Əfqanıstanda hakim "Taliban" hərəkatının ali lideri Heybətullah Axundzadənin Pakistanın hava hücumunda həlak olması ilə bağlı xəbərlər yayılır. Əfqanıstanda Taliban və digər islamçı hərəkatlara qarşı çıxan Milli Müqavimət Cəbhəsi sosial mediada bildirib ki, Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatının ali lideri Heybətullah Axundzadə Pakistanın hava hücumunda öldürülüb.
Məlumatda qeyd olunur ki, Axundzadənin ölümünü ailəsi təsdiqləyib.
Bu məlumatı Qırğızıstanın vesti, open, Rusiyanın bəzi teleqram kanalları yayıblar.
Faktyoxla bu xəbərin doğru olub-olmadığını araşdırıb.
Əvvəlcə, yayılan məlumatda istinad kimi təqdim edilən Əfqanıstan Milli Müqavimət Cəbhəsinin sosial media hesablarını yoxladıq. Məlum oldu ki, “X” sosial media platformasında bu adda 2 profil mövcuddur. Bunlardan biri “Əfqanıstan Milli Müqavimət Cəbhəsi” (National Resistance Front of Afghanistan), digəri isə “Milli Müqavimət Cəbhəsi”dir (National Resistance Front (NRF).


Bu iki profildən yalnız “Milli Müqavimət Cəbhəsi”nin “X” hesabında bu haqda məlumat yayıldığı məlum olur.

Araşdırma zamanı Türkiyə mediasında mövzunun İrana yaxınlığı ilə bilinən "doğruhaber" portalında daha çox işıqlandırıldığını müəyyənləşdirdik. Saytda "Pakistan Əfqanıstan lideri Molla Axundzadənin mühafizəçilərini bombaladı" başlıqlı xəbər yayımlanıb. Xəbərdə Əfqanıstan İslam Əmirliyi hökumətindəki yüksək vəzifəlisili və Heybətullah Axundzadənin yaxın adamlarından birinin Pakistan hərbi təyyarələrinin hərəkat liderinin mühafizə məntəqəsini hədəf aldığını və gecə ərzində onun iqamətgahının yaxınlığında hava hücumları həyata keçirdiyini təsdiqləməsi qeyd olunub. Mənbə bildirib ki, Axundzadə hücum zamanı ərazidə olmayıb, o və ətrafındakılar zərər çəkməyib.

Məsələ ilə bağlı İranın "tasnimnews" xəbər agentliyi də xəbər yayıb.
Xəbərdə qeyd olunub ki, Pakistan rəsmiləri Qəndəhara hücum ilə bağlı rəsmi açıqlama verməyiblər. Lakin İranın xəbər agentliyi Pakistan mediasının rəsmi mənbələrinə istinadən ordunun Qəndəharda beş yerə zərbələr endirdiyini, hava zərbələrinin Taliban kəşfiyyat qərargahını, hərbi və təlim bazasını və həmçinin Taliban lideri Heybətullah Axundzadənin qoruyan 313-cü xüsusi təyinatlı qüvvələr qərargahını vurduğunu deyib. "Tasnimnews"-un xəbərinə görə, Talibanın sözçüsü Zəbihullah Mücahid Pakistanın Qəndəharda narkotik müalicə müəssisəsinə zərbələr endirildiyini deyib.

İddialarla bağlı Rusiya mediasına da nəzər yetirdik. Araşdırmalarımız zamanı Rusiya prezidentinin siyasətini aktiv şəkildə dəstəkləyən iş adamı Konstantin Malofeyevin təsisçisi olduğu "tsargrad.tv"-nin də iddialarla da bağlı qısa analiz-xəbər verdiyini müəyyənləşdirdik. Düzdür, portal bu iddianı "hələ ki, şayiə" və "təsdiqlənməmiş mənbələrin verdiyi xəbərlər" kimi təqdim edib, amma xəbərin başlığı diqqətçəkicidir: "İsrail nümunəsindən yola çıxaraq: Pakistan Əfqanıstan rəhbərliyini məhv etdi".
Xəbərdə "Bir neçə xarici media orqanının məlumatına görə, hücum zamanı binada Taliban kəşfiyyat rəhbərliyinin qapalı iclası keçirilirmiş" - deyilsə də, istinad edilən “xarici media orqanları”nın adı qeyd olunmayıb. "Tsargrad.tv" əgər Axundzadə öldürülübsə belə, onun ölümündə Pakistanın təkbaşına hərəkət etmədiyinə, belə bir əməliyyat üçün mütləq kəşfiyyat və texnoloji dəstəyin vacib olduğuna diqqət çəkib və sayt "ekspertlər" epitetindən istifadə edərək ABŞ və Britaniya xüsusi xidmət orqanlarını hədəf göstərib.

Xatırladaq ki, "Tsargrad.tv" davamlı olaraq dezinformasiya yayması ilə də tanınır.
Mühacirətdə yaşayan əfqanların yaratdığı "AmuTV" portalı da məsələ ilə bağlı material yayımlayıb. Orda da "mənbələr" sözündən istifadə olunub və mənbənin kimliyi qeyd edilməyib. Xəbərdə Pakistanın hava hücumlarının Əfqanıstanın cənubunda Talibanın ali lideri Heybətullah Axundzadə ilə əlaqəli Taliban xüsusi təyinatlı qüvvələrin yerləşdiyi ərazilərin hədəf alındığı qeyd olunub. Zərbələrin Qəndəharın 9-cu rayonundakı Axundzadəyə sadiq döyüşçülərin təlim keçdiyi bölməyə dəydiyinin vurğulandığı xəbərdə qeyd olunur ki, zərbə endirilən obyekt Axundzadənin komandanlığındaki ən etibarlı bölmələrdən biridir. Amma iddianın Taliban sözçüsü Zəbihullah Mücahid tərəfindən təkzib edildiyi də xəbərin sonuna əlavə olunub.

Göründüyü kimi
- Beynəlxalq media Pakistanın Əfqanıstanın cənubundakı Qəndəhar şəhərinə hücum etdiyini yazırlar;
- Amma bu hücumda Talibanın ali lideri Heybətullah Axundzadənin həlak olmasını təsdiqləyəcək rəsmi açıqlama yoxdur;
- Yayılan xəbərlərdə media "yerli mənbələrə" istinad etdiyi bildirir, lakin bu mənbələr anonim saxlanılır;
- Yayılan məlumatlardan belə nəticəyə gəlmək olar ki, Talibanın ali liderinin öldürülməsi xəbəri dezinformasiyadır.