Almaniyanın məşhur “Frankfurter Allgemeine Zeitung” qəzetində 2013-cü il mayın 26-da müəllifi Markus Vexner (Markus Wehner) olan “Tərcümeyi-haldakı ləkə: Almaniyanın aparıcı siyasətçiləri ali təhsili yarımçıq qoyduqları faktını gizlədirlər” adlı yazısında bir sıra nüfuzlu alman dövlət və siyasət adamlarının universiteti bitirə bilmədiklərini, ictimai qınaq və xəcalət hissinə görə isə bu məlumatı rəsmi bioqrafiyalarında gizlətdiklərini bildirib.
Bu məqalədə diqqət çəkən məqamlardan biri – müsahibə götürülən şəxslərin içində 2005-ci ildən parlament (Bundesdaq) üzvü olmasına baxmayaraq, o zaman üçün o qədər də məşhur olmayan, lakin son illərdə adını tez-tez eşitdiyimiz Frank Şvabenin (Frank Schwabe) yer almasıdır.
Şvabenin müsahibəsində Markus Vexnerə etdiyi etiraflara keçmədən öncə məşhur jurnalistin kimliyi ilə bağlı diqqətimizi çəkən məqamları qeyd etmək lazımdır.
Belə ki, 63 yaşlı Vexner Şərqi Avropa tarixi, siyasi elmlər və slavyan araşdırmaları üzrə Freyburq və Berlində təhsil alıb. Bu çərçivədə 1992–93-cü illərdə Moskvada araşdırmalar aparıb və 1996-cı ildə müdafiə etdiyi doktorluq dissertasiyasını Sovet tarixinin ilk illərinə həsr edib. Rusiya üzrə ekspert hesab edilən Markus Vexner 1999–2004-cü illərdə qəzetin Moskvada müxbiri kimi çalışıb, “Putinin Soyuq Müharibəsi: Rusiyanın Qərbi qabağına qatması” (2016) və “Moskva əlaqəsi: Şröder şəbəkəsi və Almaniyanın asılılığa gedən yolu” (2023) adlı kitabların müəllifi və həmmüəllifidir.

Frank Şvabenin ali təhsili ilə bağlı ona verdiyi müsahibəyə gəlincə isə, məlum olur ki, Bundestaqın rəsmi veb-səhifəsində Şvabenin “əvvəlcə Osnabrück Universitetində iqtisadiyyat, sonra Essen Universitetində isə landşaft idarəçiliyi, tarix, siyasi elm və sosiologiya üzrə təhsil alıb” qeydi yalan olmasa da, bu, açıq informasiya manipulyasiyadır.
O, 4 illik bakalavr pilləsini 10 ildən çox müddətdə bitirə bilmədiyi üçün universitetdən xaric olunub. Bu saxtakarlığı ilə bağlı suala, “diplomsuz” yazılsaydı daha dürüst olardı”, eyni zamanda, “hər kəs CV-sində nələri vurğulayacağına qərar verməkdə azaddır” bəyanatı onun hansı səviyyədə manipulyator olduğunun göstəricisidir.
Vexnerin qənaətinə görə, Vikipedia məlumatlarında natamam təhsili ilə bağlı informasiyanın tez-tez dəyişdirilməsi onun bu məsələdən nə qədər narahat olduğunun göstəricisidir. Şvabe özü də etiraf edib ki, ofisinin əməkdaşları bu məlumatı durmadan dəyişib/siliblər. Lakin həmin müsahibədən 13 il keçməsinə baxmayaraq, ensiklopediyanın alman dili versiyasında onun ali təhsilini başa vura bilmədiyi ilə bağlı məlumat hələ də mövcuddur. Görünən odur ki, Şvabe və komandası hər dəfə bu məlumatı dəyişməkdən artıq yorulublar.
Bəs Şvabenin açıq informasiya kimi təqdim etdiyi digər məlumatlarda başqa nələr gizlədilir?
Rusiya ilə əlaqələr
2011-ci noyabrın 14-də Bundestaqın rəsmi media orqanına verdiyi müsahibəsində “Siyasi kökləriniz haradan gəlir sualına”, gülərək: “Babam SPD partiyasının üzvü olub” deməsi, əslində məsələnin kökünün nə qədər dərin olduğunu göstərir.
İlk növbədə qeyd olunmalıdır ki, 1875-ci ildə kiçik sosialist partiyalarından qurulan və marksist ideyalar üzərində formalaşan Almaniya Sosial Demokrat Partiyası (SPD) II Dünya müharibəsindən sonra iki yerə ayrılmış, Qərbi Almaniyadakı partiya fəaliyyətini davam etdirmiş, Şərqi Almaniyadakı SPD-çilər isə 1946-cı ildə Sovet İttifaqının təsiri və təzyiqi altında Almaniya Kommunist Partiyası (KPD) ilə birləşərək Almaniya Sosial Birlik Partiyası (SED) adı altında 1989-cu ilə qədər fəaliyyət göstərmişlər.
Rur bölgəsinin (Qərbi Almaniya) fəhlə sinfini təmsil edən atası (35 il kömür mədənində çalışıb) və babası kimi Frank Şvabe də sosializm ideyalarına sadiq qalaraq 1991-ci ildə partiyaya üzv olub. İlk dəfə Parlament seçkilərində namizədliyinin partiya tərəfindən verilməsinin isə onun üçün sürpriz olduğunu qeyd edib. “Müntefering (partiyanın sədri) və Şröder (federal kansler) mənimlə öz planları barədə məsləhətləşməmişdilər” deməklə, deputat mandatının ona hansı səviyyədə verildiyinə işarə etmişdir. Yeri gəlmişkən, Markus Vexnerin həmmüəllifi olduğu “Moskva əlaqəsi” kitabı “Putinin yaxın dostu” kimi tanınan Almaniyanın sabiq federal kansleri Gerhard Şröderə həsr olunub.

Onun ruslarla ilk təmaslarının nə vaxt baş tutduğu bilinməsə də, araşdırmalarımız zamanı vaxtilə özünə məxsus https://frank-schwabe.de/ veb-səhifəsinə yerləşdirdiyi, lakin sonradan hər yerdən sildiyi bir yazıya rast gəldik.
Belə ki, 2009-cu ilin 26 yanvar tarixli “Rusiya və iqlim mühafizəsi – Almaniya Bundestaqında mümkün təşəbbüslərlə bağlı müzakirələr” adlı kiçik yazısında o, 2008-ci ilin dekabrında Polşada keçirilən Poznan İqlim Dəyişikliyi Konfransında Rusiyanı təmsil edən QHT nümayəndələri ilə artıq görüşdüyünü və rusiyalı siyasilərlə də dialoqun gücləndirilməli olduğunu qeyd edir. Həmin şəxslərin QHT-ləri yoxsa Rusiya kəşfiyyatını təmsil etdiklərini və yaxud Şvabenin rus siyasət adamları ilə görüşdüyünü dəqiq deyə bilməsək də, onun sonrakı Rusiya yönümlü fəaliyyətləri şübhələrimizi daha da artırır.


2014-cü ilin martında Rusiyanın Ukraynaya məxsus Krım bölgəsini ilhaq etdikdən sonra Rusiyaya qarşı Qərbin bir sıra çəkindirici addımlar atması fonunda onun həmin ilin aprelin 2-də Bundestaqın rəsmi media orqanına verdiyi “Şvabe: Rusiyanı istisna etməyin” başlıqlı müsahibəsi bir sıra qaranlıq mətləblərə aydınlıq gətirir.
Rusiya nümayəndə heyətinin AŞPA-da akkreditasiyasının tamamilə ləğv edilməsi ilə bağlı sualı cavablandırarkən, o, bu addımın düzgün olmadığını və Assambleyada Rusiyanı təmsil edən deputatlarla dialoqun saxlanılmasının vacibliyini bildirir, habelə Krımın işğalını “Moskvanın Krımdakı fəaliyyətləri” kimi təsvir edir. O, NATO-nun şərqə doğru genişlənməsinin nəticə vermədiyini, məsələnin həllini diplomatik və sülh yolu ilə danışıqlarda gördüyünü bildirir. Frank Şvabenin müsahibəsi bütünlükdə Qərb siyasətçisindən daha çox rus diplomatlarının cavablarını xatırladır.
Qeyd olunmalıdır ki, 2014-cü ildə Rusiya nümayəndə heyətinin AŞPA-da səlahiyyətlərinə xitam verildikdən sonra, 2019-cü ilin iyununda onların səsvermə hüququ bərpa olunur. Rusların ora qayıtmasının lehinə səs verənlərdən biri də məhz Şvabe olur. Bu fakt onun üç ay sonra, sentyabrın 19-da Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşü ilə bağlı gedən məlumatda da qeyd edilir.


Rusiyaya səfəri ilə bağlı “Deutsche Welle” nəşrinə verdiyi müsahibəsində o, “beş ildən sonra Rusiya ilə körpünün qurulmasının doğru addım olduğu” tezisini müdafiə edir.
Araşdırma zamanı onun Rusiyanın lehinə dolayı yola lobbiçilik etdiyi də müəyyən olunub. Belə ki, 2019-cu il mayın 15-də Almaniyada fəaliyyət göstərən “IPG” (Beynəlxalq siyasət və cəmiyyət) jurnalında gedən “Moskva ilə münaqişədə” adlı müəllif yazısında o, Rusiya ilə Avropa Şurası arasında davam edən münaqişənin həlledici mərhələyə yaxınlaşdığını, Rusiyanın oradan xaric edilməsinin heç kimə xeyir gətirməyəcəyini iddia edir.

Bir xırda detalı da qeyd etməyi mütləq lazım bilirik. Özünü iqlim mühafizəçisi və insan hüquqlarının müdafiəçisi kimi təqdim edən Şvabe nədənsə fanatı və rəsmi üzvü olduğu “Schalke 04” futbol klubuna Rusiyanın enerji şirkəti olan “Gazprom”-un 15 il (2007-2022) sponsorluq etməsinə heç zaman etiraz etməyib. Baxmayaraq ki, Azərbaycanın neft-qaz ölkəsi olaraq BMT-nin İqlim Konfransına (COP29) ev sahibliyi əleyhinə ən çox danışanlardan biri də elə Frank Şvabe olub.
O, Rusiyanın nəhəng qaz şirkəti olan “Gazprom”-la bağlı adının keçdiyi bütün paylaşımları isə ya silib, ya da sildirib. Onun oxşar yanaşmasını biz artıq ali təhsili ilə bağlı "Vikipedia"da sərgilədiyini görmüşük.


Düşünürük ki, onu bu məsələdə susmağa vadar edən məsələlərdən birincisi əgər Rusiya ilə hər kəsdən gizlətdiyi əlaqələridirsə, digəri vaxtilə onun Bundestaqa namizdəliyini irəli sürən sabiq rəhbəri Gerhard Şröderin “Gazprom” və “Rostneft” kimi şirkətlərdə yüksək vəzifələr tutması idi.
Araşdırmalarımız zamanı o da məlum olub ki, hazırda Almaniya Protestant Kilsəsinin Palata Şəbəkəsinin fəal üzvü olan Şvabenin özünü cəmiyyətə düzgün insan kimi təqdim etməsi ilə onun hərəkətləri arasında kəskin fərq var.
Misal üçün, Rusiyanın Ukraynaya hücumuna görə “Gazprom”-un “Schalke 04”-ə sponsorluq etməsinə klub tərəfindən xitam verildikdən sonra Şvabe 2022-ci il fevralın 28-də “Instagram” paylaşımı edir. O, uzun illər riyakarcasına münasibət bildirmədiyi, hətta dəstəklədiyi iki məsələ ilə bağlı ortaya “açıq mövqe” qoyur:
“Böyük rahatlıq hissi keçirirəm, hətta bir az da qürur duyuram ki, “mənim” Şalkem belə tez və birmənalı qərar verib. Bütün qeyri-müəyyənliklərə baxmayaraq. Sabiq Kanslerin isə eyni ardıcıllıqla hərəkət etməməsi daha da utancvericidir”.

Və yaxud bütün Qərb Rusiyaya qarşı çıxdıqdan sonra, Şvabe də məcbur qalaraq Rusiya əleyhinə nələrsə danışır.
Onun bu hərəkətlərini əgər xristian aləmində tanınmış şəxslərlə müqayisə etsək, ağlımıza yalnız İsa Peyğəmbərə xəyanət edən Yəhuda adlı həvarisi gəlir.