Axtarış

Select theme:

"Hicab şousu"nun növbəti ssenarisi: "Çarəsiz ata" obrazını kimlər və necə qurub?

Son günlərdə sosial mediada böyük rezonans doğuran foto və videoların arxasındakı ssenarini aşkara çıxardıq. İlk baxışdan təsirli görünən bu kadrlar məktəbdən kənar qalan uşaq və "çarəsiz ata" obrazı əslində peşəkarca qurulmuş bir tamaşadır.

Araşdırmalarımız göstərir ki, kütlələrin emosiyalarını manipulyasiya etmək üçün hazırlanan bu səhnələr əvvəlcədən planlaşdırılıb. Biz fərqli rakurslardan çəkilmiş kadrlarla saxta reallıq yaradanların pərdəarxası məqamlarını ortaya qoyur, insanlıq həssaslığından istifadə edərək ictimai fikri azdıranların çirkin oyununu ifşa edirik.

Şəkil və videoların təhlili zamanı geriyə axtarış metodundan istifadə edərək kadrların Şərur rayonu Qarahəsənli kənd orta məktəbinin girişində çəkildiyini təsbit etdik.

“TikTok” platformasında aparılan axtarış zamanı mövzuya dair 3 video-link müəyyən olunsa da, materialların sürətlə platformadan silinməsi səbəbindən ekran görüntülərini arxivləşdirmək mümkün olmadı.

Bütün bunlara baxmayaraq, sosial şəbəkə platformalarında gen-bol tirajlanan video materialla bağlı mühüm faktları aşkarlaya bildik.

Əvvəlcə, həmin kadrlardakı bəzi detallara diqqət yetirək:

Bu kadrlarda işarələdiyimiz hissələrə diqqət yetirsəniz, çəkiliş aparan şəxsin siluetini görə bilərsiniz. Bu o deməkdir ki, qurulmuş "tamaşada" ən azı üç nəfər iştirak edib.

Bu fotoda görüntülənən şəxs qızın doğma atasıdır.

Bu fakt platformadan silinən videolardan birində — məktəbin qarşısında verilən müsahibə zamanı təsbit olunmuşdu.

İndi isə "rezonans doğuran" videoda görünən şəxsə diqqət edək:

Kadrlardan da göründüyü kimi, bu şəxs ataya oxşasa da, o deyil. Bir neçə fakt bu fərqi açıq şəkildə ortaya qoyur. Eyni vaxtda çəkilmiş kadrları müqayisə etdikdə “əsl ata”nın cins şalvarı, ayaqqabısı, saç stili və barmağındakı üzük digər şəxslə üst-üstə düşmür. Araşdırmalarımız nəticəsində müəyyən etdik ki, azyaşlının əsl atası Seymur Məmmədov, çəkilişləri aparan və kadrlarda “çarəsiz ata” kimi təqdim olunan şəxs isə onun qardaşı Samur Məmmədovdur.

Yeri gəlmişkən, görüntülərdəki şəxsin psixoloji portreti ilə yaratmağa çalışdığı obraz arasındakı ziddiyyət diqqətdən qaçmır. Onun özünün sosial mediaya yüklədiyi videolarda adətən sərt, qışqıraraq mühakimə yürüdən birinin bu kadrlarda qəfil “çətin vəziyyətdə qalmış fağır ata” görkəmi alması sırf ictimai rəyi manipulyasiya etməyə hesablanıb. Bütün bu davranış fərqləri çəkilişin nə dərəcədə süni və saxta olduğunu bir daha ifşa edir.

Hadisə iştirakçılarının real məqsədlərini və ideoloji yönümlərini müəyyən etmək adına onların "TikTok" profillərini araşdırdıq. Qarşılaşdığımız vizual mənzərə aparılan əməliyyatın təsadüfi olmadığını bir daha göstərir:

Aparılan araşdırma bir daha sübut edir ki, sosial şəbəkələrdə "hicab məsələsi" adı altında tirajlanan vizual materiallar müstəqil və ya təsadüfi valideyn etirazı deyil, incəliklə planlaşdırılmış siyasi-ideoloji şoudur.

Uşaq hüquqları və valideyn fədakarlığı pərdəsi altında təqdim olunan kadrların fərqli rakurslardan, əvəzedici personajlardan ("saxta ata" obrazından) istifadə edilərək lentə alınması, cəmiyyətin həssas hissləri ilə açıq-aşkar oynayan peşəkar ssenarinin mövcudluğunu təsdiqləyir. Bu, sadəcə dezinformasiya deyil, insanların dini və insani duyğularını istismar edərək ictimai rəyi manipulyasiya etmək cəhdidir.

Ən mühüm detal isə bu "tamaşa"nın müəlliflərinin ideoloji kimliyində gizlənir. Təşkilatçıların sosial media profillərində İranın ali dini lideri Əli Xamenei, Azərbaycanın dövlətçilik maraqlarına qarşı fəaliyyət göstərən Tale Bağırzadə, Elman Ağazadə kimi radikal elementlər və teokratik rejim təbliğatının açıq atributlarının yer alması təsadüf ola bilməz.

Bütün bu faktlar birmənalı şəkildə göstərir ki, məktəb qarşısında qurulan bu təxribat xaricdən körüklənən dini-ideoloji şəbəkələrin təşkilatçılığı ilə əvvəldən sonadək planlaşdırılmış saxta bir layihədir. Məqsəd isə süni gərginlik yaratmaq və Azərbaycan cəmiyyətində nifaq toxumları səpməkdir.

 

 

Oxşar məqalələr: