“Meydan TV” özünü söz azadlığının və müstəqil jurnalistikanın flaqmanı kimi təqdim etməyə çalışsa da, reallıqda bu platforma heç vaxt yerli və müstəqil təşəbbüslər əsasında formalaşmayıb.
Faktyoxla-nın araşdırmaları və Almaniyanın rəsmi reyestr sənədləri açıq şəkildə göstərir ki, bu struktur arxa planda qlobal qrant şəbəkələri, xarici siyasi maraq mərkəzləri və xüsusi xidmət orqanları tərəfindən yaradılan və onların iradəsi əsasında idarə olunan qapalı mexanizmdən ibarətdir.
Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş bu layihə informasiya təxribatlarının və milyonluq qrant oyunlarının əsas mərkəzlərindən biridir.
Əsasən 2013-cü ildən fəaliyyətə başlayan “Meydan TV"-nin yaranma tarixi təsadüfi deyil. “Ərəb Baharı”nın gətirdirdiyi inqilablardan ilhamlanan bir sıra xarici və daxili dairələr Azərbaycanda keçiriləcək prezident seçkiləri ilində inqilabi prosesləri müşayiət edəcək və gücləndirəcək “jurnalistika” modelini yaratmağı planlaşdırırdılar.
Layihənin rəhbərliyinə jurnalistik təcrübədən uzaq, lakin sosial-siyasi fəallıqla tanınan özünə “milli” ləqəbini götürən Emin Abdullayev və 2002-ci ildən Almaniyada məskunlaşmış (hazırda “qeybə çəkilən”) Həbib Abdullayev gətirilirlər. Müntəzir (ərəbcə "intizar içində olan", "kiminsə əmrini gözləyən" mənalarını verir – red.) ləqəbi ilə özünü tanıdan Həbib bir il öncə (2012) "Fərq TV" layihəsini həyata keçirərək, “Ərəb inqilabları” zamanı canlı yayımlar və siyasi debatlar təşkil etməsi ilə yadda qalmışdı.
Bu seçim onu göstərirdi ki, ilkin mərhələdə əsas hədəf peşəkar media məhsulu yaratmaqdan da çox, kütləvi müxalif izləyici auditoriyası formalaşdırmaq idi. Gözlənilən nəticələr ilk illərdə əldə olunmadıqda, layihənin konsepsiyası yenidən nəzərdən keçirildi: maliyyə dəstəyi artırıldı, komanda formalaşdırılıdı və "Meydan TV" kiçik müxalifət tribunasından tam formatlı, çoxdilli media qurumuna transformasiya olundu.
Beləliklə, "Meydan TV"-nin yaranma tarixi ideya baxımından xarici inqilab modellərindən ilhamlanma, məqsəd baxımından davamlı siyasi təzyiq mexanizmi qurma, addımlar baxımından isə kiçik təşəbbüsdən institusional media qurumuna keçid xətti üzərində formalaşdı.
Uzun illər Azərbaycan ictimaiyyətində "Meydan TV"-nin Azərbaycan vətəndaşları tərəfindən yaradılması fikri hakim olub. Əslində isə bu media orqanı Almaniyada 2012-ci ildə qeydiyyatdan keçmiş “Vereinigung für die Demokratie in Aserbaidschan (VDA) e. V.” (Azərbaycanda Demokratiya naminə Assosiasiya) tərəfindən idarə olunub. Sonradan (2017-ci ildə) adından “Azərbaycan” sözü çıxarılaraq Demokratiya naminə Assosiasiyaya çevrilib (“Vereinigung für die Demokratie e. V.”). Bunu etməkdə məqsəd fəaliyyət coğrafiyasını genişləndirərək təkcə Azərbaycanla bağlı deyil, Rusiya və Şərqi Avropa ilə də əlaqədar media layihələrini idarə etmək olub. Northdata.de

Berlin şəhərinin Şarlottenburq Rayon Məhkəməsində (Amtsgericht Charlottenburg) VR 32029 B nömrəsi ilə qeydiyyatdan keçib. Rəsmi olaraq "Gemeinnützig" (qeyri-kommersiya) QHT statusuna malikdir.
Mərkəzi ofis Berlində, nümayəndəlik və ya əlaqə şəbəkəsi Gürcüstan (məsələn, Sevda Səmədova adı keçir) və Niderlandda da qeyd olunur. Xaricdəki komanda məzmunu redaktə edir, sosial şəbəkə hesablarını idarə edir və Azərbaycandan gələn materialları yayımlayır.
Medianın İnkişafı üzrə Qlobal Foruma (GFMD) görə “Demokratiya naminə Assosiasiya” rəqəmsal media platformaları olan “Meydan TV” və Rusiyadakı “ROMB” – araşdırmalar, aktiv reportajlar və müdafiə jurnalistikası vasitəsilə dövlət narativinə qarşı tarazlıq rolunu oynayır və bu yolla siyasətə və insanların həyatına müsbət təsir göstərdiyini sübut edib. Bu təşkilat “müstəqil medianın və faktlara əsaslanan peşəkar jurnalistikanın bütün cəmiyyətlərin siyasi inkişafı üçün qərarverici baza olduğuna inanır və bu dəyərlər onların fəaliyyətini hərəkətləndirir”.
Təşkilatın 30.08.2017 tarixli Ümumi Yığıncağı Nizamnaməni tamamilə yenidən işləyib və 21.12.2017-ci il tarixində Kalinovski soyadlı məmurun imzası ilə qurum qeydiyyata alınıb. 07.08.2013-cü il tarixində “Ticarət reyestrinin gündəlik dəyişiklikləri”ndə “1 nəfər”lik dəyişiklik qeyd edilir. Mətndə qeyd olunur ki, adı gizlədilən şəxs “daha sədr vəzifəsini daşımır”.
19.04.2017-ci il tarixli “Ticarət reyestrinin gündəlik dəyişiklikləri”ndə məsələyə bir az aydınlıq gəlir: Adının qarşısında 5 rəqəmi yazılmış şəxs artıq sədr deyil, onu doğum tarixi gizlədilmiş, onu İsveçrənin Bazel şəhərindən olan Sara Winter Sayilir adlı şəxs əvəzləyir.
31.08.2020 dəyişikliyinə görə, daha bir adı aşkar edirik. Sədr müavini artıq Christian Mihr (Kristiyan Mihr) olur.





Araşdırmalar zamanı bəlli olur ki, 10.12.2012 – 06.06.2014-cü illərdə təşkilatın icraçı direktoru Həbib Abdullayev (Müntəzir), 07.08.2013 – 06.06.2014-cü illərdə isə Emin Abdullayev (Milli) olublar. 06.06.2014 – 19.04.2017-ci ilə qədər təşkilatın icraçı direktoru Elnurə Civəzadə adlı xanım təyin edilib.



Sənədlərdə layihənin ilk və əsas təşəbbüskarı kimi Emin Milli göstərilir və onun 2019-cu ildə “Meydan TV”-nin rəhbərliyindən ayrıldığı qeyd edilir.

Həmtəsisçi və uzun müddət sosial media rəhbəri isə Həbib Müntəzir (Həbib Füzuli oğlu Abdullayev) olub. Müstəqil araşdırmaçı jurnalist kimi təqdim olunan Həbib Berlində bloger və media təşkilatçısı kimi tanınır. Vaxtilə jurnalist həmkarlarından biri onu “mayor” adlandırmaqla xarici kəşfiyyat xidmət(lər)i üçün fəaliyyət göstərdiyinə işarə edir.

“Meydan TV”-nin sosial mediada və Azərbaycan mediasında davamlı yayılan örtük fotosuna çevrilmiş “kanal yaradıcıları bir fotoda” fotosu isə daha çox diqqət cəlb edib.

Fotoda soldan birincinin Ramazan Səmədov adlı şəxsin olduğu ehtimal edilir. O, “Meydan TV” ilə bağlı əksər fotolarda yer alsa da, oradakı konkret fəaliyyəti barədə məlumat aşkar edilmir. Lakin onun Emin Milli ilə uzun müddət yaxın dostluq əlaqələrinin olduğu barədə informasiya mövcuddur. “Linkedin” səhifəsində R.Səmədovun 2012-ci ilə qədər Azərbaycanda bank sektorunda fəaliyyət göstərdiyi, 2013–2021-ci illərdə Avropada yaşadığı, Belçikada “EU Solutions” təşkilatında çalışdığı, 2021-ci ilin oktyabrından isə Asiya İnkişaf Bankında (ADB) işlədiyi qeyd olunur. 2025-ci ildən isə AFFA-da İnkişaf Strategiyasının icrası üzrə layihə qrupunun dövlət qurumları ilə əlaqələrinə məsul şəxs kimi fəaliyyət göstərir.

Şəkildə soldan ikinci şəxs isə Kerolayn Satklif (Caroline Sutcliffe) adlı ABŞ vətəndaşıdır. Emin Milli 7 iyun 2013-cü il tarixli paylaşımında “Komandamızın daha bir üzvü artıb. Bu günlərdə Meydan TV-nin işini dəstəkləmək üçün dostumuz Caroline Amerikanın Hawai adalarından uçub gəlib Berlinə. Okeanı və günəşi, o adalarda həyatı Berlinə və Azərbaycanlıların azadlıqı üçün qurulan bir işə hər kəs dəyişməz” – məzmunlu paylaşım edib. 
“Caroline bizim fundraising strategiyamızın qurulmasında bizə könüllü olaraq dəstək verəcək. Caroline Azərbaycanda Fillbright təqaüdü ilə bir il olub, sonra isə Londonda LSE-də təhsil alıb. Bilirəm konspiralogiya sevənlər nələrsə uydurmaq istəyəcək, amma həqiqət budur ki, Caroline inanır ki, Meydan TV kimi başqa unikal bir layihə yoxdur. O, öz biliklərini, vaxtını və enerjisini Meydanın inkişafına sərf etmək istəyir.

“Meydan TV”-nin direktor müavini olan Kerolayn isə peşəkar kəşfiyyatçılara xarakterik formada layihə üzvlərini dəstəkləyir onlara “ürək-dirək” verirdi “Mənim ailə[m]! Gördüyünüz işlər üçün siz hər gün risk edirsiniz. Siz hamınız məni ilhamlandırırsınız – gördüyünüz işləri davam edin. Siz əjdahalarsınız!” yazması layihənin onun üçün nə qədər vacib olduğunu bir daha təsdiq edirdi.
Kerolayn Satklif Cənubi Qafqaz regionunda fəaliyyət göstərən, xüsusilə (etnik, dini və cinsi) azlıqların, qadınların və münaqişələrdən zərər görmüş icmaların səslərinin çatdırılmasına yönəlmiş media layihələri ilə tanınan beynəlxalq media mütəxəssisi və sosial sahibkardır. O, regionda fəaliyyət göstərən məşhur "Chai Khana" (Çayxana) multimedia platformasının təsisçisi və icraçı direktoru, eləcə də "Open Caucasus Media" (OC Media) portalının həmtəsisçisidir.

O, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) Beynəlxalq İnkişaf və Humanitar Böhran üzrə magistr dərəcəsi alıb.
Kerolayn Satklif karyerası boyu müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də Beynəlxalq Qırmızı Xaç Komitəsində, ABŞ-nin Haaqadakı diplomatik missiyasında və bir sıra beyin mərkəzlərində çalışıb. Amma açıq mənbələrdə aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, onun ən böyük “uğurları” yalnız regionda yaratdığı təxribatçı media platformalarıdır.
O, sosial layihələrlə yanaşı feminizm, insan hüquqları, abstrakt rəngkarlıq, yoqa, fotoqrafiya və ekzotik bitkilərin kolleksiyası ilə yaxından maraqlanır.
Bu xanımla bağlı ən vacib iki məqamı qeyd etmək lazım gələrsə, biz heç şübhəsiz bunları deyərdik:
- Kerolayn Satklif ABŞ Dövlət Departamentinin “Fulbright” proqramının təqaüdçüsü olaraq Azərbaycanda tədqiqat aparması;
- Doğum yeri və gənclik illəri barədə demək olar ki, heç bir məlumatın olmaması onun xüsusi xidmət orqanlarına bağlı şəxs olduğunu.
ABŞ vətəndaşı olan bu şəxsin "Meydan TV", "Chai Khana" və "OC Media" kimi regionda siyasi çalarlı media layihələrini idarə etməsi diqqət çəkir. Adətən, tərcümeyi-halı bu qədər qaranlıq və qapalı olan şəxslərin peşəkar fəaliyyəti xüsusi xidmət orqanları və ya Soros Fondu kimi qlobal maliyyə-siyasi təsisatlarla bağlı olur.
Azərbaycan mediasında dərc olunan bir məqalədə iddia edilirdi ki, 31 yaşlı bu xanım ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) bağlı şəxsdir.
“Meydan TV”-nin “Oasis Media Directory”-də qeyd olunan təsisçilərdən Təhminə Tağızadə və Zozu Zakaria haqda da məlumat verək.

Jurnalist Təhminə Tağızadə Azərbaycanda media sahəsində fəaliyyət göstərmiş, xüsusilə regional jurnalistika və insan hüquqları mövzularındakı materialları ilə tanınan jurnalist kimi təqdim olunur.
Jurnalistlik fəaliyyətinə ilkin olaraq regional mətbuatda başlamış, yerli qəzetlər üçün yazılar yazmışdır. Daha sonra Gəncə şəhərində fəaliyyət göstərən yerli televiziyada redaktor çalışmışdır. Həmçinin bir dövr ANS TV-nin Gəncə bürosunun müxbiri kimi fəaliyyət göstərmiş, lakin 2011-ci ilin sonlarında bu kanalla yollarını ayırmış, daha sonra Almaniyaya mühacirət etmişdir. O, 2013-cü ildə “Meydan TV”-nin qurucu heyətində yer alan şəxslərdən biri olub.

Hazırda İsveçrənin Bern şəhərində yaşayan Təhminə “freelance” jurnalist, redaktor və insan hüquqları fəalı olaraq müxtəlif media layihələri ilə əməkdaşlığı var.
Zuzu Zakaria (DJ Zuzu) – 15 yanvar 1982-ci ildə Bakıda anadan olub. Azərbaycan və Norveç əsilli müğənni, bəstəkar, musiqi prodüseri və tədqiqatçıdır. Sovetlər vaxtı Azərbaycanında böyüyüb, sonra Oslo klub səhnəsində DJ-lik edib, Berlin və Helsinki ilə bağlı olub. Yəni o, jurnalist və ya redaktor kimi tanınan şəxs deyil, əsasən musiqiçi və mədəniyyət tədqiqatçısıdır. Zakarianın redaktor, müxbir, rəhbər və ya gündəlik redaksiya işində konkret vəzifəsi haqqında ictimai, yoxlana bilən məlumata rast gəlinmir.

Elnurə Civəzadə (Elnura Jivazada) – tarixçi, tərcüməçi, analitik və tədqiqatçı kimi təqdim edilir.

Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb. Daha sonra Almaniyanın Ayxştett (Eichstätt) və Mayns (Mainz) universitetlərində Siyasət və Şərqi Avropaşünaslıq istiqamətləri üzrə təhsilini davam etdirib. Fəlsəfə elmləri doktorudur.
Hazırda Almaniyada fəaliyyət göstərir. Azərbaycanın müasir mədəniyyəti, ədəbiyyatı və regionun geosiyasi məsələləri ilə bağlı araşdırmalar aparır. İsveçrədə keçirilən "Qafqaz Ədəbiyyatı Günləri" çərçivəsində "Bakı divanı: Azərbaycanın müasir mədəniyyəti və ədəbiyyatı" mövzusunda məruzələr və mühazirələr edib.
Fransada yaşayan dırnaqarası professor Altay Göyüşovun rəhbərlik etdiyi “Baku Research Institute” (Bakı Araşdırmalar İnstitutu) platformasında müntəzəm olaraq müxtəlif siyasi, sosial və mədəni mövzularda araşdırma yazıları və tərcümələri dərc olunur.

Elnura Civəzadədən sonra təşkilata Sara Winter Sayilir rəhbər təyin edilib.

Sara Winter Sayilir Bazeldə yaşayan jurnalist və redaktordur. Almaniyanın ticarət və assosiasiya reyestrlərinə əsasən, o, "Vereinigung für die Demokratie e. V." təşkilatının İdarə Heyətinin sədri (Vorstandsvorsitzender) təyin olunub və bu strukturda Elnura Jivazadədən sonra rəhbərliyi ələ alıb.

Sara Sayilir türkologiya, islamşünaslıq və politologiya ixtisasları üzrə təhsil alıb. Jurnalistika karyerasına Almaniyanın Yaxın Şərq mövzulu “Zenith” jurnalında başlayıb və orada on ildən artıq çalışaraq təcrübə qazanıb. İki il ərzində beynəlxalq festivalların mədəniyyət menecmenti sahəsində çalışıb, əsas diqqətini Azərbaycana yönəldib.
2009-cu ildə İsveçrəyə köçdükdən sonra “WOZ” qəzeti üçün məqalələr yazıb, müstəqil redaktor və kopirayter kimi fəaliyyət göstərib, həmçinin iki QHT-də ictimaiyyətlə əlaqələr sahəsində çalışıb. 2015-ci ildən bəri “Surprise” küçə jurnalının redaksiya heyətinin üzvüdür. Yaxın Şərqlə yanaşı, mədəniyyətlərarası əlaqələr və dinc yanaşı yaşamaq məsələləri ilə maraqlanır.
Sara Winter Sayilir alman mənşəlidir və Almaniya vətəndaşıdır (İsveçrədə yaşadığı üçün Almaniya-İsveçrə media mühitinə mənsubdur). Rəsmi bioqrafik faktlarda onun Almaniyanın şimalında (Almaniya Federativ Respublikası) doğulub böyüdüyü vurğulanır.
Sara Sayilir də Kerolayn Satklif kimi Azərbaycanla birbaşa əlaqəsi olmuş şəxsdir. Belə ki, o, Berlin Azad Universitetində (Freie Universität Berlin) Türkologiya, İslamşünaslıq və Siyasət elmləri üzrə təhsil aldıqdan sonra təhsilinin bir hissəsini Bakıda davam etdirib. Azərbaycan dili, mədəniyyəti və Şərq dünyası onun peşəkar fəaliyyətində xüsusi yer tutur.

Azərbaycanı və bölgəni yaxından tanıdığı üçün iki il boyunca xüsusilə Azərbaycan mövzulu beynəlxalq festivallarda mədəniyyət meneceri (Kulturmanagerin) kimi fəaliyyət göstərib, ölkədəki və mühacirətdəki müxalif fikirli şəxslərlə sıx şəbəkə qurub.
Sayilir özünün Türkoloji təhsili, Bakı təcrübəsi və Azərbaycana dair bilikləri sayəsində bu Assosiasiyanın İdarə heyətində və əsas strateji fəaliyyətində (xüsusilə "Meydan TV" layihəsinin koordinasiyasında və dəstəklənməsində) rəhbər şəxslərdən biri kimi çıxış edib.
Yaxın Şərq və postsovet məkanına fokuslanan Alman “Zenith” jurnalında 10 ildən çox işləməsi və İsveçrənin "WOZ" qəzetində Azərbaycandakı siyasi proseslər, neft gəlirləri və problemlər haqqında adətən qərəzli tənqidi analitik məqalələr yazması, onu Almaniya və İsveçrə media dairələrində "Azərbaycan üzrə ekspert" statusuna gətirib çıxarıb.
Bu təcrübəsi onun Berlində qurulan və anti-Azərbaycan layihənin rəhbər heyətində yer alması üçün ideal zəmin yaradıb.
O, Avropadakı böyük media şəbəkələri ilə tərəfdaşlıq çərçivəsində, Azərbaycandakı insan hüquqları və mətbuat azadlığı mövzularının Avropa gündəmində qalmasını təmin edən lobbiçilik layihələrinə rəhbərlik edib.
Sara Winter Sayilirin təşkilata rəhbərlik etdiyi dövrdə isə Emin (Milli) media qurumundan getməsi haqda status paylaşır.

Məlumatlara görə, kanalın Berlindəki baş ofisi demək olar ki, əsl sahiblərinin, yəni xarici ölkə vətəndaşlarının nəzarətindədir: “Meydan TV"-nin əcnəbi rəhbərlərinin kimlikləri sirr kimi saxlanılır. Əcnəbilərin kimliklərinin bu cür ciddi qorunmasının səbəbi azərbaycanlı oxucuda qıcıq doğurmamaqdır. İzləyici bilsə ki, “Meydan TV”-ni əslində Azərbaycana aid olmayan, buranı tanımayan və konkret tapşırıqları olan adamlar idarə edir, çətin ki, onların bu mediaya rəğbəti qalar”.
Bu faktı İsveçrədə yaşayan azərbaycanlı mühacir yazıçı Ələkbər Əliyev də Azərbaycan mediasına açıqlamasında təsdiq edib. Onun sözlərinə görə, “Meydan TV” tamamilə Qərb dairələrinin idarəsi altındadır.
"Sayt Qərb fondlarının tabeçiliyinə keçdi, bu günə qədər də yüksələn xətlə, yaxşı maliyyə imkanları ilə fəaliyyət göstərir. Saytın Azərbaycanla heç bir orqanik bağı yoxdur. Diqqət edin bu, pisdir, yaxşıdır demirəm. Qiymət vermirəm. Sadəcə olduğu kimi dilə gətirilməsini istəyirəm ki, "Meydan TV"-nin Azadlıq radiosundan, BBC-dən, "Amerikanın səsi"ndən heç bir fərqi yoxdur. Bu sayt da digər üç qurum kimi, xaricilərə tabe olan, onların direktivləri ilə oturub-duran, siyasəti tamamilə Qərbdə təyin olunan layihədir. Bunun deyilməməsi ədalətsizlikdir. Bu, sıradan bir qrant, hansısa fonddan alınan 3-5 avro deyil, bu qədər məsum deyil yəni. Bütün bosslar tamamilə xaricilərdir. Emin Milli getdi, başqası gəldi – bunlar dekorasiyadır. Necə ki, bundan əvvəl Emin Milli "Meydan"-da heç nəyi həll etmirdi, bundan sonra da heç bir azərbaycanlı bu saytda heç nəyi həll etməyəcək…”
Burada bir məqamı da qeyd edək. Emin Milli kanaldan getdiyini açıqladığı dönəmdə təşkilatın rəhbəri Qurban Ələkbərov olub. O, Almaniyada (Berlində) yaşayan azərbaycanlı siyasi elmlər doktoru, politoloq, tədqiqatçı və eyni zamanda andlı tərcüməçidir.

Ondan sonra bu vəzifəyə Kristian Mihr gətirilib.
Aşağıda verdiyimiz qrafikdə “Vereinigung für die Demokratie e. V.” təşkilatının adı yazılmış simvoldan sol tərəfdə “Christian Mihr” adı görünür. Bu şəxs kimdir və ona bağlı təşkilatları və şəxsləri müəyyən edək.

Kristian Mihr alman jurnalist, insan hüquqları müdafiəçisi və beynəlxalq media siyasəti üzrə tanınmış aparıcı ekspertdir. O, uzun illər qlobal miqyasda mətbuat azadlığının qorunması və rəqəmsal senzura ilə mübarizə sahəsində fəaliyyət göstərib. 29.05.1976-ci ildə Almaniyada anadan olub.

O, uzun illər (2012–2023) "Reporter ohne Grenzen" (Sərhədsiz Reportyorlar - Almaniya bölməsi) təşkilatının icraçı direktoru, 2024–2025 illərdə “Amnesty International Deutschland” – İnsan Hüquqları Təsiri (Human Rights Impact) üzrə idarə heyəti üzvü və Baş katibin müavini, Hans-Bredow-Institut kuratoriumu (İnstitutun Müşahidə Şurasının (və ya Qəyyumlar Şurasının) üzvü) (2021-ci ildən), Alman UNESCO Komissiyasının Kommunikasiya və İnformasiya komitəsi (2019-cu ildən), “Transparency International Deutschland” müşahidə şurası (2024-cü ildən); Alman İnsan Hüquqları İnstitutunun (Deutsches Institut für Menschenrechte – DIMR) Qəyyumlar Şurası və ya Müşahidə Şurasının üzvü (2016-2024). 2026-cı ilin mart ayından RSF-yə (Sərhədsiz Reportyorlar) qayıdıb, Baş icraçı direktorun siyasət və strategiya üzrə müavini təyin olunub.
RSF-ə qoşulmazdan əvvəl o, Şərqi Avropa ölkələrindən reportajlar hazırlayan "n-ost" jurnalist şəbəkəsində çalışıb və çoxdilli mətbuat icmalı olan euro|topics layihəsinin baş redaktoru olub.
Rusiya və Ekvadorda iş təcrübəsi var. Jurnalistika, Latın Amerikasışünaslığı, politologiya (Eichstätt-Ingolstadt + Universidad de Santiago de Chile) üzrə təhsil alıb. (Mənbə)
O, "Sərhədsiz Reportyorlar"da işlədiyi dövrdə Azərbaycandan olan jurnalistlərin, o cümlədən "Meydan TV" əməkdaşlarının Almaniyada hüquqi müdafiəsi, qrantlarla təmin olunması və Berlində yerləşdirilməsi prosesinə şəxsən rəhbərlik edənlərdən olub.
O, 31.08.2020-ci il tarixindən etibarən “Vereinigung für die Demokratie e. V” CEO-sudur.


Jurnalistlərin dövlətlər tərəfindən casus proqramları (məsələn, Pegasus və s.) vasitəsilə gizli izlənilməsinə qarşı qlobal kampaniyalara rəhbərlik edir.
Cəmiyyətin dövlət sənədlərinə rəsmi çıxışını təmin edən "İnformasiya əldə etmək haqqında" qanunların aktiv müdafiəçisidir.
RSF rəhbəri kimi o, Azərbaycandakı media mühitini, xüsusilə son illərdə qəbul edilmiş yeni "Media haqqında" qanunu və digər baş verən prosesləri sərt tənqid edən şəxslərdəndir. O, Azərbaycana qarşı RSF bəyanatlarının və hesabatlarının hazırlanmasında birbaşa iştirak edir.
Həmin qrafikdə “Vereinigung für die Demokratie e. V.” təşkilatının adından sağ tərəfdə olan şəxsə – hazırda “Meydan TV” fəaliyyətini idarə edən, adıçəkilən təşkilatın direktoru vəzifəsini icra edən Metyu Kasperə də diqqət yetirək.
Matthew Joseph Kasper. (Metyu Cozef Kasper, mediada daha çox Matt Kasper kimi tanınır)

O, 1992-ci ildə ABŞ-ın Pensilvaniya ştatında anadan olub və ABŞ vətəndaşıdır. Nyu-Yorkdakı Fordham Universitetində (Fordham University) "Alman dili və ədəbiyyatı" ixtisası üzrə bakalavr təhsili alıb. Təhsil illərində türk dilinə xüsusi maraq göstərib və bu dili öyrənib.
2014-cü ildə İzmir şəhərində ingilis dili müəllimi kimi çalışıb. Daha sonra Ankara şəhərində Orta Doğu Texniki Universiteti (ODTÜ) ilə Almaniyanın nüfuzlu Humboldt Universitetinin birgə təşkil etdiyi "Alman-Türk Sosial Elmləri" proqramı üzrə magistr dərəcəsi alıb.
Türk əsilli bir xanımla evlidir.

2019-cu ildən (Gdańskdakı Personal Democracy Forum CEE panelindən) etibarən artıq "Meydan TV" nümayəndəsi kimi beynəlxalq tədbirlərdə çıxış edir.
O, beynəlxalq media forumlarında (məsələn, İtaliyada keçirilən nüfuzlu International Journalism Festival – Beynəlxalq Jurnalistika Festivalında) müstəqil medianın maliyyələşdirilməsi, sürgün olunmuş (mühacir) jurnalistlərin təhlükəsizliyi və rəqəmsal platformaların idarə olunması mövzularında ekspert qismində çıxış edir.

Matt Kasper təşkilatda tək deyil, o, həmsədr/müştərək direktor statusundadır.
Onun əsas tərəfdaşları və idarəetmə komandası bir neçə qrupa bölünür.
Alman və Beynəlxalq Media Ekspertləri: Almaniya qanunvericiliyinə görə, qeydiyyatda olan dərnəklərin (e.V.) idarə heyətində hüquqi məsuliyyət daşıyan yerli və ya Avropa strukturlarına bələd olan şəxslər təmsil olunur. Kasper donor təşkilatlarla (məsələn, European Endowment for Democracy, JX Fund, Heinrich Böll və s.) əlaqələri bu alman tərəfdaşları vasitəsilə tənzimləyir.
Azərbaycanlı tərəfdaşlar ("Meydan TV" heyəti): Matt Kasperin pərdəarxası maliyyə idarəçiliyi etdiyi dərnəyin media layihəsinin başında Emin Milli (qurucu) və ondan sonra idarəçiliyi təhvil alan komanda (məsələn, Həbib Müntəzir və digər idarə heyəti üzvləri) dayanır. Sənədlərə görə, Kasper qrantların Avropadan alınaraq Bakı, Gürcüstan və digər regional nöqtələrdəki frilans jurnalistlərə ötürülməsində əsas rol oynayan şəxsdir.
Rusiya üzrə tərəfdaşlar (ROMB layihəsi): Kasper, həmçinin Rusiyanın mühacirətdə olan sənədli film jurnalistikasını ("ROMB" layihəsi) idarə etdiyi üçün onun tərəfdaşları siyahısına rusiyalı müstəqil prodüserlər və rejissorlar da daxildir.
Kasper də digər qeyd olunan şəxslər kimi haqqında açıq mənbələrdə keçmişinə dair məlumatların az olması ilə seçilir.
O, ictimaiyyət qarşısında analitik və ya jurnalist kimi tez-tez çıxış etmir, daha çox hüquqi və təşkilati idarəetmə funksiyalarını yerinə yetirildiyi bildirilir. Yəni Matt Kasper fəaliyyətinin xarakteri klassik mənada yazılar yazan bir jurnalist deyil, media meneceri və qrant inzibatçısıdır. Bu tip ekspertlərin bioqrafiyaları adətən yalnız rəsmi reyesterlərdə (məsələn, Almaniyanın Vereinsregister – İctimai Birliklər Reyestrində) və tərəfdaşlıq etdikləri beynəlxalq fondların (məsələn, European Endowment for Democracy və ya JX Fund) daxili hesabatlarında keçir. Onun şəxsi həyatı, təvəllüdü və ya təhsilinə dair detallı məlumatlar ictimaiyyətə açıqlanmır.
2021-ci ildə jungle.world onu "Meydan TV"-nin naşiri kimi təqdim edir. “International Journalism Festival” səhifəsində də vəzifəsi həmsədr kimi göstərilib.
2024-cü ilin dekabrında Azərbaycan mətbuatında və rəsmi araşdırmalarında "Meydan TV"-nin maliyyə sxemlərinə dair gizli audioyazılar və sənədlər yayılıb. Bu ifşalarda Metyu Kasperin adı qanunsuz pul köçürmələri, qrant layihələrinin bəyan edilmədən Azərbaycandakı şəxslərə çatdırılması və vergidən yayınma sxemlərinin qurulmasında dərnək rəhbəri kimi əsas fiqurlardan biri olaraq keçir.
Ciddi media fəaliyyəti olmayan, keçmişi haqda məlumatları gizli saxlanılan bir şəxs Azərbaycanla bağlı "böyük layihə"yə niyə rəhbər təyin olunub?
VD/Meydan TV bir korporasiya deyil, donor-maliyyəli QHT modelidir. Belə təşkilatlar adətən Avropa İttifaqı təsisatları (məsələn, European Endowment for Democracy) və oxşar donorlar tərəfindən maliyyələşir. Bu donorlar adətən "möhtəşəm media karyerası" deyil, əməliyyat/idarəetmə bacarığı, dil bilgisi, regional təcrübə və donor hesabatlılığı bacarığını əsas götürürlər – bu, Kasperin profilinə uyğun gəlir (Türkiyə/Almaniya təcrübəsi, dil bilgisi, ODTÜ-Humboldt təhsili – region və Qərb donor dünyası arasında körpü rolu oynaya bilən fon).
Açıq mənbələrdə (Wikipedia, jurnalistika konfrans bioqrafiyaları, VD-nin öz saytı) Kasperin Meydan TV/ROMB-a necə və hansı prosedurla təyin olunduğu – məsələn, idarə heyəti qərarı, seçki prosesi, əvvəlki media təcrübəsi – ətraflı izah edilmir. Bu, VD kimi kiçik QHT-lər üçün adi haldır (çoxu üçün idarəetmə strukturları haqqında məlumat minimaldır), eyni zamanda, müstəqil araşdırmaçı jurnalistlərin diqqət çəkə biləcəyi bir boşluqdur.
Bizim tapa bildiyimiz mənbələr arasında Qərb mətbuatında və ya beynəlxalq media təşkilatlarında (CPJ, IJNet və s.) Kasperin şəxsi bioqrafiyasına yönəlmiş ciddi jurnalist araşdırması yoxdur – mövcud olanlar əsasən onun "Meydan TV" nümayəndəsi kimi verdiyi müsahibələr və konfrans bioqrafiyalarıdır.
20.10.2020-ci il tarixli “Ticarət reyestrinin gündəlik dəyişiklikləri”ndə Metyu Kasperin təşkilatda fəaliyyəti ilə bağlı ilk qeyd verilib. Fəaliyyət dairəsi kimi Assosiasiyanın texniki, maliyyə və ofis-təşkilati işləri göstərilir.

Həmin reyestrdə təşkilatla bağlı ikinci dəyişiklik (08.09.2025 tarixli) Xəzinədar vəzifəsinin daşıyan Danny Schusterlə bağlıdır.

Təşkilatla bağlı edilmiş sayca 3-cü dəyişiklikdə (11.12.2025) qeyd olunur ki, Alman Mülki Məcəlləsinin (§ 26 BGB) mənasında İdarə Heyəti birinci sədr və ikinci sədrdən ibarətdir. Assosiasiya məhkəmədə və məhkəmədənkənar münasibətlərdə hər bir İdarə Heyəti üzvü tərəfindən təkbaşına təmsil olunur. Birinci sədr: Membreño Ortega Cinthia Julissa (Leeuwarden/Niderland). İkinci sədr: Kasper, Matthew Joseph (Berlin).

Almaniya/Avropa biznes reyestri olan “North Data” sənədlərində Membreño Ortega Cinthia Julissa təşkilatın qanuni nümayəndəsi olaraq Niderlandın Leeuwarden şəhərində hüquqi qeydiyyatdadır. Niderland Ticarət Palatası reyestrində qeydiyyat nömrəsinə sahibdir. Bu qeydiyyat sənədləri şəbəkəyə Avropa Komissiyasından rəsmi layihə qrantları almaq hüququ verir.
Kristian Mihrin şəbəkəsinə daxil olan təşkilat və şəxslər:

"n-ost" (Network for Border Crossing Journalism)

Berlində yerləşən nəhəng media şəbəkəsidir. Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə ixtisaslaşıb.
Tamina Maria Kutscher və Martin Kaul uzun illər bu şəbəkənin aparıcı layihələrini idarə ediblər.
"n-ost" xüsusilə Qafqaz regionundan olan jurnalistlərə həm təlimlər keçir, həm də onların məqalələrini Avropa mediasında reklamla da olsa dərc etdirərək onlara maliyyə dəstəyi ötürür.
Sərhədisz Resportyorlar-ın Almaniya bölməsi (Reporter ohne Grenzen, deutsche Sektion e. V.)

RSF 2022-də Schöpflin və Rudolf Augstein fondları ilə “JX Fund” (European Fund for Journalism in Exile) təsisində iştirak edib.

Alman jurnalist və media mütəxəssisi, araşdırmaçı jurnalist: WDR, NDR, WDR və Süddeutsche Zeitung (SZ) birgə media layihəsinin üzvüdür.
2017-ci ildən "Sərhədsiz Reportyorlar"ın (RSF) idarə heyətindədir; 2023-cü ildən idarə heyətinin sözçüsüdür, 2025-ci ildə yenidən bu vəzifəyə seçilib. "North Data" qeydiyyat şəbəkəsində adı "n-ost" və RSF təşkilatları ilə birgə hallanır.
Tamina Kuçer (Tamina Kutscher) slavyanşünas, tarixçi və sərbəst jurnalistdir. O, uzun illər ərzində əsas diqqəti Rusiyaya yönəltməklə Mərkəzi və Şərqi Avropada media, siyasət və cəmiyyət məsələləri ilə məşğul olmuşdur. 2016–2023-cü illərdə o, Almaniyanın "dekoder.org - Russland und Belarus entschlüsseln" onlayn platformasının baş redaktoru vəzifəsini daşımışdır. Bundan əvvəl Tamina Kuçer Mərkəzi və Şərqi Avropada, həmçinin Mərkəzi Asiyada bir çox tədqiqat və media layihələri həyata keçirmişdir – 2016-cı ildən bu günə qədər idarə heyətinin üzvü olduğu n-ost təşkilatının redaktoru kimi fəaliyyət göstərmişdir.

Almaniyada qeyri-kommersiya təşkilatları və media strukturlarının idarəçiliyində və təşkilati proseslərində adı çəkilən şəxslərdəndir.
Dr. Maik Thieme 2019-cu ilin sentyabr ayından bəri "Sərhədsiz Reportyorlar" üçün çalışır. Buna qədər o, kadr və inzibati işlər şöbəsinə rəhbərlik edib. Ondan əvvəl isə bir fondun idarə heyətinin üzvü olub və iqtisadiyyat sahəsində çoxillik təcrübəyə malikdir. Bununla yanaşı, Thieme "Sərhədsiz Reportyorlar" Fondunun ictimai əsaslarla idarə heyətinin üzvüdür.
Metyu Kasperin şəbəkəsi

Melisa Ceren Karakus

Karakuş Berlində fəaliyyət göstərən media və mədəniyyət yönümlü "Karakus & Schuster UG" şirkətinin təsisçiləri və rəhbərləridir.
Berlində yerləşən məhdud məsuliyyətli kiçik şirkətdir. Bu struktur “renk” media layihəsinin (məsələn, renk.magazin və ya renk.studio) kommersiya, rəqəmsal dizayn və nəşriyyat işlərini həyata keçirir.
renk e. V. (Berlin)

Berlində qeydiyyatdan keçmiş (Amtsgericht Charlottenburg, VR 33200 B) qeyri-kommersiya dərnəyidir. Əsasən mədəniyyət, incəsənət, müxtəlif diasporların inteqrasiyası, cəmiyyətdəki fərqli səslərin və yaradıcı layihələrin dəstəklənməsi istiqamətində fəaliyyət göstərir.
Netzwerk für Exilmedien e. V. / NEMO (Network of Exiled Media Outlets, Mühacirətdə olan Media Qurumları Şəbəkəsi)

Mühacir redaksiyalar üçün bərabərhüquqlu şəbəkə, maraqların müdafiəsi (advocacy), dayanıqlılıq mühiti yaratmaq üçün təsis edilib.
Təşkilat dünyanın fərqli qaynar nöqtələrindən olan 5 böyük mühacir media orqanının birgə ittifaqı kimi yaranıb: [reutersinstitute]
• Meydan TV (Azərbaycan – Sara Winter Sayilirın rəhbərlik etdiyi qrup)
• Confidencial (Nikaraqua – Cinthia Orteqanın qəzeti)
• Meduza (Rusiya – Avropanın ən böyük müstəqil rus dilli mediası)
• Zamaneh Media (İran – 20 ildir mühacirətdə fəaliyyət göstərən media)
• Democratic Voice of Burma (Myanmar – Cənub-Şərqi Asiya mühacir mediası)
Mühacirətdə olan media qurumları Avropada tamamilə yeni idarəçilik və müqavimət modeli formalaşdırıblar:
1. Rəqəmsal müdafiə və texnoloji nəhənglərlə lobbiçilik: NEMO-nun ən mühüm fəaliyyət mexanizmlərindən biri qlobal texnologiya şirkətləri (Meta/Facebook, YouTube, Google) ilə mühacir medialar arasında rəsmi institusional körpü rolunu oynamasıdır.
2. "Mühacir media alətləri" (Exiled Media Toolkit): Cinthia Orteganın rəhbərliyi ilə hazırlanmış xüsusi rəqəmsal alətlər paketi vasitəsilə, Avropaya yeni sığınmış jurnalistlərə təhlükəsizlik mexanizmlərini öyrədilir. Bura VPN infrastrukturlarının qurulması, güzgülənmiş (mirror) saytların yaradılması və rəqəmsal maliyyələşmə kanalları daxildir.
3. Ortaq resurs və "birgə yaşayış" strategiyası: Avropa İttifaqının və böyük fondların qrant layihələrinə hər bir mühacir media qurumu (fərdi müraciət etdikdə prosedurlar çox uzun çəkir. NEMO-nun idarəetmə mexanizmi isə bu qurumları vahid hüquqi çətir altında birləşdirərək beynəlxalq fondlardan (məsələn, Avropa Demokratiya Fondu - EED) ortaq və böyük büdcəli institusional qrantların cəlb olunmasını təmin edir.
Qısası, Sara Winter Sayilir (Berlin/İsveçrə oxu) və Cinthia Membreño Ortega (Niderland oxu) Peruca Beynəlxalq Jurnalistika Festivalı kimi qlobal platformalardan həm Azərbaycan, həm də Latın Amerika dövlətlərinə qarşı “vahid” rəqəmsal divar (sipər) qurmaq üçün istifadə edirlər.
Şəbəkənin rəsmi bəyanatları, rəhbər şəxslərin (Cinthia Membreño Ortega və tərəfdaşlarının) çıxışları və beynəlxalq şəffaflıq reyestrlərinə əsasən, NEMO-nun maliyyə aldığı əsas Avropa qrant donorları və fondları aşağıdakılardır:
1. Avropa İttifaqı və Avropa Komissiyasının Qrantları
NEMO və onun əsas nüvəsini təşkil edən media qurumları Avropa İttifaqının müstəqil medianı qorumaq proqramlarının birbaşa benefisiarıdır:
"Avropa Demokratiya Qalxanı" (European Democracy Shield) Proqramı: Avropa Komissiyası sürgündə olan və relokasiya olunmuş media subyektləri üçün milyonlarla avro dəyərində xüsusi qrant paketləri ayırır. [digital-strategy]
Bu vəsaitlər mühacirətdə olan jurnalistlərin vizual, texnoloji və hüquqi infrastrukturunun (o cümlədən NEMO-nun "Exiled Media Toolkit" layihəsinin) maliyyələşdirilməsinə yönəldilir.
2. IFPIM (İctimai Maraq Mediası üçün Beynəlxalq Fond)
NEMO daxilindəki regional layihələr beynəlxalq ictimai maraq kəsb edən media fondları tərəfindən dəstəklənir.
“Dözümlü səslər: Sürgün jurnalistikasının dəstəklənməsi” qrantı: Bu qrant xüsusi olaraq müstəqil informasiyaya çıxışın məhdud olduğu ölkələrə xidmət edən mühacir media orqanları üçün nəzərdə tutulub.
Şəbəkə üzvləri bu fond vasitəsilə 12-24 aylıq müddətə 65,000 ilə 170,000 avro arasında dəyişən irihəcmli institusional qrantlar alırlar.
JX Fund nədir?

2022-ci ildə Berlində “Sərhədsiz Reportyorlar”, “Rudolf Augstein Fondu”, “Schöpflin Fondu” tərəfindən təsis edilib. Almaniya “BKM/Hannah-Arendt-Initiative” və Sorosun Açıq Cəmiyyət Fondu (Open Society Foundation) böyük donorlardandır. Məqsəd: (mühacir) redaksiyalara qrant vermək və infrastruktur yaratmaqdır.
NEMO şəbəkəsinin və onun tərkibindəki qəzetlərin ən böyük institusional maliyyə tərəfdaşlarından biri JX Fund təşkilatıdır. Saytın qrant statistikası: 95 mühacir media, ölkə siyahısında Azərbaycanın da adı var. Amma kimə, nə qədər qrant verdikləri açıqlanmır.
“JX Fund” “Meydan TV”-ni sahənin bir hissəsi kimi tanıyır və izləyir.
JX Fund birbaşa Avropada mühacirət həyatı yaşayan media qurumlarına və sərbəst (freelance) jurnalistlərə "Start-up" və "Əməliyyat maliyyələşdirilməsi" (Operational funding) qrantları verir. Bu qrantlar NEMO üzvü olan media redaksiyalarının Avropadakı ofis xərclərini, jurnalistlərin maaşlarını və kiber-təhlükəsizlik xərclərini bağlamaq üçün ayrılır.
Avropa İttifaqı Şəffaflıq Reyestri (EU Transparency Register) faktı
Həm Vereinigung für die Demokratie e. V., həm de NEMO şəbəkəsi Avropa İttifaqının Brüsseldəki rəsmi Şəffaflıq Reyestrində (Transparency Register) rəsmi ID kodları ilə qeydiyyatdan keçiblər.
- EU ID Nömrələri: Bu qeydiyyat (məsələn, NEMO üçün EU ID: 418290347219-45) Avropa Komissiyası və Avropa Parlamenti qarşısında onların rəsmi "maraq təmsilçisi" (Interest Representative) statusunu təsdiqləyir.
- Maliyyə Şəffaflığı Öhdəliyi: Bu reyestrin qaydalarına görə, hər iki təşkilat Avropanın hansı fondundan (məsələn, JX Fund, EED və ya Avropa Komissiyası proqramları) nə qədər maliyyə dəstəyi və qrant aldıqlarını illik olaraq tam şəffaf şəkildə bəyan etməyə məcburdurlar.
Zəncir necə işləyir?
Bu sənədlər göstərir ki, Berlində müstəqil media adı altında fəaliyyət göstərən sistem bir neçə nəfərin əlində cəmləşib:
1. Kristian Mihr və Metyu Kasper kimi şəxslər Almaniya dövlətindən və böyük fondlardan mühacir mediası üçün (bura "Meydan TV" də daxildir) milyonlarla avro qrant cəlb edirlər (Reporter ohne Grenzen və Netzwerk für Exilmedien vasitəsilə).
2. Tamina Kutscher (Kutşer) kimi regional menecerlər bu pulların postsovet məkanından olan jurnalistlərə paylanmasını kuryerlər və regional layihələr vasitəsilə təşkil edirlər (n-ost vasitəsilə).
3. Karakus & Schuster (Şuster) UG və renk. kimi daxili subpodratçı şirkətlər və dərnəklər isə bu layihələrin daxili maliyyə rəsmiləşdirilməsini, qrafik işlərini və Almaniya-Türkiyə xəttindəki regional texniki dəstəyi təmin edirlər.
Onlar Azərbaycan əleyhinə fəaliyyət göstərən saytı niyə yaratsınlar?
Avropadakı bu şəbəkələrin belə layihələri idarə etməsinin arxasında iki böyük motiv dayanır:
• Siyasi və geosiyasi maraqlar: Qərb institutları strateji resurslara (neft, qaz, logistika) malik olan Azərbaycan kimi ölkələrdə hökumətlərə qarşı təzyiq rıçaqı saxlamaq istəyirlər. Müstəqil və ya "mühacirətdə olan media" bu təzyiqi formalaşdırmaq üçün ən effektiv alətdir. Ölkədəki neqativ sosial, iqtisadi hadisələri və qondarma korrupsiya iddialarını qabartmaqla beynəlxalq hesabatlarda Azərbaycanın mövqeyini zəiflədirlər;
• Milyonluq qrant sənayesi (maliyyə marağı): Mühacir medianın idarə olunması böyük bir biznes sahəsidir. Kristian Mihr, Metyu Kasper və digərləri rəhbərlik etdikləri dərnəklər vasitəsilə hər il Avropa dövlətlərindən milyonlarla avro qrant büdcəsi alırlar. Bu vəsaitlərin mənimsənilməsi və daxili şəbəkədə bölüşdürülməsi üçün "Azərbaycanda təzyiq altında olan media" obrazı onlar üçün daimi gəlir qaynağıdır.
globalprojectoasis araşdırmasına görə, “Meydan TV”-nin “Media rəhbərlərinin bildirdiyi bütün gəlir mənbələri”, habelə “Media rəhbərlərinin bildirdiyi əsas gəlir mənbəyi”, bundan başqa “Bildirilən ikinci ən vacib gəlir mənbəyi” kimi “Qrantlar” göstərilir.

Həmin mənbədə “Şəffaflıq” bölümündə “Meydan TV” haqqında bu neqativ məqamlar qeyd olunub:
• İllik gəlir haqqında məlumat dərc etmir
• Donorların adlarını dərc etmir
• Vətəndaş cəsarəti (whistleblower) siyasəti mövcud deyil
• Şikayətlər siyasətini dərc etmir
• Cinsi qısnamaya və ya institusional zorakılığa qarşı siyasəti dərc etmir
• Hər hansı mətbuat tənzimləyicisinə, etimad təşəbbüsinə qoşulmayıb və ya mətbuat assosiasiyasının üzvü deyil
• Komandası haqqında aktual məlumat dərc etmir

Meydan” TV-nin ildə 600 min avro qrant alır?
2 iyun 2017-ci il tarixində sosial mediada “Meydan TV"-nin ildə 600 min avro qrant alması faktının açıqlanması ilə bağlı qalmaqallı söz atışması yaşanmışdı.
"Araşdırmaçı jurnalist" Hafiz Babalı "Meydan TV"-nin hər il 600 min avro qrant aldığını, ancaq aldığı qrantların müqabilində müvafiq fəaliyyət göstərmədiyini iddia kimi irəli sürmüşdü.
"Meydan TV"-nin maliyyələşməsi üç qatdan ibarətdir: Almaniyadakı hüquqi qabıq, Qərb donor qrantları və (özlərinin də etiraf etdiyi) oxucuların ianələri.
1. Hüquqi qabıq: Berlin QHT-si
Pul axını əsasən “Vereinigung für die Demokratie e.V.” (Demokratiya naminə Assosiasiya) üzərindən gedir.
Bir məqamı qeyd edək ki, 2015–2016-cı illərdə Almaniya hökuməti diplomatik münasibətlərə ziyan vura biləcəyini əsas gətirərək “Meydan TV”-yə federal maliyyə verməkdən imtina edib.
Bu həm də onun göstərir ki, Almaniya dövləti özü də bu layihənin anti-Azərbaycan xüsusiyyətli olduğunu dolayı yolla təsdiq edirdi.
2. Təsdiqlənən / açıq donorlar
European Endowment for Democracy (EED) – ən çox adı keçən Avropa İttifaqı və üzv dövlətlər tərəfindən birgə təsis edilmiş müstəqil qrant verən təşkilatdır. Vikipediya və öz materiallarında bir sıra araşdırmaların EED dəstəyi ilə hazırlandığı yazılıb. EED Belçikada yerləşən, Qərarları İcraiyyə Komitəsi təxminən iki aydan bir qəbul edir.
EED 2018 illik hesabatında yazırdı ki, “Fondun verdiyi ilk qrant "Meydan TV"-yə olub, Azərbaycanda fəaliyyət göstərən müstəqil onlayn media” (“EED’s first grant was awarded to Meydan TV, an independent online media for Azerbaijan” (2013). Burada da məbləğ tam açıqlanmayıb. Absurd olan hal da elə burasındadır ki, başqa ölkədən və ya xarici təşkilatdan maliyyə yardımı alan media heç zaman müstəqil ola bilməz. europarl.europa.eu
Əksər sorğular 10-50 min avro, orta dəstək 40-60 min avro olur, bəzən isə daha böyük ola bilir. 2024-də 357 qrant, cəmi ~39 milyon avro paylanıb. Qrantların yarısından çoxu qeyd edilən mediayalara gedib.
“People in Need” (Çexiya humanitar/QHT) – 2024-cü ilin dekabrında “Zolotaya Korona” vasitəsilə kiçik məbləğ (təxminən 1854 dollar) köçürülməsi iddia olunur.

Fritt Ord - Açıq “Fritt Ord” səhifələrində “Meydan TV”-nin “2017 Free Media Award” aldığı qeyd olunur. (Məbləğ: hər laureata 15 000 avro). Bu, davamlı layihə qrantı deyil, mükafatdır.

"Meydan TV" heç vaxt müstəqil media qurumu olmayıb, əksinə, xarici qrant mexanizmləri və qlobal maraq dairələri tərəfindən idarə olunan siyasi təsir alətidir. Bu platformanın arxasında dayanan əsas təsisat – Almaniyada qeydiyyatdan keçmiş və sonradan coğrafi əhatəsini genişləndirmək üçün adındakı "Azərbaycan" sözünü çıxararaq "Vereinigung für die Demokratie e.V." (VDA) adlanan qurumdur. Bu strukturun açıq maliyyə hesabatları verməməsi, maliyyə şəffaflığından uzaq olması və qapalı idarəetmə modeli onun əsl məqsədlərinin şübhə doğurduğunu açıq şəkildə göstərir.
Berlin, Tbilisi və digər mərkəzlərdən idarə olunan bu şəbəkənin rəhbərliyində artıq yerli azərbaycanlıların demək olar ki, qalmaması onun xaricdən idarə olunan geosiyasi layihə olduğunu sübut edir.
Fəaliyyəti dövründə “Meydan TV” dəfələrlə Azərbaycanın milli maraqlarına zidd, cəmiyyətdə etnik düşmənçiliyi və separatizmi alovlandıran materiallar tirajlayıb. Xüsusilə separatizm məsələlərinin qabardılması, erməni lobbisi və Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli mənbələrin materiallarının ("Trud" qəzeti və s.) dərhal yayımlanması, həmçinin keçmiş Qarabağ münaqişəsi və milli həssaslıq doğuran digər mövzularda sərgilənən qərəzli və təxribatçı mövqe kanalın əsl missiyasını ifşa edir. Onların qıcıq doğuran bu cür yazıları dəfələrlə "Faktyoxla" kimi müstəqil platformalar tərəfindən saxtakarlıq və manipulyasiya kimi sübuta yetirilmişdir.
Nəticə etibarilə, "Meydan TV" Azərbaycan cəmiyyətini aldatmaq, dövlət institutlarına olan inamı sarsıtma və insanlar arasında ikitirəlik yaratmaqla, eyni zamanda, arxa planda milyonluq qrant oyunlarında və siyasi manipulyasiyalarda iştirak edərək fəaliyyət göstərən məkrli bir şəbəkənin alətidir. Bu qurum və onun kimilər heç vaxt obyektiv medianın prinsiplərinə xidmət etməmiş, əksinə, Azərbaycana qarşı informasiya müharibəsinin əsas alətlərindən biri olub və bu gün də bu çirkin fəaliyyətini davam etdirir.
P.S. Vaxtilə, “Meydan TV” ilə bağlı sosial medianın Azərbaycan seqmentində yayılan sensasiyalı xəbərlərdən biri erməni jurnalistin “Meydan TV” üçün işçi axtarması ilə bağlı 2017-ci ilin iyulunda yayılan xəbər idi.

Tiflisdə məskən salan erməni jurnalist Onnik Krikorian özünün “Twitter” (X) hesabında elan paylaşaraq, "Meydan TV"-yə işçi axtarıldığını bəyan etmişdi. "Meydan TV” üçün edilən paylaşımda deyilirdi ki, həftədə 40 iş saatı və aylıq 1000 avro məvaciblə Tiflisdə yerləşmək şərti ilə layihə meneceri axtarılır.