu”ndan Mehdi Xəlaci hesabatında bunu belə izah edir: "Xamenei Xomeynidən sonra tədricən öz hakimiyyətini möhkəmləndirməyə başladı. Əslində ona dinin dövlətdən müstəqilliyini təmin etmək üçün mübarizə aparan ruhanilərin ‒ böyük ayətullahların ölümləri kömək etdi. Amma rejim bununla dayanmadı və ruhanilərə qarşı planlı hücumun ikinci mərhələsinə başladı. Bu yöndə ilk addım öz seminariyalarını idarə edən, öz ardıcıllarına malik olan və öz vəsaitləri ilə çörək qazanan ruhaniləri nəzarətə almaq cəhdi ilə atıldı”.

1990-cı illərin əvvəllərində yeni təyin olunmuş ali dini rəhbər Əli Xamenei təhsildə dini bazanı gücləndirmək üçün İranın seminariyalarına (Hövzələr-red.) nəzarəti ələ keçirdi. Anoloji olaraq, yeni rəhbər xarici din xadimləri idarəsini də nəzarətə götürdü. 1991-ci ildə onun rəhbərliyi altında fəaliyyət göstərəcək “Xaricdə Seminariya və İslam Məktəblərinin Təşkili” adlı yeni təşkilat yaradıldı, daha sonra, 1993-cü ildə İranda əcnəbi din xadimləri üçün nəzərdə tutulan, az öncə söz açdığımız “Qlobal İslam Elmləri Mərkəzi” ali dini rəhbərin nəzarətinə verildi. Əli Xamenei 2000-ci illərin əvvəllərində dini missionerizmi daha geniş platformada cəmləşdirmək üçün qlobal təhsil şəbəkəsi qurmaq qərarına gəlir. Uzun hazırlıqdan sonra nəhayət, 2007-ci ildə bu istəyini konkretləşdirir, o, qeyd edilən bu iki təşkilatı “Əl-Mustafa” Beynəlxalq Universiteti” adlanan yeni qurumda birləşməsi barədə göstəriş verir. Birləşmənin məqsədi xarici din xadimlərinin idarəçiliyini yenidən təşkil etmək və müasirləşdirmək və “Xomeyni inqilabı”nın yayılmasında onlardan istifadəni optimallaşdırmaq idi. Universitet hazırda da İranın ali dini liderinin ofisi tərəfindən idarə olunur və Əli Xamenei həm də “Əl-Mustafa” Universitetinin faktiki rəhbəridir.

“Əl-Mustafa” Universitetinin yaranması ideyası və reallaşması

“Əl-Mustafa” Universitetinin yaradılması ideyası əsası 1979-cu ilin sentyabrında, İslam Respublikasının qurucularından biri və İranın islahatçı hərəkatının mənəvi lideri sayılan Ayətullah Hüseyn Əli Müntəzirinin İranda “İslam inqilabı”nı öyrənməkdə maraqlı olan qeyri-iranlıları cəlb etmək üçün “Qeyri-iranlı Seminaristlər Şurası”nı yaratması ilə qoyulub.

“Əl-Mustafa” Beynəlxalq Universitetinin əsas idarəçilik mərkəzi Qum şəhərindədir.

“Əl-Mustafa”nın Qumdakı əsas kampusu

Universitetdə əsasən humanitar təmayüllü olmaqla 150 ixtisas üzrə bakalavr (S1), magistr (S2)doktorantura (S3) proqramları təklif edir.

Təhsil proqramlarında İslamşünaslıq, Quran və hədis elmləri, İslam hüququ (fiqh), fəlsəfə, psixologiya, sosiologiya, iqtisadiyyat, siyasi elmlər, idarəetmə və dillər kimi sahələr var. Tədris ərəb, fars, ingilis dillərində aparılır, bundan başqa digər dillərdə qısamüddətli kurslar və “onlayn-proqramlar” keçirilir.

“Əl-Mustafa” Universiteti çoxmillətli (128-dən çox ölkədən) tələbə korpusuna malikdir. Xüsusilə xarici tələbələr üçün nəzərdə tutulmuş bu universitetdə 97%-dən çox tələbə xarici ölkə vətəndaşlardan ibarətdir. (mənbə)

Qeyd edək ki, tələbələrinə real təhsil verən Universitetin Virtual Universiteti də fəaliyyət göstərir və dünyanın bir çox dillərində virtual təlim-tərbiyə sistemi ilə ilkin bakalavr və magistr pillələrində təhsil təqdim edir. (mənbə). Virtual təhsil sistemində zaman, coğrafi məkan, cinsiyyət və məzhəb məhdudiyyəti olmadan təhsil almaq mümkündür.

Universitetin daxilində bir sıra institutlar və tədris bölmələri fəaliyyət göstərir, məsələn:

1. İmam Xomeyni Ali İnstitutu

2. İslam Maarifi və Fars dili İnstitutu

3. Ali Fiqh İnstitutu

4. İslam Məzhəbləri İnstitutu

5. Qadınlar üçün “Bintül-Huda” Kolleci

6. Qısamüddətli tədris institutları

7. “Əl-Mustafa” Qiyabi Universiteti

8. Tələbələrin ailələri üçün institutlar

9. Universitetin araşdırma və tədqiqat institutu

10. Nəşriyyat evi

2016-cı ildə gedən məlumatlara görə “Əl-Mustafa” Universitetində təxminən 3,500 müəllim və 45,000 tələbə təhsil alıb ki, onların da təxminən yarısı İran daxilindəki kampuslarda (tələbə şəhərciyi) “oxuyublar”. Həmin tələbələrin 10,000-in qadın cinsinə mənsub olub. var. 2007-ci ildən Universitetdən məzun olmuş təxminən 40,000-ə yaxın şəxsin bir qismi fəaliyyətini “Əl-Mustafa”da müəllim qismində davam etdirsələr də, böyük əksəriyyəti dünyanın müxtəlif ölkələrinə missioner fəaliyyət üçün göndəriliblər.

Əl-Mustafa” Universitetinin əsas kampusu İranın ən tanınmış təhsil ocağı sayılan Qum şəhərində, digər iki böyük şəhərcik isə Məşhəd və İsfahanda yerləşir. Tehran, Rəşt, Qorqan, Təbriz və Qeşmdə yerləşən kampuslar nisbətən kiçik tutumludular.

Universitetin tədqiqat fəaliyyəti də mövcuddur və müxtəlif akademik jurnallar nəşr edir. “EduRank” kimi platformalara görə, 2025-ci il üçün qlobal sıralamada bir neçə minlik pillədə yer alır və reytinqinə görə İran daxilində 83-cü sıradadır.

Universitetin hazırki rektoru Muhammed Hüseyn Mikdad Məhdəvidir.

Tələbələr və onların ailələri üçün təhsil haqları və dəstək

“Əl-Mustafa” Universitetinin tələbələri təhsil haqqı İran hakimiyyəti tərəfindən ödənilir. İran kampuslarında tələbələrə aylıq təqaüd, pulsuz mənzil, ipoteka, tələbələr və onların ailələri üçün səhiyyə və uşaq baxımı xidmətləri, ailələrə maddi dəstək, o cümlədən tələbələrin övladları üçün ibtidai və peşə təhsili, həyat yoldaşları üçün iş imkanları, eləcə də “yay düşərgələri” təklif edir. Universitetin digər ölkələrdə olan kampuslarında da tələbələr geniş maliyyə yardımı alırlar.

“Əl-Mustafa” Universitetinin Qadınlar şöbəsinin (Büntül-Xuda) müdiri bəyan edib ki, “Universitet, tələbələrinin 4 aydan 6 yaşa qədər olan uşaqlarına, əgər uşaqların qəlbi və zehni “Əhli-beyt”ə bağlıdırsa, “Uşaq baxımı” xidməti göstərilir”.

“Şərq” qəzeti İran hökumətinin “Əl-Mustafa” Universitetinin tələbələrinə göstərdiyi yardımları da təfərrüatlı yazıb: "Universitet üçün tələbələrin həyat yoldaşlarının və uşaqlarının yaşayış şəraiti böyük əhəmiyyət kəsb edir. Həyat yoldaşlarına müxtəlif akademik kurslar, o cümlədən xarici dil kursları təklif olunur". Bunun da məqsədi aydındır ‒ həm tələbləri, həm də onların ailə üzvlərini gələcəkdə teokratik rejimin maraqlarına xidmət etməyə yönəltmək.

“Əl-Mustafa” məktəbinin məzunlarına türban verilib

“Əl-Mustafa” Universitetinin Qum, İsfahan və Məşhəddə kampusları olan “Bentül-Xuda” Ali Təhsil Təşkilatı adlanan qız tələbələr üçün ayrıca şöbələri var. 2013-cü ilin avqust hesabatına görə, “Əl-Mustafa”nın 9000 qız tələbəsi var idi, onlardan da 6500-ü xarici fakültələrdə təhsil alırdılar.

Mediadakı məlumatlara görə, “Əl-Mustafa” Universiteti dövlətdən və dini təşkilatlara bağlı qurumlardan hər il on milyonlarla dollar vəsait əldə edir. Son illərdə bu müəssisə Tehran Universitetindən yeddi dəfə çox maliyyə dəstəyi alıb:

  • 2012‒2020-ci illərdə bu quruma ümumilikdə 505 milyon ABŞ dolları ayrılıb. 2021-ci ildə bu rəqəm 111 milyon ABŞ dolları təşkil edib. Sonrakı illərdə də “Əl-Mustafa”ya ildə təxminən 100 milyon dollar maliyyə yönəldilib. Universitetin tələbələrinə adambaşına 1000-1230 ABŞ dolları arasında təqaüd verilib.
  • Universitet 2020‒2021-ci illərdə İran büdcəsindən təxminən 80 milyon dollar məbləğində maliyyə alıb.

“Əl-Mustafa” Şəbəkəsi

Xarici mənbələrdə “Əl-Mustafa” Universitetinin din xadimləri və alimləri adı altında missionerlər hazırlayaraq xaricə göndərmək məqsədi daşıdığı qeyd olunur. 

“Əl-Mustafa” Universiteti, İrandakı İslam məktəblərinin qlobal şəbəkəsidir” adlı məqalədə bildirilir ki, ötən illər ərzində İran rejimi “Xomeyni inqilabını” ixrac etmək üçün iki istiqamətli strategiya həyata keçirib: bir tərəfdən Livan “Hizbullah”ı da daxil olmaqla, Yaxın Şərqdə radikal silahlı qruplaşmalar yaradıb və onlara dəstək verib, digər tərəfdən, rejimin ideologiyasını bütün dünyaya yaymaq üçün İranda müxtəlif “mədəni” və “dini” təşkilatlar yaradıb.

2007-ci ildə əsası qoyulan “Əl-Mustafa”nın geniş qlobal şəbəkəsi və artan ruhanilər və missionerlər ordusu İranın teokratik rejiminin ideologiyası, xarici siyasəti, İslam dünyasındakı mövqeyi və Yaxın Şərqdə hökmranlıq etmək istəkləri üçün xaricdə özünə dəstək formalaşdırmaq üçün yaratdığı güclü alətdir. Sadə dillə desək, İran rejimi tərəfindən maliyyələşdirilən və nəzarət edilən “Əl-Mustafa” Universiteti xaricdə yaşayan və rejim üçün faydalı ola biləcək şiə ruhaniləri, alimləri və missionerləri formalaşdıran, emal edən və yayan böyük ideoloji fabrikdir. Əsas kampusları İranda yerləşən Universitetin dünya üzrə 100-dən çox nümayəndəliyi (seminariya), “İslam məktəbi” və dini mərkəzləri var.

İranın ali dini lideri Əli Xameneyi “Əl-Mustafa” məktəbinin tələbələri və əməkdaşları ilə görüşü. Qum, 25 oktyabr 2010-cu il

“Əl-Mustafa” həmçinin İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və xaricdəki xüsusi əməliyyatlarda iştirak üçün gizli kadr hazırlayan xüsusi bir Mərkəzdir. Mərkəz vasitəsilə əməkdaşlığa cəlb edilən İran və digər ölkə vətəndaşları əsasən teokratik rejimin maraq və məqsədləri üçün istifadə olunur, fəaliyyət göstərirlər.

“Əl-Mustafa” öz xarici nümayəndəliklərini (məktəblərini) üç fərqli kateqoriyaya ayırır: birincisi, tamamilə “Əl-Mustafa”nın idarə etdiyi məktəblər; ikincisi, yerli qurumlar və ya tərəfdaşlarla birgə idarə olunan məktəblər; üçüncüsü, “Əl-Mustafa”nın əməkdaşlıq etdiyi məktəblər. Qeyd edək ki, burada birinci kateqoriya daha böyük paya sahibdir.

 “Əl-Mustafa” şəbəkəsinin ən böyük şöbələrindən biri qonşu Əfqanıstanda yerləşir. Əfqanıstandakı “Əl-Mustafa” bölməsinin rəhbərinin sözlərinə görə, Kabil şəhərində 1500 əfqan gənc təhsil alır və hər il 350 tələbə məzun olur. “Əl-Mustafa”-nın rektoru Əlireza Ərəfi 2014-cü ilin avqustunda təşkilatın Əfqanıstandan olan 5000-dən çox tələbə, müəllim, din xadimi və missionerlərə maliyyə dəstəyi verdiyini bildirib.

Əlireza Ərəfi

“Əl-Mustafa”nın hazırkı sədri Ayətullah Əlirza Ərafi Xameneyinin yaxın çevrəsinin radikal düşüncəli üzvüdür və onun adı ali lider postunun potensial varisi kimi hallanır. Ərafi inqilabi karyerasının əvvəlində Xameneinin İranın universitet və seminariya sistemini “islamlaşdırmaq” təşəbbüsündə mühüm rol oynayıb, standart humanitar dərslikləri “Xomeyni ideologiyası”na uyğun versiyalarla əvəz etmək üçün Ruhanilər və Hövzələr (Seminariyalar) arasında Əməkdaşlıq İdarəsinə rəhbərlik edib. “Əl-Mustafa”nın rəhbəri olduğu müddətdə Ərafi "rejimin inqilabi ideologiyasını ixrac etmək səylərini gücləndirib, bu məqsədlə İranda və onlarla başqa ölkədə nəhəng infrastruktur yaradıb və Livanın “Hizbullah”ı kimi qruplarla gücləndirilmiş əlaqələrə əsaslanan inkişaf etmiş beynəlxalq şəbəkə qurub.

“Əl-Mustafa”nın Yaxın Şərqdə bir neçə filialı var. Bəllidir ki, Livanda “Hizbullah”ın mövcudluğu bu ölkədə şiə icmasının bəzi təbəqələri arasında nüfuzu İrana böyük dəstək verir. Ona görə də “Əl-Mustafa”nın ölkədəki fəaliyyəti nisbətən azdır, yəni buradakı fəaliyyətlərinə o qədər də güc sərf etmirlər.

“Əl-Mustafa”nın Livan bölməsinin nəzarətində - kişi din xadimləri üçün “Rəsul Əkrəm” seminariyası, qadın din xadimləri üçün “Əl-Zəhra” seminariyası və Baalbekdə “Əl-Mustafa” tərəfindən idarə olunan “İmam Montazer” seminariyası fəaliyyət göstərir.

“Əl-Mustafa”nın Livandakı direktoru 2015-ci ilin avqustunda bildirib ki, 1500 livanlı “Əl-Mustafa”nın Beyrut şöbəsini və ya onun İrandakı əsas kampusunu bitirib. Livanlı məzunlar “Əl-Mustafa”nın qlobal şəbəkəsində mühüm rol oynayırlar, çünki onlar müxtəlif ərəb ölkələrində və daha da önəmlisi, livanlı mühacirlərin bir neçə ölkədə mövcud olduğu Latın Amerikasında missioner kimi istifadə edilirlər.

Dəməşqdə (Suriya) “Əl-Mustafa” “İmam Xomeyni” seminariyasının sahibidir. 2012-ci ilin dekabrında seminariyanın direktoru bildirirdi ki, 2011-ci ilin əvvəlində, yəni vətəndaş müharibəsi başlamazdan əvvəl burada 650 şiə tələbə təhsil alıb. O vaxtdan bəri bu rəqəm xeyli azalıb və son məlumatlara görə, fəaliyyəti dondurulub.

“Əl-Mustafa”nın Avropa ölkələrində bir neçə filialı var ki, onlardan ən mühümü Londonda yerləşir. Kollec 1998-ci ildə yaradılıb, lakin 2008-ci ildə “Əl-Mustafa”nın nəzarətinə keçən kimi adı dəyişdirilərək "İslam Kolleci" adlanıb. “Əl-Mustafa” həmçinin “London seminariyası”nı da idarə edir, onun direktorunun sözlərinə görə, gələcəkdə şiə ruhaniləri olacaq 90 tələbə hazırlayırlar.

 

“Əl-Mustafa”nın bir sıra Asiya ölkələrində də filialları var. Bunlardan ən mühümləri Hindistanda, Londondakı “İslam Kollecinə” bağlı olan İndoneziya, Malayziya və Filippində filiallarıdır. Şəbəkənin həmçinin Şri-Lanka, Çin və Yaponiyada da kiçik filialları mövcuddur.

“Əl-Mustafa” Universitetinin filial və nümayəndəlikləri Afrikada daha çox yayılıb. “Əl-Mustafa”nın rektoru Əlirza Ərafi 2015-ci ilin iyulunda verdiyi müsahibədə qitənin İran rejimi tərəfindən təbliğ edilən “İslam versiyası” olan “saf İslam” üçün “strateji dərinlik” kimi əhəmiyyətini vurğulayıb. O, "Universitetdə 5000 afrikalı tələbə təhsil alır və 5000 afrikalı artıq “Əl-Mustafa” diplomu alıb. Bizim Afrikada onlarla məktəb və seminariyamız var və biz qitənin 30 müxtəlif ölkəsində bu və ya digər şəkildə təmsil olunuruq" deyib. “Əl-Mustafa”nın Afrikadakı nümayəndələrindən birinin sözlərinə görə, universitetin qitədə qonşu ölkələrdə fəaliyyətlərini idarə edən 18 əsas mərkəzi var.

Onu da qeyd edək ki, “Əl-Mustafa”nın İran kampuslarında təxminən 2000 afrikalı tələbə təhsil alır ki, onlardan 1200-ü Məşhəd şəhərndə “hazırlanıb”. İran mediasının məlumatına görə, afrikalı tələbələr ildə bir neçə dəfə missioner kimi öz ölkələrinə geri göndərilirlər.

“Əl-Mustafa” hədəfi: “Xomeyni inqilabı”nı ixrac etmək

“Əl-Mustafa”nın geniş qlobal şəbəkəsi və artan din xadimləri və “missioner ordusu” İran rejimi üçün öz “İslam versiyası”nı ixrac etmək, ideologiyaya kütləvi dəstək yaratmaq və İslam dünyasında hökmranlıq axtarışlarını davam etdirmək üçün nəhəng vasitədir.

Bunu universitet rəsmiləri açıqlamalarında rahatlıqla dilə gətirirlər. Misal üçün, 8 fevral 2016-cı il tarixində “Əl-Mustafa”nın prorektoru bəyan edib ki: "İnqilabın ixracı həmişə İslam Respublikasının ən mühüm məqsədlərindən biri olub. “Əl-Mustafa” zəmin hazırlamaqda və bu məqsədə çatmaqda rol oynayır. “Əl-Mustafa” regionda İslami “yumşaq güc”dən istifadə edərək İranın “sərt güc”ünün (hərbi qüvvələrinin) Yaxın Şərqdə mövcudluğuna və “Qlobal təkəbbür”lə uğurlu mübarizəyə yol açdı”.

“Əl-Mustafa” Universitetinin “Dil və Mədəniyyət” fakültəsinin dekanı da çəkinmədən “məqsədimiz inqilabı ixrac etməkdir”‒ deyib. 2015-ci ilin fevralında ali dini rəhbərin İsfahandakı nümayəndəsi vurğulayıb ki, “Əl-Mustafa” Universiteti “inqilabımızı” ixrac etmək üçün təsirli addımlar atıb.

“Əl-Mustafa” SEPAH-ın “Qüds Qüvvələri” üçün kadr bazasıdır

Suriyada vətəndaş müharibəsi başlayandan və Bəşər Əsəd rejimini xilas etmək üçün İranın hərbi müdaxiləsindən sonra “Əl-Mustafa” Universitetinin tələbələrinin döyüşlərdə öldürülməsi ilə bağlı dəfələrlə xəbərlər yayılıb və dəfn mərasimlərindən reportajlar təşkil edilib. 2016-cı ilin martında “Əl-Mustafa” Universitetinin rəhbərlərindən biri bəyan etmişdi ki, “Suriyaya göndərilən yaraqlıların bəziləri bu universitetin tələbələri və din xadimləridir”.

Misal üçün, Suriyada döyüşən, 2014-cü ildə öldürülən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Əfqanıstan qolu olan “Fatemiyyun”un komandiri Əlireza Tavassoli “Əl-Mustafa”nın yetirməsi olub.

Suriyada öldürülən üç “Əl-Mustafa” tələbəsindən (və ya məzunu) biri Pakistan vətəndaşı Seyid Həşmət-Əli Şah olub. O, “Zeynəbiyyun” briqadasının üzvü olub və 2016-cı ilin sentyabrında Suriyada döyüşlərdə həlak olub.

Suriyada həlak olan digər “Əl-Mustafa” tələbəsi də Pakistan vətəndaşı Məhəmməd Hüseyni kimi tanınan Məhəmməd-Hüseyn Momenidi.
İranın Məşhəd şəhərində Suriyada döyüşlərdə həlak olan 4 əfqan muzdlunun dəfn mərasimi

İranlı jurnalist və yazıçı Əkbər Gənci qeyd edib ki, “Əl-Mustafa” “öz ideologiyasını bütün dünyaya yaymaq iqtidarında olan ayətullahların potensial tərəfdarlarından ibarət böyük bir orduya malikdir”.

SEPAH Suriya müharibəsi üçün yeni üzvlər və ya döyüşçülər cəlb etmək üçün müxtəlif taktikalardan istifadə edir. Misal üçün, hər il minlərlə iranlı gənc tələbə üçün “Nur karvanları” (Rahiyan-e-Nur) adlı səyahətlər təşkil edilir, şəhidlərin anıldığı və şəhidlik kultunun təbliğ olunduğu İran-İraq müharibəsinin köhnə döyüş meydanları ziyarət olunur. Natiqlər ziyarətçilərə xatırladırlar ki, İraqla müharibə əslində “qlobal təkəbbür”lə mübarizənin bir hissəsi idi, mübarizə bu gün də davam edir. Ziyarətçilərə şəhidlərin sağ olduqları bildirilir, sağ qalanların hazırda onları müşahidə etdiyini deyir və ziyarətçiləri ABŞ və onun marionetlərinə qarşı bu müqəddəs müharibəyə qoşulmağa çağırırlar.

İran rejimi də “Əl-Mustafa” tələbə və məzunlarını öz sıralarına cəlb etmək üçün eyni taktikadan istifadə edir. Hər il İrandakı tələbə şəhərciklərindən və ya İrandan kənarda yerləşən filiallarından minlərlə “Əl-Mustafa” tələbəsi döyüşmək üçün göstərilən ünvanlara gedirlər. Mediada 700 “Əl-Mustafa” tələbəsinin döyüşlərə qatılması haqda məlumatlar var. İran mətbuatının bir xəbərində universitetin filiallarında dərs deyən argentinalı “Əl-Mustafa” məzununun “İslam və qlobal təkəbbür arasındakı müharibənin şəhidlərini şərəfləndirmək” üçün bir qrup Latın Amerikalı tələbəni döyüş meydanlarına aparması haqda yazılıb.  

Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hazırladığı və Suriyada döyüşən elit könüllülər birliyi olan Pakistanın “Zeynəbiyyun” Briqadasının əsas üzvləri “Əl-Mustafa” Universitetinin məzunlarıdır. 2015-ci ilə olan məlumata görə, “Zeynəbiyyun” Briqadasının 1000-dən çox üzvü var idi, lakin onun sıraları yeni “işə qəbul edilənlərin” davamlı axını ilə illər ərzində xeyli artıb.

2020-ci ilin dekabrında ABŞ hökuməti “13224 saylı İcra Sərəncamı” əsasında “Əl-Mustafa” Beynəlxalq Universitetinə qarşı sanksiya tətbiq edib. ABŞ Maliyyə Nazirliyi “Əl-Mustafa”nı öz tələbələri və habelə xarici tələbələri qanunsuz əməkdaşlığa cəlb etməklə SEPAH və onun “Qüds Qüvvələri” üçün kəşfiyyat əməliyyatlarına yardım etməkdə günahlandırdı. Departament həmçinin “Əl-Mustafa”da SEPAH komandanlığı altında Suriyada yerləşdirilən bəzi əfqan və pakistanlı döyüşçülərin cəlb olunduğunu təsdiqləyib.

Şiə hərbi qruplaşmaları üzrə ekspert Filip Smit bildirib ki, İran rejimi tez-tez yoxsul əfqan və pakistanlı döyüşçüləri, o cümlədən uşaqları da Əsəd rejimini qorumaq üçün “ətçəkən maşının” ağzına sürükləyib. “Human Rights Watch” təşkilatı Suriyada “Fatemiyyun” Diviziyasının tərkibində döyüşən və ölən azı 14 azyaşlının şəxsiyyətini müəyyənləşdirib.

“Əl-Mustafa”nın ideoloji təlqini və tələbələrə verilən maddi stimullar nəticəsində universitet məzunlarının böyük qismi tədricən İran rejiminin qeyd-şərtsiz tərəfdarlarına çevrilirlər. Təəccüblü deyil ki, onların bir çoxu İslam İnqilabı Keşikçiləri Korpusuna kömək etmək üçün Suriyaya və başqa yerlərə göndərilirlər.

Vaşinqtonda yerləşən “Demokratiyanı Müdafiə Fondu”ndan (FDD) Səid Qaseminejad və Əlirza Nader yazıblar ki, üç dini təşkilat – “İslam İnkişaf Təşkilatı”, “Əl-Mustafa” Beynəlxalq Universiteti və “Qum Seminariyasının İslami Təbliğat Bürosu” İranın təsirinin xaricə yayılmasında əsas rol oynayırlar”.

Bir sözlə, şiə ruhaniləri, alimləri və missionerlərini yetişdirən “Əl-Mustafa”  əslində dini-ideoloji-terrorizm konsepsiyasını həyata  keçirən, kəşfiyyat məlumatlarını əldə edərək İranın hərbi-siyasi elitasına ötürən və hətta silahlı qruplaşmaları əsgərlərlə təmin edən radikal təşkilatdır. “Əl-Mustafa” İran İnqilab Keşikçilərinin bir qolu kimi həm də Qüds Qüvvələrinə nəzarət edir və xaricdə terrorizm və ya hərbi fəaliyyətlərdən məsul olan digər İran qurumları üçün işə qəbul məntəqəsi rolunu oynayır.

İranın təhsil müəssisələri İranın radikal ideologiyasını yaymaq və ekstremistləri öz sıralarına cəlb etmək üçün faktiki olaraq pərdə rolunu oynayır, çünki onlara sanksiyalar tətbiq etmək çətindir. “Hudson İnstitutu”nun qənaətinə görə, İranın bütün məscidləri, İslam mərkəzləri, xeyriyyə təşkilatları və digər şəbəkələri “Dawah” (mübarizə) sistemində olduğu kimi, “hüquqi və praktiki problemlərə görə terrorizmin maliyyələşdirilməsi baxımından ümumiyyətlə toxunulmazdır”. Üstəlik, terrorizmə yardım etməkdə şübhəli bilinsə belə, “Dawah” sistemi”ni bağlamaq asan deyil. “Europol”-un 2019-cu il hesabatında bu məqam belə izah olunur: “mərkəzlərin bağlanmasında çətinliklərdən biri… [onların terrorla əlaqəsi haqqında] əsaslı sübutlar təqdim etməkdir”.

“Əl-Mustafa” terror mərkəzi kimi... digər ölkələrdəki acı təcrübə

Aşağıda “Əl-Mustafa” Universiteti nümayəndələrinə qarşı qaldırılmış cinayət işləri, terrorizmə təhrik etmək, terror qruplaşmalarında iştirakla bağlı elan olunan ittihamların bəzilərini təqdim edirik.

Braziliya: “Əl-Mustafa” şəbəkəsinin üzvü, “Trapiche” istintaqında adı keçən, livanlı dindar, anti-İsrail fəalı Haissam Houssim Diab həbs olunub. “Hizbullah”ın yerli hücrələri ilə əlaqə saxlayan Diab “Hizbullah” planına uyğun olaraq 2023-cü ilin noyabrında Braziliyanın paytaxtlarına yəhudi obyektlərinə hücumlar həyata keçirmək üçün braziliyalıları əməkdaşlığa cəlb etməkdə günahlandırılıb.

Meksikadakı sui-qəsd planı: “Əl-Mustafa” nümayəndəsi İsrailin Meksikadakı səfirinə qarşı sui-qəsd planına qarışmaqda ittiham edilib.

2 dekabr 2025-ci ildə yayımlanmış “İranın “Əl-Mustafa” Universiteti terror üçün daldalanacaqdır” məqaləsində qeyd edilir ki, “Daily Mail” 2025-ci il noyabrın 7-də İranın İsrailin Meksikadakı səfirinə qarşı sui-qəsd hazırlaması barədə məlumat yayıb.

Məlumata görə, sui-qəsd İslam İnqilabı Keşikçiləri Korpusunun təşkilatçılığı və Həsən İzadi və Məcid Dəstcani Fərahani adlı iki agentin rəhbərliyi altında hazırlanıb. Fərahani İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi üçün ABŞ-də agentləri cəlb etmə maddəsi ilə FTB tərəfindən axtarışdadır. Saytın yazdığına görə, İzadi və Farahani istintaqdan yayınırlar, lakin onlarla əlbirlər olanlar və regional şəbəkələri, o cümlədən “Əl-Mustafa” Universitetinin Venesueladakı nümayəndəsi Seyid Müştəba Hüseyni Nejad da aktiv fəaliyyətini davam etdirməkdədir.

Venesueladakı Əl-Mustafa Universitetinin nümayəndəsi Seyid Mojtaba Hosseini Nejad (solda, qara türbanlı) Tehranda keçirilən “Latın Amerikası Brifinqi”ndə iştirak edir. 2023

“Daily Mail”-in dərc etdiyi fotoşəkillərə görə, Nejad İsrailin Meksikadakı səfirinə sui-qəsd planının hazırlandığı toplantıda iştirak edib və ehtimal ki, tədbirin təşkilatçısı da elə o olub. Karakasdakı bir mənzildə görüşən əsas sui-qəsdçilərin iki fotoşəkilini dərc edən “Daily Mail”-in xəbəri, İzadinin Karakası əməliyyat bazası olaraq istifadə etdiyini bildirir.

Nejadın görüşdə iştirakı “Əl-Mustafa” Universitetinin terror planına qarışması və ya terror təşkilatları ilə əlaqəsi olması ilə bağlı ilk fakt deyil.

Həmin faktlardan daha bir neçəsini sadalayırıq:

  • 1994-cü ildə Buenos-Ayresdə “Asociación Mutual Israëlita Argentina” (AMIA) yəhudi mədəniyyət mərkəzinin partladılmasında iştirak edən iranlı din xadimi Mohsen Rabbaninin bu gün “Əl-Mustafa” Universitetində ispan və portuqal dilli tələbələrin təhsil aldığı “İslam Oriente” şöbəsinə rəhbərlik etdiyi bildirilir.

  • “Əl Mustafa”nın İraq filialı ABŞ tərəfindən sanksiya tətbiq edilən “Kataib Hezbollah” (KH) terror təşkilatı ilə sıx əlaqəlidir və “KH”-nin iki rəhbəri eyni zamanda “Əl Mustafa”da məmur kimi xidmət edirlər.

  • Ceymstaun Fondu “Əl-Mustafa” Universitetinin tailandlı professorunun İran rejimi ilə əlaqələri sayəsində Qəzzada saxlanılan tailandlı girovların azad edilməsində “Həmas”la danışıqlarda vasitəçi rolunda olduğunu ifşa edib.

İslam İnqilabı Keşikçiləri Korpusunun Suriyadakı fəaliyyətini yaxından izləyən Vaşinqtondakı “Ərəb Körfəz Dövlətləri İnstitutu”nun baş elmi işçisi Əli Alfoneh bildirib ki, onda olan məlumatlara əsasən, 2012-ci ilin yanvarından 2020-ci ilin dekabrına qədər Suriyada döyüşlərdə 3059 iranlı və müttəfiq xarici döyüşçü öldürülüb. Alfone deyir ki, onlardan yalnız üçü İranda “Camiat əl-Mostafa” kimi tanınan “Əl-Mustafa” Universitetinin tələbəsi və ya məzunu olub. Onun sözlərinə görə, “adları çəkilən üç şəxs, yəqin ki, komandanlıq, kəşfiyyat və ya siyasi-ideoloji vəzifələrdə olub”.

Bu o deməkdir ki, SEPAH “Əl-Mustafa”-nın iranlı məzunlarını və ya tələbələrini “qiymətli insanlar” kimi qəbul edir, qalanları yalnız döyüşçü və ya şəhid ola biləcək potensial muzdludular.

Aşağıda isə “Əl-Mustafa” haqqında dünya mediasında yazılan məqalələrdən bəzilərini təqdim edirik: 

1. Treasury Sanctions Iran’s Envoy in Yemen and University Facilitating Recruitment for Qods Force” 

2020-ci il dekabr ayında ABŞ Maliyyə Nazirliyi “Əl-Mustafa” Universitetini “IRGC-Quds Force” (İrani İnqilab Keşikçiləri Korpusu-Quds Qüvvələri) üçün xaricdə tələbə cəlb edən “recruitment platform” (toplama platforması) kimi siyahıya alıb və sanksiyalara məruz qoyub. Bu universitet vasitəsilə bəzi tələbələrin Suriyada döyüşlərə göndərildiyi iddia edilir.

2. Germany probes Iran-linked Mustafa Institute in Berlin – Bild” 

– Almaniyanın “BND” (Federal Kəşfiyyat Xidməti) və digər orqanları Almaniyadakı “Əl-Mustafa” İnstitutunu təhlükəsizlik riski kimi araşdıraraq, Universitetin SEPAH-la əlaqələri və casusluq fəaliyyətləri ilə bağlı şübhələr səbəbindən mərkəzi bağlayıb. 

3. Analysis: Iran’s Al Mustafa University is a terror front
– təhlil məqaləsində universitetin, xüsusilə onun xarici nümayəndələrinin bəzi terror planları ola biləcəyi iddia edilir, həmçinin universitetin bəzi agentlərinin terror aktı hazırlığı ilə əlaqəli olduğu önə çəkilir.

4. The truth about Al-Mustafa International University?!-Iran Probe

– RFE/RL üçün yazılmış analizdə universitetin Suriya müharibəsində Əsəd rejiminə dəstək üçün döyüşçü cəlb etmə, SEPAH üçün təbliğat aparılması vasitəsi olması kimi ittihamlar və “İran rejiminin təsirini yaymaq üçün istifadə edilməsi” bildirilir. 

5. U.S. Sanctions Put Spotlight On Iran’s International Network Of Religious Seminaries
– ABŞ-nin tətbiq etdiyi sanksiyalar çərçivəsində “Əl-Mustafa”-nın xarici filiallarının “İRGC-nin işə qəbul (rekruting) platforması” olduğu iddia edilir və buradan Suriya kimi münaqişə zonalarına göndərilən döyüşçülərin çoxluğu iddiası irəli sürülür.

6. Al-Mustafa International University | UANI Protest / Analysis
– Bu tənqidi məqalə universiteti radikal ideologiya yaymaq və anti-ABŞ / anti-İsrail mövqelərini gücləndirməkdə ittiham edir, SEPAH və onun müttəfiqləri ilə əlaqələri vurğulayır.

7. Taliban Officials Majored At Iran's Al-Mustafa University
Bu məqalə birbaşa üniversiteti terrorla əlaqələndirmir, lakin iddia olunur ki, bəzi “Taliban” rəsmilərinin “Əl-Mustafa” Universitetində təhsili alıblar. Bildirilir ki, bu da universitetin hansı ideoloji təsir sahəsinə daxil ola biləcəyinə dair suallar doğurub.

8. United Against Nuclear Iran – Ideological Expansion
– Tənqidçi yazarların analizində “Əl-Mustafa” Universitetinin “İranın radikal ideologiyasını yaymaq” üçün bir vasitə olduğu, bunun terror və ekstremist yönümlər üçün örtük olma riski daşıdığı irəli sürülür.

Göründüyü kimi “Əl-Mustafa” Universitetinin fəaliyyəti sadəcə dini təşəbbüs layihəsi deyil, bu fəaliyyətdə əsas məram yerləşdiyi ölkənin daxili və xarici siyasətinə təsir imkanları qazandırmaq, həssas icmalara nəzarət etməklə Tehranın regional strategiyasını həyata keçirməkdir.

(ardı var)

Növbəti yazıda:

“Əl-Mustafa”nın Gürcüstan nümayəndəliyinin fəaliyyəti, idarəçiliyi, maliyyə yardımları, məzunları, nəzarətində olan məscidləri (axund və şeyxlərinin adları), mediada təbliğat vasitələri (saytların  adminləri və baş redaktorları) və bu ölkədə yaşayan azərbaycanlılara qarşı yönəlmiş təsir metodologiyaları barədə ətraflı məlumat təqdim edəcəyik.

 

 

Oxşar məqalələr: