Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) 1998–2005-ci illərdə rəhbəri olmuş Avqust Hanninq casusluq şübhəsi ilə saxlanıldığı barədə dünyanın aparıcı xəbər agentlikləri, qəzet və saytları məlumat yayıb. Məlumata görə, Federal Prokurorluq BND-nin keçmiş rəhbərinin saxlanılması barədə göstəriş verib. Reuters, BBC, AP və Almaniya mətbuatı prokurorluğun rəsmi açıqlamasına istinad ediblər.

“Buna səbəb Almaniya Baş Prokurorluğu tərəfindən xarici dövlətin xeyrinə casusluq və dövlət sirlərinin toplanması ilə bağlı ciddi şübhələr əsasında aparılan araşdırma olub. Bundan əlavə, Hanninq dövlətə xəyanətə cəhd və casus kimi fəaliyyət göstərməkdə ittiham olunur”, - məlumatda qeyd olunub.
Bundan başqa, dövlət qulluğundan ayrıldıqdan sonra Hanninq uzun illər ərzində Federal Kəşfiyyat Xidmətinin məxfi məlumatlarını qanunsuz yolla əldə edərək başqalarına ötürüb.
İstintaqın məlumatına görə, onun ofisinin sabiq rəhbəri olmuş Manfred D. adlı şəxs 2022-ci ilin iyununadək Hanninqə çoxsaylı məxfi materiallar olmaqla, təxminən 2000 sənəd verib.
“Təhlükəsizlik dairələrindəki mənbələrə görə, ən azı bir halda Hanninq əldə etdiyi məlumatlardan istifadə edərək xarici kəşfiyyat xidmətinin zabiti üçün analitik hesabat hazırlayıb. Həmin şəxsin hansı xarici dövlət üçün işlədiyi məlum deyil”

Həbs baş tutan gün (6 oktyabr 2026) Almaniyanın "Der Spiegel" nəşri, ölkə tarixinin ən böyük casusluq qalmaqallarından birində Azərbaycanın adını hallandırıb. WELT, FAZ və BR24 bunu Spiegel-ə istinadən verib. “Spiegel” iddiasını əsaslandırmaq üçün Hanninqin Azərbaycanla açıq əlaqələrini xatırladıb, onun Alman-Azərbaycan Forumunun idarə heyətindəki üzvlüyünü qeyd edib.
Onu da qeyd edək ki, FAZ və “WDR/NDR/Süddeutsche Zeitung” bu əlaqənin Rusiya olmadığını ayrıca qeyd edirdilər.
Faktyoxla komandası “Avqust Hanninqin casusluq işi” ətrafında cərəyan edən proseslərdə maraqlı olan digər tərəflərin kimliyini açıq mənbələrdən əldə etdiyi detallar və faktlar əsasında araşdırmağa və təhlil etməyə çalışıb.
Federal Kəşfiyyat Xidmətinin rəhbəri və daha sonra Daxili İşlər Nazirliyində dövlət katibi kimi Avqust Hanninq uzun illər Berlində ölkənin ən nüfuzlu təhlükəsizlik siyasəti rəsmilərindən biri olub, fikirləri ictimaiyyət arasında ciddi qəbul edilib.

Peşəsi hüquqşünas olan Avqust Hanninq onilliklər boyu davam edən zəngin karyeraya malikdir. Onun dövlət qulluğundakı fəaliyyəti 1976-cı ildə Şimali Reyn-Vestfaliya əyalətinin maliyyə administrasiyasında başlayıb. Daha sonra o, o dövrdə Qərbi Almaniyanın paytaxtı olan Bonn şəhərində yerləşən Daxili İşlər Nazirliyində işə başlayıb. Qərbi Almaniyanın Almaniya Demokratik Respublikasındakı (Şərqi Almaniya) daimi nümayəndəliyində və Federal Kansler İdarəsində çalışdıqdan sonra Hanninq 1998-ci ildə sol-mərkəzçi Sosial Demokratlar Partiyasından olan kansler Qerhard Şröderin Hökuməti tərəfindən BND-nin rəhbəri təyin edilib.
2005-ci ildən etibarən Hanninq Daxili İşlər Nazirliyində dövlət katibi vəzifəsində çalışıb. Yeni hökumət 2009-cu ildə Hanninqi müvəqqəti təqaüdə göndərdikdə, o, öz əlaqələrindən istifadə etməklə konsaltinq sahəsində pul qazanmaqla özəl sektorda ikinci karyerasına başlayıb.
“Hanning Consult” 2010-cu ilin iyul ayında Avqust Hanninq tərəfindən həyat yoldaşı Rut Hanninq ((Ruth Hanning) ilə birlikdə yaradılıb. 2019-cu ilin oktyabr ayında o, şirkətindəki payının böyük hissəsini həyat yoldaşına və üç qızına transfer edib, özündə isə cəmi 0,5 faiz pay saxlayıb. 2021-ci ilin balans hesabatına əsasən, şirkətin təxminən 2,73 milyon avro dəyərində maliyyə aktivləri olub. northdata/HanningConsult


Şirkətin nizamnamə kapitalı 25 000 avro təşkil edir.
Şirkətin rəsmi rəhbəri (baş meneceri) onun həyat yoldaşı Rut Hanninqdir.
"Der Spiegel" jurnalının araşdırmasına görə, 6 fevral 2022-ci ildə Almaniyanın Federal Kəşfiyyat Xİdmətinin keçmiş rəhbəri Avqust Hanninq narahatlıq içində Almaniya kanslerinə məktubla müraciət edir. Hanninq mediadan öyrəndiyi məlumatlara görə, Kansler Olaf Şolts Latviyanın Baş naziri ilə görüşməyi planlaşdırır. Hanninq ünvanladığı məktubunda Kanslerdən həmin görüş zamanı müəyyən bir "məsələ"ni müzakirə etməyi xahiş edir.
Hanninq müraciətində Latviyanın "PNB Banka"nın Müşahidə Şurasının üzvü kimi başına gələn olduqca qalmaqallı hekayəni qeyd edir. Bildirilir ki, 2019-cu ildə müflis olmuş bu Latviya maliyyə institutunun əksər səhmləri Rusiya-Britaniyalı iş adamına məxsus olub və qarşı tərəf iflasla bağlı Hanninqi nəzarət vəzifələrini pozmaqda ittiham edib. "Der Spiegel"-ə məlum olub ki, Latviya polisi bu işlə əlaqədar onu istintaqda dindirib və pensiyasının xeyli hissəsinə həbs qoyulub.
Kanslerə yazdığı məktubdan da göründüyü kimi, Hanninq heç bir səhvə yol vermədiyinə inanır və əvəzində özünü Latviyadakı qaranlıq intriqaların qurbanı hesab edir. O, Şoltsa yazdığı məktubda oradakı hakimiyyət orqanlarının korrupsiyaya bulaşdığını, bankın köhnə rəhbərliyinin iflasdan əvvəl külli miqdarda pul mənimsədiyini və Latviyadakı iflasların "mütəşəkkil cinayətkarlıq üçün gəlirli biznes xətti" olduğunu bildirib.
Bu isə haqlı olaraq sual doğurur ki, qanun-qayda tərəfdarı olması ilə tanınan Hanninq ümumiyyətlə bu vəzifəni nə üçün qəbul edib? Latviya maliyyə sektorunda çirkli pulların yuyulması ilə adı çıxarmış "PNB Banka" artıq xüsusi xidmət orqanlarının hədəfində idi. Bundan əlavə, bankın sahibinin son dərəcə varlı bir Rusiya xammal maqnatı ilə sıx əlaqələri olduğu da bəlli idi.
Araşdırmaya görə, Hanninqin digər layihəsi də suallar doğurub. Müşahidə şurasına sədrlik etdiyi konsaltinq şirkəti yaxın zamanlarda Yaxın Şərqə casusluq məqsədilə yenidən təchiz olunmalı olan şəxsi təyyarələrin satışı üzrə sövdələşmədə öz dəstəyini göstərmişdi. "Der Spiegel" və Almaniyanın "Policy Network Analytics" tədqiqat qrupunun aşkar etdiyi kimi, şirkətin rəhbərlərindən birinin Rusiya ilə sıx əlaqələri mövcud olub.
BND rəhbəri kimi, Almaniyanı xarici təhlükələrdən qorumaq Hanninqin işi olub. Bu gün isə o, təhlükəsizlik məsləhətçiləri, keçmiş kəşfiyyat agentləri və şübhəli iş adamları dünyasında hərəkət edir. Bəs, hadisələr bu nöqtəyə necə gəlib çıxdı və keçmiş kəşfiyyat rəhbərini hərəkətə gətirən nə olub?
"PNB Banka" Sovet İttifaqının süqutundan qısa müddət sonra,1992-ci ildə Latviyanın ilk özəl banklarından biri olaraq təsis edilmişdi, baxmayaraq ki, o zaman fərqli ad daşıyırdı. O, çoxsaylı filiallara malik olması ilə tanınırdı, məhz buna görə də bir çox təqaüdçü öz əmanətlərini bu banka qoymuşdu.

2013-cü ilin sonlarında 37 yaşlı Qriqori Quselnikov bankın yeni səhmdarı olub.
Qrigori Quselnikov, rus əsilli britaniyalı investor, biznesmen və bankirdir. O, 1976-cı ildə anadan olub. Geniş kütləyə həm də Rusiyanın məşhur "Nə? Harada? Nə zaman?" intellektual televiziya klubunun eks-üzvü və uzun illər "ənənələrin qoruyucusu" kimi tanınıb. Bankçılıq karyerasında "Binbank"ın prezidenti, həmçinin Rusiyanın "Vyatka Bank"ı və Latviyanın "PNB Banka" (keçmiş "Norvik Banka") maliyyə qurumlarının əsas səhmdarı olub.

Rusiyada doğulsa da, sonradan Londona köçmüş, Britaniya vətəndaşlığı almış və daşınmaz əmlak sövdələşmələri ilə diqqəti cəlb etmişdi. Məsələn, bir fond vasitəsilə o, Londonun ən eksklüziv ünvanlarından birində yerləşən "Rolex Flagship Store" mağazasını almışdı.
Guselnikovun adı Avropa və Latviya maliyyə sistemində bir neçə irimiqyaslı beynəlxalq qalmaqalda çəkilir:
2017-ci ildə Guselnikovun bankı ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) araşdırmasında Şimali Koreyaya qanunsuz vəsait ötürməkdə ittiham olunub və Latviya tənzimləyicisi tərəfindən 1 milyon avrodan çox cərimələnib.
2018-ci ildə Guselnikov Latviyanın Mərkəzi Bankının sədri İlmar Rimşeviçsi ona qarşı təzyiq göstərməkdə və mütəmadi olaraq rüşvət tələb etməkdə ittiham edib. O, Latviya rəsmilərinin bank vasitəsilə Rusiyadan gələn çirkli pulların yuyulmasını tələb etdiklərini də bildirmişdi. Bu qalmaqal fonunda Guselnikov Latviya dövlətini beynəlxalq arbitraj məhkəməsinə (ICSID) verib.
"PNB Banka"da işlər Guselnikov üçün elə əvvəldən problemlərlə başlayıb. Genişlənmə planlarını maliyyələşdirmək üçün Guselnikov "PNB Banka"da pay əldə etmək istəyən rusiyalı iş adamı Pyotr Kondraşevdən 75 milyon dollar alır. Lakin bu iki şəxs layihə üstündə mübahisə edirlər və məhz bu məqamda, təqribən 2016-cı ildə Avqust Hanninq səhnəyə çıxır.
2019-cu ildə Avropa Mərkəzi Bankı Guselnikova məxsus olan "PNB Banka"nı maliyyə çətinlikləri səbəbindən bağlayır və bank müflis elan edilir. İstintaq sənədlərinə görə, bankın rəhbərliyi qurum çökməzdən əvvəl sahibi olan Guselnikovu heç bir qarşılıq almadan bank qarşısındakı milyonlarla avroluq öhdəliklərindən (borclarından) azad edilibmiş. Bankın iflasından sonra Latviya polisi araşdırmalara başlayər və həbs qərarları çıxarır.
Kondraşev münaqişədə vasitəçilik etməyi Hanninqə həvalə edir. Onlar Hanninqin müşahidə şurasının üzvü olduğu İsveçrənin "System 360 AG" konsaltinq firması vasitəsilə əlaqə qururlar. Şirkət vaxtilə təhlükəsizlik sahəsində çalışmış kadrları işə götürür və "korporativ cinayətin müxtəlif növləri üzrə geniş biliklərə malik olduğunu" iddia edirdi.
Hanninqin vasitəçilik cəhdləri uğursuz olur və Guselnikov ilə Kondraşev arasındakı münaqişə səngimir. Buna baxmayaraq, keçmiş BND rəhbəri 2017-ci ilin iyununda "PNB Banka"nın müşahidə şurasına qoşulur. Daha sonra NATO-nun keçmiş baş katibi və Danimarkanın sabiq baş nazir Anders Foq Rasmussen də bu quruma cəlb edilir. Bu elə bir vaxt idi ki, bankın nüfuzu aşağı düşməkdə davam edirdi. Buna səbəb qismən Şimali Koreyaya qarşı sanksiyalardan yan keçmək cəhdlərinə görə Latviya tənzimləyicilərinin artıq qeyd etdiyimiz bir milyon avro məbləğində pul cəzası idi.
Müşahidə şurasında Hanninq “nəzarət (komplayens) məsələlərinə” diqqət yetirirmiş. Bank sənədlərinə görə, o, bu fəaliyyətinə görə ayda 12 min avro, şuranın sədr müavini olan Rasmussen isə hər ay təxminən 21 min avro alıblar.
"PNB Banka" ətrafındakı davam edən çəkişmələrə cavab olaraq, Avropa Mərkəzi Bankı maliyyə institutunun nəzarətini öz üzərinə götürür. 2019-cu ilin yayında Guselnikov "PNB Banka"nı misirli-amerikalı investor Rocer Tamraza (Roger Tamraz) və onun iş ortaqlarına satmaq qərarına gəlir.
Müşahidə şurasının iyunun 25-də keçirilən iclasına Hanninq və digər şura üzvləri iclasa "Skype" vasitəsilə qoşulur. Baş direktor "potensial investorların" banka maraq göstərdiklərini bildirir. Onlar guya maliyyə institutuna 60 milyon avrodan çox sərmayə qoymaq istəyirlər. Lakin bu baş verməzdən əvvəl bank milyonlarla dəyərində tələb hüquqlarını yeni investorlara ötürməli idi. İclas protokollarına görə, Hanninq və digər şura üzvləri bu sövdələşmə ilə razılaşırlar. Bundan sonra bir hadisə digərini əvəz etdi və nəticədə bank müflis olur.
O vaxtdan bəri bankın süqutuna görə məsuliyyəti kimin daşıdığı üstündə mübahisə qızışıb. İflas idarəçisi bankın adından Hanninq, Rasmussen və digər keçmiş idarə heyəti və müşahidə şurası üzvlərinə qarşı təxminən 31,5 milyon avroluq iddia qaldırıb. İflas idarəçisinin sözlərinə görə, onlar "kobud səhlənkarlıq" edərək bank qarşısında etibarlı idarəçilik öhdəliklərini pozublar. O vaxtdan bəri bu məbləğin 18 milyon avro artırıldığı deyilir.
Şərh vermək üçün əlaqə saxlanılan Anders Foq Rasmussen "hadisələrin təsvirinin baş verənləri dəqiq əks etdirmədiyini" deyir, davam edən məhkəmə işinə görə o, "bu mərhələdə əlavə şərh verməyəcəyini" qeyd edir.
Latviya məhkəməsi Avqust Hanninqin özəl şirkətin icraçı direktoru kimi qazandığı əməkhaqqı ilə yanaşı, pensiyasının üçdə ikisinin dondurulması barədə qərar çıxarır.
Araşdırdıqda belə məlum olur ki, Avqust Hanninqin əhatə olunduğu insanların səviyyəsi kifayət qədər heyrətamizdir. Onlardan biri də Almaniya vətəndaşı olan Samuel Daniloviçdir ki, əvvəllər Qazaxıstanın "ENRC" mədən şirkətində işləyib və neft yatağının alınmasında rusiyalı maqnata öz konsaltinq xidmətlərini təklif edib.
S.Daniloviç 9 dekabr 2015-ci ildə Prezident Vladimir Putinin sədrliyi ilə keçirilən Mariinski Teatrının Himayəçilər Şurasının iclasında da iştirak edib. Şəkillərin birində o, "Qəzzə şerifi" kimi də tanınan Fələstinin keçmiş təhlükəsizlik rəhbəri Məhəmməd Dahlan ilə söhbət edir.

Məlumatlara görə, Hanningi “Pluteos AG” adlı firması Daniloviçin “Aquila Aerospace” şirkətinə Əbu-Dabidəki hərbi aviasiya sövdələşmələrində yaxından dəstək verib.
Sənədlər arasında Samuel Daniloviçin Sergey Rubinşteyn adlı rusiyalı iş adamı ilə şərik olması faktı da yer alır. Bu fakt Almaniya mətbuatının və şirkət reyestrlərinin üzə çıxardığı dolayısı biznes tərəfdaşlıqları ilə sübut olunur. “Stern” jurnalının araşdırmasına görə, Daniloviç və Rubinşteyn cütlüyü “Pluteos AG” ətrafındakı strukturların Rusiya biznesi və siyasi dairələri ilə əlaqələrini təmin edən əsas fiqurlar kimi xarakterizə olunub. Ümumilikdə, onların Rusiya ilə təması birbaşa dövlət kəşfiyyat müqavilələrindən daha çox, rusiyalı oliqarxların (Buxtyoyarov) kapitalının idarə olunması, daşınmaz əmlak investisiyaları və “Pluteos AG” vasitəsilə qurulan konsultasiya/biznes şəbəkələrinə əsaslanır.
Bu faktı, northdata və companyhouse də təsdiqləyir:


İcraçı direktorları Samuel Daniloviç və Sergey Rubinşteyn olan "DASE Properties Investment GmbH" şirkəti 18 noyabr 2024-cü ildə Berlin şəhərində qeydiyyata alınıb (Ticarət Reyestri №: HRB 269542; rəsmi ünvan: Schlüterstraße 40, Berlin). Şirkətin əsas fəaliyyət predmeti daşınmaz əmlakın alınması, saxlanılması, icarəyə verilməsi və satışından ibarətdir. Nizamnamə kapitalı 25 000 avro təşkil edir.
Onların hər ikisinə şirkəti təkbaşına təmsil etmək və imza atmaq hüququ verilib, yəni onlar bu firmada birgə rəhbər qismində çıxış edirlər.
Şirkətin payçılar siyahısı açıq reyestr çıxarışında yer almadığı üçün onların ortaq mülkiyyətçi olub-olmadıqları müəyyən edilmir. Bununla yanaşı, "North Data" korporativ təhlil platformasında bu iki şəxs məhz "DASE" şirkəti vasitəsilə bir-biri ilə əlaqələndirilir.
Sergey Rubinşteyn (Sergej Rubinstein)
Berlin mərkəzli iri daşınmaz əmlak investorudur. "Rubinstein Invest GmbH", "Roofs Asset GmbH" kimi bir çox əmlak və investisiya şirkətlərinin sahibidir.
“DASE Properties Investment GmbH”-də Samuel Daniloviç ilə şərikli idarəçidir.

Daniloviç vasitəsilə “Pluteos” şəbəkəsinə və dolayı yolla August Hanninqin biznes ekosisteminə inteqrasiya olunub. Adından və şəbəkəsindən göründüyü kimi, post-sovet ölkələri və Almaniyadakı Şərqi Avropa/Rusiya mənşəli investisiya dairələri ilə sıx əlaqələrə malikdir.
Sergey Rubinşteynin Rusiya biznes elitası ilə birbaşa əlaqələri mövcuddur. Rubinşteyn illər ərzində rusiyalı milyarder Valentin Buxtyoyarovun (Forbes siyahısında yer alan, Rusiyanın böyük "Sibuglemet" kömür konserninin keçmiş şərikli sahibi) Böyük Britaniyadakı (London) 5 fərqli şirkətinin direktoru vəzifəsini icra edib.
Rubinşteyn İsveçrənin “Pluteos AG” holdinqi və Almaniyanın “System 360” qrupu ilə daşınmaz əmlak və investisiya layihələri üzərindən sıx bağlılığı olub

“Rubinstein Invest GmbH” rəsmi korporativ qeydlərə əsasən, Berlinin nüfuzlu Breite Straße 12 ünvanında yerləşir. Şirkət birbaşa tikinti aparmaqdan ziyadə, öz xüsusi kapitalı hesabına iri daşınmaz əmlak layihələrində pay sahibi (investor) kimi iştirak edir və öz aktivlərini idarə edir. Şirkətin nizamnamə məqsədlərində yalnız daşınmaz əmlak deyil, həmçinin Samuel Daniloçin digər biznes istiqamətləri olan aviasiya (xüsusi missiyalı hərbi/kəşfiyyat təyyarələri) və kibertəhlükəsizlik sahələrinə də investisiya yatırmaq mandatı qeyd olunub.
Sergej Rubinstein bu şirkət vasitəsilə topladığı əmlak kapitallarını Samuel Daniloviç ilə müştərək qurduğu “DASE Properties Investment GmbH” və “BENJO Invest GmbH” holdinq strukturlarına yönəldir. Bu şəbəkə Berlin və ətraf regionlarda kommersiya və premium yaşayış obyektlərinin alqı-satqısı və idarəçiliyi sahəsində gizli portfelə malikdir.
Onu da bildirək ki, Avqust Hanningin 2019-cu ildə Moskvada keçirilən və Qərb sanksiyalarından kənar əməkdaşlıq yollarının müzakirə edildiyi konfransa “Pluteos AG” adından qatılması da bu rəhbərlik şəbəkəsinin (Danilowitsch-in idarəçiliyi altında) Rusiya istiqamətindəki fəaliyyətlərindən biri hesab olunur. “N-tv” bunu Birgit Jennenə (“Putins Marionetten”kitabının müəllifi) istinadən yazır. Konfransın dəqiq adı, tarixi və iştirakçı siyahısı məqalədə qeyd edilməyib.

Başqa mənbələr Hanningin 2015–2019-cu illərdə Rusiyaya bir çox səfərlər etdiyini yazır, amma 2019-cu il Moskva səfərini konkret “Pluteos”-a bağlamır. “N-tv” və Jennen bu səfərləri “Pluteos”-a bağlayan yeganə açıq istinaddır.
"The Insider" nəşrinin aşkar etdiyinə görə, BND-dən istefa verdikdən sonra Hanninqin Rusiyaya ən azı yeddi səfəri olub. Bu səfərlərin hamısı 2015–2019-cu illər aralığına təsadüf edir.

Bu səfərlərin bəziləri 24 saatdan da az çəkib: Hanninq axşam saatlarında Moskvaya uçur, növbəti gün isə geri qayıdırdı. Məsələn, 2016-cı il iyulun 6-da axşam saatlarında Münhendən Moskvaya gələn Hanninq, iyulun 7-si günorta artıq Berlinə geri dönüb. Analoji qısamüddətli səfərlərdən biri də 2019-cu ilin mayında Almaniyanın paytaxtından baş tutub.

İsveçrənin Lütsern şəhərində qeydiyyatdan keçmiş, özəl korporativ kəşfiyyat və təhlükəsizlik agentliyidir.
Avgust Hanninq İdarə Heyətinin sədri olub.

Şirkət onu BND-nin keçmiş rəhbəri və Daxili İşlər Nazirliyinin dövlət katibi statusunu əsas reputasiya elementi kimi önə çıxarır. Lakin, 2026-cı ilin oktyabrında Hanninqin Almaniyada casusluq ittihamı ilə həbs olunması bu vəzifəsinin hüquqi taleyini sual altına qoyub.


Samuel Daniloviç – Baş İcraçı Direktoru (CEO), şirkətin qurucusu və operativ rəhbəridir. O, operativ idarəetməyə, biznesin inkişafına və müştəri münasibətlərinə cavabdehdir. Daniloviç mürəkkəb beynəlxalq maliyyə, korporativ sövdələşmələr, satınalmalar (M&A, IPO) və enerji bazarları üzrə ixtisaslaşıb.
Dr. Wolfgang Maute – İdarə Heyətinin üzvü, İsveçrə və beynəlxalq vergi məsələləri üzrə ekspertdir. Təxminən 30 illik karyeraya malik olan Maute əvvəllər İsveçrənin Turqau (Thurgau) kantonunun vergi orqanlarında və məhkəmə sistemində çalışıb.
Qeyd edək ki, şirkətin quruluş mərhələsində İsveçrə kəşfiyyatının keçmiş rəhbəri Hans Wegmüller də idarə heyətində yer alıb.
İsveçrə Ticarət Reyestrinə əsasən, şirkət CH-100.3.805.151-0 nömrəsi ilə qeydiyyatdan keçib. Cari hüquqi ünvanı: Schwanenplatz 4, 6004 Luzern.
“Pluteos AG”-nin nizamnamə kapitalı 100000 İsveçrə frankı (CHF) təşkil edir.
Şirkət birja siyahısında olmayan özəl qapalı səhmdar cəmiyyəti olduğu üçün illik xalis mənfəəti və dəqiq dövriyyəsi ictimaiyyətə açıqlanmır (reyestrdə qapalı saxlanılır).
Şirkətin biznes modeli tamamilə konfidensiallıq üzərində qurulduğundan rəsmi müştəri siyahısı ictimai reyestrlərdə göstərilmir, lakin həm daxili bəyanatlar, həm də beynəlxalq araşdırmalar müştəri profili barədə müəyyən faktları ortaya çıxarmağa imkan verir.
Şirkət müştərilərini maliyyə institutları, beynəlxalq hüquq firmaları, qlobal korporasiyalar, özəl fondlar və rəsmi dövlət/təhlükəsizlik orqanları kimi qruplaşdırır. “Intelligence Online” və Avropa mediasının hesabatlarına görə, şirkətin rəhbər heyətinin, xüsusilə Samuel Daniloviç və Avqust Hanninqin şəxsi əlaqələri vasitəsilə Yaxın Şərq ölkələrinin müdafiə sənayesi layihələrinə konsaltinq xidməti göstərilib. Həmçinin rəhbərliyin Rusiya oliqarxları, Böyük Britaniyanın hərbi-sənaye nəhəngləri (məsələn, G3 holdinqi üzərindən “BAE Systems”) və Mərkəzi Asiya regionundakı biznes elitası ilə podratçı və məsləhətçi qismində işgüzar əlaqələri mövcud olub.
Şirkətin öz daxili korporativ bəyannamələrinə və beynəlxalq kəşfiyyat araşdırmalarına əsasən, “Pluteos AG”-nin əməliyyat fəaliyyəti tam şəkildə özəl kəşfiyyat prinsipləri ilə tənzimlənir. Xidmətlərin əsas aspektləri bunlardır:
- Məhkəmə proseslərinə kəşfiyyat dəstəyi: Beynəlxalq hüquq firmaları və korporasiyalar üçün mürəkkəb qlobal mübahisələrdə (məsələn, aktivlərin gizlədilməsi davası, oliqarxların aktivlərinin izlənilməsi) rəsmi məhkəməyə sübut qismində təqdim oluna biləcək rəsmi, lakin gizli yollarla toplanmış sübutlar və forenzik (məhkəmə ekspertizası) hesabatlar hazırlayırlar.
- Hüquqi təmizliyin qorunması kəsb edən fəaliyyət: Şirkət rəsmi olaraq bəyan edir ki, bütün əməliyyatlar və məlumat toplama prosesi yerli yurisdiksiyaların qanunlarına tam uyğun və "qanuni əldə edilmiş" çərçivədə icra olunur. Bu, hesabatların beynəlxalq arbitrajlarda hüquqi qüvvəyə malik olmasını təmin etmək üçün mühümdür.
- Açıq və gizli mənbələrlə iş (OSINT və HUMINT): Şirkətin əməliyyat komandası rəsmi reyestrlərin araşdırılması (OSINT) ilə yanaşı, sahədəki canlı mənbələr, təqaüddəki kəşfiyyatçılar və yerli hüquqşünaslar vasitəsilə gizli məlumatların toplanması (HUMINT) metodologiyasından istifadə edir.

- Kibertəhlükəsizlik və risklərin qiymətləndirilməsi: Dövlət qurumları və böyük maliyyə institutları üçün həm iqtisadi kibertəhlükəsizlik boşluqlarının auditi aparılır, həm də investisiya ediləcək ölkələrin və ya şəxslərin geosiyasi/reputasiya riskləri təhlil edilir.
- Hərbi və strateji layihələrdə məsləhət: “Pluteos AG” sadəcə iqtisadi məlumat satmır. Şirkətin idarə heyətinin (xüsusən keçmiş Alman və İsveç kəşfiyyat rəhbərlərinin) operativ imkanları vasitəsilə Yaxın Şərq və Körfəz ölkələrində strateji müdafiə sənayesi layihələrinə, məsələn kəşfiyyat təyyarələrinin tədarükü və modifikasiyasına operativ rəhbərlik və vasitəçilik xidmətləri göstərilib.
Thorsten Mehles. Keçmiş Hamburq LKA və BND əməkdaşı. “System 360 AG”-də idarə heyətində, “Pluteos”-un idarə şurasında adı keçir. Block işində Hanninqin əsas tərəfdaşı kimi istintaq altındadır. “Spiegel” və “Welt am Sonntag” yazır ki, Danimarka əməliyyatının planı onunla müzakirə olunub.
Hans-Georg Maaßen. Keçmiş daxili kəşfiyyat rəisi. Stern-ə yazıb ki, “Pluteos AG”-yə məsləhətlər verib.
İsveçrə reyestrində “Pluteos” ətrafında Wolfgang Georg Bernd Maute-Klanatsky və əvvəl şuradan çıxmış Thure von Wahl də keçir.
Britaniyanın "G3" şirkəti və Hanninqin rolu
"G3" (Good Governance Group) London mərkəzli strateji kəşfiyyat, kommersiya araşdırmaları və risk idarəçiliyi sahəsində fəaliyyət göstərən böyük konsaltinq firmasıdır. 2004-cü ildə təsis edilən şirkətin baş ofisi Londonda (30 Portland Place) yerləşir. Qurum iri korporasiyalar, investisiya fondları və beynəlxalq hüquq firmaları üçün sövdələşmələrin təhlükəsizliyi, tərəfdaşların yoxlanılması və siyasi risklərin qiymətləndirilməsi üzrə özəl kəşfiyyat xidmətləri təqdim edir.

"Correctiv" nəşrinin 6 oktyabr 2026-cı il tarixli araşdırmasına əsasən, Avqust Hanninq "Pluteos AG"-dəki vəzifəsi ilə paralel olaraq "G3" şirkətinə cəlb edilib. O, əvvəlcə baş məsləhətçi (Senior Advisor), daha sonra isə Rusiya və keçmiş sovet respublikaları üzrə regional rəhbər vəzifəsini tutub. Şirkətin o dövrdəki təqdimatında Hanninqin Yaxın Şərq regionu üzrə də dərin ekspertizaya malik olduğu xüsusi vurğulanırdı.

"Süddeutsche Zeitung" (SZ) və "Neue Zürcher Zeitung" (NZZ) nəşrləri də bu məlumatı təsdiqləyir. SZ Hanninqin "G3"-ün Rusiya istiqamətindəki biznes fəaliyyətinə məsləhətçilik etdiyini, NZZ isə onun Rusiya və MDB məkanına məsul regional rəhbər olduğunu bildirir. Əməkdaşlığın dəqiq başlama tarixi göstərilməsə də, "Pluteos"-dakı fəaliyyəti göz önünə alındıqda, "G3" ilə müqavilənin təxminən 2018-ci ilə təsadüf etdiyi məlum olur. Hazırda "G3"ün rəsmi saytında (g3.co) Hanninqin bioqrafiyası yer almır.
"GSC4 GmbH" şirkətinin təsis olunması və bağlanması
"Correctiv" araşdırmasında həmçinin qeyd edir ki, Hanninq 2018-ci ildə ailə üzvlərinin də payçı olduğu "GSC4 GmbH" şirkətini təsis edib.

2018-ci ildə qurulan şirkətdə Hanninq ailə üzvləri ilə birgə pay sahibidir, Reyestr çıxarışında adı direktor kimi qeyd edilməyib. Reyestrdə onu idarə edən Eileen Seibt göstərilir.
Şirkət 19 aprel 2018-ci il müqaviləsi ilə qurulub, 11 iyun 2018-ci ildə Berlin Charlottenburg məhkəməsində HRB 197098 B nömrəsi ilə qeydə alınıb. Nizamnamə kapitalı 25 min avrodur. İlk ünvan Katharina-Heinroth-Ufer 1, 10787 Berlin olub, sonra Kurfürstendamm 194, 10707 Berlin göstərilib. Nizamnamədə məqsədi lisenziya tələb etməyən məsləhətdir: təşkilati, sahibkarlıq, təhlükəsizlik və nəzarət məsələləri, analiz, araşdırma, rəy və konsepsiya göstərilib.
Şirkətin saytında “biznes təhqiqatları xarakterli araşdırmalar” üzrə ixtisaslaşmış kimi təqdim edib. Əsas bazarlar Rusiya, MDB, Şərqi Avropa, Çin və ərəb məkanıdır.
Bu, G3-dəki regional vəzifəsi ilə eyni coğrafiyadır. “Correctiv” yazır ki, o, “G3” və “Pluteos”-dakı ekspertiza xidmətlərini bu firma ilə də satmağa çalışıb.
2024-cü ilin son açıq hesabatında dövriyyə təxminən 2,2 milyon avro olub. “Correctiv” şirkətin 2026-cı ilin iyun sonunda bağlandığını yazır.
G3-ün də Rusiya ilə əlaqələri mövcuddur
“NorthData” platformasında Eileen Seibtin iş gördüyü şirkətlər arasında diqqətimizi “Mayak AG Niederlassung Deutschland” cəlb etdi.

"Mayak AG Niederlassung Deutschland" İsveçrə qanunvericiliyinə uyğun olaraq 26 yanvar 2005-ci il tarixində təsis edilmiş səhmdar cəmiyyətinin (AG - Aktiengesellschaft) Almaniyadakı rəsmi filialıdır. Filial Berlin şəhərində (13599 Berlin, Almaniya) qeydiyyatdan keçmişdir.
- Filialın adı: Mayak AG Niederlassung Deutschland
- Baş ofisin məkanı: Baar, İsveçrə (Cuq kantonunun Ticarət Reyestri, № CH-178.067-2)
- Nizamnamə kapitalı: 100 000 İsveçrə frankı (CHF)
- Hüquqi forması: İsveçrə Səhmdar Cəmiyyətinin xarici filialı
Filialın əsas fəaliyyət istiqaməti turizm tədbirlərinin layihələndirilməsi, işlənib hazırlanması, planlaşdırılması, təşkili və həyata keçirilməsi, eləcə də turizm agentliklərinin qurulması və idarə olunmasından (vasitəçilik) ibarətdir. Qurum bu məqsədlə birbaşa və ya dolayı yolla əlaqəli olan bütün xidmətləri göstərmək, hər növ malların ticarətini aparmaq, həmçinin şirkətin məqsədlərinin reallaşdırılmasına xidmət edən istənilən əməliyyatları həyata keçirmək və müqavilələr bağlamaq hüququna malikdir.
Reyestr qeydlərinə əsasən, şirkətin idarəetmə heyəti və təmsilçiləri aşağıdakı kimi müəyyən olunmuşdur:
- İdarə Heyətinin sədri: Boris Sedov (Brüttisellen, İsveçrə) — Şirkəti təkbaşına təmsil etmək və imza hüququna malikdir.
- Filialın daimi nümayəndəsi və İdarə Heyətinin üzvü: Eylin Saybt (Eileen Seibt, Berlin) — Filialın daimi nümayəndəsi olmaqla yanaşı, İdarə Heyətinin üzvüdür və şirkəti təkbaşına təmsil etmək səlahiyyətinə malikdir.
- İdarə Heyətinin üzvü: [Adı qeyd olunmayıb] (Neftenbach, İsveçrə) — İdarə Heyətinin digər üzvü ilə birgə təmsilçilik hüququna malikdir.
Boris Sedov reyestr qeydlərinə görə yaşayış yeri və vətəndaşlığı Rusiya (Moskva) göstərilən iş adamı/idarəçidir. İsveçrə müəssisəsi olan “Mayak AG”-nin Berlin filialında rəhbər/nümayəndə kimi Eileen Seibt ilə paralel idarəetmə strukturunda yer alıb. 2000-ci illərin ortalarından etibarən Almaniyada qeydiyyatdan keçən menecerdir companyhouse.de

Almaniya və İsveçrə reyestrində Rusiya vətəndaşı olan Boris Sedovun adı yalnız iki qurumda keçir. Rusiya reyestrində eyni adlı, səyahət sektorunda işləyən Boris Nikolayeviç Sedov da var. Ata adı Almaniya reyestrində olmadığı üçün eyni şəxs olduğunu sübut etmək çətindir.
- Mayak AG, İsveçrə. Səyahət bürosu, kapitalı 100 min frank. Sedov 2011-ci ilin fevralında Eileen Seibtin yerinə İdarə Heyətinə daxil olub, 31 oktyabr 2016-da ləğv prosesində oranı tərk edib.
- Mayak AG Niederlassung Deutschland, Berlin, HRB 108179. Nonnendammallee 42/43. Seibt çıxandan sonra filialın daimi nümayəndəsi və şura üzvü olub, tək imza hüququ var idi. Filial bağlanıb.
- TCH Transport Clearing House Europe GmbH, Berlin, HRB 102820. Komturstraße 18a. 24 may 2012-ci il qeydində direktor olub, Moskva ünvanı və tək imza ilə. “CompanyHouse” onu qeyri-aktiv kimi göstərir, Əvvəlki ünvanı Moskva, sonrakı Leypsiq yazılıb. Təxmini yaşı 69 olduğu ehtimal edilir. .
Reputation.ru-da Boris Nikolayeviç Sedov, İNN 773412933615, Moskva, 12 ildən çox sahibkardır. Onun firmaları:
- OOO “Djet Trevel Avia”, İNN 7707509331. Turizm agentliyi. O, baş direktor olub. 8 sentyabr 2022-dən qeyd var. Ünvan Moskva, Kuusinena 25.
- OOO “Skay Trans Konsaltinq”, İNN 7725364350. Hava nəqliyyatına yardımçı fəaliyyət. 2019-cu ildən rəsmən ləğv edilib.
- OOO “İATs Megapolis”, İNN 7736653308. 2023-cü ilin noyabrından baş direktor və 100 faiz payçı.
- AO “Yumoss”, İNN 5406827954. Proqram təminatı. 14 dekabr 2022-də qurulub, 2024-cü ilin mayından 100 faiz payçı, iyundan etibarən baş director olub. Ünvan yenə Kuusinena 25.

Sedovun xüsusi xidmət orqanlarının (GRU/SVR) xarici ölkələrdə agentura logistikasını, nağd pul transferini və hərəkət sərbəstliyini təmin etmək üçün "turizm örtüyü" tətbiq etmə metodologiyasına tam uyğun fəaliyyət profili nümayiş etdirdiyi ehtimal olunur. Şirkətin İsveçrədəki ana ofisi gizli holdinq və offşor strukturları ilə bağlılığı ehtimalı da var.
Eileen Seibt ixtisasca diplomlu-mühəndisdir (Dipl.-Ing.), “GSC4 GmbH” şirkətinin qurucu baş direktoru olub.

2026-cı ilin iyulunda ləğvetmə prosesi başladıqdan sonra idarəçilik Martina Helga Seibtə keçib. Eyni zamanda “Mayak AG Niederlassung Deutschland” filialında daim nümayəndə statusunda xidmət edib. Eileen Seibt bu şirkəti digər tanınmış almaniyalı korporativ məsləhətçi Günter Seibt (keçmiş Şərqi Almaniya ordusu zabiti) ilə birlikdə idarə edib (və ya tərəfdaşdırlar) assets.fea.ru. Günter Seibt (gsc4 GmbH) Rusiyada fəaliyyət göstərən alman şirkətlərini və Rusiya biznes elitasını birləşdirən rəsmi “Rusiya Biznes Klubu” (Wirtschaftsclub Russland) təşkilatının aktiv üzvlərindən və əsas donorlarından biri olmuşdur wirtschaftsclubrussland.org. Klub Rusiyadakı alman investisiyalarının maliyyələşdirilməsi və layihələrin idarə edilməsi sahəsində koordinasiya rolunu oynayır.
“gsc4 GmbH” Rusiya Federasiyasının strateji elmi mərkəzləri, o cümlədən Sankt-Peterburq Böyük Pyotr Politexnik Universiteti ilə birbaşa əlaqələrə malik olub. Şirkət "Berlində Politexnik Günləri" çərçivəsində keçirilən Avropa məzunlar forumunun və Rusiyanın "Rəqəmsal əkizlər" (Digital Twins) sənaye texnologiyaları üzrə qlobal qrant layihələrinin Avropadakı korporativ tərəfdaşlarından biri kimi çıxış edib.
Beynəlxalq korporativ kəşfiyyat hesabatlarına görə, Günter Seibt “gsc4 Partners” layihəsini başlatmazdan əvvəl, Böyük Britaniya mərkəzli nüfuzlu Good Governance Group (G3) kəşfiyyat və strateji məsləhət şirkətinin Berlin üzrə tərəfdaşı olub intelligenceonline.com. G3 şirkəti qlobal səviyyədə iri holdinqlərə, o cümlədən postsovet məkanındakı oliqarxik strukturlara "Deep Due Diligence" (kriminal və korporativ keçmişin araşdırılması) xidmətləri göstərməklə tanınır.
“gsc4 Partners” strukturunun rəhbəri olan Günter Seibt, əslində uzun illər London mərkəzli nüfuzlu G3 (Good Governance Group) kəşfiyyat şirkətinin Almaniya və Şərqi Avropa üzrə Baş Direktoru kimi fəaliyyət göstərib və şirkətin Berlin ofisini idarə edib.
Beynəlxalq kəşfiyyat araşdırmaları aparan mərkəzlərin məlumatına görə, G3 qrupu öz beynəlxalq şəbəkəsini yenidən təşkil edərək Almaniyadakı ofisini Berlindən Frankfurta köçürmək qərarı verdikdən sonra, keçmiş partnyor Günter Seibt Londondan müstəqil şəkildə fəaliyyət göstərmək qərarına gəlib və öz komandası ilə “gsc4 Partners” layihəsini (GSC Global Strategy Center) aktivləşdirib.
G3 keçmiş kəşfiyyat rəhbərləri (o cümlədən Böyük Britaniyanın gizli kəşfiyyat xidməti MI6-nın keçmiş rəhbəri Sir John Sawers və Almaniya federal kəşfiyyatının – BND-nin keçmiş rəhbəri Avgust Hanninq) tərəfindən idarə olunan qlobal bir korporativ kəşfiyyat nəhəngidir.
Günter Seibtin rəhbərlik etdiyi dövrdə bu strukturun əsas əməliyyat istiqamətləri bunlar olub:
- Dərin hüquq-maliyyə auditi (Deep Due Diligence): Postsovet məkanından (Rusiya, Ukrayna, Qazaxıstan) Avropaya və Böyük Britaniyaya daxil olan iri holdinqlərin və oliqarxların kapital mənşəyinin, gizli siyasi/kəşfiyyat bağlarının araşdırılması.
- Strateji aktivlərin izlənilməsi (Asset Tracing): Mübahisəli və ya sanksiyalı Rusiya aktivlərinin Qərbdəki gizli qeydiyyat zəncirlərinin və etibarlı idarəçilərinin (Daniel Scheitlin kimi fiqurlar və ofislər vasitəsilə) müəyyən edilməsi.
Almaniya mətbuatının prokurorluq və kəşfiyyat mənbələrinə istinadən yaydığı məlumata görə, Hanninq son illərdə ciddi maliyyə çətinlikləri ilə üzləşmişdir. Deyilənə görə, Hanninq təklif olunan qonorarlar qarşısında dayana bilməyərək məsləhətçiliklə bağlı təklif olunan bütün variantları qəbul edirmiş.
Məhz bu çətinliklər onun qanunsuz yollarla gəlir əldə etmək və BND sənədlərini kommersiya məqsədləri üçün istifadə etmək istiqamətində motivasiya yaratmışdır.
Yaranan bu maliyyə itkisini kompensasiya etmək məqsədilə o, özünün özəl təhlükəsizlik və lobbiçilik şirkəti vasitəsilə şübhəli müqavilələr qəbul etməyə başlamışdır.
Hanninqin izinə necə düşüblər?
Hanninq barəsində aparılan təhqiqatın Azərbaycanla heç bir əlaqəsi olmayıb. İstintaq onun izinə "Block House" steyk-hauslar şəbəkəsinin təsisçisinin qızı Kristina Blokun (Christina Block) işi vasitəsilə düşüb. O, 1 yanvar 2024-cü ilə keçən gecə iki azyaşlı övladının Danimarkadan Almaniyaya zorla gətirilməsini təşkil etməkdə ittiham olunur. 2021-ci ildən bəri Blok iki kiçik uşağına görə keçmiş həyat yoldaşı Ştefan Henzel (Stephan Hensel) ilə məhkəmə çəkişməsində olublar.


Danimarkaya səfərdən sonra Henzel uşaqları geri qaytarmamış, Danimarka məhkəməsi isə uşaqların atanın yanında qalmasına qərar vermişdi. İttiham tərəfinin versiyasına görə, 10 yaşlı Teo və 13 yaşlı Kların qaçırılması üçün maskalı qrupu İsrailin "Cyber Cupola" şirkəti cəlb edib. Yanvarın 2-də uşaqları ana götürsə də, bir neçə gün sonra Hamburq məhkəməsi onların ataya qaytarılması barədə qərar çıxarıb.
İsrailin təhlükəsizlik sektorundan olan şəxslərin adı məhz bu işdə üzə çıxıb. Hamburq Prokurorluğunun versiyasına görə, 9 noyabr 2022-ci ildə uşaqların qaçırılması üzrə ilk cəhd uğursuzluqla nəticələnib: Blok uşaqları məktəb yolunda ələ keçirmək üçün Hanninqin Müşahidə Şurasının üzvü olduğu "System 360" şirkətinə 115 000 avro pul ödəyib. Maraqlıdır ki, bu rəqəmlər (115 000 avroluq sifariş) hesabatlarda əks olunmayıb. Bu məbləğ 2022-ci ilin əməliyyat gəlirlərinə aid olsa da, dövriyyə sətri açıqlanmadığından balansda ayrıca görünmür.

İttihama görə, Hanninq Bloka İsrailin təhlükəsizlik mütəxəssisi ilə təmas qurmaqda köməklik göstərdiyi ehtimal edilir. İş materiallarında "Mossad"ın keçmiş əməkdaşlarının, İsrailin mühafizə strukturunun, Devid Barkayın (David Barkai) və kəşfiyyat keçmişi olan digər şəxslərin adları çəkilirdi. Yaakov Perinin, eləcə də "Mossad"ın keçmiş rəhbəri Dani Yatomun adı hallandırılsa da, sonuncu bu işlə hər hansı əlaqəsini təkzib edir.
Məsələnin xronologiyası bundan sonra belə davam edir: 16 sentyabr 2025-ci ildə bu istiqamətdə aparılan axtarışlar zamanı Hanninqin evində və ofisində BND-yə aid olan və təqaüdə çıxmış bir şəxsdə olmamalı məxfi materiallar aşkar edilib. Məhz bu tapıntı sənədlər və ehtimal edilən kəşfiyyat fəaliyyəti üzrə ayrıca bir təhqiqatın başlamasına təkan verib.
Avqust Hanninqin birbaşa və ya dolayısı ilə Rusiya və rusiyalı oliqarxlarla əlaqəsi olan bir neçə şirkəti və konsaltinq layihəsi mövcuddur.
Belə layihələrdən birində Hanninq London mərkəzli nüfuzlu korporativ kəşfiyyat holdinqi olan G3 şirkətinin Rusiya bölməsində rəsmi məsləhətçi kimi xidmət göstərib.
2012–2013-cü illərdə London məhkəməsində Kremllə sıx əlaqələri olan rusiyalı milyarder Oleq Deripaska ilə digər oliqarx Mixail Çernoy arasında "Rusal" şirkətinin səhmləri uğrunda milyardlıq məhkəmə davası gedərkən, Hanninq rəsmi olaraq Deripaskanın təhlükəsizlik eksperti qismində pullu şahid ifadəsi və hesabatı hazırlayıb. Media onun Deripaska kimi "şübhəli Rusiya müştərilərindən" böyük məbləğlər aldığını yazır.

Bu haqda 9 iyun 2013-cü il tarixində “Spiegel”-də dərc olunan “BND-nin sabiq rəhbəri Hanninq rusiyalı maqnat Deripaskanın xeyrinə şahid qismində ifadə verib” başlıqlı məqaləsində xüsusi qeyd olunub.

Məqalədə deyilir ki, 2012-ci ilin yayında Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş prezidenti və Federal Daxili İşlər Nazirliyinin sabiq dövlət katibi Avqust Hanninq rusiyalı maqnat Oleq Deripaskanın maraqlarını müdafiə edərək Londonun Ali Məhkəməsində ifadə verib. Deripaskanın vəkilləri dünyanın ən böyük alüminium şirkəti olan "Rusal"ın səhmləri ilə bağlı rusiyalı oliqarx Mixail Çernoya qarşı qaldırılmış mülki iddia çərçivəsində Hanninqin yazılı bəyanatını təqdim ediblər.
Məhkəmə dinləmələri 2012-ci il mayın 2-si və iyulun 2-də baş tutub. İyulun 12-də çıxarılan qərarda bildirilir ki, Deripaska iddia tələbini qismən "Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, doktor Avqust Hanninqin ifadələrinə" əsaslandırıb. Deripaskanın vəkili bu ifadələri "Rusiya mütəşəkkil cinayətkar qruplaşmalarının fəaliyyətinə dair ekspert rəyi" kimi qiymətləndirib. Hanninq "Der Spiegel" jurnalının "vəkil kimi fəaliyyətinə daxil olan sorğusu"nu cavablandırmaqdan imtina edib. O, vəkillik sirrinə istinad edərək bildirib ki, bu məxfilik "həm vəkil qismində fəaliyyət göstərib-göstərməməyimə, həm də hüquqi fəaliyyətlə bağlı mümkün mahiyyət məsələlərinə şamil olunur".
Sözügedən məhkəmə çəkişməsi Mixail Çernıyın (Michael Cherney) rusiyalı oliqarx Oleq Deripaskaya qarşı qaldırdığı mülki iddiaya dayanır. Çernoy dünyanın ən böyük alüminium istehsalçılarından biri olan "Rusal" şirkətində 13,2% payın ona məxsus olduğunu iddia edirdi. Deripaska isə bu iddianı təkzib edərək müvafiq ödənişləri mülkiyyət payı kimi deyil, himayədarlıq ("krışa") tələbi müqabilində edildiyini bildirirdi.
İş Böyük Britaniyanın Kommersiya Məhkəməsində (hakim Endryu Smit iş №: 2006 Folio 1218) baxılıb. 12 iyul 2012-ci il tarixli qərarda ([2012] EWHC 1781 (Comm)) hakim açıq şəkildə qeyd edir ki, Deripaska öz ərizəsini vəkil Süzan Prevezerin (Susan Prevezer) və BND-nin keçmiş rəhbəri doktor Avqust Hanninqin yazılı ifadələrinə əsaslandırıb.
Hanninqin tam yazılı bəyanatı açıq mənbələrdə yoxdur. Məhkəmə sənədlərində yalnız onun xülasəsi yer alıb və bəzi hissələr şəxsiyyətin məxfiliyini qorumaq məqsədilə ixtisar edilib.
25 aprel 2012-ci ildə Deripaska 12 nəfər şahid üçün “şahidlərin mühafizəsi”, yəni məhkəmənin qismən qapalı keçirilməsi və adların gizli saxlanılması xahişi ilə müraciət edib. Hanninq bu prosesdə mülkiyyət hüququ və ya 2001-ci il tarixli pay müqavilələrinin hüquqi tərəfini deyil, ümumi təhlükəsizlik və "rus mafiyası" risklərini əsaslandıran analitik təhlil təqdim edib.
Hanninq vurğulayıb ki, Almaniya xüsusilə Rusiyadan qaynaqlanan mütəşəkkil cinayətkarlıqdan ciddi əziyyət çəkdiyi üçün hüquq-mühafizə orqanlarının bu sahədə zəngin təcrübəsi var. O qeyd edib ki, bu cür qruplaşmalar şahidləri sistemli şəkildə hədələdiyi üçün sübut toplamaq son dərəcə çətindir.
Almaniya orqanlarının standart mövqeyinə görə, ittiham olunanlar mütəşəkkil cinayətkarlıqla əlaqəlidirsə, müvafiq şahidlər xüsusi risk altında hesab olunurlar. Hanninq xüsusilə "İsmayılovskaya" və "Podolskaya" kimi Rusiya cinayətkar qruplaşmalarının potensial və ya faktiki şahidlərə qarşı zorakılıq tətbiq etməyə hazır olduqlarını bildirib.
Nümunə kimi 2010-cu ildə Ştutqart Regional Məhkəməsində Aleksandr Afanasyev və başqalarının işini (31 may 2010-cu il tarixli hökm) göstərib. Həmin işdə "İsmayılovskaya" qruplaşması adından çirkli pulların yuyulması faktı üzrə şahidlərin hədələnməsi, bəzilərinin isə fiziki olaraq aradan götürülməsi müəyyən edildikdən sonra məhkəmədə gücləndirilmiş mühafizə tədbirləri tətbiq olunmuşdu.
Bu ekspert rəyi Deripaskanın müdafiə mövqeyinə tam uyğun gəlirdi: o, Çernoy, Anton Malevski və Sergey Popovu "krışa" sistemi ilə bağlayır, Malevskini "İsmayılovskaya", Popovu isə "Podolskaya" qruplaşması ilə əlaqələndirirdi.
"Der Spiegel" 9 iyun 2013-cü ildə yazırdı ki, Hanninq sorğuya cavab verməkdən imtina edərək vəkillik sirrinə istinad edib.
Almaniya qanunvericiliyinə əsasən, hətta keçmiş dövlət qulluqçularının da məhkəmədə ifadə verməsi üçün (veriləcək ifadənin xidməti məxfilik daşıması şərti ilə) sonuncu yuxarı rəhbərinin icazəsi tələb olunur. Federal Daxili İşlər Nazirliyi (BMI) "cənab Hanninqə ifadə vermək üçün hər hansı icazənin verilməsi barədə məlumata malik olmadığını" bildirib. Məhkəmədə veriləcək tam ifadə əsasında belə bir icazənin tələb olunub-olunmadığını isə yalnız dövlət qulluqçularının özləri müəyyən edə bilərdilər.
Onu da qeyd edək ki, BND üçün Hanninq məsələləsi son bir neçə ildə ikinci ciddi insident sayılır. Hazırda BND-nin şöbə rəhbəri olmuş şəxs 2022-ci ildə Rusiya xeyrinə casusluq etməkdə ittiham olunaraq digər bir təqsirləndirilən şəxslə birgə Berlin Ali Regional Məhkəməsi qarşısında cavab verir. Həmin işdə xidmət daxilindən sızdırılmış, BND-nin kiberəməliyyatları barədə tamamilə məxfi olan məlumatlardan söhbət gedirdi.
2022-ci ilə aid olan bu iş BND-nin əməkdaşı Karsten L. -nin (Carsten L.) həmin ilin payızında 9 məxfi sənədi Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) ötürməsi ittihamı ilə bağlıdır.
Karsten L. BND-nin təhlükəsizlik yoxlamasından keçmiş yüksəksəviyyəli əməkdaşı idi. Müxtəlif mənbələrdə onun "Referatsleiter" (bölmə rəhbəri) və ya "personelle Sicherheit" (kadr təhlükəsizliyi) sahəsində çalışdığı bildirilir. O, 21 dekabr 2022-ci ildə Berlində həbs olunub. İttihama əsasən, Karsten L. 2022-ci ilin sentyabr-oktyabr aylarında Pulax (Pullach) və Berlindəki ofislərində BND-yə aid 9 daxili sənədin surətini çıxarıb və ya onların ekran görüntülərini çəkib. tagesschau
Sözügedən sənədlər "texniki kəşfiyyat" layihəsinə aid olub. "Tagesschau" nəşrinin məlumatına görə, bu sənədlər Rusiya hərbi əməliyyatlarının və kommunikasiya strukturlarının izlənilməsi məqsədilə BND və onun tərəfdaş xidmətinin birgə həyata keçirdiyi əməliyyatları, yəni kibertəhlükəsizlik və texniki kəşfiyyat sahəsini əhatə edirdi.
Almaz ticarəti ilə məşğul olan iş adamı Artur E. (Arthur E.) Karsten L. ilə 2021-ci ildən tanış olublar. O, sənədləri Moskvaya apararaq FSB (Federal Təhlükəsizlik Xidməti) ilə əlaqəli olan rusiyalı iş adamı ("Visa M.") vasitəsilə "Pavel" və "Qassan" şərti adlı iki FSB zabitinə təhvil verib. Bu xidmətin müqabilində Karsten L.-yə ən azı 450 000 avro, Artur E.-yə isə ən azı 400 000 avro nağd məbləğdə pul ödənilib. Artur E. həmin məbləği 2022-ci ilin noyabrında Moskvadan götürüb. dw.com

Almaniyanın Federal Baş Prokurorluğu 24 avqust 2023-cü ildə ittiham aktını Berlin Kammergerixtinin (Court of Appeals) Dövlət Təhlükəsizliyi Palatasına təqdim edib. Məhkəmə prosesi 13 dekabr 2023-cü ildə başlayıb. Təqsirləndirilən şəxslər iki epizod üzrə xüsusilə ağır dərəcəli dövlətə xəyanətdə ittiham olunurlar. Bu maddə üzrə onları 5 ildən ömürlük azadlıqdan məhrumetməyə qədər cəza gözləyir.
Nəticə:
Bütün faktlar və zəncirvari əlaqələr göstərir ki, Avqust Hanninqin fəaliyyəti sadəcə qazanc məqsədli məsləhətçilik deyil, Rusiya kəşfiyyatının və Kremlə bağlı "kölgə strukturları"nın Almaniyanın təhlükəsizlik elitasına nüfuz etməsi əməliyyatının tərkib hissəsidir.
Hanninqin Rusiya kəşfiyyat şəbəkələri ilə təması hələ 2012-ci ildə, Oleq Deripaskanın London məhkəməsindəki iddiası zamanı aydın görünür. Deripaska kimi Kremlə sıx bağlı olan və Rusiya xüsusi xidmət orqanları ilə birbaşa əlaqələri məlum olan bir oliqarxın xeyrinə "mütəşəkkil cinayətkarlıq üzrə ekspert" kimi çıxış etmək, əslində Rusiya dövlət maraqlarına hüquqi örtük təmin etmək idi.
Hanninq bu prosesdə BND rəhbəri olduğu dövrün məxfi biliklərindən istifadə edərək şahidlərin gizlədilməsinə və Deripaskanın mövqeyinin möhkəmlənməsinə şərait yaradıb. Müvafiq dövlət icazəsi (Daxili İşlər Nazirliyinin icazəsi) olmadan bu cür ifadə verməsi və sonradan "vəkillik sirri" arxasında gizlənməsi, onun Almaniya dövlət qanunlarını çeynəyərək Rusiya elitasına xidmət etməyi şüurlu şəkildə seçdiyini göstərir.
Rusiya hərbi kəşfiyyat və xüsusi xidmət orqanlarının (GRU/SVR/FSB) Qərb siyasətçilərini və kəşfiyyatçılarını ələ almaq üçün istifadə etdiyi klassik metodlardan biri onları maliyyə baxımından asılı vəziyyətə salmaqdır. Hanninqin Rusiya ilə bağlı maliyyəçi Qriqori Guselnikova məxsus, çirkli pulların yuyulmasında və sanksiyalardan yayınmaqda adı hallanan "PNB Banka"nın Müşahidə Şurasına daxil olması bu tələnin əsas hissəsi idi.
Bank müflis olduqdan sonra Hanninqin pensiyasının 2/3 hissəsinə və aktivlərinə həbs qoyulması onu çıxılmaz vəziyyətə salıb.
Hanninqin Almaniya kanslerinə məktub yazaraq bu məsələyə müdaxilə etməsini xahiş etməsi, onun həyacan içində olduğunu və Rusiya kapitalı ilə girdiyi qanunsuz sövdələşmələrin onu necə girov çevirdiyini nümayiş etdirir. Yarana biləcək nəhəng borcları ödəmək üçün Hanninq BND sənədlərini və məxfilikləri ehtimal ki Rusiya kəşfiyyatına satmaq məcburiyyətində qalıb.
Hanninqin ətrafındakı kadr şəbəkəsi Rusiya xüsusi xidmət orqanlarının (xüsusən GRU/SVR) Avropadakı agentura logistikasını necə qurduğunu açıq göstərir. Faktlardan da görünür ki, Eileen Seibt ilə paralel idarəçilik edən Rusiya vətəndaşı Boris Sedov tam olaraq Rusiya kəşfiyyatının xaricdəki agenturası üçün nağd pul transferi, diplomatik və logistik "turizm örtüyü" təmin edən agent-operator profilinə malikdir.
Şərqi Almaniya (Ştazi) keçmişli kadrların, Rusiya Biznes Klubunun və G3/GSC4 kimi kəşfiyyat konsaltinqlərinin eyni zəncirdə birləşməsi Hanninqin tamamilə Moskvadan idarə olunan və ya yönləndirilən bir "təsir şəbəkəsi"nin mərkəzində dayandığını sübut edir.
Hanninqin evində aşkar edilən 2000 BND sənədi və xarici kəşfiyyat zabiti üçün hazırladığı analitik hesabatlar onun Rusiya kəşfiyyatı ilə birbaşa işlədiyinin ən tutarlı sübutudur. 2015–2019-cu illərdə Moskvaya etdiyi 24 saatdan da az çəkən pərdəarxası səfərlər (Münhendən/Berlindən gəlib növbəti gün qaytması) klassik kəşfiyyat "kuryer/təmas" əməliyyatlarının sxemidir. BND-nin daxilindəki digər Rusiya casusu Karsten L. işi ilə eyni dövrə təsadüf etməsi, Rusiya FSB/SVR-nin Almaniya kəşfiyyatının həm aktiv (Karsten L.), həm də keçmiş (Hanninq) rəhbər heyətini eyni vaxtda paralelləşdirərək sistemli şəkildə iflic etdiyini göstərir.
Avqust Hanninq sadəcə təqaüddə olan pulgir bir məsləhətçi olmayıb. O, Rusiya xüsusi xidmət orqanlarının Qərbdə qurduğu hibrid kəşfiyyat mexanizminin ən qiymətli aktivi olub. Rusiya kəşfiyyatı Hanninqin pul hərisliyindən, “PNB Banka”dakı maliyyə bataqlığından və Deripaska kimi oliqarxlarla olan çirkli bağlarından istifadə edərək onu tam şəkildə özünə tabe edib. Nəticədə, BND-nin keçmiş rəhbəri öz ölkəsinin və müttəfiqlərinin kəşfiyyat sirlərini Moskvaya ötürən, Avropada Rusiya kapitalının və təsirinin leqallaşmasına xidmət edən "qeydiyyatsız kəşfiyyat agenti" rolunu oynayıb.
P.S. "Hubert Zaypel işi" və “Der Spiegel”-in Rusiya tərəfindən maliyyələşməsi skandalı
Almaniyalı jurnalist, Rusiya Prezidenti Vladimir Putin haqqında sənədli filmlərin və kitabların müəllifi Hubert Zaypel (Hubert Seipel) haqqında həqiqətlər 2023-cü ilin noyabrında "Cyprus Confidential" beynəlxalq təhqiqatı çərçivəsində üzə çıxıb. Araşdırmalar Almaniyanın NDR dövlət teleradio şirkəti və digər aparıcı media qurumları üçün işləmiş Zaypelin Rusiya oliqarxı Aleksey Mordaşovun ofşor şəbəkəsindən gizli şəkildə təxminən 600-700 min avro (və ya dollar) məbləğində vəsait aldığını göstərib. Məsələ ictimailəşdikdən sonra media qurumları və nəşriyyatlar onunla bütün əməkdaşlığı dayandırıb.

Almaniyada "Putin eksperti" kimi tanınan Zaypel Rusiya liderinə birbaşa çıxışı olan nadir Qərb jurnalistlərindən biri hesab olunurdu. O, Putinlə təxminən 100 dəfə görüşdüyünü iddia edirdi.

Onun əsas işlərinə aşağıdakılar daxildir:
2012-ci il: NDR telekanalı üçün "Mən, Putin – Portret" (Ich, Putin – Ein Portrait) sənədli filmini çəkib.
2014-cü il: Moskvada V. Putinlə eksklüziv müsahibə reallaşdırıb.
2015-ci il: "Putin: Hakimiyyətə daxildən baxış" (Putin. Innenansichten der Macht) bioqrafik kitabını nəşr etdirib.

2021-ci il: "Putinin gücü: Avropa nə üçün Rusiyaya ehtiyac duyur" (Putins Macht. Warum Europa Russland braucht) kitabını qələmə alıb.
Hər iki kitab Almaniyanın nüfuzlu "Hoffmann und Campe" nəşriyyatında işıq üzü görüb.
"Cyprus Confidential" araşdırması ICIJ (Jurnalist Tədqiqatçıların Beynəlxalq Konsorsiumu), "Paper Trail Media", "Der Spiegel", ZDF və digər media tərəfindən 3,6 milyon sızdırılmış sənəd əsasında aparılıb.
Sənədlər Zaypelin fəaliyyəti ilə bağlı aşağıdakı faktları üzə çıxarıb:
Zaypel 2018-ci ildə Britaniya Vircin Adalarında qeydiyyatdan keçmiş "De Vere Worldwide Corporation" şirkəti ilə "Rusiya Federasiyasının siyasi mühiti haqqında kitab yazmaq" məqsədilə sponsorluq müqaviləsi imzalayıb.
Müqavilənin dəyəri təxminən 600000 avro (650–700 min dollar) təşkil edib və ödənişlər 2018–2019-cu illərdə üç mərhələdə həyata keçirilib.
Sənədlərdə əllə yazılmış "2013-cü il müqaviləsinə bənzər: Putin bioqrafiyası" qeydi Zaypelin 2015-ci ildə dərc olunmuş ilk kitabı üçün də analoji maliyyə aldığını göstərir.
"De Vere Worldwide" şirkəti Putinin yaxın tərəfdarı, ABŞ, Aİ və Böyük Britaniya sanksiyaları altında olan Rusiya oliqarxı Aleksey Mordaşova ("Severstal" və "Power Machines" holdinqlərinin sahibi) məxsusdur.

Mordaşovun iki ofşor şirkəti maliyyəni "De Vere"-ə transfer edib, oradan isə vəsait Zaypelə yönəldilib. Müqavilədə şahid qismində "Severstal"ın vəkili Dmitri Fedotov iştirak edib.
Müqavilədə formal olaraq "şirkətin kitabın məzmununa müdaxilə etmək öhdəliyinin olmadığı" bəndi yer alıb.
Zaypel "Paper Trail Media"-ya verdiyi açıqlamada Mordaşovdan sponsorluq vəsaiti aldığını etiraf etsə də, bunun kitabların məzmununa təsir etmədiyini və müqavilədə jurnalist müstəqilliyi bəndinin olduğunu bildirib. O, NDR-ə 2013 və 2018-ci illərdə iki sponsorluq müqaviləsi ilə pul aldığını təsdiqləyib.
NDR bəyan edib ki, Zaypel bu maliyyə əlaqələrini vaxtında açıqlamayaraq ciddi maraq toqquşmasına yol verib. Telekanal xüsusi araşdırma komissiyası yaradıb, hüquqi addımları nəzərdən keçirib və Zaypelin filmlərinin nümayişini dayandırıb (Zaypel NDR ilə sonuncu dəfə 2019-cu ildə işləmişdi). "Hoffmann und Campe" nəşriyyatı Zaypelin kitablarının satışını dərhal dayandırıb. Məqalələrində Zaypelin kitablarından parçalar dərc etmiş "Der Spiegel" və "Die Zeit" qəzetləri də bu gizli ödənişlərdən xəbərsiz olduqlarını bildiriblər.
Zaypel nümunəsi göstərir ki, “Der Spiegel”-in əməkdaşları arasında Rusiya ilə gizli əlaqəsi olan şəxslər var. İstənilən halda qəribədir ki, səhər saatlarında saytda Rusiya adı hallandığı halda, axşam qəfil “Azərbaycan” mövzusu dövriyyəyə girir. Özü də hər iki addım prokurorluğun təsdiqi olmadan atılıb.