Rusdilli mediada Monqolustanın İctimai işlər nazirinin mətbuat konfransında özünü yandıraraq intihar etməsi haqda video sürətlə paylaşılır. Yayılan məlumatda deyilir ki, Monqolustanın İctimai işlər naziri 100 min ucuz ev tikəcəyini vəd edib. Amma bu vədini yetirə bilməyib, cəmi 70.000 ev tikib. Buna görə də, o, mətbuat konfransı keçirib və vədini yerinə yetirə bilmədiyini əsas gətirərək özünü jurnalistlərin gözü qarşısında yandırıb.
Faktyoxla Lab. Azərbaycan sosial şəbəkə seqmentində sürətlə yayılan bu videonu araşdırıb.
Araşdırma zamanı məlum olub ki, məlumat rusdilli sarı mediada yayılır və xeyli yanlışlarla müşayiət olunur.
Əvvəla, hadisə ötən günlərdə, aylarda deyil, 2015-ci ildə qeydə alınıb. Həmin vaxt dünya mətbuatı, o cümlədən məşhur “Daily Mail” də bu olay barədə məlumat verib.
İkincisi, özünü yandıran nazir deyil, Monqolustan Həmkarlar İttifaqına daxil olan qurumlardan birinin rəhbəridir.
Və nəhayət, monqol “nazir”in sözünü tuta bilməməsinin də intihara cəhd hadisəsinə heç bir aidiyyatı yoxdur. O, ölkənin kömür hasilatı sənayesinin Çinə satılmasına etiraz edərək özünü yandırıb.
Həmkarların rəhbəri Monqolustanda mədənçilərin üzləşdiyi ağır problemlərlə bağlı mediaya məlumat vermək üçün bir neçə şaxtaçı ilə mətbuat konfransı keçirib. Bildirib ki, Monqolustanda 39 kömür mədəninə sahib olan “Erdenes Tavan Tolgoi” şirkətində çalışan mədənçilərin durumu acınacaqlıdır. O, qısa çıxışında qeyd edib ki, hökumət artıq bizim şirkətimizə dəstək vermir, fəhlə ailələri acından ölmək həddindədirlər. Ona görə də Monqolustan xalqı və uşaqların gələcəyi naminə özünü yandırır.
Həmin vaxt Monqolustan hökuməti 4 milyard funt-sterlinq dəyəri olan “Tavan Tolqoi” mədəninin bir hissəsi də daxil olmaqla, on dövlət şirkətinin paylarının satışını nəzərdən keçirib. Hökumət iqtisadiyyatdakı böhranı qismən aradan qaldırmaq üçün investor dəstəyini gücləndirməyi planlaşdırıb.
Monqolustanda birbaşa xarici investisiya 2012-ci ildə 4,5 milyard dollar olubsa, 2015-ci ildə bu rəqəm 382 milyon dollara düşüb.
Nəticə: Özünü yandıran şəxs Monqolustanda nazir deyil, adi həmkarlar təşkilatının rəhbəridir. O, ev tikmək haqda heç bir söz verməyib, əvəzində ac-yalavac qalan monqol şaxtaçıların hüquqlarının müdafiəsinə qalxıb. .