Axtarış

Select theme:

Frank Şvabenin riyakarlıq maskası (II hissə)

Frank Şvabenin özünü korrupsiya ilə mübarizə və insan hüquqlarının müdafiəçisi, arada bir isə iqlim mühafizəçisi və xeyirxah insan kimi təqdim etməsinə baxmayaraq, onun əslində necə bir insan olduğunu ötən araşdırmamızda təqdim etmişik.

Frank Şvabenin riyakarlıq maskası (I hissə)

Bu araşdırmada isə onun bəyan olunmayan maliyyə hesabları, Soros fondları və lobbi təşkilatları ilə müəmmalı əlaqələri barədə faktlar təqdim edilir.

Onun 2011-ci il noyabrın 14-də Bundesdaqın rəsmi media orqanına verdiyi müsahibəsində qeyd olunur ki, valideynləri sadə və əməksevər insanlar olublar. Atası 35 il müxtəlif kömür mədənlərində iki növbədə işləmək məcburiyyətində qalıb, hətta iş vaxtı barmağını itirdiyinə görə 50 yaşında vaxtından əvvəl təqaüdə çıxmalı olub (Belə çıxır, atası 15 yaşından işləyib?! – red.). Dediyinə görə, ailə üzvləri arasında gimnaziyaya (orta məktəbə) gedən yeganə insan Frank olub və o, yaşadığı bölgədə oradan məzun olan az şəxslərdən biri imiş.

“Hər səhər məktəbə gedəndə yolumun üstündə bir səfil oturardı. Mənim üçün o şəxs, ədalətsizliyin simvolu idi.” Onun düşüncəsinə görə, Almaniya kimi varlı cəmiyyətdə insanlar səfalət içində olmamalı idi. bundestag.de

O, hətta universiteti 10 ildən artıq müddətdə bitirə bilməməsinin əsas səbəbi kimi savadsızlığını deyil, təhsilin sonradan pullu olması ilə əlaqələndirirdi.

Frank Şvabenin öz dilindən səslənən bu etiraflar və təhlillərimiz onu deməyə əsas verir ki, onun belə hiyləgər, məkrli və pula meylli şəxs olaraq formalaşmasının əsas səbəbi çətin keçən uşaqlıq illəri və aldığı psixoloji travmalara, habelə əhatə olunduğu şəxslərə görə olub.

Şvabeyə həsr olunan birinci yazıda onun və komandasının rəqəmsal platformalarda özü ilə bağlı faktları gizlətmək, onlarla manipulyasiya etmək, dəyişmək, lazımi məqamda isə silmək vərdişləri barədə oxuculara həqiqətləri göstərmişdik. Lakin daha dərin araşdırma apardıqda, çətinliklə də olsa, Şvabenin belə gizlədə bilməyəcəyi məlumatlara rast gəldik.

“Darknet”-də onunla bağlı aşkar etdiyimiz sənəddə Frank Şvabenin aktivlərinin (varidatının) 2023-cü ildə 3 milyon, 2024-cü ildə isə 5 milyon ABŞ dolları civarında olduğu müəyyən edilib. İlk baxışda oxucular bu rəqəmlərin qərbli siyasətçi üçün o qədər də böyük məbləğ olmadığını düşünə bilərlər, lakin onun AŞPA-ya gəlirləri və fəaliyyətləri ilə bağlı təqdim etdiyi şəffaflıq bəyannamələrini təhlil edərkən, tamamilə fərqli mənzərə ilə rastlaşdıq.

Əgər Frank Şvabe 2016-cı ildən 2025-ci ilə qədər aldığı məvacibindən 1 avro belə xərcləməsəydi, onun varidatı nəyinki 3 milyon, heç iki milyona da çatmırdı. Hesablamalar nəticəsində onun 10 il ərzində gəlirlərinin toplamının 1.8 milyon ABŞ dolları (1.58 milyon avro) təşkil etdiyi müəyyən edilib.

Bəs bu maliyyə haradan gələ bilərdi?

İraqa müəmmalı səfərlər

Almaniyanın İraqdakı Səfirliyinin 2023-cü ilin aprelində “Facebook” səhifəsində paylaşdığı məlumatda Şvabenin İraqın miqrasiya və köçkünlər üzrə artıq sabiq naziri Evan Jabro ilə görüşdüyü və həssas qrupların dəstəklənmələri ətrafında danışdıqları qeyd edilir.

Son iki ayda İraq Hökuməti tərəfindən aparılan anti-korrupsiya əməliyyatları nəticəsində onlarla yüksək vəzifəli şəxsin, siyasətçinin, parlamentarinin, biznes sahibi və digərlərinin külli miqdarda korrupsiya fəaliyyətlərinə görə şübhəli şəxs qismində istintaqa cəlb edildiklərini nəzərə alaraq, xanım Jabro ilə də bağlı kiçik araşdırma aparmağı lazım bildik.

Doğrudur, son anti-korrupsiya kampaniyası zamanı həbs olunanlar içində onun adına rast gəlməsək də, 2023-cü ilin avqustunda (Şvabe ilə görüşdən 3 ay sonra) nazirlik daxilində korrupsiyanın geniş yayılması ilə bağlı İraq Parlamentinin Vian Dakhil isimli deputatı tərəfindən Evan Jabroya qarşı rüşvət ittihamının səsləndirildiyi və parlamentdə dindirilməsi üçün 50-dən çox deputatın imza topladığı barədə məlumat verilir. Korrupsiya ittihamlarına ərzaq səbəti layihəsi, köçkün düşərgələri və maliyyə qrantları sahələrdə baş verən qanun pozuntuları daxil idi.

İraqa həmin səfəri çərçivəsində Şvabe Kürdüstan regionuna da səfər edərək, yüksək vəzifəli şəxslərlə görüşmüşdür.

Almaniyanın İraqdakı Səfirliyinin 2024-cü il sentyabrında “X” platformasında paylaşdığı məlumatda isə, Şvabenin İraqın Mosul şəhərinin qubernatoru ilə görüşdə Sincar şəhərində infrastrukturun yaxşılaşdırılması üçün 15 milyon avronun ayrılacağını elan etdiyi bildirilir. Qeyd olunmalıdır ki, Almaniya Hökuməti 2014-cü ildən etibarən donor qismində İraqa 3 milyard avrodan çox maliyyə yardımı etmişdir. 

İraqın hüquq-mühafizə orqanlarının apardığı bu genişmiqyaslı təmizləmə əməliyyatı ölkədə xarici fondlar və dövlət layihələri vasitəsilə milyardlarla vəsaitin necə talandığını göstərir. Bir sıra dövlət adamları və siyasilərin korrupsiya əməlləri fonunda Frank Şvabenin həmin bölgəyə nə üçün belə maraq göstərdiyini, eyni zamanda, onun 2023 və 2024-cü illərdəki varidatının birdən-birə artması ilə İraqa səfər tarixlərinin üst-üstə düşməsi onun bu korrupsiya burulğanına bulaşması şübhələrini daha da artırır.

Sorosla dolayı əlaqələr

Alman Bundestaqında təqribən 630 deputatdan biri olan Frank Şvabe ilk dəfə regionumuzla bağlı gündəmə 24 aprel 2015-ci ildə parlamentdə çıxış edərkən 1915-ci il hadisələrinin tanınmasını tələb etməsi ilə gəlib. Bu çıxış Almaniya Hökumətinin Türkiyə ilə bağlı rəsmi siyasətini faktiki olaraq dəyişməsə də, Şvabe üçün başlıca məqsəd – özünü anti-Türkiyə və anti-Azərbaycan çevrələrinə “satmaq” və həmin şəbəkələrdə siyasi kapital qazanmaq idi. Elə bu mərhələdən sonra onun xətti ardıcıl şəkildə Bakı və Ankaraya qarşı yönəlmiş, insan haqları və demokratiya ritorikası altında geosiyasi qərəz siyasətinə çevrilmişdir.

Frank Şvabe siyasi karyerasının əvvəlində iqlim dəyişikliyi mövzuları ilə çıxış edən, ekoloji gündəm üzərindən imic quran siyasi bir aktivist kimi tanınırdısa, zaman keçdikcə o, “insan haqları müdafiəçisi” roluna keçid edərək bu sahənin ona daha çox siyasi və iqtisadi dividentlər gətirəcəyindən əmin olur.

Avropa institutlarında çıxış üçün tribuna, beynəlxalq şəbəkələr, layihələr, maliyyə axınları və mediada tanınmanın verdiyi “üstünlüklərə” görə Şvabe insan haqları mövzusunu prinsipial dəyərlər yox, alət kimi istifadə etməyə başlayır.

Onun siyasi fəaliyyətini təhlil edən zaman diqqət çəkən ilk fiqurlardan biri və “insan haqları biznesi”nə girişində əsas rol oynayan şəxs - partiya yoldaşı Kristof Ştrasserdir (Christoph Strässer). Ştrasser SPD daxilində uzun illər insan haqları və “siyasi məhbuslar” mövzularına cavabdeh olmuş, Avropa Şurası çərçivəsində mandatlar daşımış bir fiqurdur. Şvabe onu özünə həm “böyük qardaş”, həm də mentor kimi seçir və faktiki olaraq Ştrasserin qurduğu şəbəkənin davamçısına çevrilir.

Ştrasser qaranlıq keçmişinin karyerasına saldığı kölgə fonunda öz yerinə daha gənc və “idealist” görkəmli bir fiqur axtarırdı. Onun keçmişdə pedofiliya mövzularında liberal, hətta bəzi hallarda təşviqedici mövqelər tutması 2013-cü ildə Almaniyanın aparıcı mətbuat orqanlarında geniş müzakirə edilirdi. Bu isə onun mənəvi portretinə ictimai diskursda ciddi zərər vururdu. 

Hətta Bundestaqda BMT səviyyəsində hər il fevralın 12-də keçirilən və uşaqlara həsr olunan “Qırmız Əl Günü” və ya “Uşaq Əsgərlərin istifadəsinə Qarşı Mübarizə Günü” ilə bağlı quraşdırılımış stendin önündə Ştrasserin Şvabe ilə birgə şəkil çəkdirməsi onun məhv olmuş imicini xilas edə bilməzdi.

Lakin məkrli fəaliyyət xəttinin davam etməsi üçün ona Şvabe kimi “idealist”, ambisiyalı, tribunalara meylli, “insan haqları” şüarları altında sərt geosiyasi mövqelər tutmağa hazır olan adam lazım idi. Bundestaq və AŞPA daxilində insan haqları, siyasi məhbuslar, Cənubi Qafqaz və Türkiyə mövzuları üzrə mandatların Ştrasserdən ardıcıl şəkildə Şvabeyə keçməsi, köhnə şəbəkənin yeni sifətlə davam etməsi demək idi.

Bu işlərdə ona yaxından kömək edən isə Avstriya mənşəli dostu və Soros şəbəkəsi ilə yaxından əlaqəli olan Gerald Knaus idi. Avropa Sabitlik Təşəbbüsü (ESI) adlı beyin mərkəzinin təsisçisi olan Knaus, Strässerlə başladıqları bütün təşəbbüsləri Şvabe ilə davam etdirdi.

Şvabenin Soros strukturları, liberal beyin mərkəzləri, “rejimdən zərərçəkənlər” və “siyasi məhbuslar” narrativini birləşdirəndə ortaya eyni model çıxır: formal olaraq insan haqları, həqiqətdə isə seçici, geosiyasi hədəflərlə və çirkli pullarla işləyən siyasi aktivizm.

Şvabenin belə müəmmalı əlaqələrindən biri isə – Polşa ilə Almaniya arasında 2018-ci ildə siyasi gərginliyə səbəb olan Lyudmila Kozlovskaya adlı ukraynalı qadın və onun “Open Dialog Foundation (ODF)” təşkilatıdır.

Belə ki, Polşanın Daxili Təhlükəsizlik Agentliyinin əks-kəşfiyyat idarəsinin ODF-in  maliyyələşdirilməsi və digər açıqlanmayan hallarla bağlı ciddi şübhələri yarandıqdan sonra Polşa Hökuməti 2018-ci ilin avqustun sonlarında Lyudmila Kozlovskayanın ölkədən deportasiya edilməsi ilə bağlı qərar qəbul edir və Şengen zonasında “arzuolunmaz şəxs” elan edir.

Polşanın rəsmi media orqanları isə onu xarici agent, Corc Soros və Şərqi-Avropadakı oliqarxlarla əlaqəli şəxs kimi təsvir edirdilər.

Lyudmila Kozlovskaya ilə bağlı qeyd edilməlidir ki, Avropa Parlamentində onun barəsində Rusiya pasportuna malik olması, Rusiya Dəniz Donanması ilə, habelə “EU Today”-in məlumatına görə Rusiya kəşfiyyatı ilə əlaqələrinin olduğu barədə məlumatlar mövcuddur. 

Polşanın dövlət orqanlarının Kozlovskaya ilə bağlı addımları isə nədənsə Frank Şvabedə kəskin narazılıq yaratmışdı. O, “Bundestaq üzvləri ilə insan haqları fəalı arasında görüşün Polşa tərəfindən qarşısının alınması qəbuledilməzdir” deyərək, ardından Andreas Nick adlı həmkarı ilə xanım Kozlovskayanı Almaniya dəvət edirlər. ODF rəhbərinin Avrozonaya giriş qadağası olmasına baxmayaraq, ona Almaniyanın Ukraynadakı Səfirliyi qısa müddətdə səfər etməsi üçün viza verir və artıq sentyabrın 14-də Lyudmila Kozlovskaya Frank Şvabenin Bundesdaqda təşkil etdiyi tədbirdə çıxış edirdi.

Bütün bunları sadalamaqda məqsədimiz – Kozlovskaya ilə bağlı baş verən prosesləri göstərmək yox, əslində, Şvabenin “demokratiya”, “azadlıq” və “insan haqlarının müdafiəçisi” adı altında fəaliyyəti, onun yaxın çevrəsi və əlaqə qurduğu şəbəkələrə diqqət çəkməkdir.

Bizim ehtimallarımıza görə, Kozlovskayanı Şvabe üçün cəlbedici edən səbəb onun qazaxıstanlı oliqarx, çirkli pulların yuyulması, korrupsiya və maliyyə cinayətlərinə görə beynəlxalq axtarışda olan Muxtar Ablazovla yaxın əlaqələri olub. Hələ də böyük maliyyə vəsaitinə malik Ablazov Kozlovskaya, Bota Jardemali kimi hüquq müdafiəçilərinin köməyi ilə həm özünü, həm də sahib olduğu varidatını qorumaq üçün Şvabe kimi muzdlu deputatların xidmətlərindən istifadə edir. Bu, Avropa siyasətinə təsir göstərmək üçün qurulmuş daha böyük bir lobbi mexanizminin tərkib hissəsidir. Yəni, burada söhbət təkcə bir fəalın bir oliqarxla yaxınlığından getmir, söhbət insan hüquqları maskası altında siyasi müdafiə, ictimai nüfuz və xarici təsir şəbəkəsinin qurulmasından gedir. eureporter

Erməni lobbisi ilə əlaqələr

Şvabenin Ermənistan və erməni lobbisi ilə əlaqələri barədə hələ 2017-ci ildə Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin analitikləri tərəfindən hazırlan “Erməni əlaqəsi şəbəkəsi” adlı iki hesabatda ətraflı məlumat verilirdi. Hesabat həmmüəlliflərindən biri isə jurnalist və uzun illər Fransanın xarici kəşfiyyat qurumu olan Xarici Təklüləsizlik Baş İdarəsinin sabiq əməkdaşı Klod Monikay (Claude Moniquet) olub.

Bu ifşaedici materiallardan sonra Frank Şvabe ermənilərlə əlaqələrini gizli saxlamağa çalışsa da, sonradan bunun bir mənası olmadığını anlayır. Onun əsas əməkdaşlıq etdiyi erməni lobbi təşkilatı isə Almaniya Ermənilərinin Mərkəzi Şurasıdır (Zentralrat der Armenier in Deutschland – ZAD). Təşkilatla Frank Şvabe arasındakı açıq əməkdaşlıq əsasən son illərə (2022–2026) təsadüf edir. 2023-cü ilin sonlarından etibarən Şvabenin ZAD-la sıx və sistemli əlaqələri ön plana çıxmağa başlayır.

Almaniya Ermənilərinin Mərkəzi Şurası Almaniyada fəaliyyət göstərən bütün dünyəvi erməni dərnəklərini, icmalarını və regional qruplarını birləşdirən ən böyük çətir təşkilatdır.

Təşkilat özünü nizamnamədə partiyasız və neytral elan etsə də, reallıqda Almaniya siyasətinə, xüsusilə Frank Şvabe kimi deputatlara təsir göstərərək mütəmadi olaraq Azərbaycan əleyhinə lobbiçilik və qara piar fəaliyyəti icra edir. ZAD-ın rəsmi tədbirlərində, bəyanatlarında və lobbi kampaniyalarında Şvabenin tezislərinin tez-tez tirajlanması, onun bu təşkilatın əsas ruporlarından birinə çevrildiyini göstərir.

ZAD Almaniya daxilində çox güclü institusional və siyasi şəbəkə qurmağı bacarıb. Təşkilatın sədri Conatan Spangenberg erməni icmasının Almaniyadakı ən fəal simalarından biridir. Mütəmadi olaraq mediada, tədbirlərdə və lobbi fəaliyyətində iştirak edir. ZAD sədri kimi Şvabe ilə Bundestagda da görüşlər keçirib, onun erməni icması ilə təmaslarında vasitəçilərdən biridir.

Frank Şvabenin bəyanatları ilə Almaniyada Ermənilərin Mərkəzi Şurasının rəsmi çağırışları müqayisə edildikdə, aralarındakı əlaqənin bəsit bir siyasi həmrəylik olmadığı, ZAD-ın hazırladığı tezislərin birbaşa Şvabe tərəfindən icra edildiyi sübuta yetirilib.

Sonda bir şeyi demək yerinə deşər ki, Frank Şvabe ona verilən imtiyazlardan, hüquq və vəzifələrdən sui-istifadə edərək hansısa dəyərləri qorumaq adı altında maliyyə cinayətlərini pərdələyərək və xarici təsir mexanizmləri quraraq özü də bilmədən geosiyasi şantaj alətinə çevrilib.

Əminliklə demək olar ki, özünün hər zaman rəhbər tutduğu Avropa Şurasının insan hüquqları üzrə konvensiyaları, AŞPA-nın etik kodeksi və Almaniya Bundestaqının deputatlar üçün müəyyən etdiyi davranış qaydalarını kobud surətdə pozan, fəaliyyətlərində şəffaflıq prinsiplərini sistematik şəkildə tapdalayan Frank Şvabenin sonu Almaniyanın siyasi tarixində pedofiliyanın dəstəkləyicisi kimi yadda qalan Ştrasserin aqibəti kimi olacaq.

 

 

 

Oxşar məqalələr: