Axtarış

Select theme:

Miqren sadəcə güclü baş ağrısıdırmı? Elm onun səbəbi və müalicəsi barədə nə deyir...

Məlumatlara görə, dünyada bir milyarddan çox insan miqrendən əziyyət çəkir, lakin əksəriyyəti onu adi baş ağrısı ilə qarışdırır. Müasir elmin bununla bağlı nə dediyinə və ağrıya nəyin həqiqətən kömək etdiyinə baxaq.

 Alimlər miqren dünyada ən geniş yayılmış nevroloji xəstəliklərdən biri sayır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu xəstəlik bir milyarddan çox insana təsir edir və xəstələrin böyük bir hissəsi üçün müvəqqəti əmək qabiliyyətinin itirilməsinin əsas səbəblərindən birinə çevrilir. Buna baxmayaraq, miqren çox vaxt adi baş ağrısı kimi qiymətləndirildiyi üçün bu yanaşma düzgün diaqnoz və müalicəni əhəmiyyətli dərəcədə gecikdirir.

Bəs elm nəyi təsdiqləyir?

Miqren nevroloji xəstəlikdir  ̶  psixosomatika (psixologiya və tibb elmlərinin kəsişdiyi bir sahə olaraq bədəndə baş verən xəstəliklərin psixoloji səbəbləri ilə əlaqəsini öyrənir – red.) deyil, amma stress də deyil. Tədqiqatlar göstərir ki, bu baş verən zaman üçlü sinir aktivləşir, qanda isə CGRP (Kalsitonin geni ilə əlaqəli peptid – red.) neyropeptidinin səviyyəsi kəskin şəkildə artır. CGRP ağrı siqnallarını gücləndirir və iltihabı artırır.  Bu isə müasir miqren dərmanlarının əsas hədəfidir. 

Miqreni necə fəqləndirmək olar?

Miqren adi baş ağrısından bir neçə əlaməti ilə fərqlənir. Ağrı adətən ürək nəbzinə uyğun döyünən xarakter daşıyır və başın bir tərəfini əhatə edir, işığa və səsə həssaslıq artır, çox vaxt isə ürək bulanma və ya qusma ilə müşayiət olunur. Fiziki hərəkət əlamətləri daha da pisləşir. Miqren 4 saatdan 72 saata qədər davam edə bilər.

Təxminən 20–30% xəstələrdə ağrıdan əvvəl aura – işıq çaxmaları, ziqzaq xətlər, müvəqqəti "kor nöqtələr" və ya əllərdə paresteziya hissi (dəridə hiss edilən və açıq-aydın uzunmüddətli təsiri olmayan sızıltı, qaşınma, uyuşma, sancma və ya yanma hissi – red.) kimi, görmə və ya hissiyyat pozğunluqları müşahidə olunur. Aura adətən 20-60 dəqiqə davam edir.

Miqreni tətikləyən səbəblər

Mütəxəssislər bu səbəbləri trigerlər adlandırır. Hər bir insansa bu trigerlər fərqli və fərdi xarakter daşıya bilər. Birinin atakına səbəb olan amil başqası üçün tamamilə təhlükəsiz ola bilər.

Yuxu rejimi Stress Qidalanma Qıcıqlandırıcı faktorlar
Yuxu çatışmazlığı və ya qəfil yuxu rejiminin dəyişməsi Güclü emosional gərginlik

Vaxtında qidalanmamaq,

Qırmızı şərab,

Köhnəlmiş pendirlər,

Natrium qlutamat

Güclü işıq,

Kəskin qoxu,

Yüksək səs

 

Miqreni necə yüngülləşdirmək olar

Atakı tamamilə dayandırmaq həmişə mümkün olmur, lakin əlamətlərin şiddətini azaltmaq mümkündür. Həkimlərin tövsiyə etdiyi ilk addım – sakit və qaranlıq otaqda istirahət etmək, alın və ya boyun nahiyəsinə soyuq kompres tətbiq etmək və kifayət qədər su içməkdir.

Həkimin təyinatı ilə ağrıkəsici, iltihab əleyhinə dərmanlar və sırf miqren üçün hazırlanmış dərmanlardan istifadə edilə tövsiyə edilir. Tez-tez atak yaşayan xəstələr üçün isə nevroloq profilaktik müalicə təyin edə bilər.

Təxirə salınmaz tibbi yardım üçün nə zaman müraciət edilməlidir?

Baş ağrısı qəfil başlayarsa və həyatınızın ən ağır ağrısı kimi hiss edilərsə, nitq, görmə və ya koordinasiya pozuntuları ilə müşayiət edilərsə və bu proses üç gündən çox davam edərsə və ya adi ağrının xarakteri kəskin dəyişərsə, bu zaman dərhal həkimə müraciət etmək lazımdır. Bu əlamətlər daha ciddi bir xəstəliyin işarəsi ola bilər.

Ağrıların tez-tez təkrarlanmasının qarşısını almaq mümkündürmü?

Bəli! Sizin həyat tərziniz burada əsas rol oynayır. Müntəzəm yuxu rejimi, uzun fasilələr olmadan düzgün qidalanma, kifayət qədər maye qəbulu və mülayim fiziki aktivlik atakların olma ehtimalını azaldır. Həkimlər, həmçinin miqren gündəliyi tutmağı tövsiyə edir: hər atakın tarixini, müddətini və mümkün trigerlərini qeyd etmək fərdi nümunələri müəyyən etməyə kömək edir.  

Mənbələr:

1.Ümumdünya Səhiyyə Təşkilatı — Baş ağrısı pozuntuları haqqında məlumat vərəqi

2.American Migraine Foundation — Migren Trigerleri

3.Milli Nevroloji Pozuntular və İnsult İnstitutu — Migren Məlumat Səhifəsi

4.Mayo Clinic — Migren: Simptomlar və səbəblər

5.Cleveland Clinic — Migren: Simptomlar, Səbəblər və Müalicə

 

Oxşar məqalələr: