Narkotika, xüsusilə də "şüşə", "patı" adları ilə tanınan sintetik narkotiklər son vaxtlarda gənclər arasında elə dəhşətli miqyasda yayılır ki, bu məsələ artıq milli təhlükəsizlik, fəlakət məsələsinə çevrilib. Bu açıqlama ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)  sədri Əli Kərimli Facebook səhifəsində çıxış edib.  O iddia edir ki,   bu bəlanın yayılmasına şərait yaradılır.

Kərimlinin dediklərindən aydın olur ki, söhbət metamfetamin seriyasından olan sintetik narkotik vasitələrdən gedir.

Metamfetamin (qısaldılmış - N-metil-alfa-metilfeniletilamin) amfetamin törəməsidir, ağ kristal maddədir. Metamfetamin  asılılığın əmələ gəlməsi üçün yüksək potensiala sahib bir psixostimulyantdır və bu səbəbdən də narkotik maddə kimi təsnif edilir. Qərbdə, məhdud dərəcədə tibbdə istifadə olunur.

İlk dəfə 19-cu əsrin sonlarında Yaponiyada sintez edilmiş metamfetamin, 20-ci əsrin ortalarından bəri Avropada və ABŞ-da  əsasən beyin və fiziki stimullaşdırırcı kimi geniş yayılıb.  Ancaq zaman keçdikcə bu dərmanın beyin, ürək və qaraciyər kimi vacib oraqnlara dağıdıcı təsiri müəyyən edilib.

Bu gün bu dərman və onun törəmələri ABŞ və Avropa da daxil olmaqla bütün dünyada geniş yayılıb. Bu təhlükənin miqyasının artması barədə son vaxtlar nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da məlumat verilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsinin   məlumatına görə,  amfetamin tipli stimulyatorlar  marixuandan sonra dünyada ən çox istifadə edilən ikinci dərmandır. Hətta bu maddədən istifadə  heroin və  kokaindən istifadənin səviyyəsindən  çoxdur.

Təşkilatın başqa bir hesabatına görə, keçən il dünyada narkotik istifadə edənlərin sayı təxminən 275 milyon olub və  bu,  2010-cu illə müqayisədə 22% çoxdur.

Aavropa İttifaqının (Aİ) hesabatına görə Koronavirus pandemiyası səbəbindən Avropada daha çox narkotik hazırlanır. Amfetamin və metamfetamin istehsalı qitədə artıb. Bundan əlavə, hesabat müəllifləri  xüsusilə benzodiazepin qrupuna iad dərmanlarının sui-istifadəsindən narahatdırlar. AB mütəxəssislərinin müşahidələrinə görə, qapanma nəticəsində narkotiklərin yayılması şəhər  küçələrindən internetə yol tapdı.

ABŞ-da da "narkotik satıcıları"nın media platformalarına keçidində oxşar tendensiya müşahidə olunur.

Azərbaycan -  Əfqanıstan və İrandan bölgə ölkələrinə və onun hüdudlarından kənarda narkotiklərin tranzit yolunda yerləşən, dünya miqyasında bu mənfi halla mübarizədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edən bir ölkədir.

Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsinin "Dünya Narkotiklər Hesabatı 2020"-yə əsasən, Əfqanıstandan külli miqdarda tiryək İran və Azərbaycan üzərindən Avropa ölkələrinə daşınır.

Azərbaycam Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin sözlərinə görə, Azərbaycan gömrükçüləri  son 3 ildə 6 tona yaxın narkotikin Avropaya aparılmasının qarşısını alıb.

Bu ilin may ayında keçirilmiş yalnız bir gömrük baxışı nəticəsində 244 kq-dan çox heroinin İrandan Gürcüstana qaçaqmalçılıq yolu ilə aparılması cəhdinin qabağı alınıb.   Elə həmin ay Azərbaycan gömrükçüləri İranla sərhəddə Çexiyaya aparılan  107 kiloqram heroin olan yük aşkarlayıb.

May ayında da Azərbaycan-İran sərhədində demək olar ki, 244  kiloqram narkotik ələ keçirilib. İranla sərhəddə narkotik ticarəti hadisələri çox vaxt atışma və insan itkiləri ilə müşayiət olunur.

Ölkə daxilində narkotik ticarəti ilə mübarizə vəziyyətinə gəlincə, yerli medianın məlumat axınında narkotik kuryerlərinin saxlanılması, gizli laboratoriyaların və plantasiyaların ləğvinə dair  xeyli məlumata rast gəlmək mümkündür.

Belə ki, ötən ay Azərbaycan Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları sosial şəbəkələr daxil olmaqla narkotik və psixotrop maddələrin yayılması ilə məşğul olan bir çox şəxsi saxladılar. Onlardan metamfetamin də daxil olmaqla 70 kq-dan çox qanunsuz narkotik maddə götürülüb.

Qeyd etmək lazımdır ki, Azərbaycanda metamfetamin, bir çox digər dərman və prekursorlar kimi, dövriyyəsi qadağandır. Bu, “dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların  siyahılarının təsdiq edilməsi haqqında”  Qanunda əksini tapıb.

Sintetik narkotiklərin daha asan və ucuz üsullarıa əldə olunması, Azərbaycanda sürətlə yayılması haqda  Dövlət Gömrük Komitəsinin idarə rəisi general-mayor Mesum Rəsulov da danışıb.  

Onun sözlərinə görə, son  vaxtlar   yorğunluğu aradan qaldırması, əhval-ruhiyyəni yaxşılaşdırması barədə geniş yayılan fikirlər amfetamin maddəsinin    gənclər arasında populyarlaşdırıb. Bununla yanaşı, həmin maddə  narkotik asılılığına səbəb olur və oqranizmi sırdan çıxarır. Farmakoloji xüsusiyyətlərinə görə amfetaminə oxşar metamfetamin daha təhlükəlidir. Daha aktiv və zəhərlidir. Mütəxəssislərin fikrincə, metamfetamin kokaindən 3-5 qat daha güclüdür və heroindən iki qat daha çox asılılıq yaradır. Bu dağıdıcı maddəyə aludə olan  şəxslər çox çətinliklə,  yalnız narkoloqların köməyi ilə  xilas ola bilər.

Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına görə, bu gün ölkədə 33.724 nəfər narkomaniya diaqnozu ilə qeydiyyata alınıb. Bununla yanaşı, narkomanların qeydiyyatı ilə bağlı statistika həqiqi mənzərəni əks etdirmir, çünki bir çox narkomanlar müxtəlif səbəblərdən tibb müəssisələrinə getməməyi üstünlük veririlər.  Narkoloq, tibb elmləri doktoru Araz Əliquliyev  bildirir ki, Azərbaycanda narkomanların 80% -i ağır narkotik istifadəçiləridir. Hər il  minə qədər narkotik istifadəçi artır. Mütəxəssis bildirir ki,  narkomaniya asılılığı gizli xarakter daşıyır və bununla yalnız güc yolu ilə mübarizə aparmaq mümkün deyil.

Narkotik problemi ilə əlaqədar səlahiyyətli orqanların mövqeyinə gəlincə, bu, “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair  Dövlət Proqramı”nda  aydın şəkildə göstərilib. Bundan əlavə, 2000-ci ildən bəri ölkədə narkotik və psixotrop maddələrin tibbi məqsədlər üçün istifadəsi və narkotik aludəçiliyi olan şəxslərə qarşı tibbi tədbirlərin tətbiqi qaydaları və şərtləri tənzimlənib. 2005-ci ildən bəri metadon əvəzetmə müalicəsi proqramları tətbiq edilib.

Bu tədbirlərin mahiyyəti ondan ibarətdir ki, narkotik aludəçilərinə heroin və ya digər narkotik vasitələrin asılılığından qurtulmaq və cəmiyyətə qayıtmaq üçün sintetik narkotik vasitə olan metadon pulsuz verilir.

Bu təcrübə dünyanın 106 ölkəsində tətbiq olunur və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının  Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC), Birləşmiş Millətlər Təşkilatının HİV / AİDS üzrə Birgə Proqramı (UNAIDS) tərəfindən rəsmi şəkildə dəstəklənir.

Beləliklə, Azərbaycanda narkotik aludəçiliyi probleminin bütün dünyada olduğu kimi səlahiyyətlilər tərəfindən etiraf edildiyini deyə bilərik. Ölkənin sərhədlərində və ölkədə qanunsuz narkotik ticarəti və istehlakı ilə mübarizə çərçivəsində də sistematik şəkildə tədbirlər görüldüyü məlumdur.

Bu faktorlar göstərir ki,  AXCP rəhbərinin  narkotik asılılığını “Azərbaycanın milli fəlakət”i  adlandırması  populist  xarakter daşıyir və ictimai rəylə manipulyasiya cəhdidir.

Bu qənaətə gəlirik ki, Əli Kərimlinin açıqlaması  faktlarla manipulyasiya cəhdidir.