Dekabrın 6-da Ermənistan İqtisadiyyat Nazirliyində Ermənistan-İran biznes əlaqələrinin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran biznes layihələrinin həyata keçirilməsinə həsr olunmuş “Ermənistan-İran biznes əməkdaşlığının perspektivləri” adlı görüş-müzakirə keçirilib. Bu barədə Ermənistan İqtisadiyyat nazirliyinin rəsmi səhifəsi məlumat yayıb.  

Effektli ikili əməkdaşlıq, idxal və ixrac məsələləri, İran bazarına məhsul daxil edilməsi, bu yöndə məsləhətlər alınması və iş adamlarını maraqlandıran digər mövzular müşavirənin əsas predmeti olub.

Məlumatda bildirilir ki, nazir müavini Armen Arzumanyan bu ilin 10 ayı ərzində İran İslam Respublikası ilə ticarət dövriyyəsinin artdığını deyib. Bu artım ötən illə müqayisədə 45,5%-lik göstəricilərə malikdir. İki ölkə arasında yüksək işgüzar əməkdaşlıq formalaşıb və bu əlaqələr fəal şəkildə inkişaf etdirilməlidir.

Ermənistanın İran İslam Respublikasındakı ticarət attaşesi Vardan Kostanyan yaxın vaxtlarda Ermənistanda İran məhsulları üçün ticarət mərkəzinin açılmasının planlaşdırıldığını və burada 100-dən çox İran şirkətinin təmsil olunacağını bildirib.