Son günlər erməni ənənəvi və sosial mediasında (xüsusən tvitter və telegram kanalları) Azərbaycan polisinin yük maşının üzərində olan “Armenia” sözünü və Ermənistan bayrağını bıçaqla sildiyi, kəsdiyi kadrları yayılır.
Bu kadrlar tanınmış erməni bloggerlər Ani Vandaryan, Sedrak Mkrtıçyan və digərlərinin profillərində paylaşılıb. Həmin paylaşımlara şərh yazan istifadəçilər bu kadrlardan narahat olduqlarını bildirir, Azərbaycan tərəfini beynəlxalq qaydaları pozmaqda günahlandırırlar.
Faktyoxla Lab. bu kadrların həqiqiliyini, süngü ilə bayraq cızan şəxsin Azərbaycan polisinə nə qədər aid olub-olmadığını yoxlayıb.
Öncə, tanınmış erməni blogger Ani Vandaryanın tvitinə diqqət etmək lazımdır.
Paylaşımda bu avtomobilin hansı ölkəyə məxsus olması, ünvan və digər məlumatlar qeyd olunub.
Qeyd olunur ki, bu yük maşını (TIR) Serbiyanın Truck-İnternatonal şirkətinə məxsusdur. Bu göstəricilərin bəzi fraqmentlərini videoya baxarkən sezmək mümkündür. Amma...burada bir neçə detal var ki, müəyyən şübhələri yaradır.
Birincisi, yük avtomobilinin üzərində olan ünvan tam görünmür və amma erməni blogger isə bu rəqəmləri tam dəqiqliyi ilə necəsə əldə edib. Ul. Save Kovačevica 253, Novi Pazar 36300, Serbia.
Videonun sonlarına yaxın hərbi formada olan şəxs geri çəkilərkən “Ul. Save Kovačevica” sözündən sonra 3 rəqəmi görünür. Amma Ani Vandaryan 253 yazıb. Yəni, bu rəqəm 2 ilə deyil 3 rəqəmi ilə başlamalı idi. Tanınmış blogger niyə belə yalnışlığa yol versin ki? Tutaq ki, yalnışlıq olub. Biz, Serbiyada Novi Pazar şəhərində Save Kovaçeviça küçəsində olan bütün kommersiya qurumlarını araşdırdıq və belə bir ünvanın mövcudluğuna, xüsusən də belə bir şirkətin bu küçədə məskunlaşdığına aid heç bir fakt tapmadıq. Hətta bu telefon nömrəsi də mövcud deyil.
Tutaq ki, bu da mümkündür: Şirkət nə vaxtsa mövcud olub, lakin müəyyən səbəblərdən ya başqa ünvana köçüb, ya müflis olub, ya rebrendindg edib, rpofilini dəyişib və s. Bütün bunlarla razılaşırıq. Nəzərə alaq ki, bu yük maşını özü reklam daşıyıcısı olub, bir şirkəti reklam da edə bilər. Bütün bunlar mümkündür. Amma...
Araşdırmanın davamında ümumiyyətlə Serbiyadan Ermənistan ərazisinə yük daşıyan, TIR göndərən şirkətlərin kataloquna baxdıq. Bu kataloqa görə Serbiyadan Ermənistana yük maşınları ilə 14 dəfə səfər edilib. Bunların 13-ü İrəvana, biri isə Nerkin Talin şəhərinə. Nə Qafan var, nə Gorus.
Tutaq ki, elə bu saxlanılan maşın da bu şəhərlərdən keçib İrəvana gedirmiş. Bu necə mümkündür? Serbiyadan gələn yük maşını İran ərazisinə niyə gəlməli, niyə Gürcüstan üzərindən rahat keçməklə İrəvana getməməlidir? Hanı məntiq? Demək, əgər bu maşın deyildiyi kimi Serbiya şirkətinə məxsusdursa və doğrudan da yük daşıyırmışsa və elə İrəvanda da olub. Video çəkiliş də elə İrəvanda çəkilib.
Bunu iddia etmək üçün digər məqam da var.
Əgər bu video, Azərbaycan Polisləri tərəfindən çəkilibsə Ani Vandaryan bu rəqəmlərin, orada qeyd olunan adların, email və telefon nömrələrini bu qədər dəqiqliklə haradan bilə bilər? Məntiqlə bu çəkilişin harada, necə aparıldığını bilən, o kadrlara diqqətlə baxan şəxs belə dəqiqliklə ünvan söyləyə bilər.
İkinci diqqətçəkən məqam, bu əməliyyatı həyata keçirən hərbçinin geyimidir. Kiçik yoxlama nəticəsində müəyyən etdik ki, nə Azərbaycan, nə Gürcüstan polisində, hərbi birləşmələrində, gömrük və sərhəd xidmətində bu geyim forması yoxdur. Bu geyim forması yalnız Ermənistan Daxili Qoşunlarının (onlar 2004-cü ildən Polis Qoşunları deyirlər) hərbi geyim formasıdır. (Mənbə)
Bu videoda diqqətçəkən digər məqam bıçaqla vandalizm aktı həyata keçirən hərbiçinin qolunda şevronun olmamasıdır. Necə düşünürsünüz, hərbi qulluçu xidmətə geyim forması tam komplektləşməmiş xidmət çəkə bilərmi?
Nəhayət, üçüncü məqam. Videoda audio çıxışın bağlı olması şübhələri artıran digər məqamdır. Bu videonu Azərbaycan Polisi çəkibsə niyə səsi bağlasın ki? Nədən və kimdən çəkinir? Yox, əgər erməni blogerlərin növbəti fake videoyaratma ssenarisidirsə videonun səssiz paylaşılmasının səbəbini ətraflı izah etməyə ehtiyac qalmır.
Nəticə: Bu növbəti təbliğat videosudur və Azərbaycan polisinə heç bir aidiyyatı yoxdur. Bu video, Ermənistandan Azərbaycan ərazisi olan Qarabağa gedən avtobusun üzərində qondarma qurumun bayrağının trafaretinin Azərbaycan polisi tərəfindən süngü ilə silinməsi kadrlarına cavab olaraq hazırlanıb. Bununla Ermənistan mediası bildirmək istəyir ki, Azərbaycan polisi tək qondarma, heç kim tərəfindən tanınmayan qurumun bayrağını deyil, Ermənistan bayrağını da süngü ilə silə bilir. Bu isə Azərbaycanın "Ermənistan" sözünə qarşı irqçi yanaşmasını, dözümsüzlüyünü iddia etmək üçündür.